525.Az

Ailəçilik uğrunda


 

Ailəçilik uğrunda <b style="color:red"></b>

Ailə ictimai-siyasi və sosial həyatda dövlətçilik və millətçilik anlayışları ilə yanaşı, mühüm önəm daşıyır.

Dünya mətbuatında da ailə quruluşu haqqında dəyərli tədqiqatlar  var. Lakin bu quruluşun əxlaqi-psixoloji münasibətlər fonunda problemləri indiyədək öz həllini tapmayıb.

İnsan doğularkən onun qəlbinə təbii olaraq "mən"lik şüuru, necə deyərlər, hakim kəsilir və o, ilk növbədə öz mənafeyini qorumağa çalışır. Bu prinsip ən yaxın münasibətlərdə olan ər-arvadın da xasiyyətində çox vaxt özünü güzəştsiz büruzə verir.

Ailədə istər ata, istərsə də ana hərəkətlərində doğruluğu sübut etməyə çalışır. Bir-birlərinə etiraz etmək də çox zaman həqiqəti ortaya çıxarmır. Operativ və təsirli informasiyaya istinad etmək isə hər bir şəxsin söhbətinin başlanğıcı olur. "Azadlıq", "demokratiya", "firavanlıq" sözləri ilə başlanan kənar informasiyalar da əksər hallarda aldadıcı olur. Bütün bunlar ailə müqəddəsliyinə kölgə salır.

Ailə cəmiyyət üçün layiqli vətəndaş tərbiyə edən orqan, bütövlükdə isə hər bir ölkənin, millətin ilk yaradıcı ictimai-sosial təşkilatıdır, kollektiv vahididir,-desək səhv etmərik.

Ailə bəşəriyyətin eradan əvvəlki on min illik "vəhşilik" dövründən sonrakı intibah mərhələsinin yaradıcısıdır.

Ümumiyyətlə, ailə insanın ən zəruri nemətinin-sağlamlığının, "insanlıq" adlandırılan keyfiyyət bazisinin qurucusudur.

Statistikadan məlumdur ki, xristianlarda qadın azadlığı və demokratiya adı altında boşanmaların sayı müsəlman dünyasına nisbətən həmişə çox olub. Bunun nəticəsidir ki, xristianlarda müqəddəs ailə öz yaradıcı, tərbiyələndirici və sağlamlaşdırıcı funksiyalarını tam həcmdə yerinə yetirə bilmir.

Müşahidələr göstərir ki, ailə qalmaqalında yuxarıda xatırlatdığım "mən"lik problemi bir sıra mənəvi dəyərlərə zərbə vurur. Ona görə də görünür, ailədə ənənəvi əmək bölgüsü ilə yanaşı, məsuliyyət bölgüsü də aparmaq lazımdır.

Məsuliyyət olan yerdə qanunçuluq da var. Ona görə məhəbbət mütləq azad və könüllü yox, həm də ictimai-siyasi, müqaviləli-humanitar münasibətdir. Ailənin möhkəmliyi də sevgi ilə yanaşı, belə münasibətlərdən irəli gəlir. Dünyanın bütün sivil ölkələrində artıq qəbul edilib ki, ailənin layihələndiricisi və qurucusu ərdir (kişidir). Bu səbəbdən də ailə daxilində yaranan problemlərin cavabdehliyini ər daşımalıdır.

Ali təhsilli insanın (ərin) qurduğu ailə daha gileysiz və nöqsansız olur. Lakin burada hansısa ailəyə "pisdir" demək də doğru deyil. Çünki hər bir ailə məlum irs zəncirinin bəndidir (halqası, təşkilatı vahididir). Ailə varsa, nəsil də, irs də mövcuddur.

Azadlıq və demokratiya haqqında ən çox söhbət gedən Avropada ailə sabitsizliyi hər iki tərəfi-əri də, arvadı da rahatsız edir. Deməli, ailəçilik fəaliyyətində azadlığın və demokratiyanın öz ənənələri və qanunları var. Bəzi ərlərin düşündüyü azadlıq isə ailə təməlini laxladır.

Əzəldən təbiət elə qurulub ki, ölkə, cəmiyyət, millət daxilində yaşayan insanın azadlığını çuvala doldurulmuş milyonlarla buğdadan hər hansı birinin sərbəstliyinə bənzətmək olar. Şərti də olsa, bu, belə qəbul edilməlidir. Çünki məlum nəzəriyyəyə əsasən, fərd çoxluqdan kənarda olmur. Ailə də fərd kimi irsin və cəmiyyətin ayrılmaz bəndidir.

Partiya və məfkurə mənsubluğu baxımından irsi mənsubluq mənasız olsa da, sağlamlıq və mənəvi saflıq, eləcə də tarixi inkişaf nöqteyi-nəzərindən hər bir irsin öyrənilməsi gələcək ailənin şəffaflıq və dəqiqlik əsasında qurulması naminə zəruridir.

"Ailəçilik" anlayışı da, "ailəçilik uğrunda" çağırışı da ailənin cəmiyyətdəki həqiqi yerini və rolunu müəyyənləşdirməyə xidmət edir.

İnsan inkişafı çağdaş ailənin də qarşısında yeni vəzifələr qoyur. Bəşəriyyətin sivil dövrünə (pilləsinə) uyğun ailə haqqında F. Engels belə deyib: "Təknikahlıq sivilizasiyalı cəmiyyətin elə bir hüceyrəsidir ki, ona əsasən biz artıq həmin cəmiyyət daxilində tamamilə inkişaf etmiş olan əksliklərin və ziddiyyətlərin təbiətini öyrənə bilərik". Mövcud təbii əksliklər və ziddiyyətlər isə məhəbbət üzərində qurulan ailənin möhkəmliyini zəiflədir.

Ərin sərbəstliyi və hökmranlığı ilə arvadın bərabər hüququ və analıq borcu ziddiyyət təşkil edir, soyuqluq və qısqanclıq yaradır.

Ailənin təbiiliyi, onun sivil səviyyəyə qalxması ilə bəşəriyyətə ikinci intibah mərhələsi qazandırması, hər bir cəmiyyətin, ölkənin və millətin gələcək xoşbəxtliyindən xəbər verir.

Məlum olduğu kimi, bəşəriyyət həyat vasitələrini kəşf etməklə birinci intibah mərhələsinə yüksəlib. Ailəni möhkəmləndirməklə ikinci mərhələ də "fəth edilib".

Azərbaycanlı milli mentalitetində qonaqpərvərvərlik, qurbanverərlik (Qurban bayramından kənarda), mehribanlıq və namusluluq kimi mənəvi dəyərlər var. Bu və başqa dəyərləri mənimsəməklə ailə anlayışını "BMT erası" dövründə növbəti intibah mərhələsinə qaldırmaq olar.

Mənəviyyatlı ər (kişi) ailə müqəddəsliyi naminə özünün keçmişdən qalmış sərbəstliyindən və hökmranlığından imtina etməyi bacarmalıdır. Əgər bir vaxtlar "mənəmlik" ona fayda verirdisə, həmin xeyiri, necə deyərlər, qurban verməlidir, onu keçmişin "arxivinə" göndərməlidir. Bu halda qısqanclıq da mənasını itirər, ailə öz yaradıcı və sağlam böyüdücü funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirər.

Avropanın çağdaş sivilizasiya şəraitində ona zorakı xristianlıq uyğun gəlmədiyi kimi, imperialistlik, militaristlik, separatistlik və terroristlik də yaraşmır. Bütün bu "keçmiş qoxulu" naqisliklər ailə problemlərinin yaranmasına, nikah pozulmalarına, körpə atasızlıqlarına və s. səbəb olur. Lakin bu hallar heç də bəşəriyyətin təbii inkişafını dayandırmır. Güclülərin zorakılığı mexanikanın "təsir əks təsirə bərabərdir"
qanunu ilə dəf edilir, zərərsizləşdirilir.

Həyatda hər bir şəxsin hərtərəfli sağlamlığı onun xoşbəxtliyidir. Sağlamlığın bazisini ana südü təşkil etdiyindən, ailənin möhkəmliyi də sağlamlığın başlanğıcıdır.

Araşdırmalar göstərir ki, ailə sağlam əsaslar üzərində qurulubsa, müəyyən tələblərə tabedirsə, hətta hansısa problemlə üzləşilirsə belə çətinliklərin aradan qaldırılması müşkül deyil. 

İctimai və sosial mənada sağlamlıq bilgisinə görə vaxtdan səmərəli istifadə etmək, ona sayğılı yanaşmaq da sağlamlığın əsas şərtlərindən sayılır.

Həyatda maneəsiz və tabe olmadan axıb gedən vaxt (zaman) olduğundan, onun qarşısında baş əymək, onu saymaq, ondan çəkinmək lazımdır. Digər tərəfdən, insanın qidalanması, qəbul etdiyi ərzaqlardan aldığı enerjinin (kalorinin) sərfi, istirahəti, rejimi (qrafiki) vaxtdan asılı olduğundan, bu amil daim diqqət mərkəzində saxlanılmalıdır.

Sağlamlıq üçün bir məsələyə də önəm verilməlidir: hər bir vətəndaş vaxt vahidi (saat, gün, ay) ərzində tamamladığı ictimai faydalı işi qiymətləndirməyi bacarmalıdır ki, sərf etdiyi enerjini də dəyərləndirə bilsin.

Başqa sözlə, vaxta hörmət və qənaət olmasa, dəqiqlikdən, şəffaflıqdan belə söhbət gedə bilməz,  əmək məhsuldarlığı barədə düşünməyə dəyməz.

Sözün həqiqi mənasında vaxtdan səmərəli yararlanmaqla,  insan öz gümrahlığına (qıvraqlığına) nəzarət edə bilər. Bu halda kimlərsə köklükdən, başqaları isə arıqlıqdan əziyyət çəkməzlər, alınan təhsil də, elm də öz səmərəsini, faydasını verər.

Ailə daxilində "vaxtsayarlıq" - hər dəqiqənin, saatın təyinatını bilmək övladların da intizamlığına və dəqiqliyinə şərait yaradır. Vaxt sayılmırsa, qiymətləndirilmirsə, sağlamlıq da arxa plana keçir.

Burada bir cəhətə də diqqət yetirək. "Təmizlik" anlayışından fərqli olaraq, "səliqəlilik" məfhumu daha geniş fəaliyyət sferasını əhatə edir. Bura çirklənməkdən uzaq olmaq, həyat vasitələrinin yerini bilmək, qida maddələrinin evdə saxlanmasını tənzimləmək, cəmiyyət tərəfindən qəbul olunmuş qayda-qanunlara vaxtında riayət etmək, verilən sözü dəyərləndirmək kimi məsələlər daxildir.

Məlumdur ki, səliqəlik olan yerdə rahatlıq da, sağlamlıq da olar, xoşbəxt yaşamaq üçün faydalı vasitələr də seçilər.

Göstərilən hər iki amil - "vaxtsayarlıq" və "səliqəlik" ailəni sabitləşdirir.

Ailə üçün başqa bir tələb - həmməqsədlikdir. "Mən", həm də "sən - "biz". Qürurluluq mənasında "mən"lik nə qədər sayğılı olsa da, ər-arvad münasibətlərində məhəbbəti artırmır. Həm ev işlərinin icrasında, həm də məsuliyyət bölgüsündə "həmsənlik" ("mən" və "sən") prinsipi, yəni birlikdə razılıqlı və eyniməqsədli şəkildə gözlənildikdə ədalətli olur.

"Həmsənlik" və ya "mənsənlik ailə daxilində müştərəkliyi, kollektivliyi və həmrəyliyi təsdiqləyir. Ailədəki birliyi standart ölkədəki birliyin, milli (ölkə əhalisi) bütövlüyün etalonu kimi qəbul etsək, deyə bilərik ki, ailəçilik problemlərinin həlli dövlətçilik qədər zəruridir. Ailəçiliyə nikah məsələsini də əlavə etsək, görərik ki, həqiqətən sivil dünyanın insanının sağlam və xoşbəxt gələcəyi həmin problemin həllindən asılıdır.

İctimai inkişaf üzrə təknikahlı ailənin yaradılması ilə bəşəriyyət ikinci intibah mərhələsinə çoxdan "yiyələnib".
Ailəçiliklə əlaqədar olaraq, mənəvi dəyərlərin mənimsənilməsi ilə və militarizmin, separatizmin və terrorizmin aradan qaldırılmasıyla bəşəriyyət üçüncü intibah mərhələsinə yüksələcək. Birlik insanları və dünyanı xilas edəcək!

Baba ƏHMƏDLİ
alim, publisist

 





19.09.2014    çap et  çap et