525.Az

“Biz nə qədər qoca olsaq da...”


 

“Biz nə qədər qoca olsaq da...”<b style="color:red"></b> Sentyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçirilib.

Lent.az-ın məlumatına görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Hadı Rəcəbli, eləcə də digər qonaqlar və incəsənət xadimləri iştirak edib.
 
Festivalda çıxış edən Əbülfəs Qarayev Lerikdə ilk dəfə Uzunömürlülərin Yaradıcılıq Festivalı keçirildiyini deyib:

“Tədbirimizə təşrif buyuran ağsaqqallar və ağbirçəklər festivalımızı gözəlləşdirir, zənginləşdirirlər. Siz öz gəlişinizlə, öz yaradıcılığınızla Azərbaycan xalqının gələcəyi olan gənclərə nümunə göstərdiniz. Biz nə qədər yaşlı olsaq da min cavana dəyərik! İlk dəfə Azərbaycanın bu dilbər guşəsində ölkəmizin tarixində ilk dəfə belə bir festival keçirilir. Arzu edirik ki, bu festival ənənə halını alsın və hər il mütəmadi olaraq keçirilsin.

Azərbaycanın bütün bölgələrindən olan yaşlı nəslin nümayəndələri istedadını və yaradıcılığını nümayiş etdirsin. Çoxdandı Lerikə gəlmirdim. Yeni tikilmiş turizm kompleksləri, mədəniyyət ocaqları, muzeylər, mərkəzləri gördüm”.
 
Rövşən Bağırov Lerikdə yaradılmış, respublikamızda yeganə olan “Uzunömürlülər” muzeyinin fəaliyyət göstərdiyini xüsusi qeyd edərək, festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətindən danışıb:

“Bilərəkdən özümüz festivalı bu bölgədə təşkil etdik. Burada turizm potensialı çoxdur. İnşallah, növbəti illərdə də ölkə rəhbərliyinin dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə bu festivalı davamlı olaraq keçirəcək, iştirakçıların sayını və əhatə dairəsini genişləndirəcəyik”.
 
Festivalda mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçirilən festivalda kitab, foto və rəsm sərgiləri təşkil olunub. Lənkəran, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların qatıldığı tədbirdə uzunömürlülərdən ibarət «Rəfti», «Nənələr» folklor kollektivlərinin, xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı ilə konsert proqramı keçirilib.
 
Tədbir çərçivəsində həmçinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə plov festivalı da olub. Bu festivalda 9 rayon - Lerik, Masallı, Cəlilabad, Salyan, Astara, Yardımlı, Biləsuvar, Lənkəran və Balakən kulinarlarının hazırladığı 33 növ plov yarışıb. Sonda Milli Kulinariya Mərkəzinin ekspertləri tərəfindən plovlar qiymətləndirildikdən sonra qaliblərə medallar, fəxri diplomlar və mükafatlar təqdim olunub. Plov festivalının qalibi Lerik rayonunu təmsil edən usta aşpaz Hacı Zərrup olub. İkinci yeri Masallı, üçüncü yeri Cəlilabad aşpazları tutub.
 
Festivalın sonunda “Salnamə” kinostudiyasının istehsalı olan «Əsrə sığmayan həyat» filmi nümayiş etdirilib.
 





10.09.2014    çap et  çap et