525.Az

Alim ömrü poetik sözdə


 

Alim ömrü poetik sözdə<b style="color:red"></b>

Poetik fikir müstəvisində ictimailəşdirilən bioqrafiya  söz adamına aiddirsə, müəyyən mənada, duyğusal olur. Belə bioqrafiyalar bəzən hiss edilməsi çətin olmayan həsəd yaradır...


Professor
Qəzənfər Paşayev çağdaş ədəbiyyatımızın cəfakeşlərindəndir. Onun tədqiqatları ədəbiyyatımızın dünənini işıqlandırır, tarixin çox gizlincləri onun təxəyyülü, təhlilləri ilə öz layiqli yerini tapır. Nəsimişünaslığa ən dəyərli əsərlərdən birinin ("İmaməddin Nəsimi. İraq divanı") müəllifi kimi söz dünyamızı cəsarətlə, sevgilərlə araşdıran, böyük şairin poetik dünyasının incəliklərini aşkarlayan, həmin işığın qarşısını kəsən biganəlik pərdəsini cəsarətlə götürən professor  Qəzənfər Paşayevin bioqrafiyası (həm ədəbi bioqrafiyası) təbii ki, diqqətdən kənarda qala bilməz. "Xalqını canından əziz bilən, əqidəsinə, dostlara sədaqətli olan" (Qurban Bayramov) Qəzənfər müəllimin istər özü ilə, istərsə əsərləri ilə həmsöhbət olmaq, sözün həqiqi mənasında, bir məktəb keçmək deməkdir. İstedadlı şair Vaqif İsaqoğlu məhz bu baxımdan zəngin bioqrafiyaya malik olan professor Qəzənfər Paşayev haqqında dəyərli bir əsər yazıb: "Mənalı ömrün dastanı". Ömrün mənası haqqında müxtəlif fikirlər səslənə bilər, hərə bu istilahı özünün dünyaduyumuna müvafiq mənalandırar. Vaqif  İsaqoğlunun təqdimatında bu istilah xalqa, millətə, dövlətə, sözə (ədəbiyyata) bağlılığın nəticəsi kimi verilib zənnimcə, müəllif haqlıdır.


Bu
yol hardan başlanır? Əsərdə bu suala da cavab var: Tovuz rayonunun Düzqırıqlı kəndindən. Bu yol, səmimi desək, çətinliklərdən keçib. Bu çətinliklər həvəsin, istəyin, məqsədin assosiasiyasının gücü ilə "əriyib" nəticə etibarilə alim ömrü ilə qovuşub. Vaqif İsaqoğlu bunu uğurla poetikləşdirrməyi bacarıb. Əsər oxucuya həm işıqlı ömürdən düşən işığın gözçəkən olduğunu xatırladır.


"
Xeyirxah işiylə, əməlləriylə dünyada bir dünya quran", "həmişə haqqın səsinə səs verən, millətin adını ucaltmaqla millətin gözündə ucalan", ... professor Qəzənfər Paşayev xarakterinin bir çalarını

 

İçərək Günəşin şəfəqlərini

Özü bir nur kimi zülməti yarıb

 

beyti açır   həyatiliyi ilə diqqəti çəkir.

Şairin təqdimatında çoxumuza bəlli olmayan məqamlar poetik təkhiyyə ilə verilir, bir zamanlar (1964-1989) Azərbaycan Pedaqoji Dillər İnstitutunda kafedra müdiri olan, müəllimlik eləyən bu istedadlı alimin yolunu (müəllimlik yolunu) əsərləri davam etdirir. Bu sıradan yeddi cildlik seçilmiş əsərləri :

 

O böyük alimin yeddi kitabı,

Ürək arzusudu, könül yarıdı.

Qəzənfər müəllimin hər bir əsəri

Halal dövlətidi, halal varıdı...

 

Professor Qəzənfər Paşayev alim olaraq kimliyini qətiyyətlə təsdiq eləyib. Bu baxımdan onun imzasını "ədəbi sertifikat" hesab etmək mümkündür. Vaqif  İsaqoğlu məhz bu məqamı nəzərə alaraq yazır:

 

Dünyada tanıdıb öz imzasını,

İmzalar içində gəz imzasını,

Urvata mindirib söz imzasını..

 

Ümumiyyətlə, "Mənalı ömrün dastanı" poeması uğurlu hesab edilməlidir; zəngin bioqrafiyaya malik tutarlı elmi təfəkkürün daşıyıcısı olan alim haqqında tutarlı kitab...


Rəşid
Faxralı

 





23.09.2014    çap et  çap et