525.Az

"Gürcü arzusu"nun növbəti cəhdi      


 

"Gürcü arzusu"nun növbəti cəhdi      <b style="color:red"></b>

Gürcüstanın hakim partiyası "Gürcü arzusu" aprelin 3-də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentə təqdim edib. Bu dəfə qanun layihəsindən "xarici təsir agenti" ifadəsi çıxararaq "xarici dövlətin maraqlarını güdən təşkilat" ifadəsi ilə əvəzlənib. Qeyd edək ki, bu qanun layihəsi ötən il də parlamentdə müzakirəyə çıxarılmışdı. Ancaq o zaman yerli və beynəlxalq ictimaiyyətin təzyiqləri altında qanun layihəsi parlamentin gündəliyindən çıxarılmışdı. İndi hakim partiya yenidən köhnə qanun layihəsini kiçik düzəlişlərlə müzakirəyə çıxarıb. 

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili "Gürcü arzusu"nun yeni cəhdini Moskvanın postsovet məkanında Qərbin təsirini aradan qaldırmaq strategiyasının tərkib hissəsi adlandırıb. "Moskvanın əsas vəzifəsi, Putinin ilk görüşümüzdə mənə dediyi kimi, postsovet məkanında Qərbin təsirini aradan qaldırmaqdır. Bu, Gürcüstana qarşı böyük sui-qəsdin tərkib hissəsidir".

Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı nümayəndəliyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı bəyanatla çıxış edərək sözügedən layihənin qəbulunun vətəndaş cəmiyyətinə, medianın fəaliyyətinə və onların Gürcüstan demokratiyasının qurulmasına mühüm töhfəsinə təhlükə yaradacağı ilə bağlı xəbərdarlıq edib.

NATO-nun Baş katibi Yens Stoltenberq "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentin müzakirəsinə çıxarılmasını Gürcüstanda demokratik institutların gücləndirilməsinə qarşı yönəlmiş cəhd adlandırıb.

Estoniyanın Xarici İşlər Nazirliyi "Gürcü Arzusu"nun yeni cəhdinin Gürcüstanın Avropaya inteqrasiyası prosesini təhdid edəcəyilə bağlı xəbərdarlıqla çıxış edib.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç də Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin yenidən müzakirəyə çıxarılmasını tənqid edib.

"Gürcü arzusu"nun yeni cəhdi Qərbdə ciddi tənqidlə qarşılansa da, Rusiyanın dəstəyini qazanıb. Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov "Gürcü arzusu"nun "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən gündəmə gətirməsinə münasibət bildirərkən deyib ki, "heç bir suveren dövlət daxili siyasətinə başqa ölkələrin müdaxiləsini istəmir".

Ekspertlər hesab edirlər ki, "Gürcü arzusu"nun "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən qəbul etmək cəhdi Gürcüstanda yeni etirazların başlanmasına səbəb olacaq. Eyni zamanda Gürcüstan hökumətinə təzyiqlərin də artacağı gözlənilir. Bu baxımından "Gürcü arzusu"nun növbəti cəhdinin Gürcüstanda siyasi böhrana səbəb olacağı da istisna edilmir. Ekspertlər "Gürcü arzusu"nun yeni cəhdini milyarder Bidzina İvanişvilinin yenidən siyasətə qayıdışı ilə izah edirlər. Bütün bunlar onu göstərir ki, Gürcüstanda siyasi hərarət artmaqda davam edəcək.

 





08.04.2024    çap et  çap et