525.Az

İntizarla gözlədiyim "Ədəbi köşk" və məyusluğum - Qəzənfər Paşayev yazır


 

İntizarla gözlədiyim "Ədəbi köşk" və məyusluğum - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Sevimli "525-ci qəzet"də təqdim edilən "Ədəbi köşk" və "Facebook" səhifələrini maraqla oxuyuram. Səmimiyyətlə deyirəm, Nadir Yalçın və Sevinc Qarayevanın aktual mövzulara həsr olunan bu materialları həmişə diqqətimi cəlb edir. Nadirin "Ədəbi köşk"də yer alan, qeyri-adi tərzdə təqdim edilən "Mirzə Ələkbər Sabir bayağıdır?!" yazısını oxuyanda bilmədim gülüm, ya ağlayım.

Nadir Yalçının yazı manerası üstə kökləndim. Ayxan Ayaz, Mehdi Dostəlizadə və "Kulis"in baş redaktoru Ulucay Akifin M.Ə.Sabirlə bağlı fikirləri yadıma iki hadisəni saldı. Birincisi, Xoşqədəm Hidayətqızının verilişinin qəhrəmanlarından biri, ərindən ayrılaraq Bakıda yaşamaq həvəsinə düşən Gülxanımın qeyri-adi sözləri yadıma düşdü. Gülxanımın ölçüsüz-biçimsiz danışmağı məclisdə cəm olan müğənniləri, musiqiçiləri və aşıqları onunla məzələnməyə sövq etdi. Gözlənilmədən Gülxanım dedi: "Siz mənim hesabıma özünüzə reytinq yığırsınız?"

İkincisi isə bir müddət bundan əvvəl ömründə bir misra belə şeir yazmayan, görkəmli şairlərimizi təftiş edən bəzi siyasətçilər meydana gəlmişdi: "Görün mən kimləri tənqid edirəm" - deyə hədyan-hədyan danışırdılar. Müğənni və musiqiçilər Gülxanımın hesabına reytinq yığdığı kimi, onlar da görkəmli şairlərimizin hesabına reytinq yığmaq həvəsinə düşmüşdülər. Ulu öndərimiz onların hərəkətini mənəviyyatsızlıq adlandırandan sonra, həmin sözün mənasını ordan-burdan öyrəndilər və susdular.

Vaxtaşırı bizi dünyada tanıdan Nəsimi, Şah İsmayıl Xətai, Füzuli, Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi poeziyamızın zirvəsində dayanan, məktəb yaradan dünya şöhrətli şairlərimizin bostanına söz adamlarının daş atması təəccüb və təəssüf doğurur.

Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə çap olunan oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nə nəzər salsaq, görərik ki, minlərlə sevimli şairlərimiz vardır. Təkcə M.Ə.Sabirin vətəni Şamaxıdan altı görkəmli şair çıxmışdıır. Üzdə olan, dünyada tanınan şairlərimizi aşağılamaq təkcə bəndələrə deyil, Allaha da xoş gəlməz. Başa düşmürəm, "Kulis"çilərin qeyri-obyektiv münasibəti haradan qaynaqlanır? Axı, onların reytinq yığmağa və ya özünü təsdiqə heç bir ehtiyacı yoxdur.

Sabirin yaradıcılığına günümüzün gözü ilə baxmaq heç bir ölçüyə sığmır. Qeyrət simvolumuz M.Ə.Sabirin yaradıcılığını bəyənməmək məyusluq doğurur. Sabir nəinki Azərbaycanda, eləcə də Türkiyədə, İranda, xüsusən də İraqda sevilən, "Hophopnamə"si əl-əl gəzən qüdrətli şairdir.

Görkəmli kürd şairi Abdulla Qoran ərəb, fars və Azərbaycan dilinin İraq türkman ləhcəsini mükəmməl bilir və Kərkükdə dərs deyirdi. Azərbaycanda olmuşdu. "Xəzər dəryasının sahil qızı" adlı şeirini Bakıya həsr etmişdi. Siyasi baxışlarına görə Kərkükdə zindana atılan şairin yeganə arzusu Sabirin "Hophopnamə"sini əldə etmək olub və arzusuna çatıb. Abdulla Qoranın "Zindan şeirləri" toplusu "Hophopnamə"nin təsiri altında yazılıb.

Onu da deyim ki, professor Abbas Zamanovun Bağdadda iraqlı soydaşlarımızın "Qardaşlıq" dərgisində Sabir haqqında maraqlı məqalələri çıxmışdı. Mənim təqdimatımda şairin "Əzrailin istefası" şeiri və Məhəmməd Xurşid Daquqlunun "Sabirin uşaq şeirləri" məqaləsi də "Qardaşlıq" dərgisində çap olunmuşdu. Bütün bunlar böyük əks-səda doğurmuşdu.

Yuxarıda dediyim kimi, M.Ə.Sabirin "Hophopnamə"si Türkman elində çox məşhurdur. Ərəb qrafikasında çap edilmiş "Hophopnamə"ni xalq ruhunda şeirlər yazan, uşaq nağıllarını nəzmə çəkən Mustafa Gök Qayanın kitab mağazasında şəxsən görmüşdüm. "Hophopnamə"ni satmırdı. Arzu edənlər gəlib mağazada oxuya bilərdilər. Məncə, bu alverin incə bir üsulu idi. Mağazada oturub "Hophopnamə"ni və başqa kitabları  oxuyanlara təmənnasız çay, kofe və su verilərdi. Mağazanı tərk edəndə onlar qələmdən, dəftərdən, kitabdan və sair bir nəsnə alardılar.

Vaxtaşırı M.Ə.Sabirin ikicildlik "Hophopnamə"sini vərəqləyirəm. Həmişə də fikirləşirəm. Bu qeyri-adi, qorxmaz, qeyrətli şairi mollalar, nadanlar, iranlılar, qoçular necə olub öldürməyiblər? Axı, şairin tənqid hədəfi əsasən onlar idi.

M.Ə.Sabir bizim Qeyrət, Füzuli Heyrət qalamızdır. Xalq şairi Zəlimxan Yaqub bunu dərindən duymuşdu və qələmə almışdı:

 

Gözəlliyə, gözələ könlünü bağlayanda

Füzuli "Heyrət" - dedi.

Millətinin halına güləndə, ağlayanda

Sabirim "Qeyrət" - dedi.

Heyrət ilə Qeyrəti yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar!

Hər biri bu dünyada həyat qədər qalası,

Azərbaycan şerinin

Biri Heyrət qalası

Biri Qeyrət qalası.

 

Gəlin, M.Ə.Sabirin bostanına daş atmaq əvəzinə, ondan öyrənək.

 





06.04.2024    çap et  çap et