525.Az

Vətən üçün yaşamaq... - Bayram Məmmədov yazır


 

Vətən üçün yaşamaq... - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Həyat qəribə deyil, qəribə bildiklərimiz də həyat fəlsəfəsinin mahiyyəti ilə uzlaşır. Ona görə olmuşları həyatın əsəri bilirik...

Bəhram Əhməd oğlu 1962-ci il oktyabrın 27-də Zəngilanın Malatkeşin kəndində anadan olmuşdu. Uşaqlığında rəhmdilliliyi ilə tanınırdı. Bu yaşda uşağın bunca rəhmli olması hamını heyrətləndirirdi. Heç kimin xətrinə dəyməzdi, heç kimi incitməzdi. El arasında belə adamlara "qıyımlı adam" deyirlər; Bəhram qıyımlı uşaq idi. Təbiəti də sevirdi, canlıları da. İnsanlara zərər yetirən, insanları sağalmaz mərəzlərə düçar edən, insanların ömrünü tükəndirən canlılara qıymırdı. Uşaqlığında həyətlərində bir ilan görünmüşdü. Ata-anası ilanı öldürmək istəyəndə ağlamışdı, qıymamışdı, qoymamışdı, "Öldürməyin, yazıqdı, qoyun çıxıb getsin..." - demişdi. Sonralar bu söhbət kəndə yayılmışdı. İlan getmişdi, bir də o həndəvərlərdə görünməmişdi. Söhbət tarixləşmişdi...

Bəhram insanları, insanlığı sevirdi. İnsanlara, insanlığa yağı kəsilənləri özünə də, xalqına da yağı bilirdi. Qaşları onda çatılırdı. Ünvanı bəlli ünvanlara sarı Aşıq Şəmşirin bir misrasını pıçıldayırıdı: Yatma namərd kölgəsində qoy aparsın sel səni!..

Malatkeşin kənd orta məktəbini 1980-ci ildə əla və yaxşı qiymətlərlə bitirdi. Xeyirxahlarının məsləhəti ilə sənədlərini Dnepropetrovsk Metallurgiya İnstitutuna verdi. 80-ci illərdə SSRİ miqyasında texniki institutlarda, bir də dəqiq elmlər üzrə universitetlərdə qəbul imtahanlarında ilk iki imtahandan 9, yaxud 10 bal toplayan abituriyent digər iki imtahanı vermədən instituta (universitetə) qəbul olunurdu, tələbə olurdu. Bəhram fizikadan "əla", riyaziyyatdan "yaxşı" almışdı - tələbə oldu. Həmin gün Zəngilanın Malatkeşin kəndində də bir şükranlıq yaşanıldı...

Bəhram intizamlı tələbə idi (anası Dilarənin bir kəlamı son nəfəsinəcən yaddaşından silinməyəcəkdi: "Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi"), öyrənmək istəyən (və öyrənən!) tələbə idi (Şirindil müəllim deyirdi: Öyrənməyə həvəsi olmayanı cəbrlə, yəni güclə oxuda bilməzsən). İctimaiyyətçi tələbə idi (institutda professordan eşitmişdi: İctimai fəallıq tələbənin ürəyinin barometridi); fakültədə müəllimlər də, tələbələr də Bəhramın xətrini çox istəyirdi (bir el alğışı var: Xətirin əziz olsun!). Bu da onun məsuliyyətini daha da artırırdı. Gündüzlər Gün işığında, gecələr Ay işığında ata-anasının adına pıçıldayardı: Öyrənirəm, Zəngilana kamil mütəxəssis kimi qayıdacam! Sizin qürurunuz olacam!

Tələbələrdən biri sözarası Azərbaycanı tanımadığını demişdi. Qış sessiyasından qayıdanda Azərbaycanın tarixi yerlərindən, qədim tikililərindən, könülaçan təbiətindən, Azıx mağarasından, Qobustanın daş möcüzələrindən reproduksiyalar, Azərbaycan haqqında dünya şöhrətli arxeoloqların fikirlərindən ibarət  seçmələr aparmışdı.  Dərsdən sonra "Azərbaycanı tanıyın!" adlı informativ mühazirə oxunmuşdu. Səhərisi gün həmin tələbə bütün tələbələrin yanında etiraf etmişdi ki, Azərbaycanı tanımamaqla illərlə günah yaşayıb...

O vaxtlarda texniki institutlarda, tibb institutunda, universitetlərdə hərbi kafedra vardı, Üç yaxud dörd ildən sonra üç aylıq təlim keçən tələbələrə SSRİ müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilirdi (SSRİ dağıldıqdan sonra bu kafedralar fəaliyyətini dayandırdı. Kaş dayandırmayaydı. O kafedralar Azərbaycana çox lazım olmuşdu, çox...). Beş illik təhsildən sonra tələbələrə dövlət imtahan komissiyasının qərarı ilə mühəndis-mexanik ixtisası verilirdi...

Bu son, böyük bir gələcəyin başlanğıcı olacaqdı. Bəhram o gələcəyinin səsini Dnepropetrovskdə eşidə bilməyəckdi. O səsi ömrünün Zəngilan zirvəsində eşitməyin təşnəsiydi...

Vətənini sevənlər üçün bütün yollar Vətənə aparır, çoxusu niyyət yolu olur, niyyətlərin yolu olur - Dnepropetrovsk şəhərindən ayrılan yollardan biri Azərbaycana aparırdı. Abituriyent Bəhram Əhməd oğlu Rüstəmov Bakıya ali təhsilli mühəndis-mexanik kimi qayıdırdı. Ona elə gəlirdi ki, həmin gün zaman bir qədər ləng ötüşür. Ləng ötüşən zamanı ittiham edirdi. Hakim - hələ dil açmayan arzuları idi...

1985-ci ildə Sumqayıt Boru Prokat zavodunda mühəndis-mexanik vəzifəsinə təyin olundu. Dediyimiz başlanğıc bu idi. Bu başlanğıcdan uğurlar şaxələnəcəkdi...

Oxumuşdu, öyrənmişdi, öyrəndiklərinin işığında işləyirdi. İşi bəyənilirdi...

Ermənistanın Azərbaycandan ərazi iddiasına görə Bakıda da, Azərbaycanın iri şəhərlərində də milli-azadlıq hərəkatı getdikcə genişlənirdi. Bu hərəkat SSRİ hökumətini qorxudurdu - imperiyanın siyasi dayaqları nüfuzunu itirə bilərdi. Ona görə də bu hərəkatı siyasətin bilinən və bilinməyən üsullarından istifadə etməklə çökdürməyə qərarlı idi. Sumqayıtda erməniləri ermənilərə öldürtdürdü, buyruqçu erməni killerlər ünvanı verilmiş erməniləri "uf" demədən qətlə yetirdi. Marığa yatmış siyasi və təhlükəsizlik orqanlarının "bəçeşm" məmurları əvvəlcədən müəyyən edilmiş azərbaycanlıları məsuliyyətə cəlb etdi, onlarla azərbaycanlı həbs olundu, müxtəlif qondarma "faktlarla" istintaq aparıldı. Çox tələsik başa çatdırılan bu proses "Azərbaycanda erməniləri qırırlar" böhtanını siyasi müstəviyə gətirmək idi. Onlara cinayət işi açıldı. Neçə-neçə günahsız azərbaycanlı həbs edildi. Bir nəfərə güllələnmə hökmü oxundu. Bunlar Bəhram Rüstəmovun da heysiyyətini silkələyirdi. O da bu səviyyədə siyasiləşdirilmiş haqsızlığa (qəddarlığa) sinə gərənlərin sırasındaydı, bundan sonra erməniliklə döyüşənlərin sırasında olmağı qərara almışdı. İmperiyanın riyakarlığı Ermənistanı fəallaşdırmışdı. Bir səhər zavoda getmədi, hərbi komissarlığa getdi. Müsəlləhləşənlərlə səngərdə olmağa qərarlı idi - 1992-ci ilin sentyabr ayında könüllü olaraq döyüşən ordudaydı. Dekabrın 25-də 702 saylı moto-atıcı briqadanın taqım komandiri təyin edildi. Taqıma həvalə edilən ərazilərin daha məsuliyyətlə müdafiəsini təşkil etməyə nail oldu. İnstitutda neçə il dövlət proqramları əsasında hərbi dərslər keçmişdi, imtahanlar vermişdi, sonuncu il qoşunlarda təcrübə keçmişdi, dövlət imtahanı verdikdən sonra SSRİ müdafiə naziri ona da "leytenant" hərbi rütbəsi vermişdi, alitəhsilli mühəndis idi. Bunlar ona komandir kimi gərəkli xüsusiyyətlər (biliklər, bacarıq, düşüncə sistemi və s.) vermişdi. Üstəlik, dünyagörüşü, üstəlik, insanlarla, bu anlamda döyüşçülərlə ünsiyyət yaratma bacarığı, gerçəklikləri inandırma qabiliyyəti, üstəlik, Vətən sevgisi, üstəlik, soy-kökünün adına-şanına sədaqət. Bəhram bu amillərin vəhdətini açılan səhərlərinə dua bilirdi; taqım mərdliklə müdafiə olunurdu, hərdən döyüşçülər komandirdən müdafiədən hücuma nə vaxt keçəcəklərini də soruşurdular. "Ali Baş Komandan nə vaxt əmr versə.., - leytenant Bəhram sevgilərlə belə cavab verərdi...

Müharibə gedirdi, Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibə aparırdı...

Taqım Füzuli istiqamətində döyüşürdü. Leytenant Bəhram Rüstəmov neçə-neçə döyüşün qələbə sevincini döyüşçülərlə nəfəs-nəfəsə yaşamışdı. Bir dəfə əsgərlərdən biri soruşmuşdu: "Ən güclü əsgər necə əsgərdir?" Bəhram əsgərə mehribanlıqla baxmışdı, sonra qətiyyətlə, "Müharibədə hər döyüşü son döyüş bilib döyüşən əsgər", - demişdi.

Taqımın şəxsi heyəti 1994-cü il martın 3-də Aşağı Seyidəhmədli kəndi yaxınlığında döyüşlərə də bu əzmlə, bu ruhla başlamışdılar. Düşmən geri çəkilmə ərəfəsində ona artilleriya dəstəyi verilməyə başladı. Döyüşçülərimizin mövqeyi güclü artilleriya atəşinə məruz qalsa da, döyüş davam etdirilirdi...

Döyüş gərginləşmişdi. Mərmilərdən biri döyüşənlərimizin yaxınlığına düşdü. Taqım komandiri leytenant Bəhram Rüstəmov qəlpə yaraları alsa da, döyüşmək istəyirdi. Onu döyüşdən çıxartdılar...

Həkimlərin səylərinə baxmayaraq,  martın 11-də hərbi hospitalda gözlərini əbədi yumdu. Martın 12-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olundu...

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu...

İllər keçsə də, yaşanılmışlar unudulmur. Silahdaş deyirik, səngərdaş deyirik, döyüş yoldaşı deyirik, onlar döyüşləri də, döyüşənləri də, şəhidləri də son nəfəsəcən ruhlarının sakini bilirlər. İkinci qrup müharibə əlili Yadulla Əliyev Bəhramla eyni bölükdə xidmət edib, neçə-neçə döyüşdə səngərlərdə nəfəs-nəfəsə atışıblar. Veteran digər şəhidlər kimi Bəhramı da unutmur, unutmayacaq: "Yaxşı komandir idi, igid döyüşçü idi. Döyüşlərdə kürəyi döyüşçülərin nəfəsi ilə isinirdi. Döyüşçülərdən biri ağır yaralanmışdı. Döyüşün içindən çıxartmaq lazım idi ki, ermənilər məqam tapıb onu əsir aparmasınlar. Bəhram bir neçə döyüşçü ilə güllələr altında yaralı döyüşçünü döyüşün içindən çıxarda bildi. Yaralı döyüşçü müalicə olundu, yaşadı. Bəhram cəsarətli döyüşçü, qayğıkeş komandir idi..."

"Leytenant Bəhram Rüstəmov bacarıqlı komandir idi. Deyirdi ki, qalib gəlmək üçün döyüşçünün döyüş hazırlığı, döyüş əzmi, qələbə ruhu, kifayətedici deyil, döyüşdə planlaşdırılmış hücum da çox vacibdir. Hər döyüşə belə yanaşardı. Qələbədən sonra sevinci aşıb-daşardı. El-obasına bağlı adam idi. Mühasirəyə düşməmişdən əvvəl Zəngilana getmişdik. Onun Zəngilana sevgisinin böyüklüyünü onda gördüm. Zəngilan işğal olunanda çəkdiyi mənəvi sıxıntıları da duyurdum...", - bölüyün sürücüsü olmuş Elşən Məmmədov belə deyir...

"Leytenant Bəhram Rüstəmov yüksək intizamlı, məsuliyyətli, vətənsevər zabit idi. Taqımın şəxsi heyətinin qayğısına qalırdı, döyüşlərdə öndə gedərdi. Onun döyüş əzmi, qələbə ruhu taqımın döyüş bayrağı idi..." (Briqadanın taqım komandiri baş leytenant Məhəmməd Dadaşov)

Bəhram kimi insanlar bir ömürü bir amal üçün yaşayır: Vətən, Vətən torpağı.

Bəhram məndən bir neçə yaş kiçik idi, xarakterimizdə oxşar cəhətlər bizi bir-birimizə yaxınlaşdırmışdı. Gənclik illərimiz müharibə ərəfəsinə, sonra müharibəyə təsadüf etmişdi. Müharibədən əvvəl rayona gələndə görüşürdük. Söhbətlərimizin əksəriyyəti Zəngilanla bağlı olardı. Ermənilik üzə çıxmadığı vaxtlarda da duyumuyla deyirdi ki, bu millət məqam güdən millətdi. Məqam 1988-ci ildə göründü. Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. O da döyüşlərə könüllü getmişdi, mən də. O da zabit idi, mən də. O da döyüşürdü, mən də. O da döyüşçülərinin qələbə ruhunun cəfakeşi idi, mən də. Ərazi özünümüdafiə taborları da, yaradılan hərbi hissələr də torpaqlarımızın müdafiə döyüşlərindəydi. Ayrı rayonlarda döyüşsək də, soraq çatırdı. Qorxmazlığı, koman-dirlik səriştəsi, döyüşçülərə inamı haqqında eşitdiklərimdən qürurlanırdım. Tanıdığım, sevdiyim eloğlumun xidmətini hərbi hissənin komandirliyi də yüksək qiymətləndirirdi.

Söhbətləşəndə döyüşçülərindən biri demişdi: Döyüşlərarası fasilədə komandirin təəssüfləndiyini hiss etmişdik. Döyüşçülərdən biri maraqla, bir qədər də ərklə soruşmuşdu ki, bu təəssüf nə təəssüfüdü, komandir. Uzaqlara baxmışdı, sonra bizə. Əllərini ovxalamışdı. "Döyüşsüz keçən günlərimizə. Döyüşə-döyüşə düşməni sərhədlərimizin o tərəfinə nə qədər tez atsaq, torpaqlarımız o qədər az yaralanar..." Komandirin bu təəssüfü bizim döyüş əzmimizi, qələbə ruhumuzu kükrətmişdi...

Bəhram belə zabit idi, Bəhram belə vətəndaş idi...

Bəhramın yeganə övladı Əhməd  atasının Vətənə sevgisini sədaqətlə yaşadır...

Vətən üçün yaşayanların ömür yolu təkcə ürəklərdə yaşadılmır, bunu tarix də yaşadır...

 





12.03.2024    çap et  çap et