525.Az

"Mən ağlayırdım, insanlar isə yemək yeyirdilər..."


 

"Mən ağlayırdım, insanlar isə yemək yeyirdilər..."<b style="color:red"></b>

"İnsanın əzizini ağladığı mərasimdə insanların iştahla yemək yeməsi kimi üzücü mənzərədən xilas olacağımız üçün hamımız sevinməli və bu addımları dəstəkləməliyik".
 
Bunu "525"-ə açıqlamasında Milli Məclisin (MM) deputatı Qənirə Paşayeva dilə gətirib.

"Bir neçə gündür Tovuzda kəndləri ziyarət edirəm və bir neçə hüzr yerinə də baş çəkdim. Çoxlu sayda insanlar hüzr yerləri ilə bağlı yeni qaydalarla bağlı suallar verirdilər və bunun önəmi barədə xeyli müzakirələr aparırdıq, hər dəfə də vurğulayırdım ki, əslində biz hamımız bundan məmun olmalıyıq"-deyən Q. Paşayevanın sözlərinə görə, heç bir müsəlman ölkəsində hüzr yerlərində belə yemək mərasimləri olmur və bu dinimizə görə də əslində günahdır.

O, qeyd ediib ki, millət vəkili olduğu bu 9 il ərzində neçə müraciətlər oldu seçiciləri tərəfindən ki, yaxınlarının hüzr yerində hamı kimi yemək verə bilmək üçün borc alıblar və qaytara bilmirlər, çətinliklə üzləşiblər.

 "Nə üçün yemək verə bilmək üçün borc alırdınız sualına isə hər zaman eyni cavabı alırdım. Elin qınağından qorxduq ki,sonra deyəcəklər əzizinə normal bir ehsan da vermədi. Vəziyyət belə idi və öz adımdan da, seçicilərim əksəriyyəti adından da Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya təşəkkür edirəm ki, neçə illərdir nə qədər danışılsa da həllini tapa bilməyən bu məsələnin həlli istiqamətində ciddi addımlar atılmağa başlanıldı. Qəfil vəfat edən əmimin yasını heç unutmuram.

 Mən gözüyaşlı idim , ağlayırdım, insanlar isə yemək yeyirdilər. Mənə çox ağrıdıcı gəlmişdi və bilirəm ki, bu cür özünü hiss edən insanların sayı çox olub. İnsanların əksəriyyəti hüzr yerləri ilə bağlı son qərarları dəstəkləyir və bəzi insanlarımız da onun önəmini tam anladığı zaman dəstəkləyəcəyinə inanıram. Çünki əslində yas sahiblərininin bir çoxu ciddi çətinliklərdən xilas olub. Nə qədər insanlar vardı ki, onlar hüzrlərində yemək verə bilmək üçün əziyyətlər çəkirdilər.

Və onların sayı az deyildi. İndi onlar bundan sonra hüzürə gələnlərin qarnını doyurmaq,bəziləri hətta bunun üçün haradan,kimdən borc alacağı,onu sonra necə qaytaracağı barədə deyil, vəfat etmiş yaxınını son yolçuluğa yola salmaq və himayəsində qalanların taleyini düşünəcəklər. Biz hamımız cəmiyyətin ziyalıları bu addımları dəstəkləməklə bərabər bölgələrdə, kəndlərdə onun tam həyata keçə bilməsi üçün əlimizdən gələni etməliyik"-deyə, Q. Paşayeva daha sonra sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





09.09.2014    çap et  çap et