525.Az

Bir şeirin mənsubiyyətindəki yanlışlıq, - Fərman Xəlilov yazır


 

YAXUD MİRZƏ ƏLİ MÖCÜZÜN İCTİMAİ-SİYASİ MÖVQEYİNƏ DAİR ZƏRURİ QEYDLƏR

Bir şeirin mənsubiyyətindəki yanlışlıq, - <b style="color:red"> Fərman Xəlilov yazır</b>

Görkəmli şair Mirzə Əli Möcüz yaradıcılığı ilə bağlı diqqətçəkən məqamlardan biri də "Naxçıvan şuralaşdı" adlandırılan şeirin onun irsinə aid edilməsidir. Uzun illərdir ki, görkəmli satirik şair Mirzə Əli Möcüzə (1874-1934) aid olunan bu şeir şairin Qulam Məmmədlinin tərtibi ilə Bakıda çap olunan kitablarının hamısına daxil edilib. Həqiqətənmi həmin şeir M.Ə.Möcüz qələminin məhsuludur? Qətiyyətlə cavab vermək olar ki: Xeyr! Keçək faktlara. Əvvəla, şeirin Möcüzün kitablarına ayaq açanadək haralarda çap olunmasını xronoloji ardıcıllıqla izləyək:

1. 10 sentyabr 1945-ci il. Bakıda çıxan "Azərbaycan gəncləri" qəzeti ədəbiyyatşünas Mübariz Əlizadənin "Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri" adlı məqaləsini dərc edir. Müəllif məqalənin bir yerində yazır. "1920-ci ilin iyul ayında Möcüz yeni bir hadisədən ilham alıb qanadlandı. Lenin-Stalinin zəfər bayrağı, xalq bayrağı Naxçıvan şəhərində dalğalanmağa başladı. Qoca şairin qəlbi qürur hissi ilə döyündü. O, qırmızı Naxçıvan - Sovet Naxçıvanı haqqında ilk şeiri və həm də ölməz sənət əsəri sayıla bilən şeirini yazdı".

Sonra müəllif şeirin tam mətnini oxuculara təqdim edir:

 

Şükrlillah millət oldu kamiran,

Xələti-həmra geyindi Naxçıvan!

Dövləti-Şura quruldu ədlilən,

Tudeyi-məzlum oldu hökmran.

Şah mat oldu, vəzir atdan düşüb,

Fil ayağı altda qaldı bəy və xan.

Mövsümi-gül gəldi, açdı qönçələr,

Bülbüli-şeyda ötər xoş dastan,

Hər tərəfdə bəzmi-işrət çidədir,

Naxçıvana rəşk edər baği-cinan.

Rəşk edər Təbriz, Şəbüstər, Xamənə,

Rəşk edər bu mülki-Azərbaycan.

Qibtəmiz yersiz deyil, var illəti,

Orda toydur, burda matəm, əlaman!

Möcüza, qan ağlama, bir gün gələr

Şərqdə qalmaz əsarətdən nişan!

 

Sonralar  Möcüzün kitablarına daxil edilən "Naxçıvan şuralaşdı" şeiri ilk dəfə olaraq belə meydana çıxır.

2. 25 noyabr 1945-ci il. M.Əlizadə "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İran Azərbaycanının şairi Möcüz Şəbüstəri" sərlövhəli məqaləsində yazır: "1920-ci ilin yayında... Naxçıvanda sovet hakimiyyəti qurulması xəbəri bütün Cənubi Azərbaycanda yayıldı. Qızıl bayraq - Lenin bayrağı, azadlıq bayrağı, Cənubi Araz çayının lap kənarında dalğalanmağa başladı... Möcüz də bu bayrağın qarşısında diz çöküb şirin ana dilində ölməz bir nəğmə qoşdu". Sonra M.Əlizadə şeirin son 8 misrasını nümunə göstərir.

3. Noyabr 1945. "Şəfəq" jurnalı, № 4.

Ərəb əlifbası ilə Təbrizdə çıxan bu jurnalın 21-ci səhifəsində haqqında bəhs etdiyimiz şeirin tam mətni "Şura Naxçıvanı" adı ilə dərc edilir. Şeirin kim tərəfindən redaksiyaya təqdim olunması göstərilmir.

4. 1948-ci il. Tədqiqatçı Q.Məmmədli şeirə "Naxçıvan şuralaşdı" adını qoyaraq onu tərtib etdiyi "Mirzə Əli Möcüz. Şeirlər" kitabına daxil edir.

Beləliklə, həmin şeir Möcüzün əsəri kimi qəbul olunur və sonralar onun Q.Məmmədli tərəfindən tərtib edilən bütün kitablarına, bir sıra almanax və  müntəxabatlara, hətta İranda çıxan iki kitabına da yol taparaq məşhurlaşır.

Qayıdaq M.Əlizadənin 1945-ci ildə çap etdirdiyi məqalələrinin üzərinə.

Birinci məqaləsində o, "qoca şairin", yəni Möcüzün bu şeiri 1920-ci ildə yazdığını bildirir. İkinci məqaləsində isə Möcüzün Naxçıvanda qaldırılan "qızıl bayraq - Lenin bayrağı, azadlıq bayrağının" qarşısında "diz çöküb nəğmə qoşmasını", yəni "Naxçıvan şuralaşdı" şeirini yazmasını qeyd edir.

Buradan açıq-aşkar görünür ki, M.Əlizadə nə Möcüzün tərcümeyi-halına, nə də şeirlərinə yaxından bələd olub. Əks halda o, belə yanlışlıqlara yol verməzdi. Nədir bu yanlışlıqlar? Əvvəla, 1920-ci ildə Möcüz M.Əlizadənin yazdığı kimi qoca deyildi, 46 yaşı var idi. İkincisi, Möcüz heç vaxt, M.Əlizadənin təbiri ilə desək, "qızıl bayraq - Lenin bayrağı"nın qarşısında diz çökməzdi. Çünki o, bolşevikləri yaxşı tanıyırdı və onları "nainsaf" adlandırır, rusları isə işğalçı hesab edirdi:

 

Deyəllə bolşevik eylər hücum Rəştə tərəf...

Çəkil kənara, əya bolşevik nainsaf!

lll

Gər ola bidar əcəm, rus evi viran olar,

Bolşevikü menşevik qanına qətan olar.

 

Bu idi Möcüzün mövqeyi!

Belə olan halda həmin şeiri Möcüz qələminin məhsulu hesab etmək olarmı?

Burada başqa bir suala da cavab vermək zərurəti meydana çıxır: "Naxçıvan şuralaşdı" şeiri hansı yolla Təbrizə - "Şəfəq" jurnalının redaksiyasına gedib çıxıb və jurnal M.Əlizadədən təxminən ay yarım sonra - noyabr ayında həmin şeiri dərc edib?

Araşdırmalar həqiqətə yaxın olan belə bir ehtimal irəli sürməyə əsas verir ki, həmin şeirin mətnini Q.Məmmədli "Şəfəq" jurnalına təqdim edib.

1941-ci ilin avqustunda sovet ordusu sıralarında azərbaycanlılardan ibarət xüsusi qrupun tərkibində İrana keçən Q.Məmmədli 1942-ci ilin martınadək, 1944-cü ilin baharından isə 1946-cı ilin aprel ayınadək orada olub. Həmin vaxt o, Cənubi Azərbaycanda həyata keçirilən ədəbi-mədəni tədbirlərdə fəal iştirak edib. Q.Məmmədli 1942-ci ildə "Vətən yolunda" qəzetində Möcüz haqqında "Həqiqəti sevən şair" adlı məqalə dərc etdirib, onun "Gündə" rədifli şeirini oxuculara çatdırıb. 1945-ci ildə isə şairin "Seçilmiş əsərləri" adlandırılan ilk kitabı məhz Q.Məmmədlinin tərtibilə Təbrizdə çap olunub. Bundan başqa, Q.Məmmədlinin Möcüzün bəzi şeirlərinin Təbrizdə çıxan "Vətən yolunda" jurnalı və "Azərbaycan" qəzetində dərc edilməsində vasitəçiliyi və köməyi olub.

Q.Məmmədlinin "Ömür dəftərindən səhifələr" kitabında (2016) yazdığına görə, müəyyən tapşırığı yerinə yetirmək üçün 1945-ci ildə qısa müddətə Bakıya gedib sonra yenə Təbrizə qayııb. Çox güman ki, elə həmin vaxt Bakıda M.Əlizadə ilə görüşərək "Naxçıvan şuralaşdı" şeirinin mətnini ondan alıb. Başqa bir versiyanı da düşünmək olar. Yəni Q.Məmmədli M.Əlizadənin məqaləsi dərc olunan "Azərbaycan gəncləri" qəzetinin 25 sentyabr 1945-ci il tarixli nömrəsindən həmin şerin mətnini köçürə bilərdi. Lakin biz birinci versiyaya daha çox üstünkük veririk. Çünki 1977-ci ilin iyun ayında  Bakıda M.Əlizadə ilə görüşümüz zamanı şəxsən bizə vaxtilə çap etdirmək üçün Möcüzün bəzi şeirlərini Q.Məmmədliyə verdiyini söyləmişdi. Hətta Q.Məmmədlinin həmin şeirləri çap etdirərkən onun (M.Əlizadənin) adını xatırlatmamasından incik qaldığını da bizə demişdi.

"Naxçıvan şuralaşdı" şeirinin Q.Məmmədlinin xətti ilə ayrıca bir vərəqdə üzü köçürülmüş variantı hazırda Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Möcüzün 454 nömrəli şəxsi fondunda saxlanılır.

Fikrimizcə, Q.Məmmədli Təbrizə qayıtdıqdan sonra həmin şeiri "Şəfəq" jurnalının redaksiyasına təqdim etmiş, jurnal isə onu özünün 1945-ci il tarixli 4-cü nömrəsində oxuculara çatdırmışdı. Maraqlıdır ki, Q.Məmmədli haqqında bəhs edilən şeirin mətnini Təbrizdə olarkən əldə edə bilmədiyinə görə həmin şeir 1945-ci ildə orada nəşr etdirdiyi Möcüzün "Seçilmiş əsərləri"nə düşməyib. Bu da onu sübüt edir ki, şeirin mətni Q.Məmmədli Bakıya gedib-qayıtdıqdan sonra onun əlinə çatıb. Əslində qətiyyətlə deyə bilərik ki, o vaxt "Naxçıvan şuralaşdı" şeirinin mətni Cənubi Azərbaycanda heç kimdə yox idi və ola da bilməzdi. Çünki əvvəla, bu şeirin avtoqrafına indiyədək heç yerdə rast gəlinməyib. İkincisi, həmin şeir Möcüzün əsərlərini hələ şairin öz sağlığında və vəfatından sonra toplayan müasirləri və pərəstişkarlarından Mirzə Mahmud Bəhrami, Məhəmmədəli Pur Əli Məhəmmədi, Əli ağa Naxçıvani, Məhəmməd Yusif Xeyrabi, Bağır Məhəmmədzadə, İsmayıl İsmayılzadə və başqalarının tərtib etdiyi qeyri-mətbu dəftər, yaxud "Divan"ların heç birində olmayıb. Nəhayət, Q.Məmmədli Təbrizdə ikən Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasında saxlanılan Möcüz avtoqraflarının üzünü köçürdüyü dəftərdə də  "Naxçıvan şuralaşdı" şeirinin izi-tozu yoxdur.

"Naxçıvan şuralaşdı" şeiri Möcüzün əsərlərinin ilk nəşrindən sonra da, iki nəşr istisna olmaqla (bu nəşrlərə "Şəfəq" jurnalının təsiri olmuşdu) Təbrizdə və Tehranda çap olunan kitablarının heç birinə daxil edilməyib. Cənubi Azərbaycan möcüzşünaslarından professor M.T.Zehtabi, M.Niqabi, H.S.Qürrayi və başqaları Möcüz yaradıcılığından bəhs edərkən "Naxçıvan şuralaşdı" şeirinin adını belə yaxına buraxmayıblar. Bir sözlə, Cənubi Azərbaycanda "Naxçıvan şuralaşdı" şeirinin Möcüzə məxsusluğu ağıla gətirilmir.

"Naxçıvan şuralaşdı" şeirinin mətninə gəldikdə isə, onun Möcüz üslubuna yad olması dərhal diqqəti cəlb edir. Şeirin mətnində işlədilən "şah", "mat", "vəzir", "fil" kimi şahmat terminləri Möcüzün leksikonu üçün xarakterik deyil.

Yaşadığı mühitdə və cəmiyyətdə həmişə ərbab və mübaşirlərin zülmünü lənətləyən Möcüzün:

 

Şah mat oldu, vəzir atdan düşüb,

Fil ayağı altda qaldı bəy və xan

- yazması da inandırıcı görünmür.

 

Bolşeviklərin düşmən elan etdiyi bəy və xanları ifşa edib gözdən salmaq sovet hakimiyyətinin ilk onilliyində Şimali Azərbaycan müəllifləri üçün daha çox xarakterik idi, nəinki cənublu müəlliflər üçün.

Dəfələrlə Şəbüstər sakinlərindən eşitmişik ki, 1920-ci illərdə və ondan qabaq şəbüstərlilərin İranda şətrənc adlandırılan şahmat oyunu haqqında geniş təsəvvürləri olmayıb. Bax elə həm də buna görə "məqsədim o idi ki, kişilər və arvadlar məni başa düşsünlər" deyən Möcüzün həmyerliləri üçün anlaşılması çətin olan yuxarıdakı misraları yazması ağılabatan deyil.

Bir daha soruşulur: Belə tutarlı faktlar qarşısında həmin şeirin Möcüz qələminə məxsusluğunu qəbul etmək olarmı? Cavab birdir: Xeyr!

Bəs bu şeirin müəllifi kimdir?

Cavab: Mübariz Əlizadə! O Mübariz Əlizadə ki, "Naxçıvan şuralaşdı" şeiri ilə eyni vaxtda uzun illər boyu  Möcüzə aid edilən "Lenin" şeirini də uydurmuşdu! (Bu barədə biz 2010-cu ildə Bakıda "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan "Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz" adlı monoqrafiyamızda bəhs etmişik). Fikrimizi sübut etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. M.Əlizadənin özü bunu boynuna alıb.Diqqət edək. Cənubi Azərbaycan möcüzşünası M.Niqabi 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Seyid Surəyə ünvanladığı məktubunda yazır: "Mübariz Əlizadə Qulamrza Budaqiyə (Cənubi Azərbaycan ziyalısıdır - F.X.) etiraf etmiş ki, "Lenin" şeiri və "Naxçıvan şurası" Möcüzün yox, bəlkə mənim qələmimdən axmışdır".

Sual oluna bilər: Həmin uydurmaçılığı etməkdə məqsəd nə imiş?

Bu sualın cavabını da ömrünün son çağlarında M.Əlizadənin özü verib! Bu barədə M.Niqabi 2016-cı ildə Təbrizdə çap etdirdiyi "Mirzə Əli Möcüzün həyatı" adlı kitabında yazır: "Mübariz Əlizadə ömrünün son çağlarında Bakı şəhərində Qulamrza Budaqiyə açıqlamışdı ki, Möcüzün mənəvi varlığını ülviləşdirmək üçün "Şura Naxçıvanı" və "Lenin" şerini yazıb və mətbuatda yaymışdı". 

M.Niqabi Seyid Surəyə yazdığı məktubunda M.Əlizadənin bu fikrinə münasibətini belə bildirir: "Rəhmətlik xamnəli şair (M.Əlizadə nəzərdə tutulur - F.X.) Möcüzü yüksəldəcəyinə, tədqiqatçıları şoxum (şum - F.X.) zəmilərinə sürütləmişdir".

Əlbəttə, M.Əlizadənin cavabını qaneedici hesab etmək olmaz. Bəs onda həmin uydurmaçılıqda əsl məqsəd nə olmuşdur? Qəti cavab belədir: Azad düşüncəli bir şəxs olan Möcüzdən kommunist-bolşevik ideologiyasına uyğunlaşdırılmış, professor M.T.Zehtabi demişkən, yeni "şair yaratmaq" cəhdi! Vəssalam. 

 





12.03.2024    çap et  çap et