525.Az

Ərdoğanın yeni komandası


 

Ərdoğanın yeni komandası<b style="color:red"></b>

Türkiyə mətbuatının verdiyi xəbərə görə, yeni prezident Rəcəb Tayyib Ərdoğana fəaliyyətində yardım edəcək məsləhətçilər komandası müəyyənləşib.

Mətbuatda "A Takımı" adlandırılan 13 nəfərdən ibarət olan komandanın bir çox üzvləri Ərdoğanın baş nazir olduğu dövrdə də onun köməkçiləri olublar:

Fahri Kasırqa – Prezident Administrasiyasının baş katibi vəzifəsinə təyin edilib. R.T.Ərdoğan kimi o da rizəlidir. İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Türkiyənin müxtəlif regionlarında prokuror köməkçisi, prokuror, Ankaranın baş prokuroru kimi fəaliyyət göstərib. 2003-cü ildə Ədalət Nazirliyinin müşaviri vəzifəsinə təyin olunub. Türkiyə Konstitusiyasının tələblərinə uyğun olaraq 2007-ci il seçkiləri zamanı istefa verən Cəmil Çiçəyin yerinə may-avqust ayları ərzində "bitərəf ədalət naziri" vəzifəsini yerinə yetirib. 2008-ci ildə Ədalət Nazirliyinin Yüksək Müşaviri rütbəsiylə Baş nazirliyin baş məsləhətçisi vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvarından daxili işlər naziri olmuş Əfqan Alanın yerinə Baş nazirliyin müşaviri vəzifəsinə təyin olunub.

İbrahim Kalın – Baş nazirlikdə müşavir köməkçisi kimi işləmiş Kalın böyük elçi statusu ilə prezident məsləhətçisi vəzifəsini yerinə yetirməyə başlayıb, Prezident Administrasiyasının baş katibinin köməkçisi təyin olunub. R.T.Ərdoğanın xarici siyasət məsələləri üzrə əsas məsləhətçisidir.

İstanbul Universitetinin tarix fakültəsini bitirib. Malayziyanın İslam Universitetində, ABŞ-da Corc Vaşinqton Universitetində təhsil alıb. ABŞ-dakı Holy Cross (Müqəddəs Xaç) kollecində, Corctaun və Bilkənt universitetlərində"İslam düşüncəsi", "İslam-Qərb münasibətlərinə" dair dərs deyib. "MacMillan Encyclopedia of Philosophy", "Encyclopedia of Religion" və "Oxford Dictionary of Islam" kimi ensiklopedik əsərlərin yazılmasında iştirak edib. SETA (Siyaset, Ekonomi ve Toplum Araştırmaları) vəqfini yaradıb. Vəqfin ABŞ-da da ofisi mövcuddur. Baş nazirlikdə ictimai diplomatiya üzrə koordinator kimi fəaliyyət göstərmiş Kalın Ə.Davutoğlunun xarici işlər naziri təyin edilməsindən sonra 2012-ci ildə onun yerinə xarici siyasət məsələləri üzrə məsləhətçi köməkçisi təyin olunub. Kalın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması adlı prosesə məsul əsas şəxslərdən biri sayılır. İbrahim Kalın "Zaman" və "Sabah"qəzetlərində köşə yazarı olub, lakin 17 dekabr hadisələrindən sonra "Zaman" qəzetindəki fəaliyyətini dayandırıb.

Hasan Doğan – Son 7 ildə R.T.Ərdoğanın köməkçisi olub, hazırda Prezident Administrasiyasında eyni vəzifəni böyük elçi statusunda yerinə yetirir. İlahiyyat və hüquq təhsili alıb, 2001-2003-cü illərdə AKP-nin Gənclər Təşkilatının sədr müavini olub.

Lütfullah Göktaş – Baş nazirlikdə mətbuata məsul baş müşavir olan Göktaş prezidentin yeni mətbuat katibidir. 2011-ci ildən R.T.Ərdoğanın mətbuat katibidir. Mərmərə Universitetində ilahiyyat və fəlsəfə təhsili alıb. 1987-ci ildən sonra müəyyən müddət "Zaman" qəzetində jurnalist kimi fəaliyyət göstərib. 1990-cı ildən Romada yaşayıb, Vatikana aid olan Qreqorius Universitetində dinlər tarixi üzrə magistr təhsili alıb. Anadolu agentliyinin və NTV telekanalının Roma təmsilçisi olmuşdur.

Aydın Ünal – Baş nazirlikdə baş müşavir olan və R.T.Ərdoğanın çıxışlarını hazırlayan Ünal Prezidentin baş məsləhətçisi kimi fəaliyyətə başlayıb.

Haqqında məlumat azdır, cəmiyyətdə çox tanınmır. İngilis dilinin filologiyası üzrə təhsil alıb. Ali Babacan dövlət naziri olarkən, onun çıxışlarını yazıb. R.T.Ərdoğanın partiya iclaslarındakı çıxışlarını hazırlayanlardan biridir. Türkiyədə xüsusi məktəblər bağlandığı zaman Twitterdə Gülən camaatını sərt tənqid edib.

Mustafa Varank – Baş nazirlikdə R.T.Ərdoğanın baş müşaviri olan Varank da prezidentin baş məsləhətçisidir, əsas vəzifəsi prezidentin tələblərini və çıxışlarını qeyd etmək, görüşləri təşkil etməkdir. Kommunikasiya və texnologiya mütəxəssisi olan Varank İmam Hatip məktəbinin məzunudur. ODTÜ Siyasi Elmlər Akademiyasını bitirdikdən sonra xaricdə təhsil alıb.

Mücahit Arslan – R.T.Ərdoğanın xüsusi baş məsləhətçisidir. Prezident Administrasiyasında rəsmi vəzifəyə malik deyil, əvvəlki kimi xüsusi baş məsləhətçi qismində fəaliyyət göstərir. Mətbuat onun əsl adının Ali İhsan Arslan olduğunu yazır. R.T.Ərdoğanın ən yaxın adamlarından biri sayılır. AKP-nin qurucularından biri kimi qələmə verilir.

Atası M. İhsan Arslan AKP-nin Diyarbakırdan keçmiş deputatı olub. MazlumDer dərnəyinin (İnsan haqları və Mazlumlar için Dayanışma dərnəyi) keçmiş rəhbəridir və hazırda da dərnəkdə nüfuzunun və təsirinin mövcud olduğu müşahidə olunur.

Şenol Kazancı – İctimai daşınmaz əmlakların satılması, icarəyə verilməsindən məsul olan Kazancının da yeni vəzifəsi baş məsləhətçidir. Kartal Anadolu İmam Hatip Liseyindən məzundur, Türkiyə və ABŞ-da hüquq təhsili alıb. AKP-nin İstanbul İl (rayon) Gənclik Qollarını yaradıb. 2007-ci ildə Albayraklar Qrupunun televiziya kanalı TV Net-də baş redaktor vəzifəsinə gətirilib. 2011-ci ildən R.T.Ərdoğanın məsləhətçisidir. "Yeni Şafak” qəzetinin köşə yazarı da olub.

Savaş Şafak Barkçin – Baş nazirin baş müşaviri olub. Prezident Administrasiyasında baş məsləhətçi kimi fəaliyyət göstərir. Boğaziçi, Con Hopkins, Bilkənt universitetlərində təhsil alıb. 90-cı illərin ikinci yarısında o dövrün dövlət naziri A.Gülün xarici siyasət məsələləri üzrə müşaviri olub. 2003-2004-cü illərdə TİKA-nın rəhbəri, Aİ ilə aparılan müzakirələrdə nümayəndə heyətinin üzvü olub. 2008-ci ilin sonundan etibarən Baş nazirlikdə baş müşavirdir.

Yiğit Bulut – R.T.Ərdoğanın iqtisadi məsələlər üzrə baş məsləhətçisi vəzifəsini yerinə yetirir. 2013-cü ilin iyul ayından Baş nazirlikdə eyni vəzifəni yerinə yetirib. Qalatasaray, Bilkənt və Sorbon Universitetlərində təhsil alıb. Aydın Doğanın bacanağı olan keçmiş nazir Namik Kamal Zeybekin qızı ilə evli olsa da, 2010-cu ildə boşanıb. Kanal 6, Kanal E, CNN Türk kanallarında iqtisadi şərhçi, "Radikal”, "Vatan”, "Referans” qəzetlərində köşə yazarı olub. 2010-2012-ci illərdə Habertürk TV-nin baş redaktoru olub, bu illərdə Doğan Qrupuna qarşı kəskin tənqidlərlə çıxış edib. Ciner Medya Qrupu tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Star Medya Qrupu tərəfindən işə götürülüb, Kanal 24-ün baş redaktoru vəzifəsinə gətirilib,"Star" qəzetində köşə yazarıdır.

Sefer Turan – Yaxın Şərq məsələləri üzrə baş məsləhətçi. Misirin Əl-Əzhar Universitetini bitirib. Türkiyənin Yaxın Şərq üzrə öndə gələn ekspertlərindən biri sayılır. Kanal 7-nin xarici xəbərlər şöbəsinin müdiri olub. İraq və Əfqanıstan müharibələrini, Fələstin-İsrail, Livan-İsrail arasında gedən döyüşləri bilavasitə cəbhə bölgələrində müşahidə edib. Əl-cəzirə, BBC-nin ərəbdilli bölməsi kimi telekanallarda siyasi şərhlərlə çıxış edib. Sonradan TRT-nin ərəb ölkələrində yayımlanan bölməsinə rəhbərlik edib. 2011-ci ildən baş nazirin müşaviri olub.

Binali Yıldırım – R.T.Ərdoğana ən yaxın olan insanlardan biridir. Ərdoğan İstanbulun bələdiyyə sədri olduğu dövrdən onunla birlikdə fəaliyyət göstərir. 2002-ci ildən Türkiyə parlamentinin deputatıdır (2002, 2007 və 2011-ci il seçkiləri). Eyni zamanda, Ərdoğan hökumətlərində nəqliyyat naziri vəzifəsini yerinə yetirib. Son bələdiyyə seçkilərində İzmirdən namizədliyi irəli sürülüb, bu səbəbdən nazir postunu tərk edib. İddialara görə hazırda deputat olduğuna görə, R.T.Ərdoğanın qeyri-rəsmi məsləhətçisi olacaq, lakin 2015-ci ildə deputat mandatı başa çatdıqdan sonra rəsmi şəkildə vəzifəyə təyin olunması gözlənilir.

Mustafa İsen – Prezident Administrasiyasında baş məsləhətçi olacaq. Son 7 ildə Administrasiyanın baş katibi olub. Çorum İmam Hatip məktəbindən məzundur. Atatürk Universitetinin Ədəbiyyat fakültəsini bitirib, bir müddət həmin universitetdə, Belqrad, Van Yüzüncü il və Qazi universitetlərində işləyib. 1988-ci ildə Milli Təhsil Nazirliyində məsləhətçi təyin olunub. Qazi, Başkent universitetlərində türk dili və ədəbiyyatı fakültələrinin dekanı olub. 2002-ci ildə Mədəniyyət Nazirliyinə təyinat alıb, 2003-cü ildə Nazirliyin məsləhətçisi təyin olunub. Türk ədəbiyyatı və Balkanlarda (ailəsi Balkanlardan mühacirət edib) türk mədəniyyətinə dair bir çox yazıları mövcuddur. 2007-ci ilin avqust ayında A.Gülün prezident seçilməsindən sonra Prezident Administrasiyasının baş katibi təyin edilib.

Newtimes.az

 





19.09.2014    çap et  çap et