525.Az

Qoca Qafqazın iki müdrik ağsaqqalı


 

Qoca Qafqazın iki müdrik ağsaqqalı <b style="color:red"></b>

Gözəl  xasiyyət  dinin  yarısıdır. Məhəmməd  Peyğəmbər (s.ə.s) 

24 avqust... Qədim əfsanələr, rəvayətlər məkanı və sivilizasiyalar beşiyi olan Egey dənizinin  sahilində yay fəslinin ən gözəl  çağlarından biri idi. O gün səma  şəffaf, dəniz gömgöy, yay günəşi  parlaq görünürdü. 

Bodrumda dəniz havasının təravətinə gözəllik qatan qızmar günəşin ilıq şüaları altında   müxtəlif irqdən, millətlərdən olan adamlar istirahətdən həzz alır, özlərini dünyanın ən xoşbəxti  sayırdılar. Bu müxtəlif  insanların istirahətdən  necə  zövq aldığını  görəndə düşünürsən  ki,  dünyada  hər kəsin  layiqli yaşamaq,  gözəl təbiət qoynunda xoş istirahət etmək haqqı var...  İnsanların  sahib  olduğu  bütün  gözəllikləri  dünyaya bəxş edən ulu  Tanrıdır. Dünyanın  hər güşəsində qəlbində Allah sevgisi  olan insanlar  rahatlığa, dincliyə  can atır, ölkələrində  sülh və barış istəyirlər... O gün səma bütün çılpaqlığı ilə dənizdə əks olunmuşdu. Gömgöy Egey dənizinə baxanda insanın ruhu dincəlirdi. Dənizin qoynundan könüllərə sığal çəkən, qəlbləri oxşayan sərin meh əsirdi.  Egeyin sol və  sağ sahili göz işlədikcə uzanan yamyaşıl dağlardı. Hər il bir milyondan çox turisti qəbul edən, mavi qübbəli  Egeyin sahilində dayanıb günəşin çıxmasını  və  batmasını izləmək  adama  xoş  duyğular, gözəl ovqat  bəxş  edir...  Yaşadığımız “Amara-İsland Elit” otelinin zümrüd rəngli zeytunlarla haşiyələnən yay yeməkxanası Egeyin lap sahilində idi. Mən və dostum Hadi Rəcəbli həyat yoldaşlarımızla  nahar edirdik. Elə bu zaman mobil telefonum zəng çaldı. Bakıdan Milli Məclisdən ümumi şöbənin məsul işcisi Gülnara İsmayılova idi. Salamlaşdıq. Gülnara xanım Bakıya nə vaxt qayıdacağımı soruşdu. Mən, avqustun 30-da, dedim. Gülnara xanım bir az fasilə verəndən sonra  dedi ki, Patriarx II İlya  həzrətlərinin təşəbbüsü ilə dövlət rəsmilərinin avqust ayının 29-da Tbilisidə möhtərəm Şeyximiz Allahşükür Paşazadənin  65 illik yubileyi keçiriləcək. Siz də nümayəndə heyətinin tərkibindəsiniz .

Mən onu o dəqiqə başa düşdüm və: – Siz arxayın olun, mən biletimi dəyişərəm,  ayın 29-da Bakıda  olaram,- dedim. ... Sonra xəyal məni bir neçə  il əvvələ – Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanı gördüyüm ana  apardı.  Bakıda Şıxov qəsəbəsi  ərazisində olan  “1001 gecə” restoranı... Mavi Xəzərin sahili... O gün   dəniz  sakit idi,  mülayim  idi, təbəssümlü  idi. Sanki  ana təbiətin mavi  su dünyası  Şeyx həzrətləri Allahşükür Paşazadənin qonağı  olan Patriarx II İlyanı səmimi qarşılayır,   ona  bütün  azərbaycanlılar adından  “xoş gəldin” deyirdi. O gün  günəş səmada parlamasa da, mən  patriarxın  simasında günəşin nurundan  yaranmış   bir varlıq  görürdüm. Və  o zaman  mənə  elə  gəldi ki,  bu varlıq adi  insan varlığı deyil,  Tanrının yaratdığı   bir   mömin, bir  məsum,  bir  müqəddəs   varlıqdır.  Mən  onunla  sonrakı  görüşlərimdə  də bunu  hiss etdim.  Düşünürəm  ki,   onu bir şəxsiyyət kimi tutduğu  vəzifə  deyil, o  vəzifəsini şöhrət  zirvəsinə  qaldırmışdı.    Sonra  Tbilisidəki görüşümüz yadıma  düşdü. O vaxt Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri münasibətilə təşkil olunan mərasimlərdə iştirak etmək üçün  möhtərəm Şeyx həzrətləri  məni də nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Təyyarə Tbilisidəki hava limanına catanda gözlərimə inanmadım. Təyyarə meydanında patriarx başda olmaqla böyük  bir nümayəndə heyyəti bizi qarşılayırdı.

Televiziya, mətbuat işçiləri əlindən tərpənmək olmurdu. Gül – çiçək dəstələri başımıza səpilirdi. Doğrudan da  unudulmaz və yadda qalan bir göruş idi... Mən o vaxt  həmin  möhtəşəm səfər haqqında  geniş yazdığıma görə, indi bu barədə az danışaçağam. Sadəcə  onu deyim  ki, iki  din  liderinin  Gürcüstan torpağında səmimi  görüşü  və  Qafqazda sülh naminə  birgə səyləri  hamının  qəlbində  iftixar  hissi  oyatmışdı. O zaman  II İlya “Qafqaz müsəlmanlarının dini liderinin Gürcüstana səfərini Azərbaycan və Gürcüstan xalqları arasında olan dostluğun təzahürü” adlandıraraq belə demişdi: “Mən səfərdən məmnunam və azərbaycanlı dostuma minnətdaram...”  Gürcüstan paytaxtında  Patriarxın 80  illiyi əsl bayram kimi qeyd olunurdu.   Yubiley mərasiminin keçirildiyi salonda qoyulmuş geniş ekranda onun doğulduğu   kəndlə  canlı  bağlantıya  baxdığım zaman, yeni  dünyaya gələn minlərlə oğlan uşaqlarına  gürcülərin onun şərəfinə İlya  adlandırması xəbərini eşidəndə və  gürcü rəhbərlərin ona sonsuz etiramını görəndə  mən həqiqətən hiss etdim  ki,  bu  insan  nə qədər  xeyirxahdı, cəfakeşdi, bu adamın  xalq   arasında  nə qədər nüfuzu, böyük hörməti  var...     Ona  görə  əmin idim  ki, möhtərəm  şeyximizin  Gürcüstana növbəti  səfəri, 65 illik yubileyinin Tbilisidə  keçirilməsi də  çox   maraqlı  məqamlarıyla yadda qalacaq, xatirələrdə dərin  iz buraxacaq...  lll Gözəl istirahət məkanı olan Bodrumda qısa yay istirahətimi  vaxtından  əvvəl başa vurub, Bakıya uçdum. Avqustun 29-da səhər saat dörddə evə çatdım. Səhər yeddidə isə yenidən hava limanına yollandım.  Burada kimləri görsəm yaxşıdır?! Ən çox sevdiyim millət vəkilləri – Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovu, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovu, Milli Məclisin İntizam Komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovu, akademik Vasim Məmmədəliyevi, möhtərəm Şeyximizin müavini Hacı Salmanı, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovu ,  Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri İcmasının başçısı Melix Yevdayevi, QMİ mətbuat xidmətinin rəhbərəi Rəhimə xanımı  görüb  onlarla salamlaşdım. Yeri gəlmişkən, bir  müdrikə sual verirlər ki, yolu qısaltmaq üçün nə etmək lazımdır? Müdrik cavab verir ki, bunun üçün yaxşı yol yoldaşları seçməlisən. Mənim  də  həmişə olduğu  kimi  bu səfərdə  də  bəxtim  gətirmişdi. Ən çox hörmət elədiyim insanlarla yol yoldaşı olacaqdım. Bir azdan möhtərəm Şeyx həzrətləri də gəlib çıxdı. Hamımız ayağa durub onunla görüşdük.  Biz, onun 65 illik yubleyini təbrik etdik. Bir neçə dəqiqədən sonra möhtərəm prezidentimiz İlham Əliyevin Şeyx həzrətləri üçün ayırdığı xüsusi təyyarəyə oturduq.  Təqribən bir saatdan sonra təyyarəmiz Tblisidəki Beynəlxalq hava limanında yerə qondu. Yenə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya öz nümayəndə heyəti ilə bizi qarşılamağa gəlmişdi. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətimizi çox səmimi və isti qarşıladılar. Hamımız patriarxın əlini sıxdıq və ona Şeyxülislamın Tbilisidə yubiley mərasiminin  keçirilməsinin təşəbbüsçüsü  olduğuna görə minnətdarlığımızı bildirdik. Buradaca  jurnalistlər üçün brifinq keçirildi. Sonra bizim üçün ayrılmış xüsusi avtomobillərə oturaraq, Şota Rustaveli  küçəsində  orijinal  görünüşə malik “Marriot” otelinə yola düşdük. Bir az dincəldikdən sonra Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə əklil və tər çiçəklər qoyub Ulu Öndərin xatirəsini yad etdik və  ruhuna dualar oxuduq. lll Az sonra patriarxın mənzil –qərargahına gəldik. Bir saatdan artıq sürən görüş əsl dostluq və qardaşlığın bariz simvoluna çevrildi. Patriarx Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu səfərini tarixi bir səfər adlandırdı. Görüş zamanı məlum oldu ki, Şeyxülislamla Patriarx bir-birlərini sovetlər dönəmindən – gənc yaşlarından tanıyırlar və  zaman-zaman bu tanışlıq əbədi dostluq və qardaşlığa çevrilib. Bu gün din xadimləri münaqişə bölgələrindəki hadisələrə görə daha çox məsuliyyət daşıyır, bu bölgələrdə barış və sülhün bərqərar olmasına  yorulmadan çalışırlar...   Görüşdə Patriarx sözünü yekunlaşdıraraq :  –
Şeyxülislam Qafqaz regionu üçün əvəzsiz xidmətlər göstərir. Bu xidmətləri qiymətləndirmək üçün  mən 
daha qiymətli  bir  söz  tapa  bilmirəm, –  dedi. Allahşükür Paşazadə Qafqazın ağsaqqalı kimi dəyərləndirdiyi Patriarx II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini, zamanında Ulu Öndər Heydər Əliyevin onu yüksək qiymətləndirdiyini görüş iştirakçılarının  diqqətinə çatdırdı. Şeyxülislam həzrətləri Azərbaycanın dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın salam və ehtiramlarını Ümumgürcüstan Patriarxına çatdırmaqdan şərəf duyduğunu bildirdi, həmçinin qardaş Azərbaycanda Patriarx II İliyanı həmişə gözlədiklərini, ona Uca Yaradandan uzun ömür, cansağlığı dilədi.  Patriarx II İliya Şeyxülislam Allahşükür Paşazadəyə yubiley münasibətilə qiymətli hədiyyələr, Şeyxülislam həzrətləri isə Patriarxa Azərbaycanı zərif naxışları ilə  vəsf edən  gözəl və nəfis  xalça  bağışladı. lll Şeyxülislam Allahşükür Paşazadəni elə həmin gün Gürcüstan Parlamentinin spikeri David Usupaşvili qəbul etdi. Şeyxülislam həzrətlərini Gürcüstanda görməkdən məmnunluğunu bildirən spiker Azərbaycan və Gürcüstan, həmçinin iki qonşu ölkənin parlamentləri arasında olan səmərəli əməkdaşlıq barədə danışaraq, yaxın vaxtlarda Azərbaycana etdikləri səfər barədə məlumat verdi. QMİ sədri dövlətlərimizin həyatında və qardaşlıq münasibətlərimizdə baş verən müsbət dəyişikliklərdən şad olduğunu bildirdi, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə hər zaman bu istiqamətdə çalışdıqlarını vurğuladı.

Allahşükür Paşazadə II İliyanın Azərbaycanın Qarabağ problemi ilə bağlı nümayiş etdirdiyi davamlı dəstək barədə gürcüstanlı spikerə minnətdarlıqla söhbət açdı, Patriarxın dəvəti ilə Gürcüstana onunla birlikdə təşrif buyurmuş Azərbaycan Milli Məclisinin üzvlərini təqdim etdi, həmkarların bir-birinə sözlərinin daha çox olacağına diqqəti çəkdi. Görüşdə  Azərbaycan Milli Məclisinin deputatı və Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğu və qardaşlığını, iqtisadi və siyasi sahədəki əməkdaşlığı təkcə Cənubi Qafqazın deyil, bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunə kimi dəyərləndirdi. F. Heydərov xalqlar arasında dostluq və qardaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsində liderlərin, o cümlədən dini liderlərin rolunu yüksək qiymətləndirdi. Mili Məclisin Aqrar-siyasət Komitəsinin sədri Eldar İbrahimov Azərbaycan-Gürcüstan parlamentləri arasında əməkdaşlıqdan bəhs edərək, dostluq qruplarının fəaliyyəti üzərində dayandı və təklif etdi ki, parlamentlərin müvafiq komitələri arasında da dostluq qrupları yaradılsın.  Milli Məclisin İntizam Komitəsinin sədri Siyavuş Novruzov qonşu dövlətlərimizin də oxşar problemlərinin mövcud olduğunu bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyümüzün qorunub saxlanılması məsələsini birgə qaldırmağın önəmli olduğunu bildirdi. O, həmçinin Cənubi Qafqazda Parlament Partiyaları dostluq qruplarının yaradılması ideyasını nəzərdən keçirməyi təklif etdi. Mən də  öz növbəmdə Gürcüstan-Azərbaycan dostluq və qardaşlığının qorunub saxlanılması istiqamətində əməli məsələlərə toxundum. Qeyd etdim ki, Tbilisi şəhərinin Marcanaşvili adına Akademik Teatrında rejissor Sulidzenin quruluşunda Abxaziya və Osetiya münaqişəsinə həsr etdiyim “Mən qayıdacağam” adlı tamaşa artıq üç ildir ki səhnədə oynanılır.  Bundan başqa “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev”, “İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları gürcü dilinə tərcümə olunaraq çap edilib. Gürcüstan Parlamentinin spikeri David Usupaşvili parlamentlərarası əlaqələrin daha intensiv olmasının vacibliyini qeyd etdi. O, Qafqazın Ali dini lideri, Şeyxülislam Allahşükür Paşazadəni yubileyi münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı. lll Nahar  yeməyindən sonra patriarxla  birlikdə Prezident Sarayına yola düşdük. Gürcüstan Respublikasının Prezidenti Giorgi Marqvelaşvili  bizi və  patriarxı çox səmimi qarşıladı.  Bu qəbul zamanı maraqlı bir mənzərənin şahidi olduq. Prezident sanki dövlətin rəmzi olan dövlət bayrağını öpürmüş kimi diz çökərək patriarx II İlyanın əlindən və ətəyindən öpdü.  Deməliyəm ki, Tbilisiyə ötənilki səfərimizdə də mən bunun şahidi olmuşdum. Keçmiş baş nazir İvanişvili də eyni cür patriarxın əlindən öpmüşdü. Mən belə hesab edirəm ki, bu təkcə patriarxa olan hörmətin, etiramın  əlaməti deyildi. Bu gürcülərin öz dinlərinə, öz milli-mənəvi dəyərlərinə, öz  əqidələrinə, öz gürcü xislətlərinə təzimi və hörməti idi. Əhsən!..  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni  səmimi salamlayan Gürcüstanın dövlət başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi. Gürcüstan prezidenti bu əlaqələrlə fəxr etdiklərini, qonşu dövlətlərimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrin böyük önəm kəsb etdiyini söylədi. O, Ümumgürcüstan Patriarx-Katolikosu II İliyanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsinə böyük töhfələr verdiyinə diqqət çəkdi. Prezident G. Marqvelaşvili bildirdi ki, belə dini liderlərin mövcudluğu həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqazı gücləndirən cəhətlərdəndir. Xalqlarımızın xoş gələcəyi üçün enerji, infrastruktur layihələr qədər önəmli olan mənəvi əlaqələrin inkişafının vacibliyini vurğulayan Gurcüstan prezidenti bu əlaqələrin inkişafındakı rollarına görə hər iki dini liderə öz təşəkkürünü bildirdi. Şeyxülislam həzrətlərinin anadan olmasının ildönümünün Gürcüstanda qeyd olunmasının Qafqazın bütövlüyü üçün böyük önəm kəsb etdiyini söyləyən cənab G. Marqvelaşvili QMİ sədrini Gürcustan Prezidentinin Ali Mükafatı – “Şəfəq” ordeni ilə təltif etdiklərini bəyan etdi. Şeyxülislam Allahşükür Paşazadəyə ordeni təqdim edən Gürcüstan prezidenti yubilyara ən xoş arzularını yetirdi, eləcə də yaxın dostu, qardaşı saydığı Azərbaycan Prezidenti İlham Əliyevlə aralarında olan  xoş münasibət və anlaşmanı yüksək dəyərləndirdiyini vurğulayaraq ən səmimi salamlarını Azərbaycan prezidentinə çatdırmağı Şeyxülislam həzrətlərindən xahiş etdi. Ali təltifata görə Gürcüstan prezidentinə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə indiyədək layiq görüldüyü dövlət mükafatları arasında bu ordenin xüsusi yer tutacağını bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan prezidentinə yetirən Şeyxülislam həzrətləri Azərbaycanın dövlət başçısının da bütün dialoqların təməlində mənəviyyatın durduğunu hər zaman vurğulamasından böyük qürur duyduğunu ifadə etdi və söylədi ki, neft kəmərləri də, ölkələrimizi birləşdirən dəmir yolları da tarixi mənəvi əlaqələrimizdən keçir. Patriarx II İliyanı Qafqazın ağsaqqalı saydığını bildirən QMİ sədri onun bölgədə daim birləşdirici, sülh carçısı olan dini lider kimi xarakterizə etdi.  Azərbaycanın möhtərəm prezidenti İlham Əliyevin də gürcü Patriarxının şəxsiyyətinə yüksək dəyər verdiyini vurğuladı. Patriarxın yaxın tarixin ən mürəkkəb məqamlarında , o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli, prinsipial mövqeyində israrlı qaldığını xüsusi qiymətləndirən Allahşükür Paşazadə böyük qardaşı saydığı II İliyadan indiyədək çox şey öyrəndiyini və  bundan şərəf duyduğunu dilə gətirdi, Patriarxı Azərbaycana dəvət etdiyini bildirdi. Daha sonra çıxış edən Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Şeyxülislam həzrətlərinin ad gününü həm də gürcü xalqının bayramı kimi dəyərləndirdi. QMİ sədrini ali mükafat münasibətilə ürəkdən təbrik edən Patriarx dini liderlər olaraq Qafqazda ədalətli sülhün bərqərar olmasının vacibliyi ilə bağlı Şeyxülislam həzrətləri ilə fikirlərinin hər zaman üst-üstə düşdüyünü xüsusi vurğuladı. Allahşükür Paşazadəni Gürcüstan üçün həmişə arzuolunan, qiymətləndirilən şəxs adlandıran II İliya Şeyxülislam həzrətlərinin budəfəki səfərini xalqlarımız və ölkələrimiz arasında dostluğun gözəl bir nümunəsi kimi səciyyələndirdi. Patriarx bildirdi ki, Gürcüstan və Azərbaycan əlaqələrinə hər zaman böyük dəyər verir və çox şaddır ki, ən çətin məqamlarda Gürcüstan Azərbaycanın, Azərbaycan isə Gürcüstanın yanındadır, həmçinin iki qonşu ölkə hər zaman bir-birini dəstəkləyir. Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri adından çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunun tarixi və əbədi olduğunu bildirdi. Müasir dünyada siyasi və iqtisadi böhranların yaşandığı bir dönəmdə  həm Azərbaycana, həm də Gürcüstana müdrik, dəyərli dövlət başçılarının rəhbərlik etdiklərini yüksək dəyərləndirən  ağsaqqal həmkarımız bunu gözəl örnək, bütün bölgə üçün nümunə, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsini vacib məqam saydığını söylədi. Səmimi qardaşlıq şəraitində keçən görüşün sonunda xatirə şəkli çəkdirildi. Prezident görüş bitdikdən sonra Patriarxın  qoluna girərək, asta-asta onu ikinci mərtəbədən düşürərək, avtomobilinə qədər ötürdü. Bu bizdə xoş bir duyğu yaratdı. lll Avqustun 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın mənzil –qərargahında Gürcüstan hökumətinin üzvləri ilə görüşdü. Nazirlər Şeyxülislam həzrətlərini 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etdi və ən xoş arzularını  ona yetirdilər.  Şeyxülislamın bölgə üçün gördüyü işləri yüksək dəyərləndirən gürcüstanlı nazirlər onun Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə qardaşlıq və dostluq əlaqələrinin  böyük dəyər kəsb etdiyini və gürcüstanlı azərbaycanlılarla  səmimi münasibətlərinin daha da dərinləşməsinə, tarixi, mənəvi əlaqələrin qorunub saxlanmasına əhəmiyyətli töhfə verdiyini minnətdarlıqla vurğuladılar. Gürcüstanlı nazirlər etdikləri çıxışlarda QMİ sədrini Gürcüstanın ali dövlət ordeni ilə təltif olunması münasibətilə təbrik etdilər. 

Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri adından çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Eldar İbrahimov Azərbaycan-Gürcüstan dostluğunun tarixi və əbədi olduğunu bildirdilər. Çıxış edən Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri İcmasının başçısı Melix Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yubileyinin Gürcüstan dövləti tərəfindən belə yüksək səviyyədə qeyd olunmasını olduqca yüksək qiymətləndirərək bunu bölgəmiz üçün dinlərarası anlaşmanın gözəl nümunəsi kimi dəyərləndirdilər. lll    Həmin gün axşam Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibətilə ziyafət təşkil etdi. Ziyafətdə çıxış edən cənab İ. Qaribaşvili yubilyarı Gürcüstan dövlətinin ali mükafatı və yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi. Azərbaycan və Gürcüstan xalqları qarşısında tarixi xidmətlərinə, bölgədə sülh və əmin-amanlıq üçün gördüyü böyük işlərə görə Şeyxülislam həzrətlərinə dərin təşəkkürünü bildirdi. Baş nazir bildirdi ki, Gürcüstan bütün Qafqazın Şeyxinin ad gününü bayram kimi qeyd edir. Şeyx həzrətlərinin səmərəli fəaliyyəti bölgə üçün o qədər faydalıdır ki, onun şəninə təşkil edilmiş hər cürə bayrama sevinməyə   mənəvi haqqı var. İ. Qaribaşvili vurğuladı ki, Şeyxülislam Allahşükür Paşazadə hər zaman Gürcüstanda belə bir səmimiyyətə, dəstək və ehtirama layiq olduğuna əmin olmalıdır. Gürcüstanın dövlət rəsmisi bütün bunları qonşu dövlətlərimiz arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi dəyərləndirdi. Ziyafətdə  gürcü ictimaiyyətinin tanınmış nümayəndələri çıxış edərək, QMİ sədrini təbrik edirlər. Daha sonra ziyafətdə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan hökumətinin üzvləri, elm xadimləri çıxış edərək yubilyarı təbrik etdilər. Ziyafətdə iştirak edən Amerika Birləşmiş Ştatlarının  fövqalədə və səlahiyyətli səfiri   Riçard Norland  çıxış edərək, Qafqazda patriarx II İlyanın və Şeyx həzrətləri Allahşükür Paşazadənin sülhün qorunmasında, ədalətin bərpa olunmasında, əmin-amanlığın yaradılmasında əvəzsiz rollarından ağız dolusu danışdı. Azərbaycan Milli Məclisinin üzvləri Fəttah Heydərov, Siyavuş Novruzov, Eldar İbrahimov və mən ziyafətdə çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən bütün işləri yüksək dəyərləndirərək Şeyxülislam həzrətlərinə göstərilən böyük ehtirama görə gürcü xalqına və dövlətinə təşəkkürlərimizi bildirdik. Şeyxülislam Allahşükür Paşazadə ona göstərilən böyük diqqət və ehtirama görə Baş nazir İ.Qaribaşvilinin simasında Gürcüstan dövlətinə, onun xalqına minnətdarlığını bildirdi, bundan sonra da Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə birlikdə xalqlarımızın qardaşlığı, bölgədə sülh və əmin-amanlığın inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini xüsusi vurğuladı. Tədbirdə incəsənət ustalarının maraqlı çıxışları oldu. ...Doğrudan da Amerika  səfiri   haqlı  idi. Bu  gün  Azərbaycan torelantlıq baxımından nəinki şərq, hətta qərb   dövlətləri üçün nümunə sayılır. Məhz buna  görə dünyanın və  Avropanın  ən  inkişaf etmiş  dövlətləri  ölkəmizə  böyük  maraq göstərirlər.  Bu,  Ümummilli  liderimiz  Heydər Əliyevin davamçısı  olan  möhtərəm  prezidentimiz  İlham Əliyev  cənablarının   yorulmaz  və uğurlu siyasətinin   bəhrəsidir.   Bakı  dünyada  yeganə  şəhərdir  ki, burada    müxtəlif  dinlərə  mənsub  olan  xalqların  nümayəndələri  eyni küçədə, eyni  məhəllədə, eyni  binada  dostluq və sülh  şəraitində yaşayırlar. Yeri gəlmişkən  deyim  ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu günlərdə Bakıda səfərdə olan Avropa Şurası baş katibinin müavini, xanım Qabriela Battani-Draqoni ilə görüşdə çox düzgün olaraq  qeyd etdi  ki,   Avropa Şurasında bir çox qurumların nümayəndəliyi təmsil olunur və Qafqaz müsəlmanları da bu qurumda təmsil olunmaq arzusundadır: Bəli, Qafqaz müsəlmanlarının bu idarəsi regionun əsas coğrafiyasını və bir neçə dövlətini əhatə edir. Ona görə də Qafqaz müsəlmanlarının Avropa Şurasında nümayəndəliyinin açılması təqdirəlayiqdir...      

lll

Sonuncu  gün  biz  patriarxın  mənzil – qərargahına getdik. Vida günü idi. Patriarx öz çıxışınında   azərbaycanlılarla   dostluq  əlaqələrindən danışdı  və  həmin dostluğun  bu gün  də  davam etdiyini   bildirdi.    Sonra Şeyx  həzrətləri  hər  şey üçün  patriarxa  minnətdarlıq etdi.  Mənə də  söz  verildi. Mən də  möhtərəm  Şeyxülislamın   65  illik yubileyinin  Tbilisidə  keçirilməsinin təşəbbüskarı  olan   patriarxa   nümayəndə heyətimiz adından  dərin  minnətdarlığımı  bildirdim.          

Məndən  sonra Dağ  Yəhudiləri   İcmasının  başçısı  Melih Yevdayev çıxış  edərək, şeyxə və   patriarxa   dua  elədi. Patriarx zarafatla  cavab  nitqində  dedi: – Yəhudilərin alqışı Allahın alqışıdır.... Zal  o  ki var gülüşdü.....    

Salonun  baş  tərəfində  başında  əmmamə,  əyni əbalı Şeyx həzrətləri, sağ tərəfdəsə  uzun kaftanının yaxasında xaç  olan   katalikos   oturmuşdu. İki   dini  lider, qoca  Qafqazın iki   nəhəng  şəxsiyyəti – biri  İslamın, digəri xristianlıq dininin  daşıyıcısı...  Məhz qoca Qafqazın  bu  iki  müdrik ağsaqqalının    qardaşlıq  və dostluq  münasibətləri  iki  müxtəlif  dini   bir araya  gətirmişdi. Bu  an  hər  iki  şəxsin  ürəyi  eyni döyünür, amalları,  məqsəd və  məramları  bir müstəvidə qərar tutub,  hər  ikisi  Qoca  Qafqaza  və  Qafqaz xalqlarına  xidmət üçün  səy edirdi.   Bu  iki   möhtəbər  şəxsə  baxanda,  tarixin müxtəlif   illərində  ayrı-ayrı  dinlər və  millətlər arasında  gedən  qanlı-qadalı  müharibələr düşdü yadıma.  Nə yaxşı,  biz qonşu gürcülərə və  onlar da bizə  qardaş, dost  deyir, sülh və barış naminə   səylərimizi   birləşdiririk. Əgər dini  liderlər dost  olsalar,  onda millətlər də, xalqlar da  dost  olar.  Bax,  budur  bəşəriyyətin  xilas yolu!..                                                                                                                                                                                                                                                                                      
lll
 
Tbilisidə   sonuncu gün –30 avqustda  Azərbaycanın  Gürcüstanda  olan  səfirliyində  görüş oldu.  Onu da deməliyəm  ki,  yeni layihə üzrə  tikilmiş  bu əzəmətli  bina  müasir arxitekturamızın ən  gözəl  incilərindən  biri sayılır.  Möhtərəm  Prezidentimizin   uğurlu xarici siyasətinin  bariz  nümunəsi  olan bu əzəmətli  binada  görüş çox səmimi  və  uğurlu keçdi.  Fəttah Heydərov, Eldar İbrahimov, Siyavuş  Novruzov, Vasim Məmmədəliyev öz  gözəl arzularını və təbriklərini  səfir Azər Hüseynə  bildirdilər.  Həmin gün  saat 14-00 –da  diaspora üzvləri ilə görüş oldu. Hamı Şeyx həzrətlərinin bütün dünyada olduğu kimi, Gürcüstan da böyük nüfuza və hörmətə malik olduğundan danışdılar. Akademik Vasim  Məmmədəliyev möhtərəm  şeyximizin   elmi fəaliyyəti  barədə  toplantı  iştirakçılarına geniş  məlumat  verdi. Saat 17-00-da təyyarəyə oturduq.Təyyarə Bakıya yaxınlaşdıqca doğma  Azərbaycanımızın  səması   günəşin al  şəfəqləri selində xumarlanırdı. Səmanın qoynunda dinclik, sakitlik  hökm sürürdü.  Göy qübbəsindən asılan  ağappaq  bulud  karvanını  seyr etdikcə   Qafqazın  iki  müdrük ağsaqqalı  – patriarx  II İlya  və möhtərəm  Şeyximiz  barədə  düşüncələrə dalmışdım. Və  ürəyimdən   bir  istək, bir arzu keçirdi,  kaş  Qafqazda  dini liderlərin  ÜÇBUCAĞI yaranaydı. Bədnam qonşularımızın Katalikosu da  bu  üçbucağın   bir  nöqtəsi, bir tərəfi  olaydı.

Nə erməni  işğalı  olaydı, nə də düşmənçilik. Axı,  günəşli Qafqaza  günəş yaraşır, sülh yaraşır,  dinclik  yaraşır...   Nə  qoca Qafqaz dağları,  nə də əngin səmada  süzən  əzəmətli, məğrur qartallar  güllə səsindən, top səsindən qoy diksinməsinlər. Qoy səma  səksəkəli, dağlar  nigaran   olmasın!..

5 sentyabr  2014-cü  il

 





15.09.2014    çap et  çap et