525.Az

Uels sammitinin yekun bəyannaməsi: müsbət məqamlar və bəzi ziddiyyətlər haqqında


 

Uels sammitinin yekun bəyannaməsi: <b style="color:red">müsbət məqamlar və bəzi ziddiyyətlər haqqında</b>

Sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində bir sıra mühüm məsələlər müzakirə edilib.

Əsas olaraq təhlükəsizlik, münaqişələrin həlli və yeni təhdidlər ətrafında danışılıb. Təşkilat hər üç istiqamət üzrə ciddi addımlar atmaq niyyətini açıq ifadə edib. Xüsusilə Rusiya və "İŞİD" amillərinə geniş yer ayrılıb. Bu kontekstdə Ukrayna, Yaxın Şərq və Qərb ölkələrinin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilib. Alyansın qəbul etdiyi yekun sənəddə bütün bunlar yer alıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Cənubi Qafqazdakı münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll olunması ayrıca vurğulanıb. Bununla yanaşı, NATO-nun sənədində bir sıra ziddiyyətli məqamlar da vardır.

Strategiya və taktika: NATO-nun yenilikləri

Son illər NATO-nun fəaliyyət strategiyasının yeniləşməsi ilə bağlı mütəxəssislər arasında ciddi müzakirələr gedir. Bu təşkilata artıq ehtiyacın qalmadığını vurğulayanlar da vardır. Əksər ekspertlər isə Şimali Atlantika Alyansına hələ ehtiyacın qaldığını əsaslandırmaqla onun, əslində, indiki mərhələnin yeni çağırışlarına uyğun strategiya seçməli olduğunu qeyd edirlər. Uelsdə keçirilən sammit müəyyən mənada bu kimi fikirlərə cavab xarakteri daşıyırdı.

NATO-nun qəbul etdiyi yekun bəyannamə bu aspektdə maraqlıdır. 113 bənddən ibarət bu sənəddə təşkilatın qarşısında duran əsas vəzifələr sadalanıb, onların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Sənədi məzmun baxımından şərti olaraq üç hissəyə bölmək olar. Birinci hissədə meydana çıxan yeni təhlükələrdən, ikincidə NATO tərəfindən bunların həll edilməsi zərurətindən və nəhayət, üçüncü hissədə həmin problemlərin konkret olaraq aradan qaldırılması strategiyasından bəhs edilir (bax: Wales Summit Declaration / www.nato.int, 5 sentyabr 2014).

Şimali Atlantika Alyansı hər şeydən əvvəl, Avratlantik təhlükəsizlik sistemində ciddi dəyişikliklərin baş verdiyini əsaslandırır, bunu "dönüş məqamı" adlandırır. Əsas səbəb kimi "Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətləri" göstərilir. Bu, təşkilatın bütöv, azad və sülhpərvər Avropa haqqında təsəvvürlərinin kökündən şübhə altına alınması kimi qəbul edilir.

Sənəddə aşağıdakılar açıq vurğulanır: "Bizdən cənubda olan regionda, Yaxın Şərqdən Şimali Afrikaya qədər ərazidə artan qeyri-sabitlik, transmilli və çoxölçülü təhlükələr təhlükəsizliyimizə təhdidlər yaradır" (bax: əvvəlki mənbəyə, 1-ci bənd). Bu təhlükə amilləri NATO-nun fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsində ciddi rol oynayır.

Coğrafi aspektdə bunlar Şərqi Avropanı (Rusiyanın timsalında), Yaxın Şərqi (dini radikalizm, son vaxtlar isə konkret olaraq, "İŞİD" təhlükəsi), Şimali Afrikanı (radikal dini qruplaşmalar, terror təşkilatları) və Cənubi Qafqazdakı münaqişələri (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) əhatə edir. Burada üstüörtülü şəkildə Sakit okean hövzəsindəki ixtilaflar (məsələn, Cənubi-Çin dənizində ərazi iddialarından qaynaqlanan münaqişələr) da nəzərə alınır.

Bu təhdidlərin hər birinə qarşı NATO fəaliyyət taktikasını müəyyənləşdirib. Bu zaman təşkilat özünü "bu proqnozlaşdırılmayan dünyada sabitliyin ən mühüm mənbəyi" kimi qələmə verir (bax: əvvəlki mənbəyə, 2-ci bənd). Alyans qarşısına qoyduğu məqsədə çatmaq üçün üç başlıca prinsipə əməl edir. Bunlar "kollektiv müdafiə", "böhranların tənzimlənməsi" və "əməkdaşlığa söykənən təhlükəsizlik"dir (bax: əvvəlki mənbə, 3-cü bənd).

Hazırda NATO üçün bu prinsiplərdən hər biri önəm kəsb edir. Ancaq son zamanlar kollektiv müdafiənin daha çox əhəmiyyət daşıdığını etiraf etmək lazımdır. Bunun əsas səbəbi yuxarıda sadalanan təhlükələrin müxtəlif xarakterli olmasıdır. Bu cür qeyri-standart hallarda mürəkkəb situasiyaların həll edilməsi kollektiv fəaliyyət tələb edir. Təcrübə göstərir ki, NATO üzvləri burada heç də həmişə obyektiv mövqe nümayiş etdirmirlər.

Misal olaraq İraq və Suriya hadisələrini göstərə bilərik. Həmin proseslərdə NATO Avropa ölkələrinin maraqlarına üstünlük verdi. Bunun fonunda Ankaranın niyyətləri bir qədər kölgədə qaldı. Eyni vəziyyət raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsində də baş verdi.

Bunlardan əlavə, NATO-nun öz daxilində kollektiv müdafiənin strategiyasına fərqli yanaşmalar var. Fransa və Almaniya müstəqil Avropa ordusu yaratmağı təklif ediblər. Bu, ABŞ-ın təşkilata nəzarətini zəiflətdiyindən, Vaşinqton tərəfindən elə də yaxşı qarşılanmır.

Münaqişələrin həlli: bir ziddiyyətin izi ilə

Kollektiv təhlükəsizlik və böhranların həlli kontekstində vacib hesab etdiyimiz bir məqamı da vurğulamaq istərdik. NATO bir çox hallarda ikili standartlar üzrə hərəkət edir. Təşkilatın Uels sammitinin sənədində də bu, özünü göstərib. Burada təhlükələr sadalanmaqla konkret ünvanlar göstərilir. Məsələn, Rusiyanın Ukraynada separatçılığı alovlandırmağa istiqamətlənmiş addımları, Yaxın Şərqdə qətliamları təşkil edən "İŞİD"-in fəaliyyəti, Şimali Afrikada bir sıra terror qruplarının, narkotik ticarət həyata keçirən qruplaşmaların, İraqda terror qruplarının, Suriya və Liviyadakı qüvvələrin və başqalarının konkret adları çəkilir. Sənəddə Rusiyanın təcavüzü bir neçə yerdə qeyd edilir, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü pozan qüvvənin adı konkret göstərilir.

Bir yerdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurəti Ermənistan və Gürcüstanla eyni kontekstdə qeyd edilir. Ancaq münaqişələrin həlli məsələsinə gələndə, yalnız "Cənubi Qafqaz" ifadəsi işlədilir. Ukrayna hadisələri cəmi 5-6 aydır ki, başlayıb. Lakin NATO-nun sənədində açıq yazılır ki, "Rusiya Krımı ilhaq etdi". Bəs onda nəyə görə 20 ildən çox bir müddətdir ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır, amma bu haqda konkret deyilmir?

Rusiya kimi böyük və güclü dövlət haqqında "işğalçı" kəlməsini işlədənlər hansı səbəblərdən Ermənistan haqqında eyni ifadələri işlətmirlər? Bəlkə, cırtdan forpostdan qorxurlar? Bu, absurddur. Bəzən hətta "Cənubi Qafqazda münaqişələrin həllinə həssas yanaşılmalı, buna görə də bəzi ifadələr işlədilməməlidir" deyirlər. Əlavə olaraq, həmişə tövsiyə olunur ki, Azərbaycanla Ermənistan bir qərara gəlsin, biz də onu dəstəkləyək.

Bağışlayın, bəs onda niyə Rusiyanın üstünə düşmüsünüz? İmkan verin, Ukrayna ilə Rusiya ortaq qərara gəlsinlər və Qərb də onu qəbul etsin. Bunun əvəzində, Moskvaya qarşı gündə bir sanksiya tətbiq olunur. Üstəlik, ABŞ prezidentindən tutmuş Avropanın orta səviyyəli siyasətçilərinə qədər "rus aqressiyası" ifadəsi işlədir. Açığı, NATO-nun Uels sammitinin yekun sənədini nəzərdən keçirərkən, müsbət emosiyalarla yanaşı, bu cür acı suallar da baş qaldırır.

"İŞİD" cəmi bir neçə aydır ki, terror törədir. Artıq ABŞ başda olmaqla ona qarşı mübarizə strategiyası hazırlanır, beynəlxalq koalisiya formalaşdırılır. Uels sammitinin yekun sənədində bu təşkilata bir neçə bənd həsr edilib. Bəs bu günə qədər Azərbaycan torpaqlarında qətliam törədən erməni terror təşkilatlarının adı niyə çəkilmir?

Doğrudur, sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmini qeyd olunur, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə diqqət yetirilir, lakin təcavüzkarın adı göstərilmir. Bu da rəsmi İrəvana şıltaqlıq etməyə əsas verir. Hətta S.Sarkisyan Azərbaycanın ərazi bütövlüyü məsələsinin və problemin beynəlxalq hüquq çərçivəsində həlli zərurətinin sənəddə qeyd olunmasından "inciyir". İrəvana qayıdandan sonra o, "mövqelərimiz əldən gedir" – deyə, hay-küy salır. Bu, Ermənistana havadarlığın bütün siyasi-hüquqi sərhədləri aşmasının nəticəsidir.

Şübhə yoxdur ki, bir sıra irəliləyişlərə (o da sırf Azərbaycan Prezidentinin diplomatik peşəkarlığı və siyasi qətiyyəti sayəsində baş tutub) baxmayaraq, NATO da daxil olmaqla beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sona qədər ardıcıl və ədalətli mövqe tutmur. Alyansın son sammitinin sənədində də Cənubi Qafqazdakı münaqişələrdə Gürcüstanın timsalında Rusiyanın təcavüzkarlığı qeyd olunub, Ermənistanın isə adı belə çəkilməyib. Açıq-aşkar ziddiyyət yaranır – yaxşı, Abxaziya və Cənubi Osetiyanı Rusiya ilhaq edib (NATO-nun sənədinə görə), bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində təcavüzkar kimdir? Əgər təcavüzkar yoxdursa, problem nədən yaranıb? 20 faiz torpaqlar necə Ermənistanın əlinə keçib?

Təəssüf ki, 113 bənddən ibarət böyük bir sənəddə bununla bağlı bir kəlmə belə yoxdur. Dağlıq Qarabağ münaqişəsi var, ancaq onu yaradan "yoxdur". İndi Ermənistanla Azərbaycan razılaşmalıdırlar. Bəs təcavüzkarla onun qurbanı hüquqi sənədlərdə tam aydın göstərilmirsə, onda nəyi razılaşdırmaq olar?

Bundan başqa, NATO birbaşa vurğulayır ki, Ukrayna, Gürcüstan və Moldovaya müstəqilliklərini qorumaq üçün konkret yardımlar edəcək. Azərbaycan üçün isə heç bir yardımdan söhbət getmir. Bəlkə, bizim ərazi bütövlüyümüzü qorumaq və müstəqilliyimizi təmin etmək üçün NATO-nun silah-sursat yardımı etməsinə ehtiyac görülmür? Nəyə görə? Ədalət naminəmi? Xeyr, ikili standartlara görə!

Newtimes.az

 





17.09.2014    çap et  çap et