525.Az

“Tərcüman”ın Azərbaycan səhifələri


 

“Tərcüman”ın Azərbaycan səhifələri<b style="color:red"></b>

100 il bundan əvvəl, 1914-cü il sentyabrın 14-də türk dünyasının böyük şəxsiyyətlərindən biri – İsmayıl bəy Qaspralı dünyaya gözlərini yumdu.

Təbəəsi sayıldığı Rusiya imperiyası həmin günlərdə tarixinin çox həyəcanlı günlərini yaşayırdı. Ay yarım əvvəl ölkə pravoslav təəssübkeşliyi nədəni ilə Birinci Dünya müharibəsinə sürüklənmişdi. Hələlik savaşın ağrı-acıları milli ucqarlarda, xüsusən də müsəlman əhali arasında kəskin  hiss olunmasa da, müharibə mövzusu ictimai fikri və mətbuatı məşğul edən başlıca məsələlərdən biri idi. Amma İsmayıl bəyin ölümü Krım, Volqaboyu tatarlarının, Anadolu və Azərbaycan türklərinin mətbuatında bu mövzunu arxa plana sıxışdırmışdı. Bu barədə yazmayan, itkinin  əvəzsizliyindən söz açmayan qəzet, məcmuə demək olar ki, yox idi. “Türk yurdu” dərgisi 1914-cü ildə çıxan 22-ci sayını başdan-başa ona həsr etmişdi.

Əhməd Ağaoğlu dərginin həmin sayında çap olunan “İsmayıl bəy Qasrinski” məqaləsində yazırdı: “İsmayıl bəy türklüyə aid fəaliyyəti üçün şu düsturu ittihaz etmişdi: fikir, lisan və hiss birliyi. Təbiri-axırla İsmayıl bəyin təqib etdiyi qayə türklərə kəndilərini tanıtdıraraq, şüuri-milliyyələrini inkişaf etdirərək onlara bir olduqlarını təlqin etməkdən ibarət idi. Fikir, lisan, hiss birliyini duymuş olan bir qövm, zatən şüuri-milliyyəti və vəhdəti-mənəviyyəsini duymuş deməkdir”.

Yaxınları, doğmaları, çoxsaylı davamçıları və pərəstişkarları Bağçasarayda mərhumun üç mərasiminə toplaşdıqları gün isə “Kaspi” Ə.Topçubaşovun “İsmayıl bəy Qasprinskinin xatirəsinə” (13 sentyabr 1914-cü il, № 203)  adlı həqiqi ürək yanğısı ilə yazılmış təsirli vida yazısını dərc etmişdi.

“Qasprinski  öldü”, – deyə Rusiya türklərinin lideri müqəddiməsiz – filansız özü üçün də son dərəcə ağır, sarsıdıcı xəbəri həmvətənlərinə çatdırırdı:

“Son yarım əsr ərzində adı yalnız Rusiyadakı müsəlmanlar arasında deyil, xaricdə də çox yaxşı tanınan bu şəxs daha sıralarımızda deyil. Yarım əsr ərzində sakit, lakin inamlı bir tərzdə müsəlmanlara bilik, tərəqqi və ictimai şüur yolunu göstərən insanı həmişəlik itirdik.

Amansız tale öz qəddar əli ilə işıq saçan şamı söndürdü. Bununla da müsəlmanları dərin ələm və qüssəyə qərq etdi. Müsəlmanlar arasında doğma xalqın mənafeyinə səmimi-qəlbdən bağlı olan ictimai xadimlərə çox az rast gəlindiyindən  ələm və qüssəmizin miqyası da böyükdür. Çünki indi unudulmaz İsmayıl bəy Qasprinskini əvəz etməyə başqa adamımız yoxdur”.

Bakıda çıxan qəzetlərin demək olar ki, hamısı Qaspralının ölümü ilə bağlı ilk səhifələrində məlumat vermiş, bu vaxtsız, əvəzsiz itkinin yaratdığı təəssüf və acını bölüşməyə çalışmışdılar. Beləliklə, indi bəlkə də miqyasını təsəvvürə gətirə bilmədiyimiz türk birliyi və həmrəyliyi duyğusu ifadə olunmuşdu.

Yüz il əvvəl bu qutsal duyğu insanlarımızda sanki daha güclü idi...

Vətəni Krımdan sonra İsmayıl Qaspralının ən çox sevildiyi, üz tutduğu,  başa düşüldüyü, ardıcıllarının, dost və həmfikirlərinin olduğu yer Azərbaycan idi. İsmayıl bəy də öz növbəsində Azərbaycanı Krım qədər sevirdi, türk dünyasının fikri inkişafındakı yerini və rolunu dəyərləndirirdi, Azərbaycan insanının millət duyğusuna, maarif və mədəniyyət təşnəliyinə inanırdı. Bu mənada Bakını hətta böyük bir imperiyanın paytaxtı olan İstanbuldan  üstün tuturdu.

Onu Azərbaycanla həm də yaxın qohumluq əlaqələri bağlayırdı. 1903-cü ildə çox sevdiyi, işinin davamçısı kimi gördüyü qızı Şəfiqə Qaspralı illər sonra Azərbaycan Cümhuriyyətinin qurucuları sırasında yer alan, baş nazir mövqeyinə yüksələn Nəsib bəy Yusifbəyli ilə ailə qurmuşdu. Bu nikahdan İsmayıl bəyin həyatlarını Türkiyədə başa vuran iki nəvəsi doğulmuşdu.

Lakin hətta belə qohumluq əlaqəsinin xəyalına gəlmədiyi dövrdə də Azərbaycan sevgisi İsmayıl bəyin həyatından, yaradıcılığından, övladlarından az istəmədiyi “Tərcüman”ın  səhifələrindən qırmızı xətlə keçirdi. Tanınmış tədqiqatçı-alim, azərbaycanşünas, İzmirdəki 9 Eylul universitetinin professoru Yavuz Akpinarın gərgin axtarışlar hesabına hazırlayaraq 2003-2005-ci illərdə Ankarada çap etdirdiyi “Qaspralı. Seçilmiş əsərləri” üç cildliyi böyük Krım-tatar maarifçisinin çoxcəhətli fəaliyyətinin digər yönləri ilə bir sırada onun Azərbaycanla dörddə bir əsr davam edən çoxcəhətli əlaqələri üzərinə işıq salmağa imkan verir.

İsmayıl bəy Qaspralının yurdumuzla, insanımızla ilk əyani tanışlığı 1882-ci ildə Volqaboyu türklərinin mərkəzi Qazanda olmuşdu. Həmin dövrdə artıq dünyanın Moskva, Paris kimi böyük mədəni-siyasi məktəblərində həyat universitetləri keçmişdi. Krım tatarlarının az qala Məkkə, Qüds saydıqları Bağçasarayın şəhər rəisi idi. Amma nisbətən gənc yaşlarında əldə etdiyi bu uğurları yetərli hesab etmirdi. Millətinə, türklüyə və insanlığa xidmətin daha faydalı, məqbul yollarını arayırdı. Yalnız Rusiya imperiyasında sayları 20 milyona yaxınlaşan, fərqli adlarla çağırılan, məzhəb və coğrafiya ilə biri-birindən aralı salınan türkləri dil, fikir və əməl ətrafında bir araya gətirmək istəyirdi. Yaxın coğrafiyadakı Qazan şəhərinə də bu məqsədlə  üz tutmuşdu. Tatar ədəbiyyatı tarixçisi Cəmaləddin Vəlidovun xahişi ilə yazdığı tərcümeyi-halında həyatının həmin səhifəsini belə işıqlandırmışdı:  

“1882-ci ildə Qazana səyahətim sırasında tatarlar üçün bir ədəbiyyat gecəsi düzənləmək istədim. Böyük zorluqlarla buna izin aldım. Şəhərin tatarlar yaşayan bölgəsinə afişlər yapışdırıldı, Voskresenk caddəsindəki birinci sinif bir otelin (Volqa-Kama oteli) böyük salonunu da kirələdim və salon çox sayda kreslolar və qonuşmaçılar üçün kürsü ilə də donatıldı (bəzədildi). Saat 9 oldu. Mən iki saat daha bəklədim (gözlədim). Oraya gələn isə toplam üç kişi idi. Onlar da qazanlı deyil, dışarıdan (kənardan) gəlmə idilər. Bunlardan biri kafkasiyalı Allahyar bəydi. Digər ikisi isə Orenburqda yayımlanacaq “Vaxt” qəzetəsinin gələcəkdəki naşirləri Şakir və Zakir Rameyev qardaşları idi. Təbii ki, ədəbiyyat gecəsi gerçəkləşmədi. Fəqət Qazanda təsadüfən rastlaşdığım bu səyyahlarla aramızda çox yararlı bir alış-veriş oldu. Müsafirlər ev sahibini ağırladılar (qonaq etdilər ), başarısız təşəbbüsünün bütün məsrəflərini ödədilər. Gecənin çox gec saatlarında ilk tatar ədəbiyyatı gecəsinin bu üç qatılımıcısı (iştirakçısı) vidalaşıb getdilər”.

Burada adı çəkilən “kafkasiyalı Allahyar bəy” Azərbaycandan olan məşhur mülkədar, Yelizavetpol (Gəncə) quberniyasında min desyatinlərlə torpaq sahibi Allahyar bəy Zülqədərov (?-1935) idi. Qoqolun “köhnə dünya mülkədarlarından” deyildi. Yenilikçi ideyalarla, xalqın mənafeyinə yönəlik ictimai fəaliyyətlə yaxından maraqlanırdı. 1905-ci il inqilabından sonra Rusiyada baş verən dəyişikliklər zəminində Ə.Topçubaşovun rəhbərliyi altında Qafqaz canişini İ.İ.Voronsov-Daşkova Azərbaycan türklərinin istək və tələbləri ilə bağlı tələbnamə  təqdim edən, müzakirələr aparan 9 millət xadimindən biri də o idi.

Bəlkə də bu tanışlığın təsiri altında İsmayıl bəy üzünü Qazandan Qafqaza çevirmişdi. “Əkinçi”nin təcrübəsində olduğu kimi “Tərcüman”ın nəşrinə icazə almaq, mətbəə qurmaq da ciddi çətinliklərlə müşaiyət edilmişdi. Odur ki, İsmayıl bəy qəzetlə bağlı niyyətini həyata keçirənə qədər bir tərəfdən həmvətənlərini mütaliyə alışdırmaq, o biri tərəfdən isə qələmini sınamaq məqsədi ilə fərqli adlar altında dövri  nəşrlər kimi nəzərdə tutulmuş “Tonquç” (Krım tatarları arasında ailənin ilk övladını bildirən kəlmədir – V.Q.) və “Şəfəq” məcmuələrini (Krim-tatar ədəbiyyatı tədqiqatçılarının fikrincə, bütünlükdə 12 belə məcmuə-almanax nəşr olunub) Tiflisdə, Ünsizadə qardaşlarının mətbəəsində çap etdirmişdi. Bunu “Tonquç”a yazılan “Sözi-əvvəl”dəki aşağıdakı sətirlərdən də görmək mümkündür: “... əvvəl daşbasma ilə işbu əsəri-acizanəmizi nəşr etmək istəmiş isək də, murad hasil olmadığından bu dəfə Tiflisdə, Ünsizadə həzrətlərinin basmaxanasında nəşr etməyə qərar verdik”.

İsmayıl Qaspralı Ünsizadə qardaşlarını qiyabi surətdə daha əvvəldən tanıyırdı. Hətta  Cəlal Ünsizadənin redaktorluğu ilə çıxan “Ziyayi-Qafqaziyyə” qəzeti ilə yaradıcılıq əməkdaşlığı da mövcud idi. Qəzetin 1879-cu il 9-cu sayında krımlı müəllifin “Bağçasaraydan göndərilən məktub” adlı məqaləsi dərc olunmuşdu. İsmayıl bəy həmin yazıda hər bir millətin öz ümdə problemlərini müzakirə üçün tribunaya malik olmasının zəruriliyindən söz açmış, qəzeti “millətin dili” adlandırmışdı. Mətbuatı və ədəbiyyatı olmayan xalqı kor və lal adama bənzətmişdi.

1883-cü il aprelin 10-da o, yaxın iyirmi il ərzində təkcə mənsub olduğu kiçik Krım-tatar xalqının deyil, Sibir, Volqaboyu, Qafqaz və Mərkəzi Asiya kimi geniş bir coğrafiyanı əhatə edən Rusiya  türklərinin danışan dilinə, fikir və hisslərinin ifadəçisinə çevrilən “Tərcüman”ın nəşrinə başlamağa müvəffəq oldu. “Əkinçi”nin təməli üzərində yüksələn yeni türkdilli mətbu orqan qısa ömürlü sələfinin yolunu davam etdirdi, məqsəd və amallarını həyata keçirdi.

1886-cı ilin iyulunda “Tərcüman”ın çapında yaranan qısa fasilədən (qəzetin senzoru məzuniyyətdə olduğu üçün nəşri dayandırmaq lazım gəlmişdi) yararlanan İsmayıl bəy Qafqaza səyahətə çıxmağı qərara aldı. Məqsəd həm əhalisinin əksəri türk olan bölgəni gəzib dolaşmaq, həm də qəzetə yeni abunəçilər tapmaq idi.

Bir aydan çox davam edən Qafqaz gəzisindən qayıtdıqdan sonra baş redaktor  “Tərcüman” ın 15(17) avqust tarixli 37-ci sayında, “Təşəkkür” adlı redaksiya məqaləsində səfəri haqda məlumat verərək yazırdı: “Tərcüman” bir ay qədər tətil olmuş idi. Bundan istifadə edib Canibi-Zaqafqaziyayi ziyarət etdik. Batum, Gəncə, Tiflis, Şamaxı, Bakı şəhərlərində rical və zadəgani-islam tərəfindən nail olduğumuz  iltifat bir mərtəbeyi-məxsusadə idi ki, ifayi-təşəkkürdən aciz haldayız”.

Qısa müddət ərzində şəxsinin və nəşrinin Azərbaycan türkləri arasında bu qədər nüfuz qazanması, populyarlaşması İsmayıl bəyi xoş  mənada heyrətə salmışdı. O, təkcə Qafqaz türk cəmiyyətinin tanınmış simaları deyil, həm də Qafqaz müsəlmanlarının hər iki dini lideri tərəfindən böyük səmimiyyət və ehtiramla qarşılanmışdı: “Tiflisdə mukim Zaqafqaziya müftisi mərhəmətli Hüseyn Əfəndi Qayıbov  və şeyxülislam mərhəmətli Mirzə Həsən Tahirov həzrətlərinin mülaqatları ilə müşərrəf olduğumuz ən xoş yadigarımız olacaqdır”.

İsmayıl bəy canişinliyin inzibati mərkəzi Tiflisdə olduğu günlərdə yerli müsəlman ziyalıları ilə görüşüb fikir mübadiləsi aparmaq fikrinə düşmüşdü. Bir neçə il əvvəl Qazanda “ədəbiyyat gecəsi” təşkil etmək istərkən uğradığı müvəffəqiyyətsizliyi  göz önünə gətirib əvvəlcədən işə çox ehtiyatla yanaşmışdı. Lakin ev sahibləri ona gözlədiyindən də artıq diqqət və ehtiram göstərmişdilər. Qafqaz canişinliyi ofisiozunun – “Kavkaz” qəzetinin yazdığına görə (1886, № 202, bu material rus dilindən tərcümə edilərək “Tərcüman”da da verilmişdi) görüşün sonunda  “ərbabi-məclis bir can kimi əl vurub ibrazi-afərin etdikdən sonra birər-birər İsmayıl bəyin yanına varıb ifayi-təşəkkürdə bulundular”.

Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin binasında keçirilən bu görüşə “islam xanımları” da gəlmişdilər. İsmayıl bəy Bağçasaraya döndükdən sonra “Məclisi-ədəbi” adlı qeydlərində görüşlə bağlı təəssüratlarını bölüşərək yazırdı: “Tiflis islamlarını münasib bir məhəllə dəvət edib cümləsi ilə mülaqat şərəfinə nail olmaq üçün iyul 30-da (11 avqust) Zaqafqaziyanın Ziraət Cəmiyyəti xanəsində “məclisi-ədəbiyyə” ictimaı (toplantısı)  tərtib etmiş idik. İşbu məclisdə maarif, mətbuat və bəzi məsaili məişiyyə (həyat məsələləri) haqqında ifadat və mülahaza olunduğu sırada üləmadan, zadəgandan, tüccardan və dövlət məmurlarından 50-60 qədər maarifpərvəran və qədirdan bulunub biz acizləri məsrur buyurmuşlar (şad etmişdilər) idi”.

İsmayıl bəy Qafqaz səfəri ilə maraqlanan oxucuların istəyini nəzərə alaraq “Tərcüman”ın 24 avqust (6 sentyabr) 1886-cı il tarixli sayında Tiflisdəki görüş zamanı  söylədiyi nitqin mətnini çap etmişdi. Nitq əsasən Rusiya müsəlmanlarının təbəəsi olduqları imperiya ilə, onun dövlət qurumları ilə qarşılıqlı əlaqələri məsələsinə həsr edilmişdi. İsmayıl bəy ingilis, fransız və holland müstəmləkələri ilə müqayisədə Rusiyanın öz müsəlman əhalisinə daha böyük haqlar tanıdığını dilə gətirərək həmdinlərini bütün mümkün yollarla bu hüquqlardan yararlanmağa çağırırdı. “Rusiya dövlətinə on milyondan ziyadə əhli-islam təbəə olduğu sırada diyanət və qövmiyyət nəzərindən xas ruslardan sonra Rusiya ölkəsində birinci olduqları”,  “rusların islam haqqında hüsni-müamiləsi (yaxşı rəftarı) və adətləri və buna qarşılıq islamların dəxi yurd və dövlətə sədaqətləri” ilə bağlı mülahizələr nitqin əsas qayəsini ifadə edirdi.

Müsəlman əhalinin qanuni haqlarından yetərincə yararlanmaması, digər qeyri-rus millətlərlə müqayisədə geri qalması dərin kök salmış cahillik və savadsızlıqla əlaqələndirilirdi. İsmayıl bəy  nitqini “Ərəbcə, tatarca, rusca hər nə türlü olsa olsun, oxumalı və bilik və mərifət kəsb etməli!” –  çağırışı ilə başa vurmuşdu.

Tiflisdə keçirilən “ədəbi gecə” pullu idi. Toplanan vəsaitin “Tərcüman” qəzetinin nəfinə istifadə olunması nəzərdə tutulmuşdu. Lakin İsmayıl bəy sonda fikrini dəyişmiş, özünə çatacaq məbləği götürməkdən imtina etmişdi. Pulu Tiflisdəki  iki təhsil ocağına – rus idarəçilərin şiə və sünni müsəlmanlar  üçün açdığı Əli və Ömər məktəblərinin imkansız şagirdlərinə hədiyyə etmişdi.

Krım-tatar ziyalısının  nəcib hərəkəti həmin dövrdə Qafqaz şeyxülislamı olan Mirzə Həsən Tahirovun (1837-1893) diqqətindən yayınmamışdı. O, “Tərcüman” redaksiyasına xüsusi məktub göndərərək İsmayıl Qaspralıya təşəkkürünü bildirmişdi. Mətni “Şeyxülislamdan namə” adı ilə qəzetin 9(21) sentyabr 1886-cı il tarixli 46-cı sayında verilən məktubda Mirzə Həsən yazırdı:

“Din qardaşımızı xabi-qəflətdən oyandırmaq və ziyayi-maarif ilə münəvvər etmək (maarif nuru ilə işıqlandırmaq) xüsusunda çəkdiyiniz zəhmətlər, göstərdiyiniz qeyrətlər bu tərəfcə daha beynən-nas (xalq arasında) məlum olub səməratı-müfidəsi (faydalı nəticələri) təsdiq olunur. Mötəbər “Tərcüman”ınızın zühurundan bəri əfkar və bəsirəti-ümumi (düşüncə və camaatın gözünün açılması) tərəqqidə olduğu müsəlmanların çoxusu tərəfindən diqqətə alınmışdır.

Tiflisdə, məclisi-ədəbidə iraf buyurduğunuz əfkar və mütəlaat (fikirlər və mülahizələr) və Tiflis məktəblərinə bəxş buyurduğunuz ianə cümləmizi heyran qılıb dua və təşəkkür ilə yad olunmaqdadır.

Bu dəfə nəzarətimdə olan məktəbə məxsus etdiyiniz ianə hissəsi cüsul bulduğundan təşəkkürən Xudayi-təalaya sənalar edib xadimi-millət siz əfəndim üçün uzun ömürlər təmənni edirəm. Hər vaxt duaçınız olan Axund Mirzə Həsən Tahirov”.

Qafqazın dördüncü şeyxülislamı (1885-1893-cü illər) Axund Mirzə Həsən  dövrünün yüksək savad və biliyə malik, açıq fikirli mütərəqqi din xadimlərindən idi. Həmin dövrdə Qafqaz müftisi olan Hüseyn Əfəndi Qayibovla məzhəb mübahisələri açmamışdı, əksinə,  əl-ələ verib milli tərəqqi yolunda çalışmışdı. Adı yalnız din deyil, həm də elm tarixinə yazılmışdır.  Ali ruhani təhsini İranın seçkin mədrəsələrində  almışdı. Türk, fars, ərəb dilləri ilə yanaşı rus dilini də bilirdi. 1875-1879-cu illərdə paytaxt Sankt-Peterburqda yaşamışdı. Burada çarın şəxsi konvoyunun imamı idi (konvoy bir qayda olaraq Qafqaz müsəlmanlarından təşkil edilirdi).

1878-ci ildə Peterburq universitetinin fars dili mühazirəçisi Mirzə Məhəmməd Şəfinin vəfatından sonra universitet şurası yaranmış vakant vəzifəni tutmaq üçün müsabiqə elan etmişdi. Müsabiqəyə qatılanlardan Mirzə Tağı Abdullabəyov Həştərxan quberniya idarəsində fars dili mütərcimi vəzifəsində çalışırdı. Mühazirəçi yerinə digər namizəd  İsmayıl bəy Nağıbəy oğlu əvvəllər Rusiya Xarici İşlər Nazirliyi yanındakı Asiya İnstitutunda fars dili müəllimi kimi çalışmışdı. 1878-ci il martın 31-də Mirzə Həsən Tahirov da ərizə ilə rektor A.N.Beketova müraciət edərək müsabiqəyə qatılmaq arzusunu bildirmişdi. Göründüyü kimi, iddiaçıların hər üçü Azərbaycan əsilli idi.

Həmin il sentyabrın 23-də şərq dilləri fakültəsində keçirilən gizli səsvermə nəticəsində Mirzə Həsən üstünlük qazanmışdı. Oktyabrın 16-da universitet Elmi Şurası da yekdilliklə (39 səs) onun namizədliyinə tərəfdar çıxmışdı. Beləliklə, 1878-1879-cu tədris ilində gələcək Qafqaz şeyxülislamı Peterburq universiteti müəllimləri sırasında yer alaraq burada elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdu.

Təbii ki, belə açıq fikirli din xadimi  maarifin qədrini bilir, həmvətənləri arasında yayılmasına çalışırdı. Ədəbiyyatşünas Ə.Tahirzadə  şeyxülislamın oğlu Nəsir (Nəsrullah) Tahirovun Əilmərdan bəy Topçubaşovla birlikdə Peterburq universitetinin hüquq fakültəsində təhsil alması və sonrakı illərdə Tiflisdə məhkəmə-ədliyyə sahəsində çalışması barəsində sənədlər aşkara çıxarmışdır.

1893-cü ildə bu dəfə Qafqazdan keçərək Orta Asiyaya yollanan  İsmayıl bəy “Bağçasaraydan Daşkəndə səyahət” adlı yol qeydlərində (“Tərcüman”, 31 avqust 1893, sayı 29) köhnə dostları şeyxülislamla müftinin yerli müsəlmanların ictimai həyatında və mədəni tərəqqisindəki rolunu bir daha şükranla yad etmişdi. Eyni zamanda şiələrin dini lideri Axund Mirzə Həsənin vəfatından doğan kədərini dilə gətirmişdi: “Tiflisin məişəti-islamiyyəsinə rövnəq verən Zaqafqaziya rəisi-üləması müfti Hüseyn Əfəndi Qayıbov ilə şeyxülislam Mirzə Həsən Tahirovdur (keçənlərdə vəfat eylədi, rəhməti-Xudaya nail olsun!). Bu üləmalar sayəsində məmaliki-İslamiyyənin ülumi-diniyyəsi və məmaliki-qərbiyyənin ülum və kəmalati-cədidəsi olduqca imtizatacda bulunmaqdadır”.

İsmayıl Qaspralı Zaqafqaziyaya ilk səyahəti zamanı, yuxarıda da qeyd edildiyi kimi Azərbaycanın bir sıra bölgələrində, eləcə də  Bakıda olmuşdu. Lakin nədənsə təəssüratlarını isti-isti qələmə almamışdı. Hər halda, “Tərcüman”ın 1885-ci il saylarında Bakı, habelə Şamaxı və Gəncə  səfəri ilə bağlı hər hansı xatırlatmaya təsadüf olunmur. Bu səfərin yaddaşında buraxdığı izlər, müəyyən müqayisə və analogiyalar aradan səkkiz il keçəndən sonra, “Bağçasaraydan Daşkəndə səyahət” silsilə yazısında öz əksini tapmışdı. Müəllif ikinci səfəri zamanı dünyanın neft paytaxtında gördüyü müsbət dəyişiklikləri xüsusi vurğulayaraq yazırdı:

“Bundan səkkiz sənə müqəddəm, 1885-də Bakıya birinci dəfə varmış idim. Səkkiz sənədə müsəlmanların xeyli tərəqqi etdiklərini görüb məmnun oldum. Yalnız mal və kəsb cəhətində deyil, bəlkə daha ziyadə tərəqqiləri tefsi-fəhm və əfkar (anlayış və düşüncə) cəhətindədir. Müamilat və məişəti-bələdiyyədə əlləri uzanmış, ümumi şəhir məclislərində, cəmiyyətlərdə, külübdə (klubda) postları, mevqiləri artmış, məktəblərdə şagirdləri, şəhərdə məktəbləri, şkolaları artmış, böyümüş...”

Elə buradaca İsmayıl bəy sonralar Sabirin satiralarında, Mirzə Cəlilin və Ə.Haqverdiyevin felyetonlarında kəskin satira hədəfinə çevriləcək bəzi mətləblərə də toxunmuş, lakin onları yalnız Bakı müsəlmanlarına şamil etməyib ümumən  insan təbiətinin xüsusiyyətləri kimi göstərmişdi: “Gərçi çayxana və traktirə məhəbbət, “matışkaya” əlaqə (maraq) daha xeyli meydan aldığını gördük isə də, “hali-bəşəriyyətə” isnad verərək əsbab (səbəblər) və nəticələri qarışdırmayıb keçdik”.

Yuxarıda qeyd etdiyim kimi, Tiflisə, Bakıya və Qafqazın digər yerlərinə səyahətin başlıca məqsədlərindən biri də “Tərcüman”a yeni abunəçilər tapmaq idi. Bu mənada İsmayıl bəy “Əkinçi”yə görə Rusiyada türk-müsəlman mətbuatının paytaxtı adlandırıla biləcək Bakıda tam bir xəyal qırıqlığına uğramışdı. Qəzetə abunə ilə bağlı çağırış və müraciətlərini eşidən olmamışdı. Bir neçə il əvvəl böyük zəhmətlər hesabına “Əkinçi”ni ərsəyə gətirən Həsən bəy Zərdabinin üzləşdiyi total  laqeydlik və milli işlərə sayğısızlıq ab-havası İsmayıl bəydən də yan ötməmişdi.

Cənubi Qafqaz, eləcə də Bakı səfərində onu tanınmış pedaqoq və maarif xadimi, Zaqafqaziya müəllimlər seminariyasının ilk azərbaycanlı məzunlarından biri Səfərəli bəy Vəlibəyov (1856 –1902)  müşaiyət etmişdi. İsmayıl bəyin yazdığı kimi, “bəradəranə  yolbaşçı (qardaşcasına yol göstərən) olub Kafkasiya qitəsinin xeyli yerlərini mən ilə bərabər gəzmiş idi”.  Həmin dövrdə Səfərəli bəy artıq “Üsuli-cədid”, “Lisani-farsi” kitablarının, nəhayət, seminariyanın Azərbaycan şöbəsinin inspektoru O.İ.Çernyayevski ilə birgə yazdıqları “Vətən dili” dərsliyinin müəllifi idi. Lakin millət qarşısındakı xidmətlərinin miqyasına və məqsədlərinin nəcibliyinə, təmənnasızlığına baxmayaraq  iki tanınmış ziyalının missiyası uğur qazana bilməmişdi.

“Məzkur səyahətimdən mətləb əhvali-əhaliyə aşina olmaq ilə bərabər nəşrinə başladığım cəridənin intişarı idi. Bundan ötrü Bakı şəhrinin cümlə bazarlarını yürüyüb haman cəbri surətdə (məcburi şəkildə) bir-iki yüz nüsxə qəzetə üləşdirib (paylaşdırıb), təqdim edib heç bir nəticə bulmamış idim” – deyə İsmayıl bəy ikinci Bakı səfəri zamanı əski günləri heç də xoş olmayan hisslərlə xatırlayaraq “Tərcüman”ın 9 sentyabr 1893-cü il tarixli 30-cu sayında yazmışdı.

Ticarət əhli onları mənasız işlə uğraşan adamlar sayıb yaxın durmamışdılar. Din xadimləri qəzet sözündən qorxub yaxalarını kənara çəkmişdilər. Tək-tük ziyalı müsəlmanlar rus dilini bildikləri halda məmurluğa, dövlət qulluğuna getməyib qəzet çıxarmaq fikrinə düşdüklərinə təəccüb qalmışdılar.

“Hiç unutmam, bu gün olduğu kimi yadımdadır, – deyə İsmayıl bəy Bakı səfərinin kədərli məqamlarından birini xatırlayaraq  yazırdı: – Dənizə qarşı olan böyük caddədə bir karvansaraya vardıq. Səfərəli bəy yolbaşçı surətində irəlidə idi. Bir tüccarın mağazasına girdik. Qiyafətimizə nəzərən şeyx, ya sufi, ya mərsiyəçi olmadığımız zahir idi; binaənəleyh (bu səbəbdən də) mağazada bulunan bir neçə ixvan (qardaşlar) bizə sual gözü ilə baxdıqları halda Səfərəli bəy bağçasaraylı olduğumu, müsəlmanca qəzet nəşr etdiyimi ixvana bəyan buyurdu. Hörmətli ixvan baş sallayıb iltifat qıldılar isə də, Bağçasaraydan Bakıya və Bakıda bunların karvansarayına gəldiyimin səbəb və mətləbinin nə olduğunu başa düşməyib təəccübdə qaldılar”. İşi belə görən Səfərəli bəy çantasından bir neçə nüsxə “Tərcüman” çıxarıb mağazadakılara vermiş, odlu bir dillə maarifin, mədəniyyətinin, qəzetin millətlərin həyatındakı böyük rolundan danışmağa başlamışdı. Lakin  tacirlərdən biri “Gərək deyil!” sözləri ilə həm qəzeti, həm də nitqi lüzumsuz saydıqlarını bildirmişdi. “Vaqiə, gerçəkdən də haqqı var idi, – deyə İsmayıl bəy acı-acı yazırdı: –Çünki təqdim olunan yazılı kağızlar kağız axça (pul)  kimi mötəbər bir şey deyildi”.

Vətəni Krımda da dəfələrlə belə vəziyyətlə üzləşdiyindən “Tərcüman” naşiri qətiyyən halını dəyişdirməmişdi. Ev sahibi Səfərəli bəy isə  pərt olmuşdu. Çünki qonağa hörmət kimi çox müqəddəs tutulan bir prinsip pozulmuşdu. Bu səbəbdən də  həmvətənlərinin  nəşrə abunə olmamaq bir yana qalsın, hədiyyə  qəzeti də almamaqla böyük ayıb etdiklərini İsmayıl bəyin başa düşməməsi üçün farsca başa salmağa çalışmışdı: “Səfərəli bəy ixvanın bu hərəkətindən qayət mütəəssir olub və sözünü guya məndən yaşıracaq, sətredəcək (gizləyəcək) olub türkiyi tərk edib farsi ilə ixvana xitabən şəhərdə müsafir olmağımı və yalnız ibrazi-məhəbbət məqamında (sadəcə, rəğbət bildirmək üçün) bir-iki nüsxə həvadisnamələr hədiyyə qıldığımı və bunun rəddi ayıb olacağını bəyan etdi” (“Tərcüman”, 18 sentyabr 1893, say 31).

Yalnız  bundan sonra mağazadakıların biri “Pul-para istəmirlər ki! Al, at ora. Çay-zad bükməyə yarayar” – deyə verilən qəzetləri böyük minnətlə götürmüşdü. Təbii ki, belə məqamda abunədən söhbət açmağa da dəyməzdi!

Səkkiz il sonra Bakıya təkrar dönən İsmayıl Qaspralı tamamilə fərqli mənzərə  ilə üzləşmişdi. Doğrudur, Azərbaycan türklərinin hələlik meydanda tək qalmış “Tərcüman”ın səsinə səs verəcək  qəzetləri, məcmuələri yox idi. Amma məsələyə münasibətin özü dəyişmişdi, insanlar qəzetin faydasını, ziyalının cəmiyyətdəki rolunu anlamağa başlamışdılar. İsmayıl bəyin qürur hissi ilə bəyan etdiyi kimi, “səkkiz sənə müqəddəm “Gərək deyil!” və “Çaydan-zaddan bükməyə yarar” olan nüsxələrin mühərririni bu gündə əhli-Bakı istiqbalə çıkıyor, teleqramlar və hədiyyələr ilə təltif ediyor. Səkkiz sənə qədər az müddətdə böyük tərəqqiyi-əfkar (fikir irəliləyişi), böyük təfsi-fəhm (anlayış inkişafı) deyilmidir?”

İsmayıl Qaspralının Qafqaza ikinci səfəri də birinci səfəri kimi Tiflisdən başlanmışdı. Əslində Batumi və Tiflis onun Mərkəzi Asiyaya səyahətinin ilk duracaqları idi. Daha sonra Bakıdan keçərək Krasnovodska, oradan da Buxara və Xivə xanlıqlarına yollanmışdı. Türk dünyasının içərilərinə bir neçə ay davam edən bu maraqlı və çətin səfərin yaddaqalan məqamları “Tərcüman”ın  31 avqust – 17 dekabr 1893-cü il tarixli 29-43-cü saylarında öz əksini tapmışdır.

Budapeşt, avqust 2014

 





15.09.2014    çap et  çap et