525.Az

''Azərbaycan NATO-nun 5 ən fəal tərəfdaşından biridir''


 

' width=234 hspace=5 vspace=5 border=1 align=left />

''Azərbaycan NATO-nun 5 ən fəal tərəfdaşından biridir''.

Bu fikri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 4-5 sentyabr tarixlərində Böyük Britaniyanın Kardif şəhərində keçirilən NATO sammiti ilə bağlı açıqlamasında deyib. Şöbə müdiri qeyd edib ki, bütün dünyanın diqqətini cəlb edən məsələlərin müzakirə olunduğu sammitə Alyansın fəaliyyətində yaxından iştirak edən ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilib və sammitdə ilk çıxış edən dövlət başçılarından biri olub.

''NATO sammitində Ukraynada gedən proseslər, ''İraq-Şam İslam Dövləti'' adlandırılan quruma qarşı mübarizənin aparılması və Əfqanıstan məsələsi müzakirə olunub. Sammitin ən böyük iclası olan Əfqanıstanla bağlı toplantıya ABŞ, Avropa dövlətlərinin başçıları, Alyansla əməkdaşlıq edən ölkələrin rəhbərləri, eləcə də, Azərbaycan Prezidenti daxil olmaqla 60-dan çox ölkənin rəhbərləri qatılmışdı'', - deyə şöbə müdiri qeyd edib.

PA rəsmisinin sözlərinə əsasən, Prezident İlham Əliyevin sammitdəki çıxışı iki hissədən ibarət olub:
 ''Birinci hissə Azərbaycanın qarşısında duran, həllini gözləyən mühüm məsələ, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Azərbaycan Prezidenti iclasda olan 60-dan artıq ölkənin rəhbərinə bununla bağlı bir daha ətraflı məlumat verərək, münaqişə ətrafındakı vəziyyət, görülməli işlər və məsələnin həlli yolu ilə bağlı mövqeyini ifadə edib. Çıxışın ikinci hissəsi isə Azərbaycanın NATO ilə əməkdaşlığı, yəni bu təşkilatın Azərbaycanın çox mühüm rol oynadığı müəyyən fəaliyyət sahəsi ilə bağlıdır.

Azərbaycan NATO-nun 5 ən fəal tərəfdaşından biridir, xüsusən də Əfqanıstanda həyata keçirilən fəaliyyətdə ölkəmiz təşkilatın işində yaxından iştirak edir. NATO-ya üzv olan bütün dövlətlər bunu yüksək qiymətləndirir. Azərbaycan Prezidenti, həmçinin, NATO-nun bütün sammitlərində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdi. Qeyd etmək lazımdır ki, bu dəfə qəbul olunan sənəddə də bir neçə yerdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. NATO-nun dünyanın ən mühüm siyasi-hərbi təşkilatlarından biri və ya birincisi olduğunu nəzərə alsaq, şübhəsiz, bu mühüm əhəmiyyət daşıyır''.

Novruz Məmmədov sammit çərçivəsində Azərbaycan dövlət başçısının keçirdiyi görüşlərdən də bəhs edib:

''Prezident İlham Əliyevin Fransa prezidenti Fransua Ollandla görüşü zamanı ikitərəfli münasibətlər, onların hazırkı vəziyyəti, gələcək perspektivləri müzakirə olundu. Qeyd edim ki, iki ölkə arasında mühüm əməkdaşlıq əlaqələri mövcuddur, bu əlaqələr inkişaf edir və bütün sahələri əhatə edir. Eləcə də görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin indiki vəziyyəti, Soçidə gedən danışıqların nəticəsi barədə fikir mübadiləsi aparıldı, Fransa prezidenti Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri kimi bu məsələlərlə və gələcəkdə atılacaq mümkün addımlarla maraqlandı. Düşünürəm ki, Fransa prezidenti münaqişənin həlli ilə bağlı öz fəallığını artırmaq istəyir''.

Novruz Məmmədovun sözlərinə əsasən, aparılan müzakirələrdən görünür ki, son vaxtlar münaqişənin həllinə maraq daha çox artıb:

''Eyni zamanda, beynəlxalq birlik, həmsədr dövlətlər və onların rəhbərləri də başa düşürlər ki, münaqişənin həllinin uzanması heç də müsbət hal deyil. Bildiyimiz kimi, avqust ayında Azərbaycan Prezidenti Rusiya Federasiyası prezidentinin dəvəti ilə Soçi şəhərində görüşdə olub. Görüş zamanı yenə də münaqişənin həlli ilə bağlı geniş və ətraflı fikir mübadiləsi aparılıb. Doğrudur, konkret nəticə əldə olunmasa da, görüşün keçirilməsi və onun gələcək proseslərə müəyyən təsirinin olması baxımından əhəmiyyətli hesab oluna bilər''.

PA rəsmisi qeyd edib ki, sammitdə iştirak edən ABŞ dövlət katibi Con Kerrinin təklifi və iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də keçirilib:

''ABŞ-ın dövlət katibinin əsas məqsədi tərəflərin mövqeyini bir daha eşitmək, müəyyən məqamları nəzərə alaraq gələcəkdə bu işi davam etdirmək olub. Burada Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb. Bizim mövqeyimizin ədalətli, beynəlxalq hüququn tələblərinə uyğun olduğunu vurğulayıb və münaqişənin həlli ilə bağlı ən düzgün, konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun həll yolunu təklif edib. Sonra isə Ermənistan prezidenti öz mövqeyini bildirdi. Əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də Ermənistan prezidenti ölkəsinin mövqeyini situasiya ilə əlaqəsi olmayan formada ifadə etdi və əsassız iddialarını bir daha nümayiş etdirdi. Maraqlı məqamlardan biri o idi ki, ABŞ dövlət katibi məsələyə ciddi yanaşırdı və düşünmək olar ki, gələcəkdə bu məsələyə diqqət artacaq. Bu müzakirələrdə Azərbaycan tərəfinin mövqeyinin daha düzgün və ədalətli olduğu aydın görünürdü. Bu mövqe münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan, beynəlxalq hüquq çərçivəsində olan yanaşmadır''.

Newtimes.az

 





08.09.2014    çap et  çap et