525.Az

“Ordunun müasir silahlarla təmin edilməsi üçün addımlar atılıb”


 

“Ordunun müasir silahlarla təmin edilməsi üçün addımlar atılıb”<b style="color:red"></b> Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) açılışında iştirak edib.
 
APA-nın məlumatına görə, ölkədə sosial-iqtisadi uğurlardan danışan Y. Camalov deyib ki, nəhəng infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda və Xəzər hövzəsində nəqliyyat mərkəzinə çevrilib.
 
Müdafiə sənayesi naziri Azərbaycanın həm də mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mərkəzinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin Azərbaycanın yüksək inkişaf səviyyəsini, potensialını dünyaya bir daha nümayiş etdirəcək. Y. Camalov Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq, nizam-intizam, silah-sursatla təmin olunma, döyüş qabiliyyəti baxımından Cənubi Qafqazda ən güclü orduya çevrildiyini bəyan edib:

“Son illər ərzində Azərbaycanda müdafiə sənayesi sahəsində də güclü inkişaf olub, müdafiə sənayesi məhsullarının çeşidi artıb, Azərbaycan ordusunun ən müasir silahlarla təmin edilməsi istiqamətində zəruri addımlar atılıb. Əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan ordusu ərazilərimizin işğaldan azad edilməsi də daxil olmaqla, qarşısına qoyulan bütün vəzifələri yerinə yetirmək iqtidarındadır”.
 
Sərgidə 34 ölkədən 200-dən çox şirkətin iştirak etdiyini xatırladan Y. Camalov bunun 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazandığını göstərdiyini və sərginin keçirildiyi müddətdə də tərəfdaş ölkələrin sayının daha da artacağına ümid etdiyini söyləyib:

“Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətə davamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Sərginin bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid edirəm”.
 





11.09.2014    çap et  çap et