525.Az

Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri - "Yaşıl enerji"


 

Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri - "Yaşıl enerji"<b style="color:red"></b>

Bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır. Hazırda iqlim dəyişikliyinin təsirlərin azaldılması istiqamətində aktiv müzakirələr aparılır, bir sıra addımlar atılır. Bu mənada "yaşıl enerji" zonalarının yaradılması da mühüm əhəmiyyət kəsb edir.

"Yaşıl enerji" istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Belə ki, "yaşıl enerji"dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Bu, eyni zamanda məşğulluğun təmini baxımından əhəmiyyət kəsb edir. Başqa sözlə, "yaşıl enerji" sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. Digər bir mühüm üstünlük havanın keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər.

"Yaşıl enerji"yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında "yaşıl enerji" mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.

"Yaşıl enerji" sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Prezidentin 2021-ci il 3 may tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib.

Həmçinin, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaşıl enerji" məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.

2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq "yaşıl enerji"nin Avropaya ixracı nəzərdə tutulur.

Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır. Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, alternativ enerji ilə bağlı layihələr və "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən birini təşkil edir. Bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu mənada dünyanın ən böyük və mötəbər beynəlxalq konfransı hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır: "Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir və Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axınını stimullaşdırır, "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək".

Deputat xatırladıb ki, bu mötəbər tədbirin Azərbaycanda elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində ölkəmiz özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək: "Eyni zamanda, Azərbaycan həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni bu baxımdan düşünürəm ki, COP29 çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə də dəstək vermiş olacaqlar".

A.Hüseynov bildirib ki, COP29-a beynəlxalq nəhəng iqtisadi tədqiqat və investisiya mərkəzlərinin, maliyyə institutlarının da böyük marağı vardır: "Onların sırasında Dünya Bankının xüsusi dəstəyini qeyd etmək lazımdır. Azərbaycanla faydalı münasibətlər fonunda bu maliyyə qurumunun zirvə görüşü prosesində ölkəmizə hərtərəfli dəstək göstərəcəyi şübhəsizdir. Dünya Bankı "yaşıl iqtisadiyyat"a böyük önəm verir, sərmayələr cəlb edir. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq edir, iqlim dəyişmələrinə həsr edilmiş konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri bu istiqamətə yönəlib, "yaşıl iqtisadiyyat" quruculuğu istiqamətində davamlı proqramlara start verilib, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Ona görə də Dünya Bankının COP29 çərçivəsində ölkəmizlə üst-üstə düşən hədəf prioritetlərinə dəstək verəcəyi istisna deyil, bank artıq bu barədə öz niyyətini bəyan edib. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 turizmin inkişafına da töhfə verəcək. Bir aya yaxın dövrdə 80 mindən çox turistin Azərbaycanda olması iaşə sektorunun, xidmət və turizmin əlavə dividentlər qazanması deməkdir".

 

 





08.04.2024    çap et  çap et