525.Az

“ATƏT PA-nın vitse-prezidenti Azərbaycanın “qara siyahısına” salınacaq”


 

“ATƏT PA-nın vitse-prezidenti Azərbaycanın “qara siyahısına” salınacaq”<b style="color:red"></b>

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan “Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı” adlı hesabatın Fransa Senatında geniş təqdimatı olub.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, senator Eymeri de Monteskyenin sədrliyi ilə keçirilən təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanının Fransadakı  səfiri Elçin Əmirbəyov, Fransa senatoru Helene Convay-Mouret, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Fransada qadın hüquqlarının qorunmasında ixtisaslaşan QHT-lər, araşdırmaçılar və jurnalistlər iştirak ediblər.
 
E. Monteskye Azərbaycanda qadın hüquqlarından və onların müdafiəsi üçün qanunvericilikdə görülən işlərdən danışıb, Azərbaycana səfərləri zamanı qadın hüquqlarının necə nəzərə alındığının şəxsən şahidi olduğunu dilə gətirib. “Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı” hesabatını hazırlayan Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti A. Süjye bu hesabatı hazırlamaq ideyasının 2 səbəbdən – əksəriyyətinin müsəlman olduğu ölkənin dünyəvi olması və qadın hüquqlarına Azərbaycanda xüsusi önəm verilməsindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, qadın və kişi arasında bərabərlik olmadan demokratiya və insan hüquqlarından belə söhbət gedə bilməz, bu, müasir ölkə olmaq üçün vacib şərtdir: “Azərbaycan da bu baxımdan bir çox ölkələrə model ola bilər”.
 
A. Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycanın iqtisadi uğurlarından, Dağlıq Qarabağ münaqişəsindən danışıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tezliklə icra edilməsi üçün Fransanı daha çox səy göstərməyə çağırıb. Şura sədri Fransa Milli Assambleyasının və Senatının 13-dən çox üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etmələrinin Azərbaycanda ciddi narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu söyləyib. O, 3 gün öncə ATƏT PA-nın vitse-prezidenti, fransalı senator Alen Nerinin Dağlıq Qarabağa qanunsuz səfərindən çox üzüldüyünü və onun Azərbaycanın “qara siyahı”sına salınacağını bildirib. Hesabatın müəlliflərindən olan fransalı ekspert Patrisia Lalond isə bu ilin əvvəlində Qəbələdəki qadınlar üçün dəstək mərkəzinə səfərindən danışıb, bu cür mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında açılmasını vacib sayıb.
 
Tədbirin sonunda bu dialoqun gələcəkdə davam etdirilməsi əhəmiyyətli sayılıb.

 





12.09.2014    çap et  çap et