525.Az

Litva deputatının antiazərbaycan fəaliyyəti ilə bağlı müraciət olunub


 

Litva deputatının antiazərbaycan fəaliyyəti ilə bağlı müraciət olunub<b style="color:red"></b>

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Litva Respublikası Seyminin deputatı Dalya Kuodite və Litvadan olan digər şəxslər əvvəlcə Ermənistana, oradan isə qondarma “Dağlıq Qarabağ Respublikası”na qeyri-qanuni səfər etmişlər.   

Qondarma erməni soyqırımının Litvadakı “peşəkar bilicisi” və təbliğatçısı

Bu səfərə çıxmış şəxlərin geniş Azərbaycan ictimaiyyəti tərəfindən kifayət qədər tanınmadıqlarını nəzərə alaraq, öncə təbiidir ki, onların ictimai-siyasi fəaliyyətinə aid bəzi təfsilatları açıqlamağa ehtiyac vardır. Odur ki, həmin təfsilatlarla bağlı qeyd etmək istərdik ki, sözügedən D. Kuodite 21 yanvar 1962-ci ildə Kaunas şəhərində anadan olmuşdur. 1987-ci ildə Vilnüs Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1997-2008-ci illərdə „Litva sakinlərinin Soyqırımı və Müqavimət hərəkatını Arşdırmalar Mərkəzi“nin Baş direktoru olaraq yüksək dövlət qulluğunda çalışmışdır. Məhz bu vəzifədə çalışan zaman D. Kuodite qondarma erməni soyqırımı barədə „tarixi bilgilərin“ Litvada yayımlanması və ictimaiyyətin „düsgün maarifləndirilməsi“ istiqamətində bir sıra vacib işlər görmüş, həmçinin 2005-ci ilin dekabr ayında Litva Seymi tərəfindən „Osmanlı Türkiyəsində törədilmiş erməni soyqırımı barədə“ Rezolyusiyanın qəbul olunması üçün çox mühüm töhfələr vermişdir. O, 2008-ci ildən başlayaraq böyük siyasətdə bilavasitə iştirak edir. Belə ki, həmin ildən indiyədək iki dəfə Seymə deputat seçilmişdir. D. Kuodite 2 dekabr 2009-cu il tarixindən indiyədək Seymin Litva – Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəal təmsilçisidir. O, 2008-2012-ci illərdə Litva Seyminin AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur. 27 yanvar 2011-ci il tarixində AŞPA-da müxtəlif ölkələrin 28 nəfər millət vəkili  tərəfindən „Dağlıq Qarabağ Respublikasında demokratik dövlət quruculuğu“ başlığı altında qəbul edilmiş Deklarasiyaya Seymin adından imza atmış litvalı siyasətçidir. D. Kuodite Parlamentin Litva Liberallar Hərəkatı partiyası fraksiyasına daxildir və 20 noyabr 2012-ci il tarixindən başlayaraq indiki Seymdə İnsan Hüquqları Komitəsinin üzvü olaraq çalışır. 2013-cü ilin mart ayında Seymdə 12 nəfər Litva millət vəkili tərəfindən yaradılmış „Dağlıq Qarabağla parlament dostluq qrupu“nun həmtəsisçisi və sədridir. 

Litvada ermənipərəst qüvvələrə züytutan Baş redaktor

D. Kuodite ilə birgə qondarma „Dağlıq Qarabağ Respublikası“na Ermənistanın Litvadakı Səfiri Ara Eyvazyan, həmçinin Litvanın populyar www.15.min.lt  xəbərlər portalının Baş redaktoru, 1990-1992-ci illərdə Litva Seyminin üzvü olmuş istiqlalçı deputat, siyasi şəhrçi və tanınmış publisist Rimvidas Valatka da səfər etmişdir.

R. Valatka 19 dekabr 1956-cı ildə RSFSR-in İrkutsk vilayətinin İrkutsk rayonunda yerləşən Şamanka kəndində anadan olmuşdur. 1975-ci ildə Litvanın Palanga kurort şəhərində orta məktəbi bitirmişdir. İxtisasca tarixçidir. Vilnüs Dövlət Pedaqoji İnstitunun məzunudur (1980-ci il). O, həm də təcrübəli jurnalist və naşirdir. Sovet dönəmində bir sıra qəzetlərdə və cümlədən 1983-1987-ci illərdə Litva KP MK, Litva SSR Ali Soveti və Litva SSR  Nazirlər Sovetinin „Tiesa“ („Həqiqət“) qəzetinin informasiya şöbəsində müxbir işləmiş, 1987-1990-cı illərdə Xaricdəki Soydaşlarla Mədəni Əlaqələr üzrə Litva „Vətən“ Cəmiyyətinin mətbu orqanı olan „Gimtasis kraştas“ („Doğma yurd“) həftəliyundə Baş redaktor müavini vəzifəsində çalışmışdır. Litvada müstəqilliyin bərpa edilməsindən sonra - 1990-1991-ci illərdə „Atgimimas“ („Dirçəliş“) həftəliyində Baş redaktor, 1992-2012-ci illərdə isə „Lietuvos rytas“ („Litvanın səhəri“) adlı ən çoxsaylı respublika qəzetinin Baş redaktor müavini və eyni zamanda www.lrytas.lt internet portalının redaktoru olaraq fəaliyyət göstərmişdir. 2012-ci ildən başlayaraq www.15.min.lt xəbərlər portalının Baş redaktorudur. Son iki ildə bu portalda Azərbaycan dövlətinin beynəlxalq imicini aşağılamaq istiqamətində və eləcə də ərazi bütövlüyünə qarşı məzmunda yazılmış bir sıra publikasiyalar dərc etmişdir.

Səxavətli erməni sponsoru

Bu qrupun tərkibində səfərin sponsorçularından biri olaraq Litva erməni diasporunun təmsilçisi, iş adamı Armen Ayrapetyan da olmuşdur. A. Ayrapetyan 25 ildən artıqdır ki, Litvada yaşayır. O, 1998-ci ildə Vilnüs Universitetinin hüquq fakültəsini bitirmişdir. Daşınmaz əmlak hüququ, əmlak müqavilələri və tikinti məsələləri üzrə sazişlərin bağlanılması sahəsində ixtisaslaşmışdır. 2004-2009-cu illərdə vəkil yardımçısı, 2009-cu ildən etibarən isə Vilnüs şəhərində vəkil olaraq çalışır. Eyni zamanda burada fəaliyyət göstərən „Mabilta“ QSC-nin Baş direktorudur. 2012-ci ilin sentyabr ayında Litva Respublikasının Seymində yaradılmış Litva – Ermənistan Forumunun əlaqələndiricisidir.

Yuxarıda D. Kuoditenin fəaliyyəti barədə təqdim etdiyimiz qısa məlumatlardan göründüyü kimi, bu Litva millət vəkilinin qondarma „Dağlıq Qarabağ Respublikası“na səfəri heç də təsadüfü xarakter daşımır. D. Kuodite orada nə Cənubu Qafqazla bağlı tarixi bilgilərə malik olmaması və real Qarabağ həqiqətlərini bilməməsi üzündən, nə də sadə bir naşılıq və siyasi avamlıq nəticəsində peyda olmayıbdır.              

Litva Azərbaycanlıları Cəmiyyəti yuxarıda göstərilən faktlarla bağlı sentyabrın 3-də Litva Respublikasiın prezidenti Dalya Gribauskayteyə və Seymin sədri Loreta Graujineneyə rəsmi müraciət edərək Litva millət vəkili D. Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymətin verilməsini istəmişdir. 

Cəmiyyətin sədri Mahir Həmzəyevin Litvanın dövlət başçısına müraciəti 

Zati-Aliləri xanım prezident Dalya Gribauskayte,

Litva Azərbaycanlıları Cəmiyyəti adından Sizə Litva Respublikasının xarici siyasət kursunu formalaşdıran, həmin siyasi kursun məntiqi ardıcıllıqla və davamlı olaraq həyata keçirilməsinin zəmanəti olan dövlət başçısı kimi müraciət edirik.

Hazırda Ukraynada davam etməkdə olan faciəli olaylar kontekstində bu ölkənin ərazi bütövlüyünü dəstəkləmək, getdikcə təcavüzkarlaşan Rusiyanın öz „oyun qaydalarını“ zorla Ukraynaya qəbul etdirməsinə yol verməmək, „Donetsk və Luhansk xalq respublikaları“ adlanan qondarma separatçı qurumları heç bir vəchlə tanımamaq baxımından Sizin ardıcıl olaraq yürütdüyünüz qətiyyətli siyasət indi xüsusilə vacib əhəmiyyət kəsb edir. 

Litva təcavüzə məruz qalmış Ukrayna ilə bərabər, eyni yolla Rusiyadan „idxal edilmiş separatizmdən“ zərər görmüş digər dövlətlərin – Azərbaycan, Gürcüstan və Moldovanın da ərazi bütövlüyünü indiyə qədər davamlı surətdə tanımış və məntiqi ardıcıllıqla dəstəkləmişdir.

Təəssüf ki, bu baxımdan Sizin diqqətinizi indi dövlətimizin xarici siyasətini diskreditasiya edən, onun məntiqi ardıcıllığını pozan və hətta deyərdim ki, „alternativ“ Litva xarici siyasəti haqqında danışmaq üçün qarşı tərəfə imkan yaradan bəzi fitnə-fəsadkar Litva siyasətçilərinin məsuliyyətsiz və təxribatçı əməllərinə cəlb etməyə israrlıyam. Mən bunu deyərkən ilk növbədə Litva Respublikası Seyminin üzvü Dalya Kuoditenin fəaliyyətini nəzərdə tuturam. 2014-cü ilin 29 avqust – 04 sentyabr tarixlərində D. Kuoditenin Ermənistana və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində (işğal faktları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi Qətnamələrdə təsdiq olunmuşdur) yaradılmış qondarma „Dağlıq Qarabağ Respuspublikası“na qanunsuz səfər etməsini isə onun sözügedən destruktiv fəaliyyətinin „çələngi“ saymaq olar.

Bu səfər zamanı Seymin üzvü D. Kuodite prezident Serj  Sarqsyan və digər Ermənistan rəsmiləri tərəfindən qəbul edilmiş, eləcə də heç bir Dünya dövləti tərəfindən tanınmayan qondarma „Dağlıq Qarabağ Respublikası“nın „rəhbərləri“ ilə bir sıra görüşlər keçirmişdir. O, həmçinin „Dağlıq Qarabağ Respublikası müstəqilliyinin“ ildönümünə həsr olunmuş bayram tədbirlərində və rəsmi mərasimlərdə iştirak etmişdir. D. Kuodite bu görüşlər zamanı Litva dövlətinin adından danışıqlar apararaq Litva və qondarma „Dağlıq Qarabağ Respublikası“ arasında „iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi“ barədə laqqırtılar vurmuş və boşboğazlıqlar etmişdir. O, hətta orada „Qarabağ hərəkatının 25 illiyinə həsr edilmiş“ medalla da təltif olunmuşdur.

Lütfkarlıqla Sizin diqqətinizə çatdırmaq istərdim ki, D. Kuodite bu „şərəfli“ mükafata yalnız sözügedən səfərə görə və onun „uğurlu nəticələri“ üçün layiq görülməmişdir. Belə ki, məlum olduğu kimi, D. Kuodite Seymdə qeydiyyatdan keçməmiş „Dağlıq Qarabağla parlament dostluq qrupu“nu yaratmış və artıq çoxdandır ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyət aparır. Hərçənd ki, Azərbaycanın ərazi bütövlüyünü Litva Respublikası da daxil olmaqla bütün dünya dövlətləri qeyd-şərtsis olaraq tanıyırlar.

Xüsusilə vurğulamaq istərdik ki, Rusiyanın Ukraynaya qarşı davam etməkdə olan təcavüz durumunda, eləcə də Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaq olunması faktının Şimali Koreya, Zimbabve və Sudan dövlətləri ilə bir sırada Ermənistan tərəfindən tanınması kontekstində və qondarma „Dağlıq Qarabağ Respublikası“nın özü kimi digər oyuncaq qurumlara – „Donetsk və Luhansk xalq respublikalarına“ dəstək verdiyi bir zamanda, D. Kuoditenin göstərilən fəaliyyəti daha təhlükəli təxribati məzmun kəsb edir.

„İdxal edilən separatizmdən“ zərər görən ölkələrin – Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün Litva Respublikası tərəfindən ardıcıl olaraq dəstəklənməsinin siyasi kəsimində ayrı-ayrı Litva parlamentarlarının belə üzdəniraq fəaliyyəti dövlətin xarici siyasətini nüfuzdan salmaq və özbaşınalıqla bu siyasətin „alternativ“ kursunu cızmaq cəhdləri kimi görünür və dərk olunur. Bu isə  yalnız Rusiyanın və onun asılı müttəfiqi Ermənistanın maraqlarına xidmət edir.    

Hörmətli Prezident, Litva Azərbaycanlıları Cəmiyyəti Sizdən Seymin deputatı D. Kuoditenin göstərilən yönümdəki fəaliyyətinə siyasi qiymət verməyi rica edir. Eyni zamanda Sizdən Seymin rəsmi internet saytında „Dağlıq Qarabağla parlament dostluq qrupu“ haqqında yerləşdirilmiş məlumatların oradan çıxardılması üçün siyasi yardım istəyirik. Belə ki, həmin qrup xarici dövlətlərlə parlamentlərarası əlaqələr saxlamaq statusuna malik deyildir, həmçinin Litvaya dost dövlət olan Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərir və bu yolla Litva dövlətinin xarici siyasətini nüfuzdan salır.

P.S: Müraciət Litva Respublikası Prezidentinin Kanselyariyası vasitəsi ilə dövlət başçısına çatdırılmışdır. Eyni zamanda 3-4 sentyabr tarixlərində Litvanın BNS və ELTA xəbərlər agentlikləri tərəfindən yayımlanmış, həmçinin ölkənin nüfuzlu KMV-də - „Lietuvos zinios“ qəzetində, www.kauno.diena.lt , www.balsas.lt , www.klaipeda.diena.lt , www.dienosnaujienos.lt , www.infosavaite.lt və digər xəbər portallarında dərc olunmuşdur. 

Vilnüs – Bakı, 3 – 8 sentyabr 2014-cü il.

 





09.09.2014    çap et  çap et