525.Az

İŞİD-ə qarşı koalisiya: erməni terroru niyə yaddan çıxıb?


 

İŞİD-ə qarşı koalisiya: <b style="color:red">erməni terroru niyə yaddan çıxıb?</b>

Qərb dövlətləri özünü "İraq və Şam İslam Dövləti" (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı beynəlxalq koalisiya yaratmaq haqqında düşünür. ABŞ başda olmaqla Avropa ölkələri özünümüdafiə qayğısına qalırlar.

Bu, bir tərəfdən təbii haldır. Çünki dinc insanların qətlə yetirilməsi, Yaxın Şərq ölkələrinə nifaq salınması qəbuledilməzdir. Eyni zamanda, bu cür addımların digər terror təşkilatlarına, təcavüzkar dövlətlərə qarşı atılmaması suallar doğurur. Uzun illərdir ki, erməni terroru və Ermənistan dövləti Cənubi Qafqazda gərginlik yaradır. Qonşu ölkələrin ərazisinə iddia edir, kütləvi surətdə dinc insanları qətlə yetirir. Faktiki olaraq erməni terroru Azərbaycan, Türkiyə və Gürcüstanı təhdid edir. Hətta Ermənistan prezidenti S.Sarkisyan "Ağdamı xarabalığa çevirdiyindən" fəxrlə danışır. Nəyə görə, Qərbin belə hadisələrə reaksiyası İŞİD-ə qarşı olduğu kimi deyil?

ABŞ narahatdır: terror təhlükəsi artır

Son günlər İŞİD terror qruplaşması Qərbi təhdid edir. Təşkilat Avropa ölkələrində və ABŞ-da terror törədəcəklərini bəyan edir. Artıq Böyük Britaniya narahatlığını bildirib, ölkədə terror təhlükəsinə qarşı əlavə tədbirlər görülür.

Amerika rəsmiləri də İŞİD-in hədələrini ciddi qəbul ediblər. Vaşinqton mümkün terror aktlarından müdafiə olunmaq üçün müxtəlif tədbirlərə başlayıb. Dünyanın ABŞ və Böyük Britaniya kimi böyük dövlətlərinin Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatından bu dərəcədə ehtiyatlanması ilk baxışdan təəccüblü görünə bilər. Ancaq məsələyə geniş aspektdə yanaşdıqda, bütövlükdə müasir dövrün geosiyasi reallıqları kontekstində bir sıra ibrətamiz məqamları üzə çıxarmaq olar.

Əvvəlcə, İŞİD-in İraq və Suriyadakı fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. Bu təşkilat İraqın şimal ərazilərində aktivliyini artırıb. Kürd muxtariyyətinin paytaxtı Ərbili zəbt etməyə yaxın idi. Mosul su anbarını ələ keçirmiş və ölkəni batıracağı ilə hədələyirdi.

Təşkilat Suriyada da kürdlərin nəzarətində olan bölgələrə hücumunu genişləndirmişdi. İŞİD, əslində, etnik mənsubluğa görə deyil, öz marağına uyğun hərəkət edir. Onun məqsədi Yaxın Şərqdə şəriət qanunları ilə idarə edilən "xilafət" yaratmaqdır. Bunun fonunda təşkilat ABŞ vətəndaşlarını və onlarla yaxınlıq edənləri də hədələyir.

Kütləvi informasiya vasitələri İŞİD-in bu kimi məqsədləri haqqında mütəmadi məlumatlar yayır. Məsələn, təşkilatın amerikanlara müraciətlə "biz sizi qan gölünə qərq edəcəyik" hədəsini bir neçə media orqanı yaydı (bax: Боевики "Исламского государства" грозятся утопить Америку в крови / "NEWSru.com", 19 avqust 2014). Terrorçular ABŞ təyyarələrinin onları vurmasına etiraz olaraq bu bəyanatı veriblər.

Xatırladaq ki, Amerika hərbi-hava qüvvələrinə məxsus qırıcılar artıq 120 dəfədən çox İŞİD-in Mosul ətrafındakı mövqelərini bombalayıb. Bu zərbələrdən terror qruplaşması ağır itkilər verib. Fürsətdən istifadə edən peşmərgə hücuma keçərək, bir neçə yaşayış məntəqəsini terrorçulardan xilas edib.

Bundan başqa, yayılan informasiyalara görə, ABŞ kəşfiyyatı B.Əsədə İŞİD komandirlərinin Suriyadakı toplantılarının ünvanını verib. Nəticədə, həmin yer bombalanıb və təşkilat bir neçə hərbi kadrını itirib. Bu da İŞİD-ə ciddi psixoloji təsir göstərib.

Maraqlıdır ki, terrorçuların Amerikaya marşrutları haqqında da informasiyalar yayılır. Ekspertlər Meksika ərazisindən istifadə ediləcəyini proqnozlaşdırırlar (bax: США опасаются вторжения боевиков ИГ со стороны мексиканской границы / "РИА Новости", 30 avqust 2014). "Fox News" telekanalının yaydığı informasiyaya görə, Texas ştatının hüquq-mühafizə orqanları sosial şəbəkələrdə İŞİD üzvlərinin məhz Meksika ərazisindən istifadə edəcəklərindən yazırlar.

ABŞ prezidenti Barak Obama rəsmi olaraq İŞİD-ə qarşı ciddi surətdə savaşacaqlarını bildirib. O, bununla əlaqədar beynəlxalq koalisiyanın yaradılmasının zəruriliyini qeyd edib. Hazırda rəsmi Vaşinqton bu istiqamətdə müvafiq addımlar atır (bax: John Kerry: The Threat of ISIS Demands a Global Coalition / "The New York Times", 29 avqust 2014).

Niyə Cənubi Qafqazda anti-terror koalisiyası yaradılmadı?

Vaşinqton bəyan edir ki, çoxlu sayda insan qətlə yetirən İŞİD terrorçu qruplaşması bir sıra dövlətlərə böyük təhlükədir. Həm NATO üzvlərindən, həm də Yaxın Şərqin bu təşkilatın təhdid etdiyi ölkələrindən ibarət geniş koalisiya yaratmaq lazımdır (bax: əvvəlki mənbəyə). ABŞ məsələni NATO-nun Uels sammitində qaldırmağı planlaşdırır.

Bütün bunlar başadüşüləndir. Qərb və Yaxın Şərqin bir neçə dövlətinə hər hansı terror təhlükəsi meydana gəlibsə, onların özlərini müdafiə etmək haqqı vardır. Xüsusilə, kütləvi şəkildə dinc insanlar qətlə yetirilirsə, buna qarşı qüvvələri birləşdirmək zəruridir. Dinindən, irqindən, etnik mənsubluğundan asılı olmayaraq hər bir insanın yaşamaq hüququ vardır. Anlamaq lazımdır ki, insanın təbii hüquqlarının siyasətə aidiyyəti olmamalıdır. Lakin təəssüf ki, reallıqda böyük dövlətlərin bu adi həqiqəti tapdaladıqlarının şahidi oluruq. Siyasətdə demokratiyadan, ədalətdən, insan haqlarından danışmaq hələ onlara əməl etmək demək deyil. İŞİD-lə bağlı da eyni mənzərə yaranıb.

1988-ci ildən bu yana Ermənistan Azərbaycan torpaqlarına təcavüz edir. On minlərlə dinc insan qətlə yetirilib. Yalnız Xocalı soyqırımını xatırlamaq kifayətdir. Həmin hadisədə qadın, uşaq, qoca diri-diri tonqallarda yandırıldı, bədən üzvləri kəsildi, insanlar sağ ikən quyulara atıldı. Hamilə qadınların qarınları yırtıldı. Ancaq ABŞ və Avropa bu vəhşiliklərə necə reaksiya verdilər? Onlar hansı koalisiyanı yaratdılar? Bu haqda heç bir kəlmə belə söhbət getmədi.

Əvəzində, tərəflər sakit olmağa çağırıldı. Hətta Azərbaycana "müharibə etmə, çünki bu savaşın qalibi yoxdur!" deyə, hədə-qorxu da gəldilər. Əslində isə o savaşda qalib ikili standartlar, ədalətsizlik, böyük dövlətlərin riyakarlığı və erməni terrorçularının vəhşiliyi oldu!

İŞİD erməni terrorundan daha dəhşətli deyil! Dağlıq Qarabağda erməni tərəfdən döyüşənlər arasında Rusiya, Avropa, ABŞ, Yaxın Şərq və başqa regionlardan olan muzdlular vuruşurdu. İndi İŞİD-də döyüşənlərə 500 ABŞ dolları pul ödənildiyindən yazırlar. Ancaq həmin sistemin təməlini erməni terror təşkilatları qoyub. Onlar Dağlıq Qarabağda dinc sakinləri qətlə yetirmək üçün sıralarına cəlb etdikləri muzdlulara pul ödəyirdilər. O zaman Qərb dövlətləri bu haqda heç danışmadılar.

1980-ci illərin ikinci yarısından etibarən Ermənistan region dövlətləri üçün təhlükə kəsb edir. Bu ölkə Azərbaycan, Türkiyə və Gürcüstanın ərazilərinə əsassız iddialar edir. Ötən müddət ərzində bir dəfə də olsun, Qərbdən təcavüzkara qarşı koalisiya yaratmaq təklifi gəlməyib. Amerika və ya Avropa İttifaqı belə bir təklifi asanlıqla irəli sürə bilərdi.

Məsələn, erməni separatizmi və terrorunun hədəfi olan Azərbaycan, Türkiyə və Gürcüstandan ibarət koalisiya yaradıla bilərdi. Bunun əvəzində ATƏT-in həmsədrliyinə Türkiyənin namizədliyini İrəvan əngəllədi, ABŞ isə heç bir real addım atmadı. Ermənistan hər dəfə Ankaranın Bakını müdafiə etməsini bəhanə gətirir. Bunun fonunda Rusiya, Fransa və ABŞ-ın İrəvana havadarlıq etdiyi böyük dövlətlərdən heç birinin "gözünə görünmür".

İndi Vaşinqton çox həyəcanlanıb. O, İŞİD-ə qarşı bir neçə dövləti birləşdirməyə çalışır. Faktiki olaraq ABŞ terror dəhşətini öz üzərində hiss edir. Azərbaycan 20 ildən artıq müddətdir ki, məhz həmin duyğuları dünyaya çatdırmaq istəyirdi. Burada bumeranq effekti özünü göstərdi. Lakin məsələ heç də bunda deyil.

Söhbət hər şeydən əvvəl dünya siyasətinin məzmunundan gedir. Azərbaycanın haqq səsini artıq üçüncü onillikdir ki, böyük dövlətlər eşitmək istəmirlərsə, onda onlar terrora qarşı heç bir real koalisiya yarada bilməyəcəklər. Haqsızlıq görən azərbaycanlı necə İŞİD-ə qarşı ürəklə savaşa bilər? O, öz torpaqlarında erməni separatçıların və terrorçuların at oynatdığını yaddaşından hansı döyüş meydanında silə bilər? Və yaxud əfqanıstanlı, suriyalı, iraqlı, türkiyəli, bosniyalı dünya siyasətinin ədalətinə necə inana bilər?

Bütün bunlara görə İŞİD-ə qarşı səmərəli koalisiya mümkün deyil. Əvvəlcə, qlobal geosiyasətin ziddiyyətləri sistemli şəkildə aradan qaldırılmalı, o cümlədən, Azərbaycanın haqq səsi eşidilməli və təcavüzkar Ermənistanı zərərsizləşdirmək üçün, lazım gəlsə, koalisiya yaradılmalıdır. Ümumiyyətlə, terror və zorakılığa qarşı obyektiv mövqe tutulmalıdır. Bunlar olmasa, Yaxın Şərqdə getdikcə daha da kəskinləşən terror dalğasının qarşısını kəsmək mümkün olmayacaq, dünya dövlətləri daim təhdid altında qalacaqdır.

Newtimes.az

 





08.09.2014    çap et  çap et