525.Az

Ümidin qanadlarında


 

Şair, professor Elçin İsgəndərzadənin 5 cildliyinə və 50 yaşına ön söz

Ümidin qanadlarında<b style="color:red"></b>

Göylərə ümidlə bax, göy kimi geniş olarsan. Torpağa ümidlə bax, yer kimi bərəkətli olarsan, səhərə, Günəşə ümidlə bax, səhərin xeyirliyə açılar, suya ümidlə bax, taleyin su kimi dumduru olar, çəmənə ümidlə bax, çiçək kimi açıl-saçıl, dünyanın özü qədər böyü, ucal, yaşa, yarat! “Mənim bu gecəyə çox ümidim vardeyən şairimiz hər şeyə ümidin gözüylə baxır. Hər şeyə ümidlə baxanda ulduzlar çiçəkləyir, alçalar gül açır, mələklər yuxuna gəlir, olursan dünyanın bəxtəvəri. Adı Türk dünyasına bəlli olan, özü kimi şeirləri dünyanı gəzən Elçin İsgəndərzadə  mənim sevdiyim şairlərdən, səsimizi aləmə yayan gələcək sahiblərindən biridir. Onun qələmi yazır, əli işləyir, ürəyi döyünür. Hər üç ilahi varlıq Tanrı töhfəsi şairin bütövlüyünü yaradır. Vətənin müqəddəsliyindən söz açanda da, şeirlərini qürbətə uçuranda da... Qarabağın dərdi ilə bağlı qanlı şeirlər yaradanda da, qələm dostlarına şeirlər yazanda da, həyatda olan çatışmamazlıqları qamçılayanda da Elçin səmimidir.

Elçinin üzündə, cismani varlığında olduğu kimi, mənəvi varlığında da bir nur, bir işıq var. Bu işıq onun ömür yoluna, yaradıcılığına bir təbəssüm gətirir.    

Oxumaq... bu hələ dursun bir yana,
Əlin kitabıma dəydi, bəsimdi.
İçində ürəyim çırpınır onun,
Ovcunda cənnəti duydu, bəsimdi.    

Şair oxucudan oxucu məhəbbəti, böyük sevgi, səmimiyyət istəyir. Şairə bunlar lazımdıHava kimi, Su kimi, Günəş kimi. Bunlar varsa şair var var olacaq.

Şairin müxtəlif ölkələrdə, müxtəlif yerlərdə yazdığı şeirlərə xüsusi fıkir verdim, məhəbbətlə yanaşdım. Gördüm ki, bu şeirlər o yerlərin özü kimi rəngarəngdir. Bu əsərlər şairin təkcə öz yaradıcılığını deyil, Azərbaycan ədəbiyyatının üfüqlərini genişləndirir. Xüsusilə Türkiyə ilə, türk dünyası, türk ədəbiyyatı ilə bağlı mövzular məni daha çox özünə cəlb elədi. Bu yazılarda olan doğmalıq, təbiilik məni daha çox özünə çəkdi. “Türkülərməni çox düşündürdü. “Yovşan türküsüməni Altaylardan Anadoluya qədər gəzdirdi.

Qədim bir eşq duası,
Çəkib aparır məni.
Tanrı dağlarıdı, qızım,
Ruhumuzun Vətəni.    

Orda Altay dağları,
Fələklərlə savaşır.
vadidən karvan keçir,
zirvədən bulud aşır.

Türkülərin hər biri bir dastanın, bir boyun mövzusu, xəritənin müxtəlif rəngləridir, bir xalının müxtəlif çeşidləridir.    

Əlvida tanrı dağları,
Bəyaz mələk əlvida.
Bəlkə bir görüşdük,
Görüşmədik ya da.    

Mən bu türküləri oxuyanda elə bilirdim şıdırğı bir yağışın altında göylərə tamaşa edirəm. Bütün türk dünyası gəlib gözlərimin önündən keçirdi.

Hər gün yeni bir ümidə
açılır pəncərəmizdə səhər,
Ümidlərimizin şəhəridi
qoynunda yaşadığımız şəhər.     

Bu ümidli misraların qucağında uça-uça dünyanı gəzirdim. Bu dünya məni Elçin İsgəndərzadənin şeirlərinin ətrinə bələmişdi.

Elçin İsgəndərzadənin poema yaradıcılığında klassika ilə müasirliyin, şairliklə rəssamlığın, böyük insanlarla təbiətin qovuşuğu var. “Adil Mirseyidin göyərçinləri”, “Rəssamın pəncərəsi”, “Səttar Bəhlulzadə nağılı”, “Pikasso Minatavr”, “Van Qoqun günəbaxanları”, “Salvador Dali üçün madriqal”, “Qoyya”, “Lorka siyah Ay”, “Üfüqdə qırmızı Günəş”, “Rəssam mələk”, “Bu qala bizim qala”, “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi”, “Oğlum Əliyə dualar”, “Məmməd Araz qayası”, “Cavid cihadı başqa poemaları bütövlükdə dərdlə, kədərlə, göz yaşı ilə, hıçqırıqla, ümidlə nəfəs alır.

Bu bir Tanrı möcüzəsidi...
Göyərçinlərin son ümid yeri
Bir şairin kirayə pəncərəsidi...
    
Vaxtsız dünyadan köçən şairimiz Adil Mirseyidə həsr olunmuş bu əsər bir sənətkarın ömrü boyu çəkdiyi əzabların, iztirabların, bənzərsiz yaradıcılığın poemasıdır. Göyərçinlərin yuvasındanBakıdan Parisə qədər, Şuşasız dünyamızdan, Cıdır düzündən Sena çayına qədər şair xəyalı bizi dərdlərimizin başına dolandırır.            

Gecəyə laylay çalırmı,
Qarqarın gümüş suları.
Ay doğanda çin olacaq,
Bir şairin arzuları...     

Bu əsərdə olan göyərçin obrazı çox ustalıqla işlənib.

Ürəyini göyərçinlərə yedirən
Bir şair olmalıdı
Bu gözəlim məmləkətdə.
    
Mən bu əsəri Adil Mirseyidin ruhuna bağışlanmış ən gözəl əsərlərdən biri hesab edirəm. Elçin İsgəndərzadəSəttar Bəhlulzadə nağılıəsərində    

Dərviş kimi,
Yoq kimi
Bir rəssam yaşayırdı,
Abşeron torpağında    

deyib rəssamı oxucuya bütün rəngləri ilə tanış edir. Dahi rəssamın dahiyanə əsərlərindən söhbət açan müəllifKəpəzin göz yaşlarında öz poetik sözüylə xüsusi rəng qatır. Bu rənglərin içində bir Əmircan dünyası var, bir bütün dünyanı Əmircanlaşdıran ölməz sənət var.

Şair istər Lorkadan, Nazim Hikmətdən, Pikassodan, Van Qoqdan, Salvador Dalidən, istər Müşfiqdənkimdən söhbət açır açsın hamısında Cıdır düzünə, Xarıbülbülə, Şuşaya, Qarabağa, yaralı Vətənə qayıdır.

Mərhum şairimiz Nizami Aydının xatirəsinə həsr olunmuşLorka siyah Aypoeması təkcə Nizami Aydının yox, Lorkaların, Müşfiqlərin taleyinin poetik əks-sədasıdır. “Üfüqdə qırmızı Günəşböyük rəssam Toğrul Nərimanbəyova həsr olunub. Bu əsərin baş qəhrəmanı Nar Günəş bizim işıqlı dünyamız ümidimizdir. Ümumiyyətlə Elçinin böyük alim Xudu Məmmədova, Çingiz  Aytmatova, Şahmar Əkbərzadəyə, Səttar Bəhlulzadəyə, Cavid Əfəndiyə həsr etdiyi əsərlərdə şair dünyasının genişliyi, dünyagörüşünün rəngarəngliyi var. Ümumiyyətlə bu poemalarda bir işıq var, ümid var, həsrət var, ayrılıq var. Bu var olanların arxasında bir əbədiyyət var. Anın əbədiyyəti, zamanın əbədiyyəti. Ömür-gün yoldaşına həsr etdiyiEşqpoemasında az qala bütün dünyanın eşq dilində xəritəsi var. Üverturadan epiloqa qədər on yeddi başlıq altında yazılan əsərlər bir insan qəlbinin mürəkkəb fəlsəfi duyğularıdır. Bu əsərdə çəkilən adlara fikir verin, –  Peterburq, Aleksandr Blok, Ərəfat, Sofıya, Bişkek, Qaracoğlan, Yunus Əmrə, Gəncə, Moskva, Paris, İspaniya, Roma, Varşava, Tanrı dağları, Şam şikəstəsi, Təbriz, Daşkənd. Bu başlıqlar altında yaşayan adların hərəsi bir tarixdir. Bu əsərdə dünyanın həm coğrafi düzəni, həm tarixi düzəni açılır. Şairin dünyagörüşünə qol-qanad verir. “Cavid cihadıMəmməd Araz qayasıəsərləri mənim üçün daha doğmadır. Çünki hər iki əsərdə yaralanmış Azərbaycan, əsir olmuş Qarabağ, Məmməd Araz harayı, indi bizim olmayan yerlərin göz yaşı, Cavidin şəxsində bir insan ömrünün sızıltıları, “Hər şairin ömründən bir araz çayı axırdeyən ürəyin çırpıntıları insanı üşüdür, göynədir.

Məndə qəti şübhə yoxdur ki, ədəbiyyatşünas alimlərimiz, istəkli oxucularımız Elçinin bu əsərləri haqqında dəyərli məqalələr yazıblar yazacaqlar, fikirlər söyləyiblər söyləyəcəklər. Çünki bir yazıda geniş fikir söyləmək çox çətindir. Mən qələm dostumun son əsərlərini ürəklə, məhəbbətlə, sevgiylə oxudum. Onun bir şair kimi dünyagörüşünün genişliyinə, ümidin qanadlarında uçmağına heyran oldum.

Elçində olan şair fəhminin gücü, rəssamlıq duyğularının dərinliyi məni sevindirdi.

Arzu edirəm ki, şair dostum Elçin yazmaqdan, gəzməkdən, mütaliə müşahidə etməkdən yorulmasın.

50 yaşın mübarək olsun, əziz qardaşım! Tanrı səni Şuşana, Cıdır düzünə, Xarıbülbülünə qovuşdursun!!!

 





08.09.2014    çap et  çap et