525.Az

Ermənilərə havadarlıqda yeni nümunə: ədalət prinsipindən qaçanlar


 

Ermənilərə havadarlıqda yeni nümunə: <b style="color:red">ədalət prinsipindən qaçanlar</b>

Bu günlərdə ABŞ-ın Kaliforniya ştatının senatorları qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıdıqları barədə qətnamə qəbul ediblər.

Dünya KİV-i bu hadisəyə reaksiya vermədi. Erməni ekspertləri isə müxtəlif aspektlərdə həmin əsassız və məntiqsiz faktı şərh etməyə çalışdılar. Onlar məsələni süni surətdə regional və qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin məntiqinə daxil etməyə cəhd etdilər. Əslində, burada Qərbin uzun illərdir reallaşdırdığı ikili standartların rolu vardır. Bu, qlobal geosiyasəti paradoks qarşısında qoyur – dünyanın bir regionunda separatizmə qarşı gərgin mübarizə aparılırsa, başqa bir bölgədə ona dəstək verilir. Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı ABŞ-ın bütün ştatları yekdil mövqedədirlərsə, Azərbaycanla əlaqədar beynəlxalq hüquqa sığmayan qətnamələr qəbul edilir. Bu kimi ziddiyyətlərin dünya miqyasında hansı fəsadlara səbəb ola biləcəyi siyasi maraq doğurur.

İkili standart "tələsi": Qərb özü düşür

Ermənistanda siyasi dairələrdə sevincək olanlar var. ABŞ-ın Kaliforniya ştatının Senatı "DQR"-i tanımaqla bağlı qətnamə qəbul edib. Xatırladaq ki, analoji addımı Amerikanın 4 ştatı (Rod-Aylend, Massaçusets, Men, Luiziana) da atmışdı. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bu hadisəni "Arsaxın subyektliyinin qeydi" kimi təqdim edib (bax: Принятая Сенатом Калифорнии резолюция по НКР фиксирует субъектность Арцаха – МИД Армении / "Lragir.am", 28 avqust 2014).

ABŞ-ın ayrı-ayrı ştatlarının separatizmə müxtəlif formalarda dəstək verməsi yenilik deyil. İndiki halda da Kaliforniyanın öz tarixində ən yanlış addımlardan birini atmasını fakt olaraq mənalandırmaq fikrimiz yoxdur. Əgər rəsmi Vaşinqton qlobal miqyasda ikili standart siyasəti yeridirsə, onun bir əyalətinin atdığı addımlara təəccüblənməyə dəyməz.

Məsələnin hazırkı şəraitdə geosiyasi aspektləri düşündürür. Niyə məhz bu anda kaliforniyalı senatorlar belə bir qərar qəbul etdilər? Onlar Ermənistanın işğalçı dövlət olmadığınamı işarə edirlər? Bunun fonunda BMT-nin 4 qətnaməsi necə təəssürat yaradır?

Məsələyə geniş prizmadan nəzər salmaq gərəkdir. İndi dünyanın müxtəlif regionlarında mürəkkəb geosiyasi proseslər gedir. Yaxın Şərqdə etnik və dini radikalizm vüsət alıb. Məzhəb mənsubluğu artıq siyasi mühitin bir elementinə çevrilib. İslam dünyası parçalanmaq təhlükəsi qarşısındadır. Müsəlman dövlətlərinin bir-biri ilə savaşa başlaması ehtimalı artır.

Şərqi Avropada da geosiyasi proseslər kəskinləşir. Ukraynanın şərqində əsl müharibə gedir. Prezident P.Poroşenko Türkiyəyə səfərini təxirə salıb. Səbəb kimi "Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü"nü göstərib (bax: Порошенко отменил визит в Турцию из-за "вторжения российских войск" / "Bfm.ru", 28 avqust 2014). ABŞ və Almaniya yaranmış vəziyyətə kəskin reaksiya verib. Moskva ilə Vaşinqton arasında vəziyyətin daha da kəskinləşməsi gözlənilir. Ağ Evin sözçüsü Cen Psaki buna açıq işarə edib.

Qərbin bu cür reaksiyası Ukraynada separatizmin qarşısını almaq niyyətindən xəbər verir. Həmin kontekstdə Vaşinqton və Brüssel Krımın Rusiyaya birləşdirilməsini də qəbul etmir. Müharibə nə qədər şiddətlənsə də, Qərb Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və bu prinsipdən geri çəkilmək fikri yoxdur.

Vurğulamaq istərdik ki, ABŞ İraqın da parçalanmasına razı deyil. Rəsmi Vaşinqton bu barədə dəfələrlə bəyanat verib və konkret addımlar atıb. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, sanki bütün bu prinsiplər unudulur. Maraqlıdır, nəyə görə rəsmi Vaşinqton 5 ştatın Senatının təxribatçı addımlarına münasibət bildirmir? Demokratiya öz yerində, lakin bu anda söhbət beynəlxalq hüququn şərtlərinə əməl edilməsindən gedir. Ukrayna və ya Gürcüstan məsələlərində Qərb kifayət qədər konkret mövqe ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına münasibətdə isə tərəddüd müşahidə edilir. Kaliforniya ştatının parlamentinin əsassız və məntiqsiz qərarının kökündə məhz bu məqam durur.

Erməni şantajı: beynəlxalq hüquqa vurulan zərbə

İndi ermənilər həmin faktdan istifadə edərək növbəti şantaj prosesinə başlayırlar. Ermənistan ekspertləri yazırlar ki, "Amerika Ermənistanı cəzalandırır" (bax: Айказн Гагриян. США наказывают Армению / "Lragir.am", 28 avqust 2014). Bunun mənası ondan ibarət imiş ki, "DQR"-i İrəvan tanımalıdır, ancaq o, cəsarət etmir və buna görə Amerika ştatları Ermənistan rəhbərliyini utandırırlar! Rəsmi Vaşinqtonun xarici siyasətdə ikili standartlara üstünlük verməsi siyasi xarakterli bu kimi absurd müddəaların meydana gəlməsinə səbəb olur. Daha çox düşündürücüsü isə belə vəziyyətin qlobal geosiyasətdə etimada ciddi zərbə vurması ilə əlaqəlidir.

Məsələ burasındadır ki, Qərbin Ukrayna və Gürcüstanda bir, Yaxın Şərq və Azərbaycanda başqa siyasi meyarlara istinad etməsi, onun real və ədalətli siyasət yeritməsini deyil, öz maraqlarına uyğun oyun aparmasını göstərir.

Belə şəraitdə demokratiya, beynəlxalq hüququn üstünlüyü, qanunun aliliyi və ədalətlilik kimi prinsiplərdən danışmağın yersiz olduğu dərk olunur. Müstəqilliyini əldə etmiş dövlətlər həmin fikirlərə tam inana bilmir və son nəticədə beynəlxalq hüquqa əməl edilməsi ilə bağlı deyilənlərə böyük şübhə ilə yanaşırlar.

İndi faktiki olaraq, Amerika odla su arasında qalıb – Ukraynada separatizmi qəbul etmir, Dağlıq Qarabağda isə separatçılara dəstək nümayiş etdirir. Təbii ki, bu cür yanaşma qəbuledilməzdir. Lakin Vaşinqtonun atdığı real addımlar göz qabağındadır. Onları inkar etmək mümkün deyil. Regional təhlükəsizlik aspektində isə təhlükəli vəziyyətin meydana gəlməsi ehtimalının artdığını etiraf etmək gərəkdir.

Misal olaraq, son zamanlar erməni analitikləri Amerikanın ştatlarının "DQR"-i tanımasını "Qarabağın bütöv qəbul edilməsi" kimi təqdim edirlər. Yəni bu, Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların "DQR"-in özündən kənarda Azərbaycana qaytarılmasını istisna edir. Əgər ABŞ ştatı "DQR"-i tanıyıbsa, onun ətrafında olan rayonları da erməni ərazisi kimi qəbul edib və həmin bölgələri Azərbaycana qaytarmaq olmaz (bax: Наира Айрумян. Калифорния признает Арцах. Что США предлагают Армении / "Lragir.am", 27 avqust 2014). Bu cəfəngiyatı məntiqsiz erməni ekspertlərindən başqa kimsə qəbul etməz.

Ancaq "erməni soyqırımı" ilə Dağlıq Qarabağ məsələsini əlaqələndirib, İraqın bölünməsi və Kürdüstan dövlətinin yaradılmasını bir kontekstə yerləşdirərək, ümumiyyətlə, Lozanna sazişinin şərtlərinin dəyişilməsindən dəm vurulur. Həmin aspektdə açıq şəkildə qeyd edilir ki, Ermənistan bundan əlavə ərazilər əldə edə bilər. Aydındır ki, söhbət hansı ərazilərdən gedir (bax: əvvəlki mənbəyə).

Bütün bunların yaratdığı mənzərəni təsəvvür etmək çətin deyil. Qərbin Ukraynada var gücü ilə separatizmə və başqa dövlətin təcavüzünün qarşısını almağa çalışdığı bir zamanda, İrəvan böyük bir geosiyasi məkanda müharibə gözləyir və ondan torpaq qazana biləcəyi barədə düşünür. Ermənistan bununla öz təcavüzkar niyyətlərindən əl çəkmədiyini nümayiş etdirir. O, region üçün əsl təhlükə mənbəyi olaraq qalır.

Bu reallığı Vaşinqton və Brüsselin qəbul etməməsinin səbəbləri aydın deyil. Böhranlı bir dönəmdə Kaliforniya parlamentarları beynəlxalq hüququn qəbul etmədiyi bir qərar verirlər. Onların ya Cənubi Qafqaz haqqında təsəvvürləri yoxdur, ya da böyük bir şantajın qurbanıdırlar. Bunlardan hansının doğru olub-olmamasından asılı olmayaraq, senatorlar tarixi səhvə yol veriblər.

Azərbaycan tərəfinin bu məsələdə təmkinli davranması çox əhəmiyyətlidir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Onu Azərbaycan ordusu azad edəcək. Bir sıra böyük dövlətlərdən fərqli olaraq, rəsmi Bakı tərəddüdlü və qeyri-müəyyən siyasət yeritmir. Onun mövqeyi dəyişmir – düşmənə bir qarış belə Azərbaycan torpağı verilməyəcək.

Uduzan qlobal geosiyasətdir. İkili standartlar tədricən beynəlxalq hüquq sistemini iflic vəziyyətinə salır. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Prosesin yalnız Dağlıq Qarabağla məhdudlaşacağını düşünmürük. Əksinə, artıq Kaliforniya ştatının Cənubi Qafqazın geosiyasi mənzərəsinə yeni qeyri-müəyyənlik elementini gətirməsindən bəhs etmək olar. Bunun zərərini isə bütün dünya görə bilər.

Hansısa dövlət Abxaziyanı, Cənubi Osetiyanı və ya Krımı tanıya bilər. Cavaxetiya erməniləri ruhlanıb Gürcüstandan ayrılmaq arzularını dilə gətirə bilərlər. Bunlardan başqa, hələlik kimsənin təxmin etmədiyi güclü separatizm dalğası yarana bilər. Onun ünvanı ABŞ, Fransa, Rusiya, Çin və digər böyük dövlətlər ola bilər. Bütün bunları böyük dövlətlərin rəhbərləri dərk etmirlərmi?

Newtimes.az

 





09.09.2014    çap et  çap et