525.Az

Ən çox yağıntı hansı bölgəyə düşüb?


 

Ən çox yağıntı hansı bölgəyə düşüb?<b style="color:red"></b> Son 3 sutka ərzində ölkə ərazisində ən çox yağıntı Lənkəran-Astara bölgəsinə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, ötən sutka yağıntılar respublikanın bütün bölgələrini əhatə edib, bir sutka ərzində Lənkəran-Astara bölgəsində 3-14 mm olub, burada leysan xarakterli yağışlar yağıb.

Mərkəzi Aran rayonlarında düşən yağıntının miqdarı 2-4 mm olub. Böyük Qafqazda intensiv xarakterli leysan yağışlar davam edib. Bu bölgəyə düşən yağıntıların miqdarı 8-14 mm olub.

Abşeron yarımadasında ötən sutka günün bəzi saatlarında yağış qeydə alınıb. Buraya düşən yağıntının miqdarı 1 mm-dək olub.

U.Tağıyeva bildirib ki, sentyabrın 17-dən yağıntılı, küləkli havanın müşahidə edilməsi ilə nəticələnən proses zəifləməyə doğru gedir. Ötən gecə leysan xarakterli yağışlar yağsa da, respublika ərazisində çox güclü yağıntılar qeydə alınmayıb. Amma bu prosesin ən kəskin dövrü sentyabrın 16-da axşam və sentyabrın 17-nə keçən gecə qeydə alınıb.
 





19.09.2014    çap et  çap et