525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli ötən sayımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir. 

Naxçıvanın tarixində özünəməxsus rol oynamış şəxsiyyətlərdən biri buranın sonuncu xanı Kəngərli Ehsan Xan Kəlbəli Xan oğludur. 1826-28-ci illər Rusiya - İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunun sərhəngi (polkovniki) olan Ehsan xan Kəngərli rusların tərəfinə keçib qalanın alınmasında onlara kömək göstərib. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan ruslardan ibarət on minlik qoşuna başçılıq edib. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalayıb, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunub. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. 1840- ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina edib. Sonralar Krım müharibəsində (1853-56) şücaətlə vuruşub. "Müqəddəs Georgi" ordeni ilə təltif edilib. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılıb.

Naxçıvan öz görkəmli hərbi xadimləri ilə tarixə şanlı səhifələr yazıb. 1824-1883- illərdə yaşamış general-mayor Kalbalı Xan Ehsan oğlu Naxçıvanski sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, İsmayıl xan Naxçıvanskinin qardaşıdır. 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilib, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olub. Müalicədən sonra 1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak edib, döyüşlərdə igidlik göstərdiyinə görə zabit rütbəsinə layiq görülüb. Krım müharibəsində (1853-56) igidliklə vuruşub, 1855-ci ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunub. 1877-78-ci illər rus-türk müharibəsində azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri təyin olunan Naxçıvanski hərbi əməliyyatlarda böyük şücaət göstərib. Xalq arasında böyük nüfuz sahibi olan Naxçıvanski Naxçıvanın ictimai-siyasi mədəni həyatında mühüm rol oynayıb. Üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni, iki "Müqəddəs Georgi" ordeni ilə təltif olunub, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılıb.

Naxçıvanın daha bir məşhur hərbi xadimi onun qardaşı, 1819-1909-cu illərdə yaşamış general-leytenant İsmayıl Xan Ehsan Xan oğlu Naxçıvanskidir.  Tiflis hərbi gimnaziyasını bitirərək poruçik rütbəsi alıb. 1877-78-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülüb. Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olub, Naxçıvana su çəkdirib, kəhrizlər qazdırıb tarixi abidə kimi bugünədək qorunan günbəzli hamam tikdirib, Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olub. Birinci üçüncü dərəcəli "Müqəddəs Stanislav", üçüncü dördüncü dərəcəli "Müqəddəs Vladimir", dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunub.

Daha bir görkəmli hərbçi Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsi 1863-1919-cu illərdə ömür sürmüş gerenal-leytenant Hüseyn Xan II Kalbalı Xan oğlu Naxçıvanskidir. On beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilib, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət edib. 1907-ci ildə general-mayor rütbəsinə layiq görülüb. Çoxsaylı orden medallara layiq görülüb. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastırının qəbiristanlığındadır. 

Naxçıvanın görkəmli hərb xadimlərindən biri isə 1895-1938-ci illərdə yaşamış Cəmşid Naxçıvanskidir. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirən C.Naxçıvanski Birinci dünya müharibəsində (1914-18) müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olub,  "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib, 4- dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-, 4- dərəcəli "Anna", 2-ci dərəcəli "Stanislav" ordenləri ilə təltif olunub. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri Naxçıvanski başçılıq etdiyi alayla birlikdə Azərbaycana qayıdıb, 1918-ci il sentyabrın 15- türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrindən təmizləyib. Azərbaycanın müstəqilliyi uğrunda Naxçıvanski inamla vuruşub. 1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Aprel işğalından (1920) sonra onun süvari alayı bolşeviklərin tərəfinə keçib. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib. Cəmşid Naxçıvanski Azərbaycanda baş verən antisovet üsyanların yatırılmasında iştirak edib. O, Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin olunub, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayıb.   Naxçıvanski 1923 1928-ci illərdə Moskvada Ali Hərbi Akademiyanın qısa müddətli kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub. 1922-29-cu illərdə general Əlağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib. Akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən (1933) sonra, orada müəllim saxlanılıb, 3 il Ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakültənin kurs rəisi olub. 1935-ci ildə Naxçıvanski briqada komandiri (kombriq) hərbi vəzifəsinə təyin olunub. Adına Bakıda hərbi lisey, Bakıda Naxçıvanda küçə var. Naxçıvanda ev-muzeyi yaradılıb.

Naxçıvanın görkəmli ictimai-siyasi xadimlərindən biri Cəfərqulu xan Naxçıvanskidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynayıb. Cümhuriyyətin yaranması ərəfəsində onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak edib.

1920-ci il avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi tərəfindən həbs edilib Şuşa həbsxanasında vəfat edib.

(ardı var)

S.ABDULLAYEVA

 





19.09.2014    çap et  çap et