525.Az

"Ölkələrimiz arasında münasibətlərin dərin kökləri mövcuddur"


 

Müsahibimiz Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovdur.

"Ölkələrimiz arasında münasibətlərin dərin kökləri mövcuddur"<b style="color:red"></b>

- Cənab səfir, Azərbaycan Tacikistan əlaqələrinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında münasibətlərin dərin kökləri mövcuddur. Xalqlarımızın ümumi adət-ənənələri, bir çox cəhətləri var. Dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəviyə Tacikistanda da böyük hörmət bəslənilir, həyat yaradıcılığı məktəblərdə öyrənilir. Eləcə klassik tacik ədəbiyyatına Azərbaycanda maraq olduğunu bilirik. Bu köklər müasir dövrdə iki ölkələrin əlaqələrinə müsbət fon yaradır. Qeyd etmək lazımdır ki, bu əlaqələrə iki ölkə rəhbərinin dostluq münasibətləri mühüm impuls verir. İqtisadi sahədə əlaqələrimiz dinamik inkişaf edir, hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu il komissiyanın iclası Düşənbədə keçirildi, bir sıra məsələlər müzakirə olundu. Humanitar sahədə əməkdaşlığımız qurulub. Bu gün Azərbaycanda 20-dən çox tacik tələbə oxuyur. İstərdik ki, gələcəkdə daha çox tələbəmiz Azərbaycanın ali məktəblərində təhsil ala bilsinlər.

Ölkələrimizin mədəni əməkdaşlığı da inkişaf etməkdədir. Düşünürəm ki, ölkələrarası münasibətlərin inkişafı ilk növbədə məhz bu sahədən başlamalıdır. Çünki mədəniyyət xalqları birləşdirir, incəsənətin, xüsusilə musiqinin dili tərcümə tələb etmir, hər kəs tərəfindən başa düşülür. Mədəni əlaqələrimiz aktiv şəkildə inkişaf edir. 2013- ilin iyununda Düşənbədə Azərbaycan Tacikistanın simfonik orkestrlərinin iştirakı ilə "Rast-muğam" adlı möhtəşəm konsert proqramı oldu. Konsert təkcə Düşənbədə deyil, Tacikistanın digər iki vilayət mərkəzində baş tutdu hər kəsdə dərin təəssüratlar yaratdı. Muğam musiqisi xalqlarımızı birləşdirən mədəni dəyərlərdən biridir. Azərbaycanda olduğu kimi, Tacikistanda da muğamı ("Şaşmakom") qədim dövrlərdən bu günədək qoruyub saxlamışıq. Bundan başqa, Azərbaycanda olduğu kimi, bizdə aşıqlar var ki, onlara "falak" deyilir. Bu janrla bağlı da oxşarlıqlarımız var. Falaklar da, aşıqlar kimi, gördüklərini şeirə, musiqiyə çevirib oxuyarlar. Musiqi alətinə gəlincə, bizim aşıqlar "dombra" ilə ifa edərlər. Bundan əlavə, bizdə tar kamança alətləri var. Bir sözlə, bizim mədəniyyət, musiqi sahəsində oxşarlıqlarımız qədim tarixə malikdir. Yeri gəlmişkən, 2012-ci ildə Azərbaycan Tacikistanın ictimai televiziyaları vasitəsilə Bakı ilə Düşənbə arasında telekörpü keçirildi. Geniş tamaşaçı auditoriyasına təqdim edilən bu yayım elm, mədəniyyət, təhsil, humanitar mövzuları əhatə etdi. Əlbəttə, belə tədbirlər çox faydalıdır. Biz səfirlik olaraq Azərbaycanda öz ölkəmizi daha yaxından tanıtmaq istəyirik. Məsələn, bu ilin mart ayında İçərişəhərdə keçirilən Novruz bayramında milli geyimlərimiz, musiqi alətlərimizdən ibarət sərgi ilə iştirak etdik. Sərgini çoxlu insanlar ziyarət edir, suallar verirdilər. Tacikistanda da Novruz böyük təntənə ilə bayram edilir. Bayram günlərində qala konsertlər, əl işlərindən ibarət sərgilər, idman oyunları keçirilir.

- Bəs əlaqələrin inkişafı istiqamətində hansı yeni planlar varmı?

- Sentyabrın sonlarında Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tacik-fars ədəbiyyatının dahi nümayəndəsi Əbdürrəhman Camiyə həsr olunmuş konfrans keçirəcəyik. Caminin 600 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib. Mədəni əlaqələrimizin yaxınlaşmasında, xalqlarımızın bir-birlərini daha yaxından tanımalarında qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 2007-ci ildə Azərbaycanda Tacikistanın mədəniyyət günləri keçirilib. 2008-ci ilin noyabrında isə Tacikistanda Azərbaycan mədəniyyəti günləri gerçəkləşib. Əlbəttə, bu əlamətdar hadisələrdən xeyli vaxt keçib. Bu ənənəni təkrarlamaq üçün 2015-ci ildə Tacikistanda Azərbaycanın, 2016- ildə Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq. Həm belə tədbirlər təkcə paytaxtlarda deyil, başqa şəhər rayonlarda da qeyd olunmalıdır ki, xalqlarımız bir-birilərini daha yaxından tanısınlar. Onu da qeyd edim ki, mədəni əlaqələrlə bağlı Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə razılaşmamız da var. Tələbə mübadiləsi ilə bağlı konservatoriyalarımız arasında razılaşma mövcuddur. Bu razılaşmaların bizə verdiyi imkanları genişləndirməkdəyik. Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edirik. Əlbəttə, bütün bunlar mədəni əlaqələrimizin inkişafına verilən töhfədir. Ümumiyyətlə, ölkələrimiz arasında gediş-gəlişin çox olmasını, qarşılıqlı olaraq daha çox tədbirlərdə iştirak etməyimizi istəyirəm.

- İki ildir ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirsiniz. Bu müddətdə regionlarımıza, ölkəmizin görməli yerlərinə getmək imkanınız olubmu?

- Beynəlxalq "İpək yolu" musiqi festivalı günlərində Şəkidə olmuşam. 2013- ildə festivalda Tacikistanın ansamblı da çıxış etdi. Bu festival mənim çox xoşuma gəlir. Tədbirin belə bir şəhərdə keçirilməsi gözəl seçimdir. Çünki Şəkinin küçələri ilə gəzdikcə, sanki tarixin içərisindən keçirsən. Qəbələ, Qax, Lənkəranda, Naxçıvanda da olmuşam. Naxçıvan da gözəl mənzərələri ilə diqqəti cəlb edir. Bu regionların hər birində əhali öz tarixinə, adət-ənənəsinə hörmətlə yanaşır onu gələn qonaqlara göstərməyə çalışır. Əlbəttə, bunlar Azərbaycan xalqının gözəl xüsusiyyətləridir. Bakıya gəlincə, İçərişəhərdə, Qala etnoqrafik qoruğunda, Atəşgahda olmuşam. Təəssüf ki, vəzifə fəaliyyətimə görə bu səfərlərə getmək heç həmişə mümkün olmur. Amma imkan yarandıqca, fürsəti dəyərləndirmə çalışıram. Bakı sanki hər gün inkişaf edir bunları gözümlə görməkdən məmnunam.

- Maraqlıdır, səfir təyin olunmazdan öncə Bakı, Azərbaycan haqqında hansı məlumatlarınız vardı?

- Daha öncə Azərbaycana gəlməmişdim. Amma, təbii ki, ölkəniz haqqında məlumatım vardı. Unutmaq lazım deyil ki, biz 70 il bir ittifaqda yaşamışıq. O zaman bu əlaqələr daha intensiv idi. SSRİ zamanında Azərbaycanda olmasam da, digər vasitələrlə, məsələn, musiqi ilə xalqınız ölkəniz ilə tanış idim. Tacikistanda çoxlu azərbaycanlılar yaşayır. Ölkəmizdə azərbaycanlı musiqiçilər var. Musiqinin dili olmur, bu bəşəri bir sənətdir. Tacikistanda da Azərbaycan musiqisi, mədəniyyəti çox gözəl tanınır. Mən özüm sovet dövründə Rəşid Behbudovu, Polad Bülbüloğlunu dinləyərdim. Ümumiyyətlə, o zamankı nəsil belə gözəl ifaçıların mahnıları ilə böyüyüb.

- Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?

- Turizm Tacikistanda ölkə üçün vacib sahələrdən hesab olunur. Bu sahənin inkişafına çalışırıq. Bir neçə il öncə Bakı-Düşənbə birbaşa reysini təşkil etmişdik. Üç ay fəaliyyət göstərdikdən sonra iqtisadi səbəblərə görə bağlandı. Bu reysin bərpası istiqamətində yenidən işləyirik. Əgər bu reys açılarsa, qarşılıqlı turizm səfərlərinin, gediş-gəlişlərin sayı da artar. Ümumiyyətlə, elə bir şərait yaradılmalıdır ki, turist ölkəyə rahat daxil olsun, gəzsin, dincəlsin. Eyni zamanda turizm infrastruktursuz mümkün deyil. Bu gün Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülür. Məsələn, mən Şahdağ turizm kompleksinə heyran oldum. Turizmin inkişafı üçün Azərbaycanda çoxlu hotellər tikilir. Amma bir şey mənə aydın deyil ki, niyə onların əksəriyyəti beşulduzludur. Məncə, əhalinin orta təbəqəsinə aid olan hotellərin tikilməsi nəzərə alınmalıdır.

Tacikistanda da çoxlu görməli yerlər var. Məsələn, Dağlıq Pamir vilayəti turistlər üçün əla məkandır. Düşənbədə yay olanda, bu vilayətdə qış olur. Safedorak da gözəl turizm məkanı hesab olunur. Zamanında bu ərazidə dağ xizəksürmə növündə idman yarışları da keçirilib. Bu mənada daha çox turizm məkanlarını saymaq olar. Turistlər bizim görməli yerləri gəzir, ölkənin cənubuna səyahət edirlər. Bundan başqa dağ turizmi, ov turizmi turistləri cəlb edir. Tacikistanda mədəniyyət turizmi inkişaf edib. Ölkəmizdə qədim tarixi abidələr bərpa olunur. Bu ərazilərdə infrastruktur qurulur, hotellər tikilir.

PƏRVANƏ

 





16.09.2014    çap et  çap et