525.Az

"Bu, Avropa İttifaqı və ABŞ-nin riyakar siyasətini göstərir"


 

"Bu, Avropa İttifaqı və ABŞ-nin riyakar siyasətini göstərir"<b style="color:red"></b>

Aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və onun nəticələri müzakirə mövzusu olaraq qalır. Əslində, məlumdur ki, görüşün yekunları, əldə edilmiş nəticələrlə bağlı bütün təfərrüatlar açıqlanmayıb. Bununla belə, ilkin açıqlamalar göstərir ki, görüş gözlənildiyindən daha sönük keçib və Ermənistanın təqdim etdiyi kimi ajiotaj doğurmayıb.

Nəticələrdən biri İrəvana həm ABŞ, həm də Aİ tərəfindən maliyyə yardımının ayrılmasıdır. Belə ki, Aİ Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Əlbəttə, bu yardımın müqabilində Qərbin İrəvandan istədikləri var, əsas məsələlərdən biri məhz Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qarşıdakı zamanda digər detallar da ortaya çıxacaq. Söhbət hərbi paktdan gedir ki, vurğuladığımız kimi, rəsmi açıqlamalardan başqa, görüşdə məxfi komponentlər də olub ki, bu məsələlər də zamanla bəlli olacaq.

Brüssel görüşü ilə bağlı rəsmi Bakı öz qəti mövqeyini dəfələrlə bəyan edib. Həm ABŞ, həm Aİ Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bu mövqeyini nəzərə almaya bilməzdilər. Ona görə də görüşdən əvvəl Antoni Blinken və Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti aparıblar. Azərbaycan lideri telefon danışığında öz mövqeyini qəti şəkildə bəyan edib. Bildirib ki, üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Onlar görüşdə ölkəmiz əleyhinə addım atılmayacağını, sırf Ermənistan iqtisadiyyatının gücləndirilməsi və demokratiya islahatları ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildiriblər. İstənilən halda, bu açıqlamalar Bakını qane etmədi, çünki əldə edilmiş arqumentlər var idi.

Bakı ilə məsləhətləşmələrin aparılması Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Rəsmi Bakı daha əvvəl də bəyan etmişdi ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.

Prezident İlham Əliyev Türkiyə parlamentinin deputatı və Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndəsinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Brüsseldə keçirilən üçtərəfli görüşə toxunub. Dövlət başçısı bildirib ki, bu formatda görüş Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaratmağa xidmət edir: "Son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışdılar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Amma biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədini güdür".

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.

Xatırladaq ki, 5 aprel görüşü ilə bağlı Rusiya və Türkiyə Xarici işlər nazirlikləri bəyanat veriblər.

Rusiya XİN Brüsseldəki görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhd adlandırıb. Qeyd olunub ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz müdaxiləsi, regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə gətirib çıxara bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin artmasına səbəb olur. Vurğulanıb ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir.

Rusiya XİN İrəvan hakimiyyətini öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırıb.

Türkiyə XİN isə Azərbaycanın iştirakı nəzərdə tutulmayan bu təşəbbüsün Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını bəyan edib.

Milli Məclisin deputatı Arzu Nağıyev mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmiləri görüşün əsas məqsədinin Cənubi Qafqazda Ermənistanın inkişaf etməsi, iqtisadiyyatının möhkəmlənməsi üçün müəyyən vəsaitlərin ayrılması istiqamətində atılacaq addımların olduğunu iddia edirdilər: "Təbii ki, bu, görünən tərəfdir. Məlumdur ki, görüşün nəticəsi olaraq Avropa İttifaqı 4 il müddətinə qrant formasında Ermənistana 270 milyon avro vəsaiti ayırmağı planlaşdırır. Bu, həm iqtisadiyyatın, eyni zamanda sahibkarlığın inkişafı üçün Paşinyan hakimiyyətinin həyata keçirəcəyi islahatlara kömək üçün nəzərdə tutulub. Digər məsələ ABŞ-nin Ermənistana 65 milyon dollar həcmində yardımının nəzərdə tutulmasıdır. Bununla bağlı ABŞ-nin dövlət katibi Blinken bir daha qeyd etdi ki, əsas məqsəd Paşinyanın islahatlarını həyata keçirməkdə ona kömək etməkdir.

Düzdür, bunlar o qədər də böyük rəqəm deyil. Lakin buna baxmayaraq, Ermənistan bu qrantları almaqla müəyyən işlər görə bilər. Artıq Ermənistanda bu rəqəmlərlə bağlı narahatıq var. Siyasətçilər, iqtisadçılar belə düşünürdülər ki, məhz böyük bir üçtərəfli görüşdə donor təşkilatları cəlb edəcəkdilər və təxminən guya 2 milyard dollara yaxın vəsait toplamağı nəzərdə tutulmuşdu. Bunlar Ukraynanın addımlarını atmaq istəyir, bu və digər şəkildə vəsaitləri toplayaraq, hərbi büdcəsini, digər büdcəni artırmağa çalışırlar. Bu da alınmadı, alınmayacaq. Çünki əvvəl bunlar iqtisadi islahatlar kimi nəzərdə tutulan məsələləri ortaya qoyduqları üçün, hətta mətbuat konfransında da bununla bağlı danışıqlar olmuşdu. Həm Cənubi Qafqazda, həm də dünyada başa düşürlər ki, Ukraynada həyata keçirə bilmədikləri hərbi islahatları Ermənistan vasitəsilə Cənubi Qafqazda, sonradan ehtimal olunur ki, Moldovada həyata keçirəcəklər. Əsas problemləri bundan ibarətdir. Azərbaycan öz daxili və xarici siyasətini yürütməkdədir və biz öncədən bilirdik ki, bunların məqsədi nədir. Baş verənlər sadəcə olaraq, həm Avropa İttifaqının, həm də ABŞ-nin riyakar siyasətini göstərir. Azərbaycan buna hazır idi. Məlum məsələ idi ki, məqsədləri hərbi güclərini regionda göstərmək, yeni bir cəbhənin açılmasıdır. Çünki Aİ Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borelin də bu prosesdə iştirakı bir daha Fransanın izini göstərməkdədir. Yəni əvvəllər vizual kəşfiyyatçı adı altında gələnlər bunu leqallaşdırmaq üçün necə maliyyələşdirilməsi məsələsini gündəmə gətirdilər. Aydındır ki, sülhün bərqərar olması üçün bir neçə şərt tələb olunur. Bunlardan biri Ermənistandakı separatçı qüvvələrin ləğvi, eyni zamanda Azərbaycanın kəndlərinin qaytarılması, Konstitusiya islahatı keçirib ordan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaların çıxarılmasıdır".

Deputat deyib ki, burda maraqlı məsələlərdən biri də İranın susmasıdır: "Necə ola bilər ki, İranın ABŞ və NATO-nun üzvü olan digər dövlətlərin qüvvələrinin sərhədləri yaxınlığında yığılmasına razılığı olsun. Yaxud həmin gücləri maliyyələşdirsinlər.  Azərbaycan bütün bunların təhlilini aparır, həm Türkiyə, həm digər dost dövlətlər də bunun marağındadır, Təbii ki, burda Rusiya faktoru da var. Rusiya da bilir ki, uzaq hədəf birmənalı şəkildə özüdür. İstər ABŞ, istərsə Aİ və digərləri başa düşməlidirlər ki, münaqişənin yenidən alovlanmasını istəmirlərsə, öz hərəkətlərində korrektə etməli, kimin kim olduğunu, dostun dost, düşmənin düşmən, tərəfdaşın tərəfdaş olduğunu açıq şəkildə ortaya qoymalıdırlar".

 

 

 





08.04.2024    çap et  çap et