525.Az

ABŞ münaqişənin həllində xalqların öz müqəddəratını həlletmə prinsipini önə çəkir


 

ABŞ münaqişənin həllində xalqların öz müqəddəratını həlletmə prinsipini önə çəkir<b style="color:red"></b> "Hər hansı bir diplomat fikir bildirirsə, beynəlxalq hüquqlardan irəli gələrək fikirlərini söyləməlidir. Milli və beynəlxalq maraqlar öz yerində, ədalət prinsipini hər şeydən üstün tutmalıdır".
 
Bu fikirləri "525"ə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistana səfəri zamanı Serj Sərkisyanla görüşündə verdiyi açıqlamalara münasibət bildirərkən deyib.

Qeyd edək ki, Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalı olduğunu bildirib. Həmin sənəddə nəzərdə tutulub ki, münaqişəsinin həlli ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını həll etmə prinsipinə əsaslanmalıdır. Həmsədr unudur ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalaraq, dinc vətəndaşlarımız öldürülüb, girov götürülüb və öz yurdlarından deportasiya edilib.

R.Zeyni hesab edir ki, Ceyms Uorlik öz şəxsi fikirlərini bildirməkdə azaddır, ancaq ədalət təmsilçisi kimi söylədiyi fikirlər beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır:

"Mən anlaya bilmirəm ki, bu insanlar nə vaxt ədalətli olacaqlar. Bir xalqın ərazi bütövlüyü pozulub və torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün düşüb. Helsinki yekun aktından, Madrid prinsiplərinə, eləcə də Praqa protokoluna xitab etmələrindən asılı olmayaraq bir məsələni birmənalı şəkildə qəbul etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən, BMT-yə üzv olandan sonra üzərinə götürdüyü beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiyalara maksimum əməl edib. Hazırda regionda və MDB-də Azərbaycandan çox bu hüquq normalarına əməl edən ikinci dövlət yoxdur".

Forum prezidenti qeyd edib ki, bundan əlavə Azərbaycan tolerantlıq və kültür, mədəniyyətlərarası və dinlərarası dialoq, eləcə də idman mərkəzi hesab olunur:

"Bütün varlığı ilə dövlət siyasətimizin əsas preoritet xətti Avropaya inteqrasiya üzərində qurulub. Bütün sahələrdə islahatlar aparılıb. BMT

Təhlükəsizlik Şurasının 2 il qeyri-daimi üzvü olub, eyni zamanda 2 dəfə sədrlik funksiyasını həyata keçirib. Azərbaycan göstərib ki, dünyada qanunlar və bəşəri hüquqlar necə idarə olunmalıdır. İndi də Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi bu vəzifəni icra edir. Kimliyindən asılı olmayaraq  hər hansı diplomat, o cümlədən Ceyms Uorlik fikir bildirirsə, ən azından ədalət prinsiplərindən çıxış etməlidir. Bir dövlət ki, işğala, təcavüzə, soyqırıma məruz qalıb, o xalqın hüquqları ilə onu işğal edən dövlətin hüquqları bir tərəziyə qoyulur".

R.Zeyni bildirib ki, Azərbaycana qarşı ədalətsiz münasibət  davam etdikcə, münaqişə də həll olunmayacaq:
"Hazırkı prinsiplər və məsələyə münasibət dəyişilməlidir. Belə münasibətlə həmsədr ölkənin nümayəndəsi hansı ədalət prinsiplərilə konfliktin həll olunmasını istəyir? Sülh yolu ilə məsələni həll etmək istəyirlərsə, onda ədalətli olmalıdırlar. Yoxsa, qəbul etməlidirlər ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq çərçivələri daxilində hərbi yolla öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Öz ölkəmizdə hərbi əməliyyatlar keçirməklə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən terrorçulara qarşı anti-terror əməliyyatı keçirərək erməni işğalçılarından torpaqları azad etmək hüququna malikik. Vətəndaş cəmiyyətinin münasibəti ondan ibarətdir ki, beynəlxalq ədalət prinsiplərindən irəli gəliriksə və eləcə də diplomatik fikirlər söyləmək istəyiriksə, onda bir millətin maraqlarını tapdalayıb, başqa millətin maraqlarını müdafiə edə bilmərik".

Ceyhun ABASOV
 





19.09.2014    çap et  çap et