525.Az

Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucovdan yeni yazı


 

Tarixin faciəli və ibrətamiz əhvalatları - <b style="color:red"> Telman Orucovdan yeni yazı</b>

Lasfenin dostları şikayətlənir və hiddətlənirdilər ki, Filippin (Makedoniya çarı, Böyük Aleksandrın atası II Filipp) dostlarından kimsə onları satqın adlandırır. Filipp dedi: "Makedoniyalılar cahil və kobud adamlardır, onlar təknəni elə təknə də adlandırırlar".

Plutarx. "Çarların və sərkərdələrin kəlamları"

 

Tarix faciəli və qeyri-adi əhvalatlarla doludur, onlardan birincisi adamları dəhşətə gətirir, ikincisi isə təsadüflərin də çox vaxt insan həyatında böyük rol oynadığına dəlalət edir. Tarixi şəxsiyyətlərin həyatı belə hadisələr üçün örnək ola bilər. Onlar bir qayda olaraq, ən ağlasığmaz qəribə, həm də dəhşətli hadisələrin və gözlənilməz təsadüflərin əsas qəhrəmanlarına çevrilirlər.

Müdrik çarın hökmü həqiqəti üzə çıxarır. Atasının haqsızlığı isə cəzalanır.

Hökmdarlar arasında müdrik olanlar da az olmamışdır. Yəhudilərin üç min il əvvəl olan çarı Solomonun müdrikliyi əfsanələrə səbəb olmuşdu. O, çətin məsələləri mühakimə etdikdə, hamını heyrətləndirən sadə və düzgün cavab tapır, bu yolla onları həll edirdi. Onun dərin ağlına Şeba çariçası da heyran qalmışdı. əfsanəyə görə, o, quşların və heyvanların da dilini bilirdi. Bir dəfə iki fahişə qadın onun yanına şikayətə gəlir. Birincisi deyir ki, onlar ikisi də bir yerdə yaşamağa başladılar və mən oğlan doğdum. Digər qadın da həmçinin üç gün sonra doğmaqla, mənim kimi dünyaya körpə oğlan uşağı gətirdi. Bizdən başqa evdə heç kəs yox idi, biz tək idik. Bir dəfə gecəyarısı bu qadının uşağı öldü, görünür, o, uşağı yanının altında qoymuşdu. Beləliklə, gecənin yarısı durub, mən yatarkən yanımdan uşağımı götürmüş, öz ölü uşağını isə mənim qucağıma qoymuşdu. Səhərisi mən qalxıb uşağımı əmizdirmək istəyəndə gördüm ki, o, ölüdür. Səhərin işığında ona yaxından baxdıqda gördüm ki, bu, mənim doğduğum uşaq deyil. Digər qadın isə: "Yox, sağ qalan uşaq mənimkidir, ölən isə səninkidir" - deyirdi. Lakin birinci şikayət edən qadın təkid etməyə başladı: "Yox! Ölən uşaq səninkidir, sağ uşaq mənimkidir". Beləliklə, onlar çarın qarşısında mübahisə etməyə başladılar. Çar dedi: "Bunun biri deyir, mənim oğlum sağdır, səninki ölüdür. Bu vaxt digəri deyir, yox, sənin uşağın ölüdür, mənimki sağdır". Sonra çar dedi: "Mənə qılınc gətirin". Beləliklə, çara qılınc gətirdilər. Sonra o, əmr etdi: "Sağ uşağı iki yerə bölün və yarısını birinə, digər yarısını isə o birinə verin". Uşağı sağ qalan qadın oğluna ürəyi yandığından çara dedi: "Bağışlayın, mənim sahibim, sağ uşağı ona verin. Uşağı öldürməyin". Digər qadın isə: "Nə mən, nə də sən onu əldə etməyəcəyik. Onu iki yerə bölün!" - dedi.

Sonra çar öz hökmünü çıxardı: "Sağ qalan uşağı birinci qadına verin. Onu öldürməyin, bu qadındır onun anası". Bütün İsrail, çarın bu qərarını eşitdikdə ona alqış etməyə başladı və gördülər ki, mülki məhkəmələrdə onun müdrikliyi Allahdandır. Axı Solomon Allahdan da var-dövlət yox, müdriklik xahiş etmişdi. Çar yuxusunda görür ki, Allah ona deyir: "Sənə vermək üçün məndən nə istəyirsənsə, xahiş et". O isə cavabında Allaha ona böyük etimad göstərdiyinə görə minnətdarlıq edərək bildirir ki, öz nökərinə sənin xalqını idarə etmək üçün və düzü əyridən fərqləndirmək üçün bəsirətli ürək ver. Çünki sənin xalqını idarə etmək üçün kimin qabiliyyəti var? Allaha Solomonun bu cavabı xoş gəldi. Çünki o, nə özü üçün uzun ömür və ya var-dövlət, nə öz düşmənləri üçün ölüm xahiş etdi, ancaq mülki məhkəmədə hakimlik etmək üçün iti ağıl xahiş etdi. Allah onun xahişini yerinə yetirdi və dedi: "Mən sənə müdriklik və bəsirətli ürək verəcəyəm, eləsini ki, səndən başqa heç kəs heç vaxt ona nail olmamışdır, bundan sonra da heç kəs nail olmayacaqdır". Allahın sözlərinə görə, çarların arasında Solomona həqiqətən bərabəri olmayacaqdı.

Lakin böyük müdrikliyinə baxmayaraq, Solomon öz ehtirasına əsir olaraq, çoxlu arvad aldı və onların hər birinə öz istədikləri allahlarına sitayiş etməyə imkan verdi və bu, Allahın qəzəbinə gəldi.

Onun atası David də günahsız adamı ölümə göndərib, onun arvadına yiyələndiyinə görə Allah tərəfindən cəzalandırılmışdı. Bir dəfə isti yay gecəsi vaxtı o, yatağından durub, öz sarayının damında gəzişirdi. Damdan o, aşağıda qonşuluqdakı evdə çimən çılpaq bədənli qadını gördü. Bu qadın olduqca gözəl idi. Onun haqqında məlumat almaq üçün adam göndərdi. Ona dedilər ki, Virsaviya hett mənşəli Uriyanın arvadıdır. Sonra onu yanına gətirməyə adam göndərdi və onunla intim yaxınlıq etdi. Bundan qadın hamilə oldu. David sevdiyi qadının əri Uriyanı cəbhəyə göndərdi və elə təşkil etdi ki, onu vurub öldürsünlər və bu, belə də oldu. Bundan sonra onun arvadı Virsaviyanı David evinə gətirdi və o, çara oğlan doğdu. Allah bu vaxt Nafanı məzəmmət üçün onun yanına göndərdi. Nafan çara dedi: "Bir şəhərdə iki - varlı və kasıb adam var idi. Varlının çoxlu qoyunu və malı var idi, kasıbın isə bir kiçik qoyunundan başqa heç nəyi yox idi. Onu da o, satın almışdı və uşaqları ilə birlikdə böyüdürdü. Quzu onun yeməyinə şərik idi. Onun fincanından su içirdi və çox vaxt onun qucağında yatırdı. Bu qoyun ona öz qızı kimi idi. Bir dəfə bir müsafir varlı adamın evinə gəldi, o isə qonağına öz qoyunlarından və ya malından birini kəsib, yemək hazırlatmaq əvəzinə, kasıb kişiyə məxsus olan quzunu götürüb kəsdi və ondan yemək hazırlatdı. David bu adama qarşı edilənlərə görə hirsindən yanaraq, Nafana dedi: "Allah durduqca, o adam öldürülməyə layiqdir. O, quzu üçün dörd dəfə çox haqq ödəməlidir, çünki belə bir şey etmiş və heç bir rəhmdillik göstərməmişdir". Nafan Davidə dedi: "Həmin adam sənsən!  Sən Allahın gözündə çox şər bir iş görmüsən. Uriyanı qılıncla öldürtdürüb, onun arvadına yiyələnmisən".

Sonra Davidin cəzasız qalmayacağını Nafan ona çatdırdı. Allah ona ünvanlandığı bu sözləri dedi: "Çıx öz adamlarının içindən, mən sənə bədbəxtlik gətirəcəyəm. Sənin gözlərinin qarşısında arvadlarını sənə yaxın olan birinə verəcəyəm və o da günün günorta çağı sənin arvadlarınla bir yataqda yatacaq. Sən elədiyini gizli etmisən, mən isə gündüz vaxtı bütün israillilərin gözü önündə bunu edəcəyəm". David Nafana dedi ki, mən Allahın qarşısında günah işlətmişəm, o isə cavabında  eşitdirdi ki, Allah sənin üzərindən günahını götürəcək, ancaq doğulan uşağını öldürəcək və belə də oldu. Bu hadisə başqalarının ibrət götürməsi üçün Bibliyada təsvir edilmişdir.

 

Afinalı müdrikin öncəgörməsi düz çıxır

 

Dünyada demokratiyanın beşiyi sayılan Afinada isə bu inqilabi dəyişiklik heç də birdən-birə meydana gəlməmişdi, ardıcıl həyata keçirilən islahatlar onlara yol açmışdı. Öz şəhər-dövlətində bu islahatların ən böyük yaradıcılarından biri arxont Solon idi. Müdrik Solon yaratdığı qanunları möhkəmləndirmək və onları dəyişdirməyə imkan verməmək üçün onillik səyahətə çıxır və Kiçik Asiyadakı Lidiya dövlətinin (indiki Türkiyənin cənubi-qərb hissəsi) paytaxtı Sardı şəhərinə gəlib çıxır. Lidiya çarı, öz var-dövləti ilə o vaxtkı dünyada şöhrət qazanmış və hətta bu gün də dəbdəbə, varlılıq rəmzi olan Krez onunla görüşür. O, öz var-dövləti ilə öyündüyünə görə qeyri-adi adam olmasını bir daha təsdiqləmək istəyir və bu məqsədlə Solondan  dünyada kimin daha xoşbəxt adam olmasını soruşur. Solon cavabında deyir ki, mən belə bir adamı tanıyırdım, o, olduqca sakit həyat keçirirdi, lazım gələndə vətənini müdafiə etdi və sakitcə də öldü. Mən onu ən xoşbəxt adam hesab edirəm. Krez olduqca təəccüblənir və daha hansı xoşbəxt adamı tanıdığını soruşur. Bu müdrik adam cavab verir ki, iki qardaşı tanıyırdım, onları bəxtəvər adam hesab edirəm. Onlar analarını ibadət etmək üçün uzaqdakı məbədə, qaydaya görə, arabada aparmalı idilər. Lakin öküzlər tarladan gəlib çıxmadığına görə qardaşlar arabanın boyunduruğuna qoşulur və analarını ibadətə çatdırırlar. Ana məbəddə dua oxuyan vaxt bayırda dincələn hər iki oğlunun qəflətən ölməsi barədə ona xəbər gəlir. Müdrik deyir ki, mən onları xoşbəxt hesab edirəm, çünki onlar olduqca adi həyat keçirdilər və hətta ölümlərindən bir az əvvəl də öz valideynləri qarşısında övlad borcunu yerinə yetirdilər.

 Krez hiddətlənir və özü barədə soruşur ki, yaxşı o, çarı xoşbəxt hesab edirmi? Solon cavabında bildirir ki, axı döyüş qurtarmamışdırsa, hansı tərəfin əvvəlcədən qalib gələcəyini necə müəyyən etmək olar. Axı ömür başa çatmamışdan necə təsdiq etmək olar ki, kim xoşbəxtdir. Doğrudan da, taleyin görünməmiş faniliyi, istehzası meydana gəlir ki, bunlar hər şeyi dəyişə bilir, xoşbəxti bədbəxt, bədbəxti isə bəxtəvər edə bilir, hökmranı hakimiyyətdən məhrum edir, heç kəsin tanımadığı adamlar isə böyük ixtiyar sahiblərinə çevrilirlər.

Bu müdrik yunanın söylədikləri də elə çox vaxt keçməmiş təsdiqini tapdı. Persiya çarı Böyük Kir b.e.ə. VI əsrdə Lidiyanı zəbt etdi, ölkənin paytaxtı Sardını darmadağın etdi və çar Krezi əsir götürdü. Persiya çarının əmri ilə tonqal yandırıldı və Lidiya çarı diri-diri yandırılmaq üçün onun üstünə çıxarıldı. Bir azdan Kir öz qərarını dəyişib, Krezin həyatına aman vermək istədi və tonqalı söndürmək əmrini verdi. Lakin tonqalı söndürmək mümkün deyildi. Bu vaxt hər şeydən əli üzülən Krez allahlara yalvarırdı. Leysan yağış yağmağa başladı, tonqalı söndürərək, bir qədər əvvəl dünyanın ən varlı adamının, indi isə ölümün astanasında olan çarın həyatını xilas etdi. Bu vaxt çar Yunanıstandan gələn böyük alimin sözlərini yada saldı və belə qənaətə gəldi ki, bu adam öz müdrik sözləri ilə onun gələcək bədbəxtliklərini qabaqcadan görə bilmişdi. Beləliklə, Krez qarşıda özünə daha böyük səadət gözlədiyi halda, bədəxt olmaqla yanaşı, öz ölkəsinin də məhvinə səbəb oldu, Lidiya Persiyanın bir əyalətinə çevrildi. De Qollun "qələbə qanadlarını  yığmışdı, lakin uçuş üçün açmağa macal tapmadı" sözlərini Krezə də aid etmək olar. Tarixin atası Heredot Lidiyanın ilk çarı Kandavlın biabırçı əhvalatı ilə yanaşı, bu ibrətamiz hadisəni də qələmə almışdır.

 

Çarın dəbdəbəyə vurğunluğu Babilistanı məhvə apardı

 

Hökmdarların öz qəddarlıqlarına görə ağır cəza kimi qətlə yetirilməsi faktlarına biz qədim yazılı mənbələrdə də tez-tez rast gəlirik. Eyş-işrət, dəbdəbə vurğunluğu da təkcə hökmdarı deyil, onun dövlətini də fəlakətə sürükləyir. Babilistan çarı Baltasar min nəfərlik ziyafət təşkil etmişdi və öz zadəganları ilə burada eyş-işrət keçirirdi. Bu vaxt şərab içərkən Baltasar göstəriş verdi ki, atası Nabuhodonossorun İsraili zəbt edərkən Yerusəlimdəki məbəddən götürdüyü qızıl və gümüş badələri gətirsinlər ki, çar və onun zadəganları, onların arvadları və kənizləri şərabı onlarda içsinlər. Onlar üçün Yerusəlimdəki Allah məbədindən götürülmüş qızıl qədəhlər süfrəyə düzüldü, çar şərabı onda içməyə başladı. Bu vaxt çar sarayında divarın ağ suvağında yazı yazılmağa başlandı. Çar yazan əli müşahidə edirdi. Onun üzü ağardı, qorxmağa başladı. Hökmdar  münəccimləri, kahinləri yığıb, Babilistanın bu müdrik adamlarına dedi: "Kim bu yazını oxuyub, mənasını mənə desə, ona ən böyük ənamlar veriləcək və o, karyera yüksəkliyinə görə ölkədə üçüncü hökmran olacaqdır". Lakin onlar yazını oxuya bilmədilər, bu, çarı daha da qorxutdu.

(Ardı var)

 





06.04.2024    çap et  çap et