525.Az

Zəlimxan Yaqubun şeirləri


 

Zəlimxan Yaqubun<b style="color:red"> şeirləri</b>

 

SONRA GƏLSİN

              

Şair ömrü, bağban ömrü

bir ömürdə qoşalaşdı,

İki eşqin çələngini hörüm,

ölüm sonra gəlsin.

Axşam-sabah dolanmışam

başına pərvanə kimi,

Bu ağacın çiçəyini

görüm, ölüm sonra gəlsin.

Sevən könül qoy dönməsin

yad torpağın yad daşına,

Eldən-elə ürəyimdə

ocaq dinə, od daşına.

Aşiqlərin ürəyinə,

sevənlərin yaddaşına,

Hər misramı çəmən kimi

sərim, ölüm sonra gəlsin.

              

Bu dünyadan cavan getmək,

gəlib yüzü haqlamaq var,

Qocalıq var, xəstəlik var,

çürük diştək laxlamaq var.

Ömrü-günü yaşıl donlu

bir bağ kimi saxlamaq var,

Bu çiçəyin meyvəsini

dərim, ölüm sonra gəlsin.

ÇƏTİN AĞRILAR

              

Çətin ağrılara dözmək çətindir,

Asan ağrıları çəkmək asandır.

Deməyə adamın dili gəlmir,

Ürəkdən yapışır həmişə andır.

              

Çətin ağrıları çəkmək çətindir,

Hər ürək bu yükü daşıya bilmir.

Ürək var ağrısız bir günü yoxdur,

Ağrı var ürəksiz yaşaya bilmir.

              

Çətin ağrıları dözmək çətindir,

Onu heç bir şeylə ovutmaq olmur.

Qəlbin atəşindən dağa ün düşür,

Canın yanğısını soyutmaq olmur.

              

Səbirdi, dözümdü dövlətim, varım,

Özgə nəyim var ki, səbirdən özgə.

Min il yerisəm sonu ölümdür,

Yoxdu can sirdaşım qəbirdən özgə.

BİLSƏYDİM

              

Bilsəydim ölümün tez olduğunu,

Bilsəydim ömrümün toz olduğunu,

Bilsəydim xəstəlik kəsir qapını.

Üzür ürəklərin incə sapını.

Bilsəydim yalanlar üstümə gülür,

Bilsəydim yazda da yarpaq tökülür,

Bilsəydim gün gedir, qar-yağış gəlir,

Bilsəydim payızdan əvvəl qış gəlir,

Bilsəydim evləri vaxtsız uçurur,

Bilsəydim xəyanət pusquda durur,

Bilsəydim dizləri əsdirib, əsib,

Bilsəydim xəyanət yolları kəsib,

Bilsəydim,

Bilsəydim...

GƏZİRƏM

              

Gecəli-gündüzlü axtarışdayam,

Fikrini mənimlə bölən gəzirəm.

Bu qoca dünyanın ağlayanı çox,

Ürəkdən qəşş edib gülən gəzirəm.

              

İstər dastan bağla, istər kitab yaz,

Bir qəlbin harayı dünyaya sığmaz.

Gedənlər çoxdur, gələnlər az,

Dərd bölüb ürəkdən gələn gəzirəm.

              

Dərd kündə-kündədi, yapa bilmirəm,

Qəm qalaq-qalaqdı, çapa bilmirəm.

Bircə dərd biləni tapa bilmirəm,

Xəstəyəm, dərdimdən ölən gəzirəm.

MƏNİM

              

Mənim ruhumun aynası vardı,

Mənim könlümün dünyası vardı.

Mənim öpdüyüm bulaq var idi,

Mənim qonduğum budaq var idi.

Eşqim lap gözəldən əzəl var idi,

Mənim sevdiyim gözəl var idi.

Mənim gözümün zəndi var idi,

Dilimin şəkəri, qəndi var idi.

Üzündən bahalı astar var idi,

Can deyən, can verən dostlar var idi.

Özünü öldürrəmdeyənlər vardı,

Dərdimdən qaralar geyənlər vardı.

Su kimi əriyib gedən qar deyim,

Bu gün yox olana necə var deyim.

Qalmayıb ölü, diri yoxdur,

Heç biri, heç biri, heç biri yoxdur.

HƏQİQƏT 

              

Ölümün ölümsüz xidmətləri var,

Dillə deyilməyən xidmətləri var.

Birinin adını qaldırır dağa,

Birini döndərir qaynar bulağa.

Birini Məkkəyə, Haca döndərir,

Birini başlarda taca döndərir.

Min ildən çoxdur ki, yaşayıb biri,

Hamının gözündə diridir, diri.

Ölümün ölümsüz xidmətləri var,

Ölümsüz kəslərin qiymətləri var.

Hər şeydən qiymətli, hər şeydən baha,

Üzü , baş uca, gedir sabaha.

Zaman qocalsa da, şöhrət qocalmır,

Köhnəlmir insana sədaqət sözü,

Köhnəlmir ölümün həqiqət sözü.

HƏKİM

              

Mən sənin dilini bilmirəm həkim,

Dilini, sirrini bilmirəm həkim.

Sənin bildiklərin yer-göy arası,

Mən mində birini bilmirəm, həkim.

Bu gün dərd məndədi, dərman səndədi,

Bu gün hökm səndə, fərman səndədi.

İynənin dili var, biləni sənsən.

Dərmanın dili var, biləni sənsən.

Ölüm vaxt gəlir xəstə yanına,

Fərmanı səndədi, biləni sənsən.

vaxt oxunacaq fərmanım mənim,

Onu biz bilmərik, bir Allah bilər,

Bir axşam, bir gecə, bir sabah bilər.

Allahın dediyi düz olar həkim,

İnsan xırdalanır, insan əriyir,

Dönür torpaq olur, toz olur, həkim.

İMTAHAN

              

Allah bəndəsini sınağa çəkir,

Ömür sınağına, yaş sınağına.

Bizi addım-addım yaxınlaşdırır,

Bütün sınaqların baş  sınağına.

              

Allah bəndəsini sınağa çəkir,

Ona əzab verir, iztirab verir.

Ağrısı da çoxdu, əzabı da çox,

Hər mənzil başında bir  əzab verir.

Bir başı salamat saxlaya bilmir,

Zülümə, ölümə insan can verir.

Hər addım başında ayaq saxlayır,

Bəndə Allahına imtahan verir.

ƏZRAYILIN QILINCI

              

Əllərimdən heç getməyib

mürəkkəbin qoxusu,

Özü bilir yarımçıqdı

işlərimin çoxusu.

Yarımçıqdı gör qədər

şeirim, fikrim, əsərim,

Yarımçıqdı neçə-neçə

yazılmalı dəftərim.

Durma deyir, yarat deyir

ürəyimin diqtəsi,

Hələ neçə əsərim var

qoyulmayıb nöqtəsi.

İnanmıram pis üzlə,

pis sözlə dilləndirə,

Əzrayıl bu yerində

qılıncını endirə.

Axı mən yatmışam,

hələ yuxu görəm,

Əzrayıldan, ölümdən,

qəbirdən qorxu görəm?!

HƏYAT DA, ÖLÜM  

SƏNDƏN ÖTRÜDÜ

Ömür göz qırpımı, fındıq qabığı,

Ömür bir ocaqdı, yandı, qurtarır.

Dünənə əl çatmır, sabaha imkan,

Fındıq qabığıdı, sındı qurtarır.

              

Hər gün korun-korun yanan bir ocaq,

Hər gün tüstülənən hisli bacasan.

Doğulmaq ölməkdi, ölmək doğulmaq,

Üçüncü qapı yox gedib açasan.

              

Həyat da, ölüm səndən ötrüdü,

O da düz, bu da düz, əyrisi yoxdu.

Səni aparmağa, rahatlamağa,

Ölümdən, qəbirdən qeyrisi yoxdur.

DAĞ OLMAQ, SAĞ OLMAQ

              

Ölümdən sonra da tapıb həyatı,

Dirilməkdən gözəl dünyada var.

Qoy səni dərsinlər bar ağacı tək,

Dərilməkdən gözəl dünyada var.

              

Minbir ətir kimi, min bir rəng kimi,

Səpilməkdən gözəl dünyada var.

Qoy səni öpsünlər bir bulaq kimi,

Öpülməkdən gözəl dünyada var.

              

Bir başı dumanlı, qoynu çiçəkli,

Dağ olmaqdan gözəl dünyada var.

Ağrıdan aralı, dərddən uzaqda,

Sağ olmaqdan gözəl dünyada var.

              

Dağ olmaq, sağ olmaq bir şeydi məncə,

tufan, boran apara bilmir.

Yerin zəlzələsi, göyün şimşəyi,

Səni öz köksündən qopara bilmir.

              

İNDİ

              

Dünya gözlərimdə fındıq boydadı,

Ağrılar qoymur ki, ucala dünyam.

Yağmırsa yağışım, bitmirsə gülüm,

Dünyanın nəyindən güc ala könlüm.

              

Yağmaq istəyirəm gur yağış kimi,

Zirvəyə, ətəyə, yala, yamaca.

Hopmaq istəyirəm cığıra, yola,

Çiçəyə, yarpağa, ota, ağaca.

              

Yağmağa gücüm yox, hopmağa hökmüm,

yağışam indi, seləm indi.

Uçub alaçığım, sökülüb dəyəm,

Yurdu tapdalanmış bir eləm indi.

HƏSRƏTİMİN RƏNGİ SARI

               

Dərd məni alıb başına,

Dərd başına dolandırır.

Namərdlərdən uzaq gəzib,

Mərd başına dolandırır.

              

Nəfəsim əridir qarı,

Həsrətimin rəngi sarı.

Dəyə, ocaq, hasar, barı,

Yurd başına dolandırır.

              

Hikməti var hər bir anın,

Cənnəti var hər bir yanın.

Səyyah kimi bu dünyanın,

Dörd başına dolandırır.

              

QƏLBİMİN İÇİ

              

Goru gözümlə görmüşəm,

Gor qəlbimin içindədir.

Nəşə, kədər, ölüm, həyat,

Gör, qəlbimin içindədir.

              

Kara gəlmir dağ, düz,

Alışır can, qırışır üz.

Əriyirəm gecə-gündüz,

Qor qəlbimin içindədir.

              

Ay keçdi, illər ötüşdü,

Dərd gəldi, qəmlə öpüşdü.

Güc yenə ürəyə düşdü,

Zor qəlbimin içindədir.

              

OLMAMIŞDI

              

İşıq külçəsiydi kainat onda,

Ulduz olmamışdı, Ay olmamışdı.

Yaradan heç nəyi yaratmamışdı,

Dəniz olmamışdı, çay olmamışdı.

              

Söz yoxdu Allahın sözündən əvvəl,

Göz yoxdu Allahın gözündən əvvəl.

Üz yoxdu Allahın üzündən əvvəl,

Hər say hesablanıb say olmamışdı.

              

İncidən yaratdı, dürdən yaratdı,

Göydən naxışladı, yerdən yaratdı.

Allah insanları nurdan yaratdı,

Nur kimi dünyaya pay olmamışdı.

YARAMI BOŞ BAĞLA

              

Ömrün bu yaşında xəstələnmişəm,

Zəhərdi bəxtimin barı Turanə.

Yoxdursa ağzımın dadı, ləzzəti,

Neynirəm dövləti-varı, Turanə.

              

Çağırın Gülxarı yanıma gəlsin,

Varsa bir qadası canıma gəlsin.

Qonsun arı kimi sanıma gəlsin,

Baldı başdan-başa arı, Turanə.

              

Sən yaxşı bilirsən haram ağrıyır,

Yoxdu ağrılarla aram, ağrıyır.

Yaramı boş bağla, yaram ağrıyır,

Olmasın irəngim sarı, Turanə.

               

Yanıma gələndə gülsün sifəti,

Aytəkin su versin mənə xəlvəti.

Həkimlər bu sirri bilməsin qəti,

Sən ol sirlərimin yarı, Turanə.

              

SƏN OL

              

Əlin şəfalıdı, sözün vəfalı,

Heyranın olmuşam, heyranım sən ol.

Loğman yüz illərdi köçüb dünyadan,

Ən böyük həkimim, loğmanım sən ol.

              

Təbibim, loğmanım, dostum, Mirhəşim,

Doğur sən gələndə ayım, Günəşim.

Gərək xəstəliklə özüm güləşim,

Dərd məndə olsa da, dərmanım sən ol.

              

Sağlam ol, möhkəm ol, dərin him kimi,

Ötsün ürəyimdə eşqin sim kimi.

Özün şahlıq elə bir həkim kimi,

Hökmüm, ehtiramım, fərmanım sən ol.

 





10.11.2012    çap et  çap et