525.Az

ARDNŞ Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasını istifadəyə verib


 

ARDNŞ Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasını istifadəyə verib<b style="color:red"></b> Bu gün Bakı İstedadlar Təhsil Kompleksinin Bakının Nizami rayonu ərazisində inşa olunmuş yeni binasının açılışı baş tutub.
 
“APA-Economics”in məlumatına görə, mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, Nizami rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri iştirak ediblər.
 
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək kompleksdə yaradılmış şəraitlə tanış olan R. Abdullayev bildirib ki, burada təhsil ingilis dilində aparılacaq, Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunacaq.
 
ARDNŞ prezidenti bildirib ki, kompleks təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.
 
İngilis məktəbləri sisteminə uyğun, Britaniya-Uels təhsil standartı üzrə fəaliyyət göstərəcək və 1 200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlar 600 şagird təhsil alacaq.
 
Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək.
 





09.09.2014    çap et  çap et