525.Az

"Biz"in "mən" olmaq mübarizəsi - Rəvan Cavid yazır


 

"Biz"in "mən" olmaq mübarizəsi - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Yeni dünyanın psixoloji xəstəliklərindən biri də introvertlikdir, yəni özünə qapanmaq, asosiallaşmaq. Bəlkə də on il qabaq buna sadəcə əhvalsızlıq, bədbinlik deyirdik, indisə psixoloji xəstəlik kimi dəyərləndirilir.

İntrovertliyin altında bir çox mətləb yatır. Travmalar, sürətli vaxt axışı, həddindən artıq bir-birinə bənzəyən günlər, süni rəngarənglik, karnaval içində matəm və əlbəttə, sosial şəbəkələrin gərəksiz məişət rəqabəti. Şəxsi dəyərlərin ictimai dəyərlərə uduzduğu dövrün xəstəliyidir asosiallıq. Depressiv yorğunluğun yaratdığı situasiyadır. Pablo Nerudanın bir misrası var: "Gün gələr, bezərəm insan olmaqdan..."

Hə, təxminən, belə bir vəziyyət. Bəşəri və milli kimliyinin altında əzilən şəxsiyyətin yorğunluğu. Təhsil həyatı, iş həyatı, ailə həyatı, sosial statuslar, ictimai vəzifələr, hüquqlar, işıq sürəti ilə gözlərimizi və qulaqlarımızı dolduran informasiya axışı bizi biz edən arzulardan, istəklərdən, həvəslərdən qoparıb atır. Bir də gözümüzü yumub açırıq ki, yaş altmış, geridə qalan bütün xatirələr isə şəhər qələbəliyinin içində itib-batan bir-iki xoş gün, üç-dörd kədər qırıntısı.

İstanbulda bir balıqçı bütün həyatını bircə cümlə ilə belə ifadə etmişdi: "Əlli il işlədim ki, beş-altı il burada sakitcə, qayğısız balıq tuta bilim".

Günah bir az da özümüzdədir. Əsirinə çevrildik texnologiyanın. Bu, qətiyyən yeni dünyadan şikayətlənmək deyil. Əlbəttə, inkişaf da, inkar da mübarəkdir. Modernlik, avanqardlıq, yenilik insan xislətini ərköyünləşdirən şeylərdir. Lakin bir gün onların şəxsi həyatımızı istismar etməyinə icazə verməməliydik. Təbiəti, buludları, Günəşi tez unutmamalıydıq. Dostlarımızla danışacağımız bol xatirələr yığmalıydıq dilimizin altına. Gözlərimiz rənglərin ən əlasını görməliydi. Qulaqlarımızın eşitdiyi səslərdən ruhumuz xumarlanmalıydı. İndi bunları belə xırdaca bir metal parçasının içinə yığıb cibimizdə daşıyırdıq. Gördüyümüz mənzərələri fikrimizə, təxəyyülümüzə yox, telefonumuzun yaddaş kartına yığırıq. Musiqiləri axtarmırıq, onları tapmaq üçün həyəcanlanmırıq. İndi onların hamısı hazır şəkildə pleylistimizdə bizi gözləyir. Hər şey o qədər əlçatan oldu ki, qabımızı o qədər xırda təbəssümlərlə doldurduq ki, böyük ümidlər, gözlədiyimiz səhərlər yadımızdan çıxdı. Necə deyərlər, bağlı qapılara baxa-baxa açıq pəncərələri unutduq.

Sufilər deyirdi ki, insanı müdrikləşdirən özünə qayıtmasıdır. Qazali yazırdı: "Özünə dönənlər varlığı təmsil edir". İçindəki qeybə çatanlar aydınlanır. Qərblilər isə toplumu, ictimaiyyəti müqəddəs hesab edirdi. Keçən əsrin sosioloqları tələbələri sosiallaşmağa dəvət edirdi. Siniflər arasındakı əlaqəni qurmağa, ictimai öhdəlikləri sahiblənməyi, təşkilatlanmağı məsləhət görürdülər. Zaman keçdikcə həmin təşkilatlanmalar xüsusi sosial dərnəklərdən başqa heç bir vəzifəni yetirmədi. İnsan topluluğundan qurulmuş nəhəng cəmiyyətlərdə hər kəs tək qaldı. Şərqin tənhalığı ilə Qərbin tənhalığı burada bir-birindən ayrılır. Biri unudulmağı, unutmağı faciə deyil, inkişaf hesab edərkən, digəri unudulmaqdan, yaddan çıxmaqdan qorxur.

Fərd kütlənin dərdini çəkməyə, onun qayğıları uğrunda mübarizə aparmağa məcburdurmu? Hər kəs bir amal üçün döyüşməlidirmi? Həmrəy olmaq nə qədər önəmlidir?

Şərq deyir ki, belə bir öhdəliyimiz yoxdur. Arif adam hər şeydən imtina edib özünü tərbiyə edəndir. Qərb deyir ki, ən böyük öhdəliyimiz odur ki, hamıya qarışıb kütləvi tərbiyəni yaradaq. Bu ideoloji dünya görüşü əvvəlcə cəmiyyətləri, sonra ölkələri, sonra regionları xüsusi dəyərlər ətrafında toplayacaq. Şərq isə xüsusi dəyərlərin onsuz da var olduğunu, bizim sadəcə ona çatmaq üçün yol tutmalı olduğumuzu tövsiyə edir.

Bu günün asosiallığı, introvertliyi dərrakəli deyil. Yəni daha çox Qərbin hazırladığı dəyərlərin xaricində qalanda, cəmiyyətdən ögey övlad münasibəti görəndə, özümüzü artıq hiss edəndə düşdüyümüz əhvaldır. Bunu avantaja çevirmək, öz lehimizə istifadə etmək keçmişin qalın kitabları arasında qalan gözəl bir nəsihət kimi unuduldu. İndi asosiallıq fərqindəlik yox, artıqlığın yaratdığı xəstəlikdir.

Yuxarıda Şərq haqqında yazdıqlarım elə təsəvvür yaratmasın ki, qədim sivilizasiya kütləviliyi, kollektivliyi qınayır. Belə olsaydı, dinlər bu torpaqlardan yoğrulmazdı. Ən böyük kollektivlərdən biri olan din və inanc sinifləri məhz Şərqin icadı idi. Bəs elədirsə, Qərbin "biz" anlayışı ilə Şərqin "biz" anlayışını fərqləndirən nədir?

Mövzuya uyğun olaraq belə şərh etmək olar ki, Şərq "biz" olmağı "mən" olmağı xatırlamaq üçün seçir. Fərdiyyəçi dünya görüşüdür bu. Şəxs ona görə kollektivin içindədir ki, özünə gedən yolu rahat tapsın. Qərb isə "biz" olmağı güclü olmaq üçün seçir. Şəxsi fəaliyyətin potensialını cəmiyyətin sinifləndirilməsinə xərcləmək üçün. İkisi arasındakı seçim həmin toplumun mədəni təfəkkürünü formalaşdırır. Təəssüf ki, bu gün Şərqin mədəni təfəkkürü bir o qədər maraqlı görünmür. İndi əvvəlcə sosial mühit yaradılır, zəif olanlar ictimai çevrənin kənarında qalır. Dərdi də bizdən, dərmanı da bizdən deyib, asosial fərdlərə çarə tapmaq istəyirik. Bu yazı kimi. Bütün məsələ isə baxış bucağında və faydalılıqda imiş.

Otağında günlərlə kitab oxuyan iki kəs var. Biri bunu xoşbəxt olduğu üçün edir. Digəri yorğun olduğu üçün. Xoşbəxt olanın qurduğu toplum sakit, səmirsiz, yolunu tapan, idrak edən, yüksələn olur. Yorulan toplumlar isə bataqlıqda çabalayan adam misalı qaranlığa batır. Yorğun toplumların bir dərdi də nihilist düşüncə tərzidir. Mənaya arxa çevirməkdir. Mənanı itirmək "biz"in, mənanı tapmaq "mən"in missiyasıdır. Sosial düşüncəni dəyərlər yaratdığı üçün onların seçimində diqqətli olan cəmiyyətlər aydın olmağı bacarır.

 





06.04.2024    çap et  çap et