525.Az

Mustafa Çəmənlinin "Ölüm mələyi" (Fotolar)


 

Mustafa Çəmənlinin "Ölüm mələyi" <b style="color:red"> (Fotolar)</b> Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dəyərli yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanının təqdimat mərasimi keçirilib.

525.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) əməkdaşlarının da iştirak etdikləri tədbirdə romanın tariximizin Səfəvi xanədanı dövrünün mürəkkəb və ziddiyyətli illəri ilə bu günümüz arasında bədii-sənədli körpü salmasından, tarixi hadisələrin arxasında gizlənən hakimiyyət ehtiraslarından söz açılıb, kitabla bağlı geniş müzakirə aparılıb.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirib ki, burada dəyərli qələm sahiblərinin, görkəmli şəxsiyyətlərin yaradıcılıq gecələrinin, kitab təqdimatlarının keçirilməsi xoş bir ənənəyə çevrilib. Mustafa Çəmənli yaradıcılığından söz açan natiq onun Azərbaycan ədəbiyyatının cəfakeş nümayəndələrindən olduğunu vurğulayıb:

“Bu gün burda sərgisini keçirdiyimiz kitablar da göstərir ki, Mustafa Çəmənli Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük və dəyərli töhfələr verib. Onun “Xallı gürzə” əsərini tarixi romançılığımızda ən ciddi uğurlardan biri hesab etmək olar”.  Görkəmli dramaturq Əli Əmirli müəllifin şəxsiyyətini və yaradıcılığını uğurla səciyyələndirib: “Mustafa Çəmənli haqqında danışmaq mənim üçün çox asanddır. Ona görə ki, mən onu bir şəxsiyyət kimi də, yazıçı kimi də uzun illərdir tanıyıram. Demək olar ki, onun əsərlərinin ilk oxucusu olmuşam. Mustafa sözün əsil mənasında öz çiyinlərini ağır yük altına verən yazıçıdır. Tarixi əsər yazmaq çox çətindir, amma yazıb uğur qazanmaq ondan da çətindir. Mustafanın əsərlərinin əsas mövzusu Qarabağla bağlıdır. Mən onun “Xallı gürzə”, “Fred Asif”, “Ruhların üsyanı” əsərlərini trilogiya adlandırardım. Nəzər salsaq görərik ki, bu üç əsər həqiqətən də bir-birinə bağlı əsərlərdir. “Ölüm mələyi” tarixi romanı isə Mustafa Çəmənlinin növbəti ədəbi qələbəsidir. Bu əsərdə müəllif müasir oxucuların kitaba marağının az olmasını nəzərə alıb hadisələri asan başlanğıcdan mürəkkəbliyə doğru aparıb”. Seriallara tələbatın artdığını deyən dramaturq “Ölüm mələyi” romanının serial üçün keyfiyyətli material olduğunu da bildirib: “Düşünürəm ki, artıq tariximiz ekranlara çıxarılmalıdır. Millət öz tarixini bilməlidir, bu həm də başqa xalqlarda bizim tarixə, tarixi şəxsiyyətlərə qarşı maraq oyatmaq baxımından uğurlu addımdır. Məlum məsələdir ki, bədii əsərlər tarixə maraq oyadır. Mustafa müəllimin “Ölüm mələyi” də məhz bu missiyanı yerinə yetirir”. 

AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mustafa Çəmənlinin bu günə qədər yazdığı əsərlərdən başqa, həm də onlarla kitaba redaktorluq etdiyini vurğulayıb:

“Son zamanlar bizim qarşılaşdığımız ciddi problemlərdən biri də nəşriyyatlarda yaxşı, savadlı redaktorlar olmaması problemidir. Mən belə düşünürəm ki, Mustafa Çəmənlinin bu baxımdan bir redaktor kimi öyrənilməsi vacibdir. Özünün yaratdığı bədii əsərlər də böyük dəyərə, ehtirama layiqdir. Ümid edirəm ki, Mustafa müəllimin Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini əhatə edən əsərləri hökumətimizin də diqqətindən yayınmayacaq. Çox arzusundayam ki, Mustafa Çəmənli gördüyü işlərin layiqli qarşılığını alsın. Mustafa Çəmənlinin yaradıcılığına bələd olduğum üçün əminəm ki, “Ölüm mələyi” tarixi romanı da digər əsərləri kimi peşəkarlıqla yazılıb. Mən Mustafa müəllimə, onun yaradıcılığna göstərdiyi diqqətə görə Kərim müəllimə və Milli Kitabxananın əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Şair Ənvər Əhməd də roman haqqında təəssüratlarını bölüşüb. Mustafa Çəmənlinin yaradıcılığını daima izlədiyini qeyd edən Ə.Əhməd onu təpədən-dırnağa ədəbiyyat adamı kimi dəyərləndirib. Romandan hissələrlə sitat gətirən Ə.Əhməd yazıçının epoxanın ümumi obrazı ilə yanaşı, konkret şəxsiyyətlərin fərdi səciyyəsini də yaratmağa nail olduğunu vurğulayıb və yazıçının tarixi hadisələri, təsvirləri ustalıqla qələmə aldığını diqqətə çatdırıb. 

Tədbirdə roman haqqında olduqca maraqlı fikirlər səsləndirilib. Romanın tarixi nöqteyi-nəzərdən olduqca ardıcıl, təhrifsiz qələmə alındığını deyən tarix elmləri doktoru İlham Həsənov II Şah İsmayılın dövrü ilə bağlı hadisələri, onun Qəhqəhə qalasına salınma səbəblərini bu günə qədər heç bir tarixçinin araşdırıb ortalığa çıxarmadığını bildirib:

“Bu əsərdə müəllif Təhmasibin hakimiyyətə gəlməsini, saraydaxili çəkişmələri, ölüm, edam səhnələrini, şəxsiyyətləri, tarixi həqiqətləri bədii süzgəcdən keçirərək oxucuya çatdırıb".
 
Fəlsəfə doktoru Qürbət Mirzəzadə, şair Ramiz Məmmədzadə, tədqiqatçı Zəkulla Bayramlı, kitabın redaktoru Sevinc Nuruqızı, MHS poliqrafiya şirkətinin nümayəndəsi, şair Vasif Qurbanzadə də Mustafa Çəmənlinin həm şəxsiyyəti, həm ümumən yaradıcılığı, həm də konkret olaraq “Ölüm mələyi” romanı barədə təəssüratlarını, fikir və mülahizələrini açıqlayıblar. 

Tədbirin sonunda çıxış edən Mustafa Çəmənli yaradıcılığına göstərilən diqqətə, əsərləri və son romanı haqqında bildirilən fikirlərə görə Kərim Tahirova və Milli Kitabxanının əməkdaşlarına, eləcədə tədbir iştirakçılarına minnətdarlıq edib. 

Günel MUSA
 





08.11.2012    çap et  çap et