525.Az

Azərbaycan diasporunun tanınmış nümayəndəsi dünyasını dəyişib


 

Azərbaycan diasporunun tanınmış nümayəndəsi dünyasını dəyişib<b style="color:red"></b>

Fransadakı Azərbaycan diasporunun yaranmasında, formalaşmasında fəal iştirak etmiş və silinməz izlər buraxmış soydaşımız Qədir Süleymanov 97 yaşında dünyasını dəyişib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Q. Süleymanov sentyabrın 19 - da son mənzilə yola salınacaq. O, Parisdəki Monparnas məzarlığında torpağa tapşırılacaq.
  
Qeyd edək ki, 1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib.
 
Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub.

Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib.

Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.
 
Allah rəhmət eləsin!

 





17.09.2014    çap et  çap et