525.Az

Yas içində toy havası


 

Yas içində toy havası<b style="color:red"></b>

Artıq xeyli müddətdir cəmiyyətin müxtəlif təbəqələri arasında yas və toy mərasimləri ilə bağlı müzakirələr gedir, mütərəqqi fikirli ziyalılar mətbuatda silsilə tənqidi çıxışlar edir, maarifləndirmə, təbliğat-təşviqat xarakterli tədbirlər keçirilir. Gündəmi zəbt edən bu problem, görünür, tam həllini tapana kimi aktuallığını itirməyəcək. 

Son günlər istər Bakıda, istərsə də respublikanın ayrı-ayrı bölgələrində yas mərasimlərinin yeni qaydalara uyğun keçirildiyi, ehsan süfrələrinin təklif və tələblərə uyğun şəkildə açıldığı ilə bağlı məlumatlar çoxluq təşkil etsə də, böyük əksəriyyət məclislərdə israfçılığın qarşısını almaq üçün inzibati üsulların tərəfdarı olsa da, bəzi insanlar hələ də bu inqilabı ideyanın əleyhinə çıxmağa çalışırlar. İlk növbədə verilən qərarlara, atılan addımlara cəmiyyətdə söz sahibi olan insanlar – dövlət adamları, icitimai-siyasi xadimlər, imkanlı şəxslər əməl etməlidir ki, kütlə də buna müsbət reaksiya versin. Ancaq təəssüf ki, əksər tanınmış və nüfuzlu insanlar bu yeniliyi hərtərəfli dəstəklədiklərini sərgilədiyi halda, bəziləri əksinə, buna saymazyana münasibət göstərirlər.

Son günlər bu hala Təzəpir məscidinin mərasim zallarında daha tez-tez rast gəlinir. “Qafqazinfo”nun yazdığına görə, Təzəpir məscidinin mərasim zallarından birində baş tutan hüzr mərasimində iştirak edən millət vəkillərindən biri Dəmiryolu İdarəsinin rəis müavini Əlirza Süleymanovun qardaşının 40 mərasimində iştirak edib və mərasimdə yeni qaydalara əməl olunmasını, yəni, mərasim iştirakçılarına halva, çay və xurma verilməsini təqdirəlayiq hal kimi qeyd edib. Ancaq adının çəkilməsini istəməyən millət vəkili həmin gün başsağlığı vermək üçün Təzəpirin digər zalında keçirilən hüzr mərasiminə baş çəkərkən tamam başqa hadisənin şahidi olub. Onun sözlərinə görə, Səfərbərlik Xidmətinin sabiq rəis müavini Ramiz Məmmədovun il mərasimində 500 nəfərə ehsan verilib. Qaydalara zidd olaraq, süfrəyə salat, plov və başqa qidalar qoyulub.
Məsciddə çəkiliş aparmağa mühafizəçilər imkan verməyiblər. Əslində, bu, bütövlükdə cəmiyyətə, yeni qaydaları tətbiq edən dövlət orqanlarına qarşı hörmətsizlikdir. Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin birbaşa nəzarətində olduğu deyilən bu mərasim zallarında baş verənlərə idarənin göz yumması başadüşülən deyil. Yeni müəyyən olunmuş qaydalar cəmiyyətin böyük əksəriyyəti tərəfindən dəstək qazanırsa, israfçılığa yol verilməsi dini kitablarda da qəbul olunmursa, din ocağına məxsus məclis zallarında buna əməl olunmaması təəccüb doğurur. 

Yeri gəlmişkən, bir neçə gün öncə millət vəkili Qənirə Paşayeva “525”ə açıqlamasında qeyd etmişdi ki, əzizimiz üçün ağladığımız mərasimdə insanların iştahla yemək yeməsi kimi üzücü mənzərədən xilas olacağımıza görə hamımız sevinməli və bu addımları dəstəkləməliyik.

O, Tovuzda kəndləri ziyarət edirkən bir neçə hüzr yerinə baş çəkdiyini də dilə gətirmişdi. Çoxlu sayda insanın hüzr yerlərində yeni qaydaların təbliği ilə bağlı suallar verdiyini deyən millət vəkili  bunun önəmi barədə xeyli müzakirələr apardıqlarını qeyd etmişdi. Q.Paşayevanın sözlərinə görə, heç bir müsəlman ölkəsində hüzr yerlərində belə yemək mərasimləri olmur və bu dinimizə görə də günah sayılır. O bildirmişdi ki, millət vəkili olduğu 9 il ərzində hüzr mərasimi keçirdiklərinə görə, borc alıb qaytara bilməyən çoxsaylı seçicilərinin müraciətləri ilə üzləşib:
 
“Qəfil vəfat edən əmimin yasını heç unutmuram. Mən gözüyaşlı idim, ağlayırdım, insanlar isə yemək yeyirdilər. Mənə çox ağır gəlmişdi və bilirəm ki, bu cür özünü hiss edən insanların sayı çox olub”.  Yas mərasimləri ilə bərabər mərhumu dəfn etmək məsələsində də əhali bir sıra problemlərlə üzləşir. Bəzən yaşlı insanlar öz əzizlərini, oğul-uşaqlarını bu problemlərdən xilas etmək üçün hələ sağ ikən özlərinə qəbiristanlıqda yer alır və hətta başdaşı da hazırlatdırırlar. Əslində ilahiyyatçılar və din xadimləri insanların öz axirətini düşünməsini yaxşı hal hesab edir, ancaq bir insanın öz ölümünü sağlığında həm özü, həm də yaxınları üçün problem kimi görməsi artıq faciəsidir. Sağlığında öz hüzürü üçün pul yığan yaşlı adamların da olduğu, hətta bunun bir ənənəyə çevrildiyi heç kimə sirr deyil.

Millət vəkili Fazil Mustafa bu məsələylə bağlı qeyd edir ki, qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbiristanlıqlar mavzoleydən çox səliqəli ziyarət məkanlarına çevrilsə, bu faydalı iş daha çox rəğbətlə qarşılanar:

“Çadır mafiyası, qəbiristanlıq mafiyası və bəzi mollalar təbii ki, bundan narazı qalacaqlar. Amma əsas vətəndaşın razı qalmasıdır”.
 
Bu yaxınlarda Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev milləti dolamaqla məşğul olan, savadsız mollaların fəaliyyətinin qarşısını almaq üçün təklif də irəli sürülüb. Millət vəkili hesab edir ki, mollalıq fəaliyyəti xidmət sahəsi kimi lisenziyalaşdırılmalıdır və onların bu məsələdən kənarda qalmasına yol verilməməlidir:

“Mollalıq fəaliyyəti lisenziyalaşarsa, onda bu işlə məşğul olma şərtləri dəqiqliklə müəyyən edilər, mollanın öhdəlikləri aydın bilinər. Mollalar sertifikat alanda ona öhdəliklərini göstərən sənəd təqdim edilmir.

Lisenziyalaşma olduqda mollanın gəlirinin necə olacağı, bu gəlirdən vergi ödəyib-ödəməyəcəyi kimi məsələlər də aydınlaşar”.

Tezliklə toy məclislərinə də əl gəzdirilməsini səbirsizliklə gözləyən gənc yazıçı Sahilə İbrahimova mental dəyərlərə, stereotiplərə bağlı olan toplum olduğumuza görə, bu ünsürlərdən rahatlıqla əl çəkə bilmədiyimizi deyir. Ona görə, bəzi şeylər məhz inzibati yollarla aradan qaldırılmalıdır:

“Cərimələrdən kütləvi şəkildə istifadə olunmalıdır. Məsələn, piyadaların hərəkəti, maşından, eyvandan zibil atmaq, ümumiyyətlə, ətrafı eybəcərləşdirən hərəkətləri aradan qaldırmaq üçün çox sərt cərimə sistemi işləməlidir. Maarifləndirmə təəssüf ki, yetərli deyil. Yas məclislərinin inzibati yolla tənzimlənməsinin tərəfdarıyam. Çünki biz yüngül xəbərdarlıqla süfrələrdən naz-nemətləri yığışdıran deyilik”.
 
Yazıçı, “Kulis.az” internet jurnalının baş redaktoru Qan Turalı yaslardakı dəbdəbənin hər kəsi narahat etdiyini bildirib. Lakin heç kimin şəxsi nümunə göstərə bilmədiyini, kütlə psixologiyasının məşhur “camaat nə deyər?” prinsipi ilə dəbdəbəyə, ifratçılığa qaçdığını qeyd edib. Onun fikrincə, kütləvi informasiya vasitələrində məşhur ziyalıların, siyasi xadimlərin mövzu ilə bağlı tənqidi çıxışları da heç bir effekt vermir, maarifləndirmə prosesi də uğur qazanmırdı:

“Bu mənada yeganə yol inzibati güc tətbiqidir ki, biz bu gücün yas məclislərini nizamlamaq sahəsində effektiv olduğunu, yas günlərinin 7 gündən 3 günə endirilməsində müşahidə etmişdik”.

Qan Turalı bildirib ki, dövlətin əsas funksiyalarından biri vətəndaşların rifahını təmin etməkdir. Bu mənada baş redaktor yas məclislərindəki ifratçılıq və dəbdəbənin yığışdırılmasını dövlətin vəzifələrindən hesab edərək, dövlətin prosesə müdaxiləsini vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin rifahına xidmət etdiyini vurğulayıb.  Görülən tədbirlərin yas məclislərində tutulan nöqsanları aradan qaldırmağa imkan verəcəyi əhali arasında şübhə doğurmur. Toy mərasimlərinə gəldikdə isə vəziyyət daha mürəkkəb görünür. Yas mərasimləri ilə tədbirlər effektiv olsa da, toy sferasında eyni üsulları tətbiq etmək, şadlıq saraylarının himayədarlarına – böyük oliqarxlara qarşı mübarizə aparmaq elə də asan olmayacaq.

Bu məsələyə də toxunan millət vəkili Fazil Mustafa toy və şadlıq evi mafiyasına qarşı birbaşa Mədəniyyət və Turizm Nazirliyinin qətiyyətli addımlar atmalı olduğunu bildirib. F.Mustafa fikrini toyların Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi olaraq dünyaya təbliğ olunması ilə əlaqələndirib:

“Bəlkə də Qobustan qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. İndi insanlara menyü adı ilə on-on iki növ yeməyi məcburi şəkildə yedirdirlər”. F.Mustafaya görə, musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən tez toyu tərk etməsini qəsdən düşünürlər ki, yeməklər az yeyilsin:
 
“Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyursun Mədəniyyət Nazirliyi bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin.

Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu toy terrorunu dayandıra biləcəksinizmi?”.  Bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən toylarda israfçılıq və antisanitariya ilə bağlı ilk dövlət qərarı gəldi. Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklifi ilə çıxış edib. Lakin qiymətlərin şişirdilməsi məsələsində hələ heç bir göstəriş verilməyib. Elə əsas məsələ də budur.

Ekspertlər hesab edir ki, şadlıq sarayı sahibləri qarşısında inzibati tədbirlər heç bir təsir gücünə malik deyil.

Qüsurlar aşkarlanan şadlıq evləri müəyyən məbləğdə cərimələnsələr də, bunu asanlıqla ödəyib yaxalarını qurtara bilirlər. Çünki əldə olunan gəlirlərin müqabilində cərimələr çox kiçik görsənir. Cərimələmək əvəzinə, bu cür şadlıq evlərinin fəaliyyətlərinin dayandırılmasını daha təsirli addım hesab edən mütəxəssislər, bəlkə onda müəyyən nəticələrin əldə olunacağına ümid bəsləyirlər.

 

Ceyhun ABASOV

 





15.09.2014    çap et  çap et