525.Az

Vaşinqtonda “Əsrin Müqaviləsi”nin 20 illiyi qeyd olunub


 

Vaşinqtonda “Əsrin Müqaviləsi”nin 20 illiyi qeyd olunub<b style="color:red"></b>

“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi Vaşinqtonda təntənəli surətdə qeyd olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik, “BP” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Obama Administrasiyası təmsilçiləri, o cümlədən, ABŞ Dövlət Departamenti və Enerji Departamentinin yüksək rütbəli rəsmiləri, bir sıra Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Tədbirin açılış bölümündə çıxış edən natiqlər ardıcıl olaraq “Əsrin Müqaviləsi”nin tarixi əhəmiyyəti, onun uğurlu icrası və yol açdığı digər əməkdaşlıq layihələri barədə danışıb və əldə olunmuş nailiyyətləri təqdir ediblər. Səfir Elin Süleymanov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli rəhbərliyi altında “Əsrin Müqaviləsi”nin imzalanması ilə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış qazanması istiqamətində mühüm addım atıldığını vurğulayıb və bu istiqamətdə növbəti tarixi bir hadisənin qarşıdan gələn günlərdə, sentyabrın 20-da Bakıda keçiriləcək “Əsrin Müqaviləsi”nin 20 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş verəcəyini bəyan edib. O, həmin gün Bakıda Cənub Qaz Dəhlizinin təməlatma mərasiminin keçiriləcəyini və bu əlamətdar hadisənin bütün region və iştirakçı dövlətlər üçün yeni bir eranın başlanğıcı olacağına inamını ifadə edib.
 
ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, sabiq konqresmen Bil Delahant (Bill Delahunt) və icraçı direktoru Süsən Sadıqova “Əsrin Müqaviləsi” və onun Azərbaycan və regionumuzun inkişafına verdiyi töhfə barədə danışıblar. Tədbirdə çıxış edən ABŞ Konqresinin üzvləri Cim Moran (Jim Moran), Ruben Hinoyoza (Ruben Hinojosa), Andre Karson (Andre Carson), Henri Kuellar (Henry Cuellar) və Donald Peyn (Donald Payne) ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstəklərini səsləndiriblər, ölkəmizin regionda tutduğu lider rolu qeyd ediblər və Azərbaycan xalqını “Əsrin Müqaviləsi” nəticəsində əldə olunan uğura görə təbrik ediblər. Bundan əlavə, Pit Qaleqo (Pete Gallego), Mayk Fitçpatrik (Mike Fitzpatrick) və Stiv Stokman (Steve Stockman) kimi konqresmenlər tədbirə qatılmaqla, Azərbaycana öz dəstəklərini nümayiş etdiriblər.
 
Tədbirin təşkilatçılarından biri, “BP” şirkətinin nümayəndəsi, Cənub Qaz Dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Co Mörfi (Joe Murphy) və eləcə də Trans-Adriatik qaz kəmərinin (TAP) xarici işlər üzrə direktoru Maykl Hofman (Michael Hoffman) vaxtilə “Əsrin Müqaviləsi” haqqında səsləndirilmiş pessimist proqnozlara baxmayaraq, onun uğurla icra edildiyini bildiriblər və qarşıdan gələn günlərdə təməli atılacaq Cənub Qaz Dəhlizinin də eyni uğur qazanacağına inamlarını bəyan ediblər.
 
ABŞ Administrasiyası adından çıxış edən Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn (Amos J Hochstein), Enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin (Eric Rubin) öz növbələrində “Əsrin Müqaviləsi”nin bağlanması və həyata keçirilməsinə ABŞ-ın verdiyi həlledici və davamlı dəstəyi xatırladaraq  bu layihənin ABŞ və Azərbaycan arasında möhkəm əməkdaşlığa dəlalət etdiyini göstəriblər.
 
“Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə münasibətilə Bakıda keçiriləcək tədbirə qatılacaq Amos Hokştayn və 20 il öncə Bakıda tarixi mərasimin iştirakçısı olmuş Conatan Elkaynd Cənub Qaz Dəhlizi layihəsinin geniş perspektivlərini qeyd ediblər. Erik Rubin isə öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti vurğulayaraq, bu münasibətlərin konstruktiv tərəfdaşlıq və qarşılıqlı hörmət, anlaşma və dəstək üzərində qurulduğunu bəyan edib.
 
Tədbir daha sonra Azərbaycanın istedadlı caz pianoçusu Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri  və "İpək Yolu" rəqs qrupunun ifa etdiyi Azərbaycan milli rəqsləri ilə davam edib. 

 





18.09.2014    çap et  çap et