525.Az

Mərkəzi Asiyada yeni ittifaq yaranır - Xaqani Cəfərli yazır


 

Mərkəzi Asiyada yeni ittifaq yaranır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya-Ukrayna müharibəsi postsovet məkanında yeni geosiyasi proseslər başladıb. Sovet İttifaqının dağılmasından ötən müddət ərzində Rusiyanın yaratdığı "təhlükəsizlik çətiri"nin altında özlərini üçüncü ölkədən gələ biləcək təhlükələrdən sığortalanmış hesab edən Mərkəzi Asiya ölkələri çox ciddi təhdidlərlə üz-üzə qalacaqlarından ehtiyat edərək yeni əməkdaşlıq formatları yaratmağa çalışırlar. Qazaxıstanla Özbəkistan arasında imzalanmış "Müttəfiqlik münasibətləri haqqında" müqavilə Mərkəzi Asiyada yeni əməkdaşlıq formatının başlanğıcı ola bilər. Sazişin hədəfi Qazaxıstan-Özbəkistan münasibətlərini yeni səviyyə çıxarmaq, o cümlədən, iki dövlətin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və davamlı iqtisadi inkişafına kömək etməkdir. Müqaviləyə görə, Qazaxıstan və Özbəkistan qarşı tərəfə yönəlmiş hər hansı blok və ya təşəbbüsdə iştirak etməkdən çəkinmək öhdəliyi götürür. Müqaviləyə görə, Astana və Daşkənd arasında yeni əməkdaşlıq mexanizmi - dövlət başçıları səviyyəsində Ali Dövlətlərarası Şura yaradılır. Özbəkistandakı "Mano" Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev hesab edir ki, region üçün ümumi bir təhlükə var və o təhlükə terror təşkilatlarının silahlı qruplarının cəmləşdiyi Əfqanıstandan gəlir. "Müqaviləyə əsasən, müttəfiq elan edən ölkələr üçüncü dövlətlərin hücumu zamanı qarşılıqlı hərbi yardım da daxil olmaqla, müəyyən öhdəliklər götürürlər. Bu müqavilədə qeyd edilməli olan ən vacib şey budur. Sənədə əsasən, müttəfiqə diplomatik və digər yardımlar göstəriləcək. Müdaxiləyə məruz qalmış ölkə təkbaşına təcavüzün öhdəsindən gələ bilməsə, müttəfiq qoşun göndərəcək".

Aprelin 17-də Qırğızıstan Prezidenti Sadır Japarovun Astanaya rəsmi səfəri regionda Astana-Daşkənd-Bişkek oxunun yaranmasına təkan verə bilər. Bu səfər zamanı Qazaxıstan və Qırğızıstan arasında müttəfiqlik əlaqələrinin genişləndirilməsi haqqında sazişin imzalanması nəzərdə tutulur. Astana və Bişkek müttəfiqinə zərər verə biləcək hər hansısa bir blok və ya ittifaqda iştirak etməməyi öhdəsinə götürməklə yanaşı, bir-birinin təhlükəsizliyini təhdid edə biləcək üçüncü tərəflərlə əməkdaşlıqdan da çəkinəcək.

Özbəkistanla Qazaxıstan və Qırğızıstanla Qazaxıstan arasında müqavilərinin əsas maddəsi müttəfiqinə qarşı blokda iştirak etməmək və müttəfiqini təhdid edən tərəflə əməkdaşlıq etməmək öhdəliyidir. Bu, bütün ölkələrə verilən bir mesaj hesab olunur. Həmin mesajın mahiyyəti ondan ibarətdir ki, Qazaxıstanı təhdid edən ölkə Özbəkistan və Qırğızıstanla əlaqələrini təhlükəyə atmış olacaq. Mərkəzi Asiyanın üç ölkəsi ilə münasibətlərini təhlükəyə atmaq isə heç bir dövlətə sərf etməz. Belə görünür ki, Mərkəzi Asiyanın bu üç dövləti belə münasibətlər sistemi yaratmaqla bölgənin təhlükəsizliyinə nail olmağa çalışır. Əgər müqavilələr kağız üzərində qalmayaraq işlək mexanizmə çevrilsə, regionda təhlükəsizlik sisteminə çevrilə bilər.

"İŞİD Xorasan Vilayəti" və Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban hərəkatının Mərkəzi Asiya ilə bağlı planları bütün region ölkələrində təlaş yaradır. "İŞİD Xorasan Vilayəti"nin region ölkələrinin də daxil etməyi planlaşdırdığı vahid islam dövləti ideyası xüsusilə təhlükə hesab olunur. "İŞİD Xorasan Vilayəti"nin İran, Əfqanıstan və Rusiyada həyata keçirdiyi irimiqyaslı terror aktlarından sonra Mərkəzi Asiya ölkələrində narahatlıq daha da artıb. Qırğızıstan Təhlükəsizlik Şurasının katibliyinin rəhbəri Marat İmankulov Əfqanıstandan 100 min yaraqlının Mərkəzi Asiya ərazisinə hücum edə biləcəyindən narahatlığını bildirib. İmankulov hesab edir ki, belə bir ehtimala qarşı birgə hazırlaşmaq lazımdır. Əvvəllər belə bir təhlükənin qarşısını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının alacağına böyük ümidlər vardı. İndiki durumda isə Mərkəzi Asiya ölkələri KTMT-nin yardımına ümid edə bilmirlər. Ona görə də region ölkələri təhlükələrə qarşı birləşməyi yeganə yol hesab edirlər. Qırğızıstandakı "Oy Ordo" Ekspert Təşəbbüsləri Mərkəzinin direktoru İqor Şestakova görə, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr göstərdi ki, əvvəlki təhlükəsizlik sxemləri artıq aktual deyil və çağırışlar fərqli xarakter alır: "Bu münaqişələrin həlli yeni yanaşma tələb edir".

"Crocus City Hall"da törədilən terror aktından sonra Mərkəzi Asiyadan, xüsusilə Tacikistandan olan əmək miqrantlarının Rusiyadan çıxması da regionda yeni vəziyyət yarada bilər. Ekspertlər hesab edirlər ki, etnik və dini ədavət toxumu səpmək üçün münbit şərait yarana bilər. Bu proses Mərkəzi Asiyada radikal islamın gücləndiyi bir dövrdə baş verir. Ekspertlər hesab edirlər ki, İŞİD kimi ekstremist təşkilatlar bundan istifadə etməyi öyrəniblər. Tacikistan Prezidenti Emomali Rahmon martın əvvəllərində dini liderlərlə görüşündə səsləndirdiyi fikirlər də ekspertlərin narahatlığının əsassız olmadığını göstərir. Prezident Emomali Rahmonun sözlərinə görə, son üç ildə Tacikistan vətəndaşlarının on ölkədə terror aktları törətdiyi və ya bunu planlaşdırmaqda şübhəli bilindiyi qeydə alınıb. Adambaşına düşən Ümum Daaxili Məhsulun həcminə görə Tacikistan sosial xaosun yaşandığı Haitidən sonrakı 162-ci yerdədir. Yoxsulluq və kobud bərabərsizlik ədalətsizlik hissini daha da artırır.  Ədalətsizliklə mübarizənin qanuni yolları isə yoxdur. Siyasi müxalifətin və vətəndaş cəmiyyətinin məhv edilməsindən sonra narazıların üz tuta biləcəyi yeganə təsisat radikal dini təşkilatlardır. Transmilli terror qrupları da belə əlverişli mühitdən faydalanmağa çalışırlar. İŞİD ədalətsizlikdən əziyyət çəkən əhalidə hakimiyyətə qarşı nifrət yaratmaq üçün Rahmonu Rusiyaya yaxınlıqda, tiranlıqda və İslamın əsaslarına riayət etməməkdə günahlandırır. Bu təbliğat elə bir vəziyyət yaradıb ki, hətta Tacikistanın təhlükəsizlik qüvvələrindən də İŞİD sıralarına qoşulmalar qeydə alınıb. Tacikistan çevik polisinin komandiri Gulmurod Xalimovun İŞİD-in tərəfinə keçdiyi hələ də yaddaşlardadır. Tacikistan hakimiyyəti başa düşür ki, bu problemlərin öhdəsindən təkbaşına gələ bilməyəcək. Rusiya ilə əməkdaşlığın yetərli olmadığını görən Tacikistan rəsmiləri Çinlə birlikdə Əfqanıstanla sərhəddə polis bazaları tikir. Tacikistan Əfqanıstandan gələ biləcək təhlükəyə davam gətirmək üçün ABŞ, Hindistan və İrandan da yardımlar alır. Lakin Düşənbədə anlayırlar ki, bunlar "İŞİD Xorasan Vilayəti"nin qarşısını almağa yetərli olmaya bilər. Bu təhlükə isə Mərkəzi Asiyanın üzərində kabus kimi dolaşır və region ölkələrini yeni ittifaqlar yaratmağa vadar edir.

 

 





06.04.2024    çap et  çap et