525.Az

Azərbaycana verilən vəd: Ərdoğanın Bakı səfərinin mühüm məqamları


 

Azərbaycana verilən vəd: <b style="color:red">Ərdoğanın Bakı səfərinin mühüm məqamları</b>

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi.

Bu hadisə KİV və mütəxəssislərin böyük marağına səbəb oldu. İlk dəfədir ki, qardaş ölkədə prezident ümumxalq səsverməsi yolu ilə seçilmişdi. Ankara bütün sahələrdə ciddi yeniliklər ediləcəyi barədə bəyanatlar verirdi. Bunların fonunda Bakıdakı danışıqların məzmunu maraq doğurur. Türkiyə və Azərbaycan rəhbərləri əməkdaşlığı yeni səviyyəyə qaldıracaqlarını dünyaya bəyan etdilər. O cümlədən, iki dövlət regional və qlobal səviyyəli geosiyasi proseslərdə birgə səylər göstərəcəklər. Türkiyə beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini daha fəal müdafiə edəcəkdir. Ankara ilə Bakı iqtisadi və enerji sahələrində əməkdaşlığı inkişaf etdirməkdə qərarlı olduqlarını bildirdilər.

Ankaranın mesajı: Azərbaycan prioritetdir

Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasından sonra Azərbaycana səfər etməsi xüsusi əhəmiyyətə malik olan bir hadisədir. Ənənəvi olaraq iki qardaş ölkə sıx əməkdaşlıq edir. Hazırda Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Hətta bir sıra məqamlarda iki cəmiyyətin münasibətləri bütün siyasi sərhədləri aşaraq çox yaxın məzmun alır. Lakin buna baxmayaraq, R.T.Ərdoğanın məhz Bakıya gəlməsi ciddi geosiyasi məna daşıyır.

Deyilənlərlə bağlı bir sıra amillər üzərində dayanmağa ehtiyac duyuruq. Hər şeydən əvvəl, Türkiyə yeniləşir. İqtisadiyyatı, siyasəti, regional proseslərə münasibəti, strateji hədəfləri və başqa məsələlər baxımından fərqli mövqe tutmaqdadır. Konkret olaraq, Ankara dünya səviyyəsində sözükeçən güclü dövlətə çevrilir. Özlüyündə bu dəyişiklik ölkənin region dövlətləri ilə münasibətlərinin məzmununa da təsir etməkdədir. Analitiklərin proqnozuna görə, Türkiyə daha qətiyyətli və eyni zamanda, əvvəlki mərhələlərə nisbətən daha demokratik siyasət yeridəcəkdir. Həmin çərçivədə Türkiyə prezidentinin Azərbaycana səfəri bu ölkənin xarici siyasətinin prioritetini ortaya qoyur.

Belə görünür ki, Ankara, birincisi, regionda baş verən geosiyasi proseslərə böyük önəm verir, bunu milli təhlükəsizliyin əsas şərtlərindən biri sayır; ikincisi, Azərbaycanı regional kontekstdə özünə ən yaxın tərəfdaş hesab edir və onunla əməkdaşlığın sülhün təmininə ciddi yardım edəcəyinə inanır. Bu, prezidentlərin Bakıda ifadə etdikləri fikirlərdə öz əksini tapıb.

Azərbaycanın dövlət başçısı nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra R.T.Ərdoğanla mətbuata verdikləri birgə bəyanatda deyib: "Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edildi" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatı / AzərTAc, 3 sentyabr 2014).

Türkiyə prezidenti də çıxışında bu məsələyə böyük önəm verdiyini vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Baş nazir Əhməd Davudoğlu Türkiyə parlamentində çıxış edərkən deyib: "Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması Türkiyə üçün strateji məsələdir" (bax: Başbakan Davutoğlu 62. hükümetin programını okudu / Anadolu Ajansı, 1 sentyabr 2014).

Bu fikirlərdə Ankaranın Cənubi Qafqazdakı "qırmızı xətləri"ndən biri aydın ifadə edilib. Türkiyə rəhbərliyi regionda əməkdaşlıq və sülh məsələsinə Azərbaycanın haqqının təmin edilməsi müstəvisində yanaşır, başqa mövqeni də qəbul etmir. Göründüyü kimi, yeniləşən Türkiyə üçün Azərbaycan amili xarici siyasətin əsas prioritetlərindən biridir.

Əməkdaşlıq prinsipləri: ədalət və sülh

Həmin məqam maraqlı geosiyasi məna daşıyır. İki türk-müsəlman dövləti Cənubi Qafqazda əməkdaşlıq, təhlükəsizlik və demokratiyanın inkişafının aparıcı amilinə çevrilməkdədir. Bunun üçün onlar güclü dövlət konsepti ilə sülhpərvər və ədalətli cəmiyyət ideyasını bir araya gətirirlər. Hər iki ölkənin dövlət başçısı onların əməkdaşlığının kimsəyə qarşı yönəlmədiyini açıq şəkildə bəyan edirlər. Əksinə, regionda yaşayan bütün xalqların dinc və barış içində əlaqələr qurması, rifah hallarının yüksəlməsi naminə bir yerdə mübarizə aparırlar.

Türkiyə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra Ermənistanla əməkdaşlıq istiqamətində ciddi addımlar atacağını qeyd etməsi bunun əyani təsdiqidir. Rəsmi Ankara Ermənistanı tarixi hadisələrin girovu olmamağa və irəli sürdüyü əməkdaşlıq təkliflərini rədd etməməyə çağırır. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan regionda əməkdaşlığa daim hazırdırlar. Ermənilər işğal etdikləri ərazilərdən çəkilsələr, onlar üçün də xeyli şans yaranar.

Burada bir vacib məqamı vurğulamaq lazımdır. İndi dövlətlərin əməkdaşlıq və sülhlə bağlı tez-tez bəyanatlar verməsi bir növ adətə çevrilib. Əksər hallarda ya bu kimi vədlərdə səmimiyyət olmur, ya da onları reallaşdırmaq üçün qüvvə yetərli olmur. Türkiyə və Azərbaycan isə sübut edirlər ki, siyasi və geosiyasi məqsədlərinin arxasında güclü iqtisadi və mədəni inkişaf proqramları durur. İki ölkənin dövlət başçılarının Bakıdakı görüşdən sonra iqtisadi və energetik əməkdaşlıqla bağlı dedikləri bunu təsdiqləyir.

Türkiyə prezidenti Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dolları həcminə çatdırmağı planlaşdırdıqlarını bildirib. Öz növbəsində Azərbaycan yaxın 5-6 ildə Türkiyəyə 17-20 milyard dollar həcmində sərmayə yatırmalıdır. Artıq TANAP-ın əsasının qoyulması mərasiminə hazırlıq gedir. Bu tədbirin sentyabrın 20-də keçirilməsi nəzərdə tutulur (bax: TANAP'ın temeli 20 Eylül'de atılıyor / "Sabah", 4 sentyabr 2014).

TANAP qlobal əhəmiyyətli geosiyasi layihədir. Azərbaycan prezidenti İlham Əliyev TANAP-ın işə salınması ilə Avropanın enerji təchizatında ciddi dəyişikliklərin olacağı haqqında dəfələrlə fikir bildirib. Bu hadisənin arxasında isə iki türk dövləti – Azərbaycan və Türkiyə durur. Deməli, Qərbin iqtisadi, energetik və mədəni həyatında iki qardaş ölkənin rolu keyfiyyətcə yeni səviyyəyə yüksələ bilər.

Buradan strateji xarakterli nəticə çıxarmaq mümkündür. Ankara və Bakı qlobal geosiyasi səviyyədə əhəmiyyət daşıyan xarici siyasət yeridirlər. Bu, konkret prinsiplərə əsaslanır. Hər şeydən əvvəl, güclü dövlət obrazını dünyaya qəbul etdirmək lazımdır. Türkiyə üçün Azərbaycanın və Azərbaycan üçün Türkiyənin güclü olması iki ölkənin rəhbərliyi tərəfindən təsbit edilmiş mövqeyə çevrilib. Burada əsas məqam bundan ibarətdir ki, iki dövlət bir-birinə qarşı qeyri-səmimi və ziyanlı addımlar atmayacaqdır.

Digər vacib prinsip birgə səylərlə regionda inteqrasiyaya nail olmaqdan ibarətdir. Bu, güclü dövlətlərin eyni zamanda, sülhpərvər, barışcıl və inkişaf paradiqmasına sadiq qalması deməkdir. Onlar üçün əbədi düşmən yoxdur, potensial tərəfdaş vardır.

Üçüncü məqam kimi təhlükəsizlik sisteminin formalaşmasında razılaşdırılmış addımların atılmasını göstərə bilərik. Onun təzahürlərindən biri NATO-nun Uels sammitində Ankaranın Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi ola bilər. Türkiyə prezidenti bu addımın əsas səbəbini belə izah edib: "NATO zirvələrində Azərbaycana verilən sözlər vardır. Başqalarına olduğu kimi, buna da hörmətlə yanaşılmasını tələb edəcəyik. Bu, bir lütf, ianə deyildir, bir haqdır" (bax: "Azerbaycan'a verilen sözler yerine getirilmeli" / "Yeni Şafak", 3 sentyabr 2014).

Nəhayət, iki qardaş ölkə qlobal geosiyasətdə mövqelərini möhkəmləndirmək istiqamətində uğurlu addımlar atırlar. Onlar üçün bu aspektdə əsas prinsip ədalətli olmaq, ikili standarta uymamaqdır. Buna görədir ki, Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstərə bilirlər. Siyasi-diplomatik müstəvidə fəaliyyətlərini koordinasiya etməklə Ankara və Bakı bir nümunə göstərirlər.

Şübhəsiz ki, Türkiyə-Azərbaycan tərəfdaşlığının başqa mühüm geosiyasi aspektləri də var. Ancaq R.T.Ərdoğanın Bakıya son səfəri fonunda vurğuladığımız prinsiplər əyani şəkildə öz təsdiqini tapdı. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev Türkiyə prezidentini Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif etdi. Heydər Əliyev siyasi peşəkarlığın, qətiyyətin, ədalətliliyin, əməkdaşlığın və demokratik dövlət quruculuğu kursunun rəmzidir. Fikrimizcə, bu ordenə layiq görülən siyasətçilər həmin məqamları unutmamalıdırlar.

Newtimes.az

 





15.09.2014    çap et  çap et