525.Az

Mənalı ömür yolu


 

Mənalı ömür yolu<b style="color:red"></b>

Mətbuatda çalışdığım illər ərzində haqqında yazı yazdığım hər bir insan mənim üçün doğmadı, əzizdi, ömrümün donmuş bir anı, bir parçasıdı. Haqqında söhbət açdığım şəxs isə bir başqa dünya, bir başqa aləmdi. Ürəyi, gözü, könlü Azərbaycan sevgisi, sevdasıyla dolu bu insan zəngin mənəviyyatı, saf əxlaqı, əqidəsi, böyük vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin ziyalısını xatırladır. Bu günsə cəmiyyətdəki mövqeyi, dövlətə, bu dövlətdə gedən yüksəlişə münasibəti ilə, respublikada tanınan, sayılıb seçilən ziyalılardandır.

Deyirlər həyat yaranışla ölüm, beşiklə məzar arasında olan bir yoldur. Hər kəs bu yolu bir cür addımlayır. Kimi elin, obanın, vətənin yükünü çiyinlərində daşıyır. Kimi vətənə yük olub yaşayır. Elinin, xalqının, vətənin yükünü yorulmadan çiyinlərində çəkənlərdən biri oldu Zülfüqar Abdullayev. Halal çörək verdi övladlarına. Onun cəmiyyət üçün layiqli vətəndaş şəxsiyyət kimi yetişməsində ailə mühitinin böyük təsiri olmuşdu. Milli təfəkkür, milli kök, babalarımızdan miras qalmış Azərbaycan adət ənənələri üzərində qərar tutan bir ailədə uşaqlıqdan aldığı düzgün tərbiyə, düzgün istiqamət onu şərəfli ömür yoluna hazırlamışdı.

Çalışdığı vəzifələrdə xalqı dövləti həmişə uca tutan, milli-mənəvi dəyərləri qoruyan sadə səmimi insanların ömrü adətən yaşanmış illərin sayı ilə deyil, bu illərin dəyəri ilə ölçülür. Belə insanlar həyatı boyu xeyirxah əməlləri, cəmiyyət üçün gərəkli faydalı işləri ilə seçilir sevilirlər. Böyük hörmət sahibi olan Zülfüqar Abdullayev yaşadığı illərin dəyəri bəhrəsi ilə fəxr ediləsi insanlardandır.

Şəmkirin Qaracəmirli kəndində dünyaya göz açıb. Böyük bir nəsil olub Abdullayevlər. Varlı, dövlətli, hamıya əl tutan, xeyirxah, qoçaq, təhsilə, oxumağa dəyər veriblər həmişə. Əmisi İsa Hacıməmməd oğlu hərtərəfli inkişaf etmiş adam idi. Nuru Paşa ilə dostluq əlaqələri vardı. Birlikdə çəkdirdikləri şəkil türk sərkərdəsinin bu böyük insana olan məhəbbətinin rəmzi kimi dəyərləndirilir. "Qaracəmirli kəndinin ziyalıları" kitabında bu böyük nəsil haqqında maraqlı tarix var. "Bulağın suyu dərindən çıxırsa, qurumaz" deyib babalar.

Zülfüqar Avdullayevin işgüzarlığı, təşkilatçılıq fəlsəfəsi, xeyirxahlığı, gözü, könlü toxluğu onun soyundan, kökündən gəlir. Əmiləri, əmisi oğlanları kimi qardaşları da respublikanın tanınmış elm adamları, alimləridir.

Hələ sovet dönəmində Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib gənc mütəxəssis kimi işlədiyi illərdə, Moskvada ali partiya məktəbini bitirib Azərbaycan KP Mərkəzi Komitəsində, Yevlax Şəmkir rayonlarında çalışdığı illərdə, Ucar Tər-Tər rayonlarına rəhbərlik etdiyi dövrdə, iyirmi ildən çox respublika texniki peşə təhsili sahəsində çalışdığı rəhbər vəzifələrdə həmişə onu bu vəzifələrə təyin etmiş dövlət başçısının etimadını, etibarını doğrultmuş, ölkənin ən yüksək mükafatlarına layiq görülmüş,dəfələrlə respublikanın ali sovetinə depudat seçilmişdir.Bir əlində qanunu, bir əlində xalqı tutmuşdu Zülfüqar Abdullayev. Tutduğu vəzifələrdən yüksəkdə onun sadəliyi, insanlığı, xeyirxahlığı dururdu. Müdriklərdən kimsə deyib: "Çox şeyi zor sərvətilə qazanmaq olar. Amma hörməti yalnız öz əməllərinlə qazana bilərsən."

Ömrünün çox hissəsini xalqının, vətəninin yolunda çalışmış Zülfüqar Abdullayevin səksən yaşı tamam oldu. Bir insan qəlbinin arzularının fonunda səksən il çox qısa bir zamandır. Amma yaşanmış illərin səksəninci pilləsindən geriyə boylananda görülmüş işlər, bəhər vermiş əməllər baxımından az da deyil. Səksən yaş deyəndə insanın təsəvvüründə başı buludlara dəyən əzəmətli bir dağ canlanır. Bu dağın zirvəsi günəş işığında bərq vuran gümüşü qar, ətəkləri isə xeyirxah əməllərin, zəhmətin bəhrəsi olan əlvan çiçəklərə bənzəyir. Həyat qəribədir, çox sürətlə dəyişir. Bizim özümüz kimi. Görkəmimizdən daxili aləmimizədək. Dəyişməyən təkcə düşüncələr, münasibətlər yaşantılardır. Zülfüqar Abdullayevin mənəviyyatı, əqidəsi, doğulduğu Qaracəmirli kəndində uşaq vaxtı bir yerdə oynayıb, böyüdüyü insanlara, Gəncədə, Moskvada birlikdə ali təhsil aldığı yoldaşlara, oturub durduğu, dostluq etdiyi adamlara olan münasibəti dəyişmədi, daha da istiləşdi. Vaxtı ilə oxuduğu "Qobusnamə" Keykavusun oğlu Gilanşaha nəsihətində dediyi sözləri indi yadda saxlayır. - "Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd adamlarda nöqsan olmaz. Yalnız yaxşı istedadlı adamlarla dostluq et. Dostun adamların haqqını tapdalama".

Deyirlər insanın alın yazısı, taleh yazısı var. Hamı kimi Abdullayevlər talehin hökmündən qaça bilmədilər. Böyük qardaşı Ələkbər dünyasını dəyişəndən sonra nəslin övladları Zülfüqar müəllimi özlərinin ağsaqqalı, yolgöstərəni, məsləhət yeri bildilər. Böyük hörmət ehtiram göstərdilər ona. Yaşadıqca qayğıları çoxalır, çoxaldıqca mətinləşirdi. Tanrı sınağa çəkirdi onu elə bil. Bir-birinin ardınca olan itkilərin ağırlığını ömür gün yoldaşı Səmayə xanımla birlikdə çəkdi. Birgə gəldilər bu acıların öhdəsindən. Təsəlli verdilər bir-birinə. Səbirli oldular. Nazildilər, amma üzülmədilər. Yenidən güc tapdılar yaşamaq üçün, övladlarını, nəvələrini böyütmək üçün. Belə bir qadının dəyanəti, mətanəti güc verirdi evin kişisinə. Səmayə xanım adi qadınlardan deyil. Yüksək təhsil almış ziyalı anadı, nənədi. "Filosoflardan biri deyib ki, əgər qadın şahlıq kimi dəyərləndirilsəydi, ana şahlığın tacı, nənə şahlıq tacının zirvəsi hesab olunardı." Ana ilahi qüvvə, ulu varlıqdır. Alilik, adilik, aqillik zirvəsidir. Yaradan, yaşadan, ərsəyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır.

Dərdi verən illər keçdikcə onu yavaş-yavaş unutdurur. Unudulmayan həyatda qoyduğun iz, yaxşı ad-san, pak əməl, xeyirxahlıq olur.

Vaqif ŞÜKÜROV

 





23.09.2014    çap et  çap et