525.Az

FHN xilasetmə işlərində robotlardan istifadə edir


 

FHN xilasetmə işlərində robotlardan istifadə edir<b style="color:red"></b>

Xüsusi Riskli Xilasetmə Xidməti yarandığı gündən 5224 nəfəri təhlükəli şəraitdən xilas edib.
 
Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşı Ehtiram Xəlilov məlumat verib.

Xidmətin fəaliyyəti haqda geniş məlumat verən Ehtiram Xəlilov bildirib ki, 2008-ci ildə 3 qurumun birləşməsi nəticəsində yaranan Xidmət o gündən bu günə kimi 4523 əməliyyat keçirib ki, bunların də hər biri uğurla başa çatıb:

"Keçirilən əməliyyatlar zamanı ümumilikdə 3999 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Təkcə 2014-cü il ərzində 477 nəfər xilas edilib. Şükürlər olsun ki, bu əməliyyatlar zamanı heç bir əməkdaşımızı itirməmişik.

Burada əlbəttə ki, əməkdaşlarımızın peşəkarlığı böyük rol oynayır. Bu gün Bakıda 7, Abşeron və Sumqayıtda isə 1 postumuz var. Xilasedicilər hadisə yerinə 7-8 dəqiqəyə çatırlar".

Bununla belə xilasedicilərin müəyyən problemlərlə rastlaşdığını deyən xidmət rəsmisi tıxac və hadisə yerində görülən işə yersiz müdaxilələr ucbatından gecikmələr olduğunu bildirib:
 
"Tıxac problemi ilə demək olar ki, tez-tez rastlaşırıq. Bu problemi motoxilasedicilər vasitəsi ilə aradan qaldırmağa çalışsaq da, bir məsələdə hələ də çətinliyimiz var. Bu, insanların yaralıya xilasedicilərdən əvvəl kömək etmək istəməsi ilə bağlıdır. Düzdür, bu, yaxşı bir işdir, lakin bu zaman özləri də bilmədən yaralı insanlara daha çox ziyan verirlər. Deformasiyaya uğramış avtonəqliyyatdan zərərçəkəni çıxarma qaydaları var. İnsanlara müraciət edərək bildirirəm ki, zərərçəkənə xilasedicilər gələnə qədər müdaxilə etməsinlər.

Sadəcə zərərçəkənə psixoloji dəstək və ya su versinlər. Xilasedicilər gələndə isə onlara mane olmasınlar".

Son zamanlar "bağlı qapı" ilə də bağlı müraciətlərin artdığını bildirən Ehtiram Xəlilov bu müraciətlər içərisində yalan məlumatların çox olduğunu deyib:

"Bəzən çox sadə bir hala görə müraciət edirlər. Əgər qapı bağlıdırsa, onun arxasında köməksiz uşaq, yaşlı bir insan qalmayıbsa, bir sözlə kimsə çıxılmaz durumda deyilsə, buna görə müraciət etməsinlər. Onu da qeyd edim ki, xilasedicilərimiz xidmətə başlamazdan əvvəl psixoloji xidmət bölümündə kurs və hazırlıq keçirlər. Çünki bəzən təkcə çeviklik və fiziki gücdən əlavə həm də danışıqlara ehtiyac yaranır. Gərək xilasedici psixoloji cəhətdən o qədər hazırlıqlı olsun ki, özünü öldürmək istəyən insanı fikrindən yayındıra bilsin. Bu baxımdan da təcrübəmizdə uğursuz əməliyyat olmayıb".

Xidmət rəsmisi bu işdə onlara köməklik edən xüsusi təlim görmüş itlərdən və xüsusi əməliyyatları yerinə yetirə bilən robotlardan da danışıb:

"Bu yaxınlarda Xırdalanda məcburi köçkünlərin yaşadığı yarımçıq binada baş verən partlayışda bu itlərin üstünlüyünü bir daha gördük. Sonuncu uşağı məhz xüsusi təlim görmüş itin sayəsində dağıntılar altından tapdıq. Türkiyənin Van vilayətində baş verən zəlzələ zamanı 120 nəfərdən ibarət qrup bu şəhərə ezam olundu. Bizim xilasedicilər 102 və 108 saatdan sonra canlı insan xilas etdilər. Bu zaman kinoloji qrupdan da istifadə olundu. Bu itlər canlı insan, cəsəd və partlayıcı maddə axtarışı üzrə növlərə bölünüblər... Hər itin özünəməxsus bir üstünlüyü var. O ki qaldı robota, bəzə partlayıcı əşyalara insan əli ilə toxunmaq böyük faciəyə səbəb ola bilər. Bu zaman robotlar əlimizdən tutur. Bir avtomobildə 2 xüsusi əməliyyatları yerinə yetirə bilən robotlarımız var".

 





17.09.2014    çap et  çap et