525.Az

Çətin günün dostları


 

Çətin günün dostları  <b style="color:red"></b>

Elə dövlət strukturları var ki, fəaliyyət sahəsinin spesifikliyi baxımından daim əhali ilə birbaşa ünsiyyətdə çalışdıqlarına görə, gördükləri iş də göz qabağında olur.

Bu təmas hər dəfə ekstremal şəraitlə, kritik situasiyalarla birbaşa bağlı olanda isə həmin dövlət strukturunun məsuliyyət yükü daha da artır. Üstəlik, baş verən hər hansı fövqəladə hadisə zamanı təhlükə ilə üzləşən insanın ilk növbədə xüsusi qayğıya, həssas münasibətə ehtiyac duyduğunu və bu davranışı onunla ilk təmasa keçən adam kimi elə həmin strukturun təmsilçisindən umduğunu da nəzərə alsaq, belə təmayüllü dövlət orqanlarının nə qədər məsul bir sahəyə cavabdehlik daşıdıqlarını təsəvvür etmək çətin olmaz.  

Uzağa getməyək, elə bu günlərdə baş vermiş bir hadisəni yada salaq. Sentyabrın 8-də səhər Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verdi, nəticədə binanın bir blokunun üç mərtəbəsi çökdü.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal hadisə yerinə gələrək vəziyyəti nəzarətə götürdülər və aramsız davam edən axtarış əməliyyatları nəticəsində dağıntılar altında qalmış 9 nəfər xilas edildi, 3 nəfərin isə təəssüf ki, cəsədi çıxarıldı. Hadisə yerində həyata keçirilən tədbirlər, gərgin iş, nəhayət, axtarış əməliyyatlarının nəticələri ilə bağlı statistika xarakterli məlumatlar sadəcə, məsələnin görünən tərəfidir.

Böyük səbir tələb edən gərgin iş prosesində həm də faciə ilə üzləşmiş, əzizlərinin taleyindən nigaran insanlarla təmasda olmaq, onlara qayğı göstərmək, təkcə peşəkar dəyər yox, eyni zamanda, yüksək mənəvi keyfiyyətdir. Elə həmin gün fövqəladə hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərov hadisə yerinə baş çəkdi, hadisə ilə bağlı ətraflı məlumat aldı.

Belə bir ağır hadisənin baş verdiyi vaxt yüksək vəzifəli dövlət adamının əraziyə gəlməsi faciə yaşamış insanlarda dövlət qurumlarına qarşı inam, etimad yaratmaqla bərabər, həm də onların dərdinə şərik çıxmaq anlamında böyük təskinlik idi.
 
Bu fakt bir daha göstərdi ki, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları xalq üçün, sözün əsl mənasında, çətin günün dostlarıdır.

Son illər Azərbaycanda baş verən təbii fəlakətlər, daşqın və zəlzələlər zamanı Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan ayrı-ayrı strukturların fəaliyyəti, aparılan əməliyyat tədbirləri, görülən işlər daim ictimaiyyətin diqqət mərkəzində olub.

Hələ 2010-cu ilin yazında Kür və Araz çaylarının səbəb olduğu daşqınlar böyük itkilərlə nəticələnə bilərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının səfərbər olunması hesabına təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı alındı, Azərbaycanda bu fəlakət tamamilə itkisiz ötüşdü.
 
O günlərdə Nazirliyin fəlakət zonasında olan 4000 nəfərlik şəxsi heyəti, 160 ədəd xüsusi texnikası, həmçinin, 4 helikopteri, xeyli sayda xilasetmə qayığı fasiləsiz olaraq xilasetmə, bəndbərkitmə əməliyyatlarını peşəkarlıqla həyata keçirdilər.

Həmin ilin sentyabrında isə ölkə başçısının  tapşırığı ilə daşqından ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə, həmin evlərin sakinləri üçün Saatlı, Salyan, İmişli və Zərdab rayonlarında zəruri və sosial infrastruktur obyektləri – məktəb, uşaq bağçası, tibb və poçt məntəqələri, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları olan, müasir standartlara uyğun yeni 4 qəsəbə salındı, minlərlə fərdi yaşayış evi tikilib istifadəyə verildi.

Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə ölkədə suların səmərəli idarə edilməsi sisteminin yaradılması üçün Fövqəladə Hallar Nazirliyində aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı və kompleks tədbirlər planı hazırlandı. 

İki ildən sonra – 2012-ci ilin mayında Qax və Zaqatala rayonlarında baş vermış zəlzələ zamanı yenə Fövqəladə Hallar Nazirliyinin heyəti səfərbər olunaraq zəlzələdən ziyan çəkənlərə maddi və mənəvi dəstək verməyə çalışırdılar. Dərhal hadisənin episentrində – Zaqatala şəhərində Qərargah yaradıldı, zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirildi, onlara ərzaq, paltar və səhiyyə yardımı göstərildi.

Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmadı. Daha sonra isə Prezident İlham Əliyevin göstərişi ilə evləri uçan insanlar yeni tikilən evlərlə təmin olundular. Vaxtaşırı olaraq FHN rəhbərliyi və aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri zəlzələ bölgəsinə səfər etdilər, insanların durumu, yaşayışı, problemləri və tikintinin gedişi ilə maraqlandılar. 

Fövqəladə Hallar Hazirliyi öz fəaliyyətini təkcə Azərbaycanda baş verən fövqəladə situasiyalarla məhdudlaşdırmır,  qonşu və dost dövlətlərə də yardım göstərir. 2011-ci ildə Türkiyənin Van vilayətində baş verən təbii fəlakəti xatırlayaq.

Dağıdıcı zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 213 nəfər xilasedicisi təbii fəlakət bölgəsinə göndərildi. Azərbaycan xilasediciləri dağıntılar altından 60 cəsəd çıxardılar, 12 şəxs isə xilas edildi. Bundan əlavə, Azərbaycan dövləti adından zəlzələ bölgəsinə humanitar yüklər – 1400 çadır, 2300 yataq dəsti, 40 ədəd elektrogenerator və digər yardımlar edildi.

Türkiyə ictimaiyyəti zəlzələ bölgəsinə ilk olaraq yardım çatdırdığına və xilasetmə əməliyyatlarında yaxından iştirakına görə Azərbaycana təşəkkürünü bildirdi. 

Son illər cəmiyyəti narahat edən əsas problemlərdən biri də Azərbaycanı başına götürən tikinti bumu olub.

Tikinti sektorundakı qələbəlik, tikilən çoxmərtəbəli binaların keyfiyyət problemi əhalini bir qayda olaraq bu məsələyə şübhə və tərəddüdlə yanaşmağa vadar edib. İctimaiyyətin narahatlığını aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyi bir sıra qətiyyətli addımlar atıb.

Hələ 2011-ci ildə Fövqəladə Hallar Nazirliyi dövlət və özəl tikinti şirkətlərinin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələrinin, eləcə də nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələlərinə cavabdeh şəxslərin iştirakı ilə geniş tərkibdə görüş təşkil edərək bu vacib məsələni müzakirəyə çıxardı.
 
Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub.
 
Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkədə, xüsusən Bakıda geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti yönündə ciddi addımlar atılıb.

Nazir K.Heydərov tikinti təşkilatlarını və firmalarını inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində nazirliyin həyata keçirdiyi tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırdı, qanunvericiliyin tələblərinə riayət etməyən şəxslərlə bağlı ciddi tədbirlər görüləcəyini vurğuladı. Bu görüş və nazirin ətraflı çıxışı əslində, neçə illərdən bəri insanların içindəki şübhə və tərəddüdlərə son qoydu, Azərbaycan dövlətinin öz vətəndaşlarının rifahını düşündüyünə böyük əminlik yaratdı. 

Əslində, Fövqəladə Hallar Nazirliyi dövlət qurumu olaraq digər postsovet respublikaları kimi, Azərbaycan cəmiyyəti üçün də yenidir. Uzun illərdən bəri fəaliyyət göstərən, böyük ənənələrə malik dövlət orqanlarından fərqli olaraq bu dövlət strukturunun Azərbaycanda cəmi 9 yaşı var.

Nazirlik Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin dekabr ayında yaradılıb. Fövqəladə Hallar Nazirliyinin yaradılmasında başlıca məqsəd, rəsmi sənədlərdə də göstərildiyi kimi, dövlətin və xalqın əmlakının, vətəndaşların həyatının baş verə biləcək təbii, texnogen xarakterli fəlakətlərdən qorunması, eləcə də fövqəladə halların qarşısının alınması, nəticələrinin çevik, effektli şəkildə aradan qaldırılması, əhalinin təhlükəsizliyinin etibarlı təmin olunması işinə dövlət nəzarətini artırmaq idi. Fəaliyyətə başladığı ilk gündən nazirliyin strukturunun formalaşdırılması, maddi-texniki baza və material ehtiyatlarının yaradılması istiqamətində ardıcıl və sistemli işlər görüldü.

Nəhayət, çox keçmədi, Fövqəladə Hallar Hazirliyi kimi böyük bir mərkəzi icra hakimiyyəti orqanının formalaşdırılması prosesi başa çatdı. Belə bir məşhur fikir var ki, hər hansı hadisənin qarşısını almaq hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır. Bunun üçün isə əlbəttə, təkcə müasir maddi-texniki baza kifayət deyil, həm də peşəkar, müasir texnologiyalara bələd kadrlar lazımdır.

Kadrların peşə hazırlığını yüksəltmək, eləcə də gənc mütəxəssislər hazırlamaq məqsədilə nazirlik müntəzəm olaraq ayrı-ayrı ölkələrlə təcrübə mübadiləsi aparır, bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə əməkdaşlıq möhkəmləndirilir, eyni zamanda nazirliyin təşkilatçılığı ilə Bakıda müxtəlif seminarlar, təlimlər, kurslar və sair tədbirlər keçirilir, Rusiya Federasiyası, Belarus və Ukraynanın müvafiq tədris müəssisələri ilə əlaqələr yaradılır.
 
Artıq neçə ildir ki, ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin Akademiyası fəaliyyət göstərir. Bu gün mübaliğəsiz demək olar ki, Azərbaycanda bu sahədə kifayət qədər gənc, səriştəli və peşəkar kadr potensialı var. Nazir Kəmaləddin Heydərovun çıxışlarından birində dediyi kimi, “Azərbaycan çox zəngin bir ölkədir. Onun ən böyük sərvəti isə Azərbaycan xalqıdır.
 
Bu xalqın təbii və texnogen xarakterli fəlakətlərdən qorunması kimi məsuliyyətli bir vəzifə ölkə rəhbəri tərəfindən Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Bu böyük məsuliyyəti üzərlərində müqəddəs bir missiya kimi daşıyan, müstəqil dövlət quruculuğu tarixində özünəməxsus yeri olan fövqəladə hallar orqanları mövcud olduğu illər ərzində daim müsbət təcillə inkişaf edib, qısa, lakin şərəfli və məzmunlu bir yol keçib.

Fövqəladə Hallar Nazirliyinin kollektivi öz humanist fəaliyyəti ilə Azərbaycan vətəndaşlarının dincliyini, rahatlığını və təhlükəsizliyini qorumağa hər an hazırdır”.

 

Samirə QULİYEVA

 





15.09.2014    çap et  çap et