525.Az

Gülər Əhmədova məhkəməyə gəlmədi


 

Gülər Əhmədova məhkəməyə gəlmədi<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə hakim bildirib ki, Mərkəzi Klinik Xəstəxanadan prosesdə şahid kimi ifadə verməli olan Aydın Heydərovun səhhəti ilə bağlı onlara məktub göndərilib. Həmin sənəddə qeyd olunub ki, A. Heydərovun ürəyində problemlər var və o stress keçirə bilməz: “Eyni zamanda bizə Gülər Əhmədovanın evindən bildiriblər ki, Gülər Əhmədova xəstə olduğu üçün məhkəməyə gələ bilmir və yaxın vaxtlarda bununla bağlı həkimindən sənəd də alınıb məhkəməyə göndəriləcək ”.

R. Allahverdiyeva həmçinin qeyd edib ki, Əvəz Zeynallının həbs olunan zaman mobil telefonlarının istintaq tərəfindən götürülməsi barədə verdiyi vəsatət əsasında istintaq orqanına sorğu ilə müraciət olunub və həmin sorğuya cavab verilib: “Məktubda qeyd olunub ki, Əvəz Zeynallı saxlanılan zaman ondan hər hansı mobil telefon götürülməyib” . Ə. Zeynallı isə buna etiraz edərək bildirib ki, onun telefonları həbs olunan zaman Fuad Rəsulov adlı şəxs tərəfindən götürülüb: “Həmin adam gəlsin burda ifadə versin. Mənim telefonlarımdan saxta mesajlar göndərilib. Bu qədər də şərəfsizlik olmaz”.

Dövlət ittihamçısı Ramazan Hadıyev isə buna etiraz edərək bildirib ki, məhkəmədə təhqiredici fikirlər səsləndirmək olmaz. Ə. Zeynallı ittiham tərəfinin Gülər Əhmədovanı müdafiə etdiyini deyib: “Siz Gülər Əhmədovanı layiqincə burada təmsil edirsiniz. Ondan qorxursunuz. Gülər Əhmədova qəzetləri təhdid edəndə, aləmi qatıb “ağzımı açdırmasınlar” kimi açıqlamalar verəndə, qardaşı hər gün ANS telekanalında milləti təhqir edəndə xəstə olmur, bura gəlmək söhbəti çıxanda yalandan mətbuata bir mesaj göndərir ki, guya xəstədir. İttiham tərəfinin dili çox qısadır. Mənimlə danışanda ehtiyatlı olun ”.

Dövlət ittihamçısı bildirib ki, Ə. Zeynallı əgər bir daha təhqirə yol versə, onun barəsində tədbir görüləcək: “Siz məni də , dövlət orqanlarında olan vəzifəli şəxsləri təhqir edirsiniz. Belə olmaz”.

Ə. Zeynallı isə söylədiklərinin təhqir olmadığını deyib: “Mənim Kürdəxanıdakı təcridxanada çəkdiyim bir günü siz çəkə bilməzsiniz. Mən həbs olunan kimi bütün qohumlarım işdən çıxarılıb. Deyirəm ki, ittiham tərəfinin dili çox qısadır. Bu təhqir deyil”.

Bundan sonra dövlət ittihamçısı hakimlərdən məhkəmənin dayandırılmasını xahiş edib: “Mən burada iştirak edə bilmərəm. Xahiş edirəm tədbir görülsün”.

Bundan sonra hakimlər və dövlət ittihamçısı məhkəmə zalını tərk ediblər.

Növbəti məhkəmə prosesinin isə noyabrın 14-də keçiriləcəyi elan olunub.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 





07.11.2012    çap et  çap et