525.Az

Hələ yoldadır qatar


 

Hələ yoldadır qatar

Anarın iki  şeiri haqqında düşüncələr

Ara-sıra şeirlər yazsa da, Anar özünü peşəkar şair hesab etmir. Bədii əsər insan hisslərinin, duyğularının, düşüncələrinin ifadəsidir və bunun nəsrlə, ya şeirlə ifadə edilməsi şərti məsələdir. Anarın “Əsərləri”nin dördüncü cildində şeirləri də nəşr olunub. Bu şeirlər “Klassik şeirlərlə səsləşmələr”, “Mahnı mətnləri”, “Məzələnmələr”, “Parodiyalar”, “Dost zarafatları”, “Min illərin ayrıcında” başlıqları altında toplanıb.
Anarın peşəkar şair kimi yaradıcılığından danışmaq fikrim yoxdur, ancaq kitabda toplanan şeirlərdə həqiqi poeziya örnəkləri də var, miyanələri də.
Bir yazıçı və mütəfəkkir kimi ara-sıra yazdığı bu şeirlər də nəsrin davamıdıı. Dünya, hadisələr, insan, insan-cəmiyyət münasibətləri, keçmiş, xatirələr, itkilər, insan ömrü və s. və i.a. kimi məsələlər Anarın nəsri kimi şeirlərində də öz ifadəsini tapır.

Keçən əsrin 80-ci illərindən 60-cılar nəslinə mənsub yazıçıların (həm 60-cılar, həm də onlardan əvvəl və sonrakı nəslə mənsub şairlərin) yaradıcılığında bədbin ovqat güclənir. “Kommunizm cənnəti” ideyası tam iflasa uğrayır. Gələcəyə bəslənən ümidlər boşa çıxır və bu məyusluq, bədbinlik bütün çalarlarıyla ifadə olunur. O bədbin ovqat əvvəllər rüşeym halında idisə, gələcəyə hələ nəsə bir ümid var idisə, artıq 80-ci illərdən bu ümid də yoxa çıxır.

Ağ limanda - dünyalar arasında əlaqə yaradan “körpüdə” dayanan qırmızı gəmilər insanı hara aparacaqdı?
Məlum oldu ki, bu qırmızı gəmi qırmızı limuzindir! Bu limuzin isə daha genişliyə, ümidə-ağlığa yox, insanı ölümə - otel otağına aparırmış...
Eyni proses şeirlərdə də özünü göstərir. Anarın atasına həsr etdiyi “Ümidini itirmə” şeiri 2 may 1970-ci ildə yazılıb.

Acı sözlər ürəyinə ox olsa da,
Düşmənlərin dostlarından çox olsa da.
Üfüq xətti birdən-birə yox olsa da,
  Ümidini itirmə.
Dərdi-qəmin qalaqlanıb dağ olsa da,
Güman ölüb, gümansızlıq sağ olsa da,
Dindirəndə qan ağlayan çağ olsa da,
  Ümidini itirmə.
Sevdiklərin bir gün dönüb yad olsa da,
Düşmən görüb niskilini şad olsa da,
İnandığın hər nə var bərbad olsa da.
  Ümidini itirmə.

lll
 
... Ancaq hər bir insançün
Yalnız, yalnız və yalnız
İkicə vacib gün var,
Dünyaya gəldiyin gün,
Dünyadan getdiyin gün.
Arada qalan günlər -
Əfsanəymiş, yuxuymuş,
Sanasan ki, yox imiş...

Bu şeir 2001-ci ildə yazılıb.
... Köks ötürüb, çəkib ah,
Gözləyirik hər gecə,
Gözləyirik hər sabah
Uzun, zülmət gecələr
Türklər demiş “çox əcələ”,
Aparır bizi əcələ.
Zaman gedir gələcəyə,
Ömür deyir: “Gəl” - əcələ
Hər artan yaş - göz yaşıdı.
Gündə ömrün sarayından
Düşən hər kərpic, hər daş
Qəbirlərin sinə daşı,
Məzarların baş daşıdır,
Bəlkə elə bu fikir də
Bizi hələ ki, yaşadır.

Bu şeir isə 15 oktyabr
1999-cu ildə yazılıb.
Artıq  mövcud olmayan
Yalnız köhnə xatirələrdə
Qalan ölkə.
Ümidsizlik içində
Zəif bir güman kimi: “bəlkə...”
Kəsilmiş ağaclardan,
Kəsilmiş budaqlardan,
Pəncərəmə düşən kölgə...

“Qayıtmayacaq keçmiş” adlı bu şeir isə 25 oktyabr 2004-cü ildə yazılıb...
Bu yazıda əvvəlki illərdə yazılan şeirlər geniş təhlil etmək fikrində deyiləm. 2012-ci ildə yazılmış “Bakı küçələri” və “Ürək qatarı” şeirləri haqqında düşüncələrimi bölüşəcəyəm...

lll
İnsan ömrü yoldur - doğulduğun yerdən qəbir evinəcən. Ancaq bu qəbir evinə gələnə qədər insan haralardan keçmir?! Ömür yolunun ziddiyyətli, mürəkkəb məntiqli, məntiqsiz, bəzən dərkedilməz olması da heç nəyi dəyişə bilmir. Yollar insanı hara aparsa da, sonda özünə qaytarır. Ən düzgün və gözəl yol haqqa, həqiqətə - Allaha aparan yoldur...
Dilimizdə yolla bağlı ibrətli deyimlər də var: “Yoldan çıxır, yolunu azmır”, “Yoldan çıxsan, eldən çıxma”, “Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir...”
Müdrik babalarımız yoldan çıx mağı da istisna etməyib, ancaq yolunu azmamaq şərtilə, yola gəlməməyi istisna ediblər...
Məsləksiz, əqidəsiz... adamlarla bağlı bir qarğış da var: “Yolsuz”

lll
Bakının küçələri də ömür yoludur. Küçədəki konkret yerlər də (tin, döngə, ən müxtəlif binalar…) hərəsi bir xatirəylə bağlıdır - ilk görüş, ilk nəvaziş, ilk öpüş yeri kimi...
Küçələr, yollar həm də qəm, kədər yükünün şahididir - insan valideynlərini, tanışlarını, tay-tuşlarını, dostlarını çiyinlərində - tabutda aparır...
Küçələr, yollar xatirələrdir. Məncə, insanın bu dünyada ən dəyərli sərvəti yaxşılıq, xeyirxahlıq və xatirələridir.

lll
Azərbaycan ədəbiyyatında elə şair tapmaq olmaz ki, Vətən haqqında şeir yazmasın. Hərəsinin də öz gözəlliyi, öz yeri. Ancaq heç kəs inkar etməz ki, Vətənə aid ən gözəl şeirlərdən biri Abbas Səhhətin “Vətən” şeiridir. Bu şeirdə Vətən ən ümumi anlayışlarla təqdim olunur.
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımızın məskənidir.
Ümumi, ancaq çox dəqiq ifadə olunub - Vətən təkcə ata-anaların yox, babaların yox, ümumən əcdadlarımızın uyuduğu əbədi məkandır. Təkcə elə buna görə Vətən hamımıza əzizdir.

lll
Bəzən deyirlər ki, yalnız indi (zaman mənasında) var. Keçmiş olub, keçib. O şey ki, olub, bitib onu geri qaytarmaq mümkün deyil...
Gələcəkdə isə nələr olacağını, adamı nələr gözlədiyini heç kəs bilmir. Gələcək - məchulluq, naməlumluqdur...
İlk baxışda bu, məntiqli görünür. Ancaq düzgün yanaşma deyil, kökündə keçmişi unutmaq, yaddaşsızlıq, gələcək haqqında düşünməmək, kor-koranəlik, hadisələrin arxasınca sürünmək fikri gizlənib...
İnsanın özünün seçə bilmədiyi çox şey var - bu, doğrudur. Ancaq bununla belə, insan hadisələrin arxasınca da sürünə bilməz…İnsan nə keçmişsiz yaşaya bilər, nə də gələcəksiz. Keçmiş - xatirələrdir, yaşantılardır, geniş anlamda tarixdir. O başqa məsələ ki, keçmişi necə yaşamısan! Keçmişə boylana bilirsənmi? Rahatsanmı?..
Gələcək isə arzulardır (lap xəyali, gerçəkləşməyən belə), necə yaşayacağın, nələr edəcəyin haqqında düşüncələrdir...

lll
Yer planeti - Dünya iqlimi, fauna və florasına görə fərqlidir. Heç nə bir-birini təkrarlamır. Ancaq bu fərqli bənzərsizlikdə və gözəllikdə oxşarlıqlar da var. Axı lap kiçik fərqlərlə havanın, yaxud suyun tərkibi hər yerdə eynidir. Bəs nə üçün insan ömrünün sonunda doğulub boya-başa çatdığı yurdu, suyu, havanı arzulayır?
İnsan xislətinin qəribəliklərindən, müəmmalarından biri də budur ki, daimi yaşadığı yerdən başqa yerə köçəndə onu qəriblik duyğusu tərk etmir. Söhbət insanın öz doğma Vətənindən gedir. O Vətən ki, onun hər qarış torpağı insana əzizdir və insan heç nə düşünmədən o torpaq uğrunda ölümə gedir...
Bu hissi, duyğunu izah etmək belə çətindir. Ancaq iki səbəb, məncə, əsasdır.
Birincisi, insan göz açıb gördüyü yeri heç vaxt unuda bilmir. Yaşlandıqca yaşadığı yerləri görəndə hər xırda detal belə bir yaşantı, xatirə, anımla bağlanır...
İkincisi, torpağı Vətən edən səbəblərdən biri, bəlkə də birincisi insanlardır - doğma, əziz, dost, tanış, səni tanıyan, sənin tanıdıqların, sənin sevdiklərin və səni sevən insanlar...
Bəlkə elə doğma yerlərin, doğma, əziz insanların həsrətindən insan duyğularını, düşüncələrini bu misralarla ifadə edib:

Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı...

lll
Görünür hər küçənin
Özünün növrağı var.
Küçələr də dəyişir.
Bir gün qeyb olur, itir
Ağaclar da quruyur
Təzə ağaclar bitir
Yadlaşmış küçələrdə
Göydələn binaların
Günü örtür kölgəsi
Yabançı danışığın,
Yabançı musiqinin.
qulağımda yad səsi
Küçələr də təklənir
Küçələr də qocalır...
… Tanış küçələrin də
İndi adı başqadır...

Bu yadlaşma, özgələşmə hardandır? Yeri gəlmişkən, “Qırmızı limuzin” hekayəsinin başlanğıcını xatırlayırsınızmı? Hekayənin ədəbi qəhrəmanı (bu hekayədə heç onun adı da yoxdur - sadəcə O.) özünü yad bir şəhərdə hiss edir...
İnkişaf, dəyişmə, yeniləşmə labüddür - bu həyatın qanunudur. Küçələr də dəyişir - qocalan, quruyan ağacları yeniləri əvəz edir, alçaq binalar göydələnlərlə əvəz olunur. Bunlar zahiri dəyişmədir, küçələri yadlaşdıran bunlar deyil (Hərçənd ki, “köhnə” binalar söküləndə də insanın bunlarla bağlı xatirələri də “dağılır”). Küçələri yadlaşdıran yabançı danışıq, yabançı musiqidir...
Bəzi istisnalarla ölüm həmişə vaxtsız gəlir. Bu vaxtsız ölümlərlə nəslin yarpaq tökümü başlayır. İnsan bir da görür ki, ətrafında yaxın münasibətdə olduğu lap az adam qalıb, ya heç qalmayıb. Axı insan hətta ailədən saxladığı məsələləri həqiqi dosta, ürək sirdaşlarına danışır. Onların yoxluğundan yaşadığı küçə də, məhəllə də, kənd də, şəhər tədricən yadlaşır.
Başqa bir məqam da var - bu da bizim nəslin bəxtinə düşdü: “Bir quruluşun digəri ilə əvəzlənməsi. Kapitalizm haqqında oxuyurduq ki, özgələşmə, yadlaşma tarixi kateqoriyadır, xüsusi mülkiyyətin məntiqi nəticəsidir, xüsusi mülkiyyət aradan qaldırılanda o da yox olacaq, ancaq biz yenidən xüsusi mülkiyyətə qayıtdıq...
Biz başqa bir quruluşda yaşamışdıq, başqa bir ruhda tərbiyə almışdıq. Necə ki, iyiyrminci əsrin əvvəllərində yaşamış sənətkarlar sosialist quruluşunu daxilən qəbul etmirdilər. Onların yeni cəmiyyətdən gözlədikləri özünü doğrultmadı (halbuki onlar kapitalizmi tənqid edirdilər) və bu ümumi fikir belə ifadə olundu: “Biz belə deməmişdik”. Yüksək amallar uğrunda mücadilə aparanlar, özlərini fəda edənlərin aqibəti faciəli oldu...
Oxşar proses iyirminci əsrin sonunda da baş verdi. 1991-ci ildən rəsmən kapitalizm quruluşuna keçdik, ondan sonra artıq yeni nəsil dünyaya gəldi - zövqləri, dünyagörüşləri, həyata baxışları fərqli bir nəsil. SSRİ dövründə yaşayanlara tam əks bir nəsil...
... Ancaq doğma, dost, tanışın… keçmədiyi, yabançı danışıq, yabançı musiqilərin səsləndiyi, adı da dəyişilən bu yad və köhnə küçələrin yaddaşda qalmağa lap iynənin ucu boyda olsa da bir ümid qalır...

lll
“Ürək qatarı” ana bətnindən “hərəkətə başlayır” və heç bir dayanacaqa durmadan, fasiləsiz yoluna davam edir. O, gecələri, gündüzləri, həftələri, ayları, illəri arxada qoyub sonuncu dayanacağa tələsir.

Sonuncu duraq - sükut
Gəlib ora çatanda
bir anda
çık-çırık dayananda
Susacaqdır qatarın
 relslərdə döyüntüçü.
Başlanacaq əbədi
 Səssizlik - səmirsizlik...

Ürək qatarının getdiyi yol geriyə qayıtmır, qayıda bilmir...

Amma hələ ki, gedir,
Hələ yoldadır qatar,
Şükür,
dayanmır qatar.
Son durağa bir az var...
Darıxmayın,
bir az var...

Sabir Bəşirov
Fəlsəfə doktoru

 

 





08.09.2012    çap et  çap et