525.Az

“İnşallah, 5 ildən sonra, “525”in 25 illiyini geniş qeyd edərik” - Müsahibə


 

“525-Cİ QƏZET”İN BAŞ REDAKTORU RƏŞAD MƏCİD: “QÜRUR DUYURAM Kİ, ÖLKƏNİN BİR NEÇƏ NƏSİL ƏBƏDİ-MƏDƏNİ, İCTİMAİ-SİYASİ ELİTASI “525”İ ÖZ QƏZETİ HESAB EDİR”

“İnşallah, 5 ildən sonra, “525”in 25 illiyini geniş qeyd edərik”<b style="color:red"> - Müsahibə</b>

Rəşad müəllim, gələn şənbə, noyabrın 17-si, Milli Dirçəliş Günündə həm “525-ci qəzetin 20 yaşı tamam olur. Hansı hisslər keçirirsiniz?

Əslində, “525”in 20 yaşı barədə bir il öncədən, qəzetin 19 yaşı tamam olan günlərdən düşünürəm. Zamanın, vaxtın göz qırpımında ötüb keçməsinin hüznüylə bahəm, həm havayı ötməyən, sevinci-kədəri, ağrısı-acısıyla dopdolu yaşanan iki sanballı onillik  qürur hissi verir.

Yubileyi qeyd etmək fikriniz varmı?

Keçən il 19 illiklə bağlı təbriklərin içərisində mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevin səmimi ürək sözləri vardı. Ədalət müəllim “525”in 20 illiyilə bağlı teatrlarımızın birində tədbir keçirilməsi təklifini söyləmişdi. Bununla bağlı nazirliyə yazdığım məktubu Ədalət müəllimə təqdim etmək üçün neçə vaxtdan bəri maşınımda gəzdirdim, amma düşünüb-daşınıb təntənəli yubiley keçirmək fikrindən vaz keçdim.

Niyə?

On il öncə “525”inGəncliksarayında keçirilmiş 10 illik yubiley tədbirinin videoyazısını bu yaxınlarda bir izlədim. O tədbirdə Azərbaycanın siyasi, ədəbi, mədəni elitasının, ictimaiyyətimizin, musiqi sənətimizin ən görkəmli nümayəndələri iştirak edib səmimi arzularını, təbriklərini söyləmişdilər. Kamera dopdolu, guruldayan zalı hərləndikcə gözümə indi aramızda olmayan tanınmış insanlar da dəyirdi kövrəlirdim. Biz özümüz o vaxt gənc idik, belə bir tədbirə, özünütəsdiqə bəlkə ehtiyacımız vardı. O yubiley barədə ən fərqli insanlar xoş sözlər söyləmişdilər. İqtidar müxalifət nümayəndələrinin, fərqli baxışları dünyagörüşü olan insanların bir yerə toplanması, bir süfrə başına yığışması o vaxt çoxlarına təəccüblü görünmüşdü bunu gizlətmədən söyləyir, belə bir tədbiri yalnız “525”in keçirə biləcəyini iddia edirdilər. Mən indi o tədbirdəki enerjini, ruhu, çıxışlardakı səmimiyyəti hiss edirəm. Düşünürəm ki, 20 illiyimizi o səviyyədən daha artıq, daha fərqli, sanballı, maraqlı edə bilməyəcəyiksə, bizi sevənlərə bu vaxt qıtlığında yenidən əziyyət verməyimizə hacət? İnşallah, daha 5 il ötər biz “525”in 25 illiyini orijinal bir mərasimlə qeyd edərik.

Axı, yubiley həm xoş sözlər, səmimi təbriklər deməkdi. Kim belə fürsətdən qaçar ki?

O təbrikləri mən “525”in əməkdaşlar,ı demək olar ki, hər gün, hər həftə ən müxtəlif, həm dəyərli insanlardan eşidirik. Fürsət olan kimi ölkənin tanınmış ziyalıları “525” haqqında xoş sözlər deməkdən çəkinmirlər. On il öncə etmişdik, indi səmimi ürək sözlərini demək, göndərmək istəyənlərə qəzetimizin səhifələri açıq olacaq. Amma yəqin “525”in veteranlarıyla 20 illik yubileyi sakit şəkildə qeyd etməkdən vaz keçməyəcəyik.

– “525” brendə çevrilib, sanbalı, səviyyəsi, təmkiniylə seçilir. Bunu necə qazandınız?

Masallıdan bir daimi oxucumuzun sözünü arabir xatırlayıram: “525” , demək olar o, biri qəzetlərin yazdıqlarını yazır, amma o qəzetləri oxuyanda təzyiqim qalxır, düşünürəm dünya dağılır, “525”i oxuyanda isə sakit, rahat oluram”. Biz tez tanınaq deyə yalanlara, şayələrə səhifələrimizdə yer vermədik, insanlarımızın əsəbləriylə oynamadıq. Qəfil gələn şöhrətə, mövsümi xülyalara uymadıq. Ağır-ağır, təmkinlə öz yolumuzu getdik.

– “525” həm yaşlıların, həm elitanın, həm gənclərin qəzeti sayılır. Buna necə nail oldunuz?

Bəlkə bu mənim xarakterimdən irəli gəlir. Bəlkə bu gün ölkədə elə bir adam tapılmaz ki, özündən 30 yaş böyük, 30 yaş kiçik insanlarla rahat, komplekssiz oturub danışa bilsin. Mən xalqımızın həyatında, mənim dünyagörüşümün formalaşmasında rolu, zəhməti olan insanlara ehtiram göstərməkdən, əllərini öpməkdən heç vaxt çəkinməmişəm. Sözündə, danışığında, cümləsində bir istedad qığılcımı gördüyüm sütül gənclərə dəstək olmaqdan, özünə güvənc yaratmaqdan yorulmamışam. Qürur duyuram ki, ölkənin bir neçə nəsil ədəbi-mədəni, ictimai-siyasi elitası “525”i öz qəzeti hesab edir. Bu gün “525”in yetirmələrinə hər yerdə rast gəlmək mümkündür. Beynəlxalq təşkilatlardan tutmuş dövlət orqanlarına, ictimai təşkilatlara, TV-lərədək ilk addımlarını “525” atmış yüzlərlə tanınmış, özünü təsdiqləmiş şəxs var. Mənim bu iyirmi ildə gəldiyim qənaət budur ki, bir insan öz sevdiyi, bacardığı işlə əzmlə, yorulmadan, tələsmədən məşğul olursa, mütləq qiymətini alır, təsdiqini tapır.

Bu 20 ildə etmək istədiyiniz, edə bilmədiyiniz nələr oldu?

Çox şeylər etdik. Oxucular üçün təzə hava, geniş pəncərə, gücümüz azalanda nəfəslik ola bildik. “525” 15 ildən artıqdır, tanınmış yazıçımız Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzində yerləşir. Bəlkə bir az kədərlidir ki, bu illərdə “525”in öz normal ofisi olmadı, qəzet bazarı formalaşmadı, qəzetlərimiz biznes strukturuna çevrilə bilmədi. Amma biz bu təmirsiz, soyuq otaqlarda da özümüzü isti, təmirli ofislərdən daha rahat hiss edirik.

BƏXTİYAR

 





09.11.2012    çap et  çap et