525.Az

Mikayıl Cabbarovdan Bilik Günü təbriki


 

Mikayıl Cabbarovdan Bilik Günü təbriki<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarov "Bilik günü" münasibəti ilə müəllim, tələbə və şagirdlərləri təbrik edib.
 
Lent.az-ın məlumatına görə, nazir təbrikində bu günün hamının həyatında xatırlaya biləcəyi, həyəcan və xəyalları ilə gələcəyə baxdığı gün olduğunu bildirib:

"Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.

Adı “Bilik günü” kimi qeyd olunan bu gün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır".

Nazir vurğulayıb ki, məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcək.

"Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram".

M. Cabbarov eyni zamanda, SABAH qrupunda təhsil alanları da təbrik edib: "Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinifə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm"

 





15.09.2014    çap et  çap et