525.Az

Şura sədri Belçika Senatının spikeri ilə görüşdü


 

Şura sədri Belçika Senatının spikeri ilə görüşdü<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Senatının spikeri Sabine de Butyun ilə görüşüb.

Şuradan Lent.az-a verilən məlumata görə, Belçika parlamentində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Şura üzvü Rəna Mirzəzadə və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşı iştirak edib.  Görüşdə çıxış edən spiker Belçika Senatının fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, onun ölkəsi Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrlə,  o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.
 
Azay Quliyev bildirib ki, Şuranın xarici QHT-lərə göstərdiyi maliyyə dəstəyinin əsas məqsədi Avropada və ABŞ-da fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə uzunmüddətli əməkdaşlığın əsasını qoymaqdır. A. Quliyev ötən il ərzində 30-a yaxın xarici QHT layihəsinin Şura tərəfindən dəstəkləndiyini vurğulayaraq əlavə edib ki, 30 təşkilatdan 4-ü Belçikadan olan QHT-lərdir.
 
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Şura sədri bu məsələdə Avropa İttifaqının seyrçi mövqeyindən və  ikili standartlara yol verməsindən təəssüfləndiyini  bildirib. Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə Ermənistan tərəfindən məhəl qoyulmamasına adekvat münasibət bildirməməsinin doğru olmadığını və  işğalçının cəzasız qalmasının bölgədə  gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində Avropa Birliyinin atdığı addımların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də atılmasının vacibliyini vurğulayan A. Quliyev Belçikanı münaqişənin ədalətli həllinə töhfə verməyə çağırıb.
 
A. Quliyev Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgəyaşayış imkanlarını müzakirə etmək üçün Brüsseldə görüşünün keçirilməsinə köməklik göstərməyi Sabine de Butyundan xahiş edib.
 





10.09.2014    çap et  çap et