525.Az

Sözümüzün, ədəbiyyatımızın, nəşriyyatımızın Mustafası...


 

Sözümüzün, ədəbiyyatımızın, nəşriyyatımızın Mustafası...<b style="color:red"></b>

Onu çoxdan - dövlət radiosunda işlədiyim illərdən tanıyırdım. Bir neçə dəfə görüşlərimiz olmuşdu. Müsahibə almışdım, informasiya xarakterli yazılar hazırlamışdım.  Radioda işləmək belədir. Bir gündə üç-dörd  tədbirdə iştirak edir, müxtəlif ünvanlardan materiallar hazırlamalı olurduq. Üstəlik indiki texniki imkanların heç üçdən biri yox idi. Amma deyəsən, elə yaxşı idi. Çünki onda hazırladığımız materiallar canlı olur, daha çox yaradıcı insanla görüşürdük. "Xallı gürzə" romanı barədə  yazı qələmə alanda da görüşmüşdük. Mustafa Çəmənli sonralar "Səs qərib olmur", "Ruhların üsyanı", "Fred Asif", "Mübariz", "Burdan bir atlı keçdi" kimi əsərlərlə oxucuların görüşünə gəldi. Ədəbiyyat tənqidçiləri, söz-sənət adamları onun əsərləri haqqında yazdılarsa, hamısı ilə razılaşdı. Razılaşmaya da bilməzdi. Çünki onun haqqında söz açanların hamısı elə özü kimi sözün dəyərini bilən adamlar idi.

Daha sonra "Leyli Məcnun" - 100 il səhnədə" kitabı ilə görüşümüzə gəldi. Mən həmin  yazıların, kitabların hamısında  bu gün müstəqil Azərbaycanın vətəndaşından yaradıcı ziyalısından daha çox  tələb olunan  iki fərdi  keyfiyyəti görürdüm: birinci, Vətəninə, torpağına, yurduna, xalqına milli dəyərlərinə bağlılıq  (bütün bunların ümumi adı vətənpərvərlikdir); ikinci: fərdi məsuliyyət hissi. Bu, çox mühüm məsələdir. Mən  bir kitabın hazırlanması prosesində onunla neçə dəfə görüşdümsə, ayrılanda Allaha yalvardım ki, onda olan məsuliyyət hissindən  başqa nəşriyyatlarda çalışan dostlarımıza da versin. Görünür, məsləhət deyilmiş. Yoxsa Allahın əlində idi ki?

Onun musiqi, muğam korifeylərimiz haqqındakı yazıları milli musiqi mədəniyyətimizin tarixində əbədi ömür qazanmış sənətkarların,  ustadların həyatını, yaradıcılığını hər birimiz üçün əlçatan edir. Etiraf edək ki, bugünkü oxucuda hansısa görkəmli sənət adamımız barədə daha çox öyrənmək hissi, həvəsi olsa da, gedib hardansa nəyisə axtarmaq, tədqiq etmək həvəsi qətiyyən yoxdur. Məhz Mustafa Çəmənli kimi söz - sənət xiridarları, milli mədəniyyətimizin fədailəri görkəmli sənətkarlarımız barədə geniş oxucu kütləsinə məlum olmayan faktları, məqamları axtarıb tapır, kitab şəklində ərsəyə gətirməklə zamanın başdan-başa tənbəl etdiyi  oxucuların hər birinin malına çevirirlər. Onun bütün kitablarını oxumağa imkanım olmasa da, "Muğam dünyasının Xanı", "Səsin ruhu" (Səxavət Məmmədov haqqında), "Oxu, gözəl" (Şövkət Ələkbərova haqqında),  "Çahargah" (uşaqlar üçün hekayə) digər yazılarındakı canıyananlığın yuxarıda qeyd etdiyim fədakarlığın şahidiyəm. Mən bu fədakarlıq, fədailik ifadələrini rəhmətlik Qulam Məmmədli dostumuz Maarif Teymurov haqqında  yazılarda da işlətdiyimə görə bəzi oxucular müəllifi təkrarçılıqda ittiham edə bilərlər. Qoy ittiham etsinlər. Ortadakı həqiqət bizi bağışlayar. Allah da, haqqı danışmağı sevənlər yaxşı bilirlər ki, mən hər üç halda ədalətliyəm.

Ötən ilin yayında görkəmli tarzən, muğam ustadı müəllim Əhmədxan Bakıxanov haqqında xatirələrdən ibarət tərtib etdiyim "Ustad ömründən anlar" kitabını "Aspoliqraf" nəşriyyatına təqdim etmişdim. Başqa nəşriyyatlara təqdim etdiyim kitabları ayyarıma-iki aya götürdüyümə görə bu kitabın da tezliklə hazır olacağını gözləyirdim. Amma "sən saydığını say..." deyiblər. Kitabın nəşriyyat redaktoru Mustafa Çəmənli oldu ...  əlyazması nəşriyyata təqdim olunandan bir həftə sonra Mustafa müəllim mənə zəng etdi:

- Müəllim, Mirzə İbrahimovun Əhməd Bakıxanov haqqında söylədiyi fikirlərin tarixi mənbəyi yoxdur. Xahiş edirəm, onu dəqiqləşdirin.

Tapıb dəqiqləşdirdim. Üç gündən sonra daha bir zəng:

- Müəllim, Əkrəm Cəfərlə Əvəz Rəhmətovun yazılarında eyni məqamdan söz açılsa da, tarix bir  il fərqli göstərilir. Dəqiqləşdirmək lazımdır.

- Mustafa müəllim, o yazıların ikisi   vaxtilə rəsmi qəzetlərdə verilib. Mən tədqiqat materialı yazmamışam, qəzetlərdə verilmiş xatirələri toplamışam. Otuz il qabaq "Kommunist" qəzetində verilmiş materiala mən necə düzəliş edim?

- Mən isə fakt ya tarix səhvdirsə,  qırx il qabaqkı qəzetdə gedən materiala da düzəliş edərəm, - dedi düzəltdi.

Sonra  daha bir neçə zəng Mustafa Çəmənli 2013- ildə  ötən əsrin 60-70-ci illərindəki yazılarda kifayət qədər dəqiqləşdirmələr aparandan sonra dərindən nəfəs alıb dedi: - Qardaş, bu kitabın sonundakı "nəşriyyat redaktoru Mustafa Çəmənlidir" sözlərini görən oxucuların hər birinə ayrılıqda deyə bilməyəcəyik ki, filan görkəmli sənətkar filan ildə bu tarixi məhz belə yazmışdı. Görkəmlilərin hamısı Allahın rəhmətini qazanıb çıxıb gediblər.  Amma mən hələ imza atdığım kitaba görə məsuliyyət daşıyıram. Heç bir faktı, tarixi, hətta, sözü belə dəqiqləşdirmədən buraxa bilmərik.

Beləliklə, "Ustad ömründən anlar" kitabı Mustafa Çəmənlinin səyləri nəticəsində bütün səhv xətalardan uzaq, hörmətli ağsaqqalımız  Abdulla Ələkbərovun tərtibatı ilə çox gözəl şəkildə oxuculara təqdim olundu ondan sonra Mustafa Çəmənli sözün həqiqi mənasında məsuliyyət nümunəsi kimi yaddaşımda qaldı. Onun xanəndə Mənsum İbrahimov barədə yazdığı "Məcnunun məcnunu" adlı kitabı isə müəllifin məsuliyyətlə yanaşı səmimiyyətin kamil ustası olduğunu göstərirdi. O biri kitablarının hamısında gördüyümüz səmimiyyət bu kitabda özünü daha qabarıq şəkildə göstərir. Amma məlum olmur ki, bu kitabda səmimiyyətin daha zəngin olmasının mənbəyi Məcnundur, yoxsa Mənsum. Hər halda, bizə qalan müəllifin səmimiyyətidir. Yoxsa nəinki kitabı, heç kiçik həcmli bir yazını da oxumaq olmur.  Yeri gəlmişkən, bizim kitabla bağlı görüşlərimizdən xeyli sonra mən ona zəng etmişdim. "525-ci qəzet" tələbə yoldaşı Telli Pənahqızı haqqında  çox yığcam olduqca ustalıqla qələmə alınmış bir yazısı verilmişdi. Zəng edib təbrik etdim yada saldım ki, belə yazıları ərsəyə gətirən belə yazıların qəhrəmanına çevrilən həmkarlarımız  hələ varsa, hələ yaşamağa dəyər, bir az da.

Sonralar mən fikirləşdim ki,  onun müsbət keyfiyyətlərinin hamısı bəlkə keçdiyi həyat yolu ilə bağlıdır.  Çünki bir çoxu ədəbiyyata da, lap elə nəşriyyata da kiminsə köməyi ilə, göydən düşürsə, Mustafa bütün yolları mərhələ-mərhələ, hər addımı fəth edə-edə gəlib. O,  Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi  ( nəşriyyat məsələsində bundan kiçik vəzifənin olacağını təsəvvür etmirəm), "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi işləyəndən sonra universitetin  jurnalistika fakültəsində təhsil alıb. Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat folklor redaksiyasının müdiri, nəşriyyatın nəsr redaksiyasının müdiri, "Gənclik" nəşriyyatında rəhbər vəzifələrdə işləyib. Yəni onu həyatda yetişdirən, sözümüzün, ədəbiyyatımızın, nəşriyyatımızın Mustafasına çevirən məhz keçdiyi  həyat  yolu olub. Mükafatları da az deyil. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə mətbuat fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyətin Təbliği Mərkəzinin "Uğur-2008" mükafatına layiq görülüb. Amma mənim fikrimcə,  onun ən böyük mükafatı məhz  xalqın, oxucuların etirafları, haqqında söylənilən yazılan fikirlərdir.

Bundan başqa yaradıcılıq məsələlərində ona böyük etimad göstərilir. Mustafa Çəmənli Heydər Əliyev Fondunun  "Azərbaycan Respublikasının Xalq artistləri" albom kitabları silsiləsindən "Arif Babayev -70", "Habil Əliyev -80", "Əlibaba Məmmədov -80", "Canəli Əkbərov -70" "Ağaxan Abdullayev -60" kitablarının müəllifidir. Bu fakt onun peşəkarlığına verilən qiymət ulu öndərin adını daşıyan fondun ədalətli mövqeyinin göstəricisi kimi çox dəyərlidir.

Sentyabrın 10-da növbəti ad gününü qeyd etmiş dostumuza, bu sahədə çalışan hər kəsin zəhmətini yorulmadan çəkən həmkarımıza cansağlığı yeni-yeni uğurlar arzu edirik.

 





16.09.2014    çap et  çap et