525.Az

İnsan həyatı və neft: Yaxın Şərqdə hansı daha dəyərlidir?


 

İnsan həyatı və neft: <b style="color:red">Yaxın Şərqdə hansı daha dəyərlidir?</b>

Dünyanın bu qaynar məkanında tarixi dram yaşanır.

Böyük dövlətlərin yeritdiyi siyasətdə mürəkkəb məqamlar və qeyri-müəyyənliklər özünü göstərir. Hiss olunur ki, onlar ədalət və həqiqət prinsipinə deyil, öz maraqlarına uyğun hərəkət edirlər. Bunun fonunda İslamın düşmən obrazının yaradıldığı müşahidə edilir. Həmin tezis altında region xalqlarına qarşı siyasi münasibət formalaşdırılır. Meydana regionun geosiyasi mənzərəsinə ciddi təsir edə biləcək yeni amillər çıxır. Daxili ziddiyyətlərin kəskinləşməsi Yaxın Şərqin böyük ölkələrinin dövlətçiliyinə təhdidlər yaradır. Bölgə faktiki olaraq tarixi seçim məqamına yaxınlaşmaqdadır.

Enerji amili: qadın hüquqlarının geosiyasi meyarı?

Yaxın Şərqdə geosiyasi proseslərin dinamikası bəzən radikal surətdə dəyişir. Hadisələrin intensivliyi yüksəlir, bir müddət sonra isə səngiyir. Hazırda regionda proseslərin məzmununda mürəkkəbləşmə ilə yüksək dərəcədə qeyri-müəyyənlik bir-birini tamamlayır. Vəziyyət doğrudan da təhlükəlidir. Məsələ təkcə regional geosiyasi mənzərənin kardinal surətdə dəyişməsi aspektində deyil, qüvvələr balansının qlobal miqyasda yeniləşməsi baxımından da həssaslaşıb.

Qərb kütləvi informasiya vasitələrində Yaxın Şərq, xüsusilə də İraq və Suriya ilə əlaqədar dərc edilən analitik yazılardan bu məqamlar aydın görünür. İraqda və Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının fəaliyyəti birbaşa Qərbin və İsrailin maraqlarına təhlükə kimi qiymətləndirilir. Buradan da avtomatik olaraq belə bir nəticə çıxarılır ki, birincisi, bu təşkilat məhv edilməli, ikincisi, həmin işdə Qərbin regiondakı ən yaxın müttəfiqinə yardım edilməlidir.

Lakin bu iki vəzifənin real olaraq yerinə yetirilməsi üçün regional və qlobal geosiyasi amilləri yenidən qiymətləndirmək lazım gəlir. Həmin kontekstdə bir sıra məqamların Qərbin analitik və siyasi fikrində aktual amillər kimi təqdim edilməsi diqqəti çəkir. Buna görə də onların üzərində dayanmağa lüzum görürük.

Hər şeydən əvvəl, Yaxın Şərqdə bütün proseslərin kökündə neft amilinin durduğu tezisi irəli sürülür (bax: Gilles Bridier. Comment la géopolitique du pétrole explique la crise en Irak / "Slate.fr", 18 avqust 2014). Şiələr, sünnilər, kürdlər və "İŞİD" İraqın neft ehtiyatları uğrunda gərgin mübarizə aparırlar. Xüsusilə, "İŞİD" şiələrin ixtiyarında olan enerji yataqlarını ələ keçirməyi əsas məqsəd hesab edir.

Coğrafi olaraq hazırda İraqda enerji mənbələri uğrunda savaşın yekun mənzərəsi aşağıdakı kimidir – cənubda şiələrin əlində külli miqdarda neft yataqları cəmləşib, şimalda isə kürdlər müəyyən dərəcədə enerji ehtiyatlarına nəzarət edirlər. "İŞİD" ölkənin mərkəzi hissəsində olan ehtiyatlara sahib çıxmağa çalışır. Şiələr ölkənin neft ehtiyatlarının 90 faizinə sahibdirlər (əsasən Bəsrə ətrafında). Kürdlərin ixtiyarında neft ehtiyatlarının təqribən 10 faizi cəmləşib. "İŞİD" Mosul da daxil olmaqla bir sıra məkanlarda möhkəmlənməklə şiə və kürdlərdən neft almağa çalışır (bax: əvvəlki mənbəyə).

Deyilənlər həqiqətdən çox da uzaq deyil. Ancaq düşünürük ki, əsas məsələ yerli siyasi qüvvələrin neft maraqları ilə məhdudlaşmır. Real mənzərəni tam görmək üçün bir qədər geniş aspektdə vəziyyətə yanaşmaq lazım gəlir. Bu mənada fransız və israilli ekspertlərin fikirlərinə diqqət yetirək.

Patrisiya Lalond Qərbin Yaxın Şərqdə və Afrikada yol verdiyi səhvləri təhlil edir və belə nəticəyə gəlir ki, Suriya, İraq, Misir və Malidə eyni yanlışlıqlara yol verilib. Bu, həmin məkanlarda geosiyasi maraqlarla qadın hüquqlarının müdafiəsinin kifayət qədər əlaqələndirilməməsi ilə bağlıdır (bax: Patricia Lalonde. Irak, Syrie, Egypte, Mali...: l'erreur de l'Occident / "Le Huffington Post", 18 avqust 2014).

Yaxın Şərq: geosiyasi risklər və süni düşmən obrazının mümkün fəsadları

Ancaq maraqlı cəhət bundan ibarətdir ki, qərbli ekspert qadın problemini qlobal geosiyasətin prinsipləri ilə əlaqələndirir, burada sivilizasiya fərqlərini qabardır. Həmin prizmadan ümumi düşmən kimi radikal İslamı götürür. Qərbin səhvi radikal İslama qarşı regionda özünə uyğun qüvvələri kifayət qədər dəstəkləməməsindədir. Müttəfiq qismində isə regionun böyük dövlətləri deyil, ...kürdlər göstərilir. Deməli, Qərb kürd siyasi təşkilatlarına ciddi yardım edib, onların dövlətini qurmalı və həmin keyfiyyətdə radikal İslamla mübarizə adı altında region ölkələrinə qarşı onlardan yararlanmalıdır.

"Məhz buna görə indi Yaxın Şərqdə kürdlərə yardım etmək vacibdir. Hətta yeni dövlət qurmaq bahasına olsa belə. Axı onlar bizim dəyərləri müdafiə edirlər… Bu gün kürd qoşunları Yaxın Şərqdə, ola bilsin ki, radikal İslam qarşısında yeganə həqiqi maneədir", – deyə P.Lalond tövsiyə edir. Maraqlıdır ki, bir qədər əvvəl müəllif "Mosul xristian şəhəridir" fikrini söyləyir.

Kürdlərin necə və nə vaxtdan sonra xristian dəyərlərini müdafiə etdiklərini bilmirik. Bu, yeni "coğrafi kəşfə" bənzəyir. Ən təhlükəli məqam isə ideyanın geosiyasi aspektində gizlənmişdir ki, bu da region xalqlarının müsəlman-xristian ayrı-seçkiliyi üzrə qarşı-qarşıya qoyulmasından ibarətdir. Bu zaman bütün müsbət cəhətlər xristianlığa, mənfilər isə İslama bağlanır.

Bu mənada israilli ekspertin mövqeyi də maraqlıdır. David Barzilay rəsmi Təl-Əvivə tövsiyə edir ki, "yezidi kürdləri soyqırımından xilas etsin" (bax: Давид Барзилай. Почему Израиль должен спасти иракских езидов от геноцида? / "ИноСМИ.Ru", 18 avqust 2014). Ekspert əsas hədəfin "kürd xalqına yardım etməkdən ibarət olduğunu" açıq şəkildə vurğulayır.

Bütün bunlara məhəl qoymamaq da olardı. Axı ekspertlər müstəqildirlər və öz mövqelərini bildirə bilərlər. Ancaq ABŞ, İsrail və Avropanın Yaxın Şərq siyasətinə nəzər saldıqda, yuxarıda vurğulananların rəsmi siyasətlə uyğunluğu görünür. Barak Obama qərar verib ki, İŞİD-ə qarşı hərbi mübarizədə amerikan qoşunları daha aktiv iştirak etsin. Bununla ABŞ hərbçiləri İraqa qayıtmış olur. Özü də bu dəfə xilaskar rolunda!

Digər tərəfdən, Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, onlar kürdləri müdafiə etmək üçün bu addımı atırlar. Niyə yalnız kürdləri? Bəs türkmənlərin, sünnilərin və şiələrin qətlə yetirilməsi faktına niyə bu dərəcədə diqqət yetirilmir? Hansı səbəblərdən yalnız peşmərgələr yeni silahlarla təmin edilir, kürd muxtariyyətinin genişlənməsi və daha müstəqil olması dəstəklənir? İsrailin mövqeyi də eynilədir. Təl-Əviv uzun illərdir ki, bu siyasəti yeridir və bir sıra hallarda separatçılara yardım göstərir.

Bütün bunların işığında Qərbin siyasi dairələrində son zamanlar müşahidə edilən geosiyasi məqamların İsrail-Türkiyə-İran-Rusiya kontekstində təhlil edilməsi düşündürücüdür. Hiss olunur ki, İran, Türkiyə və Rusiya bir sıra Yaxın Şərq xalqları ilə qarşı-qarşıya qoyulur. Kürdlərlə bağlı səslənən fikirlər də məhz belə xarakterlidir.

Başqa bir məqam "İŞİD" terror təşkilatını çox təhlükəli qüvvə kimi göstərib, ABŞ-Rusiya müttəfiqliyinə nail olmaqdan ibarətdir. İndi analitiklər aşağıdakı fikri tez-tez söyləyirlər: "ABŞ-la Rusiya İslam dövlətini məhv etmək üçün qüvvələri birləşdirə bilərlərmi?" (bax: Jiri Valenta, Leni Friedman Valenta. Can Russia and America Work Together to Crush the Islamic State? / "The National Interest", 22 avqust 2014).

"İŞİD"-i qısaca "İslam dövləti" kimi təqdim etməklə də bütövlükdə müsəlmanlara qarşı qərəzli davranılır. Kontekstdən hiss olunur ki, İslamı xristianların düşməni obrazında göstərməyə cəhd edilir. Məhz bu aspektdə yuxarıda göstərilən yazının müəllifləri Ukraynada savaşmaq əvəzinə, "İslam dövləti"nə qarşı birləşməyi məsləhət görürlər.

Maraqlıdır ki, regionun Türkiyə, İran və Misir kimi ölkələrinə münasibətdə həmin tezisdən çıxış edilir. Aydın görünür ki, Qərbin siyasi dairələrində Yaxın Şərqin bütün dövlətlərinin İslama dəyər verən təşkilatları gözdən düşüb və indi onları yad ideoloji sistemlərə tabe etmək mümkündür. Bunun üçün isə onlar bir tərəfdən region xalqlarını qarşı-qarşıya qoyur, digər tərəfdən isə bölgədə öz hərbi iştirakını gücləndirməyə çalışırlar.

Bu cür siyasətin nə regiona, nə də bütövlükdə dünyaya faydası olacağını düşünürük. Dini amilin siyasi-ideoloji və geosiyasi müstəvidə birtərəfli qaydada qabardılması bəşəriyyəti yeni münaqişələrə sürükləməkdən başqa bir şey deyil. Məsələ kimlərinsə müsəlman, digərlərinin xristian olmasında deyil. Problem heç hansısa dinin yaxşı, digərinin pis olmasında da deyil. Əsas məsələ dövlətin yeritdiyi siyasi kursun məzmunundadır. Ən güclü ölkə belə ədalətə, haqqa və başqalarının hüququnu tanımağa istiqamətlənmiş siyasət yeritmirsə, onun sonu iflasdır. Tarixi baxımdan çox uzağa getmək lazım deyil – Vyetnam savaşını, Əfqanıstan, İraq, Suriya müharibələrini xatırlamaq kifayətdir.

Newtimes.az

 





10.09.2014    çap et  çap et