525.Az

Türkiyədə silah gəzdirməklə bağlı bəzi şərtlər sərtləşdirilir


 

Türkiyədə silah gəzdirməklə bağlı bəzi şərtlər sərtləşdirilir<b style="color:red"></b> Türkiyədə silah (odlu silah) gəzdirilməsi haqqında qanunda dəyişikliklər ediləcək.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin Daxili işlər komissiyasının sədri Mehmet Ersoy deyib.

Onun sözlərinə görə, bundan əvvəl parlament bir neçə dəfə silah gəzdirmək haqqında qanunda dəyişikliklərə baxıb:

"Qanunda dəyişikliklərin bu ilin sonunadək qüvvəyə minəcəyi gözlənilir".

Dəyişikliklərə görə, gözyaşardıcı qaz ölkədə silaha bərabər tutulacaq. Bundan başqa, vətəndaşlara özünümüdafiə məqsədi ilə satılan gözyaşardıcı qazın qatılığı polisin tətbiq etdiyi qazın qatılığından 12 faiz aşağı olacaq.

Qanundakı dəyişikliklər gözyaşardıcı qazın qanunsuz satışı və ondan qanunsuz istifadəyə görə bir ildən üç ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Silah daşınması haqqında qanunda dəyişikliklər qüvvəyə mindikdən sonra ordu, polis və Türkiyənin jandarm idarəsi onlara istifadəyə icazə verilən hər hansı silah növünün ölkəyə idxal edilməsi hüququnu əldə edəcəklər.

Qanundakı dəyişikliklərə görə, kustar üsulla hazırlanan, Türkiyəyə qanunsuz idxal olunan hər hansı silah növünə görə 10 il müddətinə azadlıqdan məhrumetmə və 200 min türk lirəsi məbləğində cərimə cəzası tətbiq ediləcək.

Bundan başqa, kafe, restoran, əyləncə mərkəzləri, toy şənlikləri və ictimai yerlərdə silah gəzdirilməsi qadağan olunacaq. Bu qaydanı pozanlar 2 min türk lirəsi məbləğində cərimələnəcəklər.

Dəyişikliklərə görə, alkoqollu içkilər və narkotik vasitələrdən istifadə halında üzərində silah gəzdirən hər bir şəxs barəsində ciddi sanksiyalar tətbiq olunacaq. Belə hal ilk dəfə baş verərsə, silah müsadirə olunacaq, ikinci dəfə isə silah gəzdirmək üzrə lisenziya ləğv ediləcək.

Silah gəzdirmək haqqında qanuna görə, Türkiyədə silah gəzdirmək üzrə lisenziyaya görə 3 214 türk lirəsi, onun saxlanmasına görə isə 1 028 türk lirəsi ödəmək lazımdır.

Rəsmi rəqəmlərə görə, 2013-cü ildə Türkiyədə 8,5 milyon türk lirəsi dəyərində silah satılıb.

Türkiyə dünyada silah gəzdirilməsinə icazə verilən 178 ölkə sırasına daxildir. Ölkədə hər 100 nəfərə 12 ədəd silah düşür.

Türkiyədə mülki əhalidə 3 milyon ədəd odlu silah var. Bunun cəmi 4 faizi rəsmi qeydiyyatdan keçib.
 





18.09.2014    çap et  çap et