525.Az

Ermənistan geri dönüşü olmayan tuneldə 


 

DEPUTAT NAQİF HƏMZƏYEV: "QƏRBİN İSTƏYİ ODUR Kİ, ERMƏNİSTANI TAM OLARAQ ƏLƏ KEÇİRSİN"

Ermənistan geri dönüşü olmayan tuneldə <b style="color:red"></b>

ABŞ və Qərb Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində deyil, qarşıdurma, gərginlik ocağının yaranmasında, qeyri-sabitliyin hökm sürməsində maraqlı olduqlarını 5 aprel Brüssel görüşü ilə bir daha nümayiş etdirdilər. Əgər belə olmasaydı, həmin güclər 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlardan çıxış edərək Ermənistanı Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamağa təşviq edərdilər. Amma ABŞ və Aİ İrəvanın əli ilə regionu qaynar nöqtəyə çevirmək, Rusiyaya qarşı ikinci cəbhə açmaq, Cənubi Qafqazda yerləşmək siyasəti aparırlar. Bu məqsədlə də Ermənistan hərbiləşdirilir.

Brüsseldə ABŞ-Avropa-İttifaqı-Ermənistan rəsmilərinin görüşündə tərəflər daha çox iqtisadi dəstəyə diqqəti yönəltməyə çalışsalar da, bu, yalnız aysberqin görünən hissəsidir. Məlumdur ki, Ermənistana iqtisadi dəstək, ayrılmış çox da böyük olmayan vəsaitə görə belə yüksək səviyyəli görüşün təşkilinə ehtiyac yox idi. Pərdəarxasında isə söhbət hərbi yardımın ayrılması və hərbi paktdan gedir. Elə "Politiko" nəşrinin də dərc etdiyi yazıda bu qənaətə gəlmək mümkündür. Nəşr yazır ki, Brüssel görüşü ərəfəsində Ermənistan Aİ və ABŞ-da Azərbaycanın silahlanmasına dair "sənədlər" təqdim edib. Bu, bir daha göstərir ki, Brüssel görüşünün təşkilatçıları inkar etsələr də, 5 aprel görüşündə hərbi komponent var.

Eyni zamanda, məqsəd Ermənistanı nəzarət altına alaraq özünün oyun meydanına çevirmək, Cənubi Qafqazda yeni status-kvo və ayırıcı xətlər yaratmaqdır.

Bundan əvvəl Qərbdə Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı olub. Amma Azərbaycanın qüdrətlənməsi, 44 günlük müharibədən sonra Qərb ikinci plana keçib. Bu isə Ermənistanın tamamilə nəzarətə götürülməsidir.

Amma bu görüş və onun nəticələri həm də Ermənistanı geri dönüşü olmayan tunelə salıb. Müstəqillik əldə etdikdən bu yana forpost olmağı seçmiş Ermənistan indi də özünü Qərbdən tamamilə asılı vəziyyətə qoymaqla plasdarma çevrilməkdədir. Qərbin Cənubi Qafqazda status-kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel görüşü region dövlətləri tərəfindən narazılıqla qarşılanıb. Rusiya da, Türkiyə də mövqeyini açıqlayıb, narahatlıqlar dilə gətirilib. Rəsmi Bakı bir neçə dəfə bu mövzuda öz qəti mövqeyini ortaya qoyub. Amma daim "kənar qüvvələrin regiona gətirilməsi "qırmızı xəttimizdir" deyən İranın susqunluğu davam edir. Zəngilanda mal-qara fermasını "xarici ölkənin bazası" kimi təqdim edən və "qırmızı xətlər" çəkən İran Ermənistanın sərhədə Aİ missiyasını gətirməsinə, ötən il Ermənistan ərazisində ABŞ-nin keçirdiyi hərbi təlimlərə, amerikalı hərbi instruktorların Ermənistanda olmasına, 5 aprel görüşündə regionda yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlmiş görüşə reaksiya vermir.

Görünür, İran Qərbin regiona gəlişindən daha çox, güclü Azərbaycan faktorundan çəkinir. Bu günlərdə martın sonundan etibarən İran hava yollarına məxsus yük təyyarələrinin Ermənistana silah daşıması haqda yayılan məlumatlara İranın Azərbaycandakı səfirliyi hələ də aydınlıq gətirməyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev "525"ə Brüssel görüşünü, İranın mövqeyini şərh edib. Onun sözlərinə görə, artıq uzun müddət idi ki, Ermənistanın Qərbə doğru meyllənməsi açıq şəkildə sezilirdi. Xüsusilə də Ermənistanın KTMT-da fəaliyyətini dondurması və Rusiya ilə münasibətlərdə soyuqluğun olması hər kəs tərəfindən belə bir qənaətə gəlməyə imkan verirdi ki, Ermənistan Rusiya asıllığından canını qurtarmaq, Rusiya hərbi bazasının ölkədən çıxarılmasını təmin etmək istəyir. Bu boşluğun da Ermənistana real hərbi yardımlar edəcək qüvvələr tərəfindən doldurulmasının tərəfdarıdır.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Fransanın məhz Cənubi Qafqazda yerləşməsi üçün aktiv fəaliyyətini gücləndirməsi, açıq şəkildə dəstək verməsi və boşalacaq bu yerdə özünün olmasını istəməsi də hər kəs tərəfindən söylənilən fikirlərdən biridir: "ABŞ bu prosesdə Fransanın yürütdüyü siyasəti bu və ya digər formada dəstəkləyir. Ermənistandan rus hərbi bazasının çıxarılması halında məhz Fransa hərbçilərinin bu boşluğu doldurmasına dəstək verir. 5 aprel Brüssel görüşü zamanı Ermənistana yardımların verilməsi ilə bağlı real nəticələr oldu. Bu, Ermənistanın müəyyən dərəcədə uğuru kimi qiymətləndirilir. Əgər buna qədər gizli formada Ermənistana dəstək verilirdisə, artıq açıq şəkildə bu yardımların olacağı hər kəsə söylənildi. Bu, bəlkə də əldə edilmiş razılıqların görünən tərəfidir. Təbii ki, gizlin razılaşmalar və gizlin danışıqlar da davam etdirilir. Hədəf, məqsəd ondan ibarətdir ki, Ermənistanın zəifləməsinə imkan verməsinlər, onu tam olaraq ələ keçirsinlər. Paşinyan da demək olar ki, Gürcüstan və Ukrayna təcrübəsindən dərs çıxararaq, bu prosesləri yüngül şəkildə və Ermənistan üçün risklərin miniuma endirilməsi şəraitində icrasını həyata keçirir. İstənilən halda bu çox ağır və riskli bir addımdır, ancaq Paşinyan bu yolu seçdi".

N.Həmzəyev hesab edir ki, Ermənistanın güclənməsi, hərbi gücünü artırması və ona bu cür yardımların davam etdirilməsi nəticə etibarilə Cənubi Qafqazda əldə edilməsinə çox yaxın olduğumuz bir halda, sülhə çox böyük bir kölgə salır: "Xüsusilə də bunlar Ermənistanı daha da cəsarətləndirir. Bu da Ermənistanın danışıqlar prosesində öhdəliklərindən boyun qaçırmasına gətirib çıxara bilər. Məhz şərti Ermənistan Azərbaycan sərhədində mülki müşahidə missiyasını həyata keçirən Aİ missiyasının əslində əsas məqsədi və hədəflərindən biri Ermənistanın bu bölgədəki mövqeyini daha da gücləndirmək idi. Xüsusilə də sərhəddə baş verən atışmalar, atəşkəsin pozulması da həmin missiyanın fəaliyyətinin müddətinin daha da uzadılmasına hədəflənib. Missiyanın tərkibində xüsusi xidmət orqanlarının əməkdaşlarının, keçmiş hərbçilərin olmasına dair faktlar da var. Bir sözlə, mülki müşahidə missiyasını həyata keçirsələr də, onlar faktiki olaraq Ermənistanın hərbi güclənməsinə xidmət edən bir layihə kimi də dəyərləndirməlidir. 5 aprel görüşünü Ermənistanın növbəti 10 illiklərdə Rusiya asıllığından tamamilə kənarlaşması və Qərblə sıx əlaqələrin yaranmasına xidmət edəcək bir prosesin davamı kimi dəyərləndirilməlidir. Xüsusilə də Azərbaycanın diktəsi, istəyi ilə əldə olunacaq sülhün Qərb dairələri sözdə olduqlarını söyləsələr də, bunu dəstəkləmirlər. Onlar məhz özlərinin nəzarətində bu sülhün əldə olunmasını istəyirlər. Zəngəzur dəhlizi, Ermənistanla açılacaq digər kommunikasiyaların da məhz Qərb dairələrinin nəzarətində olması onların əsas istəklərindən, hədəflərində biridir. İstənilən halda, Cənubi Qafqazda uzunmüddətli və dayanaqlı sülhün əldə olunması Azərbaycanın əsas istəklərindən biridir. Ermənistan da bunu istəyir, amma bu günə kimi real töhfələr verməyib. Əgər Ermənistanın Qərb dairələrinin təsiri altına tamamilə düşməsi mümkün olacaqsa, bu, Rusiya tərəfindən heç də yaxşı qarşılanmayacaq. Rusiya Ermənistanın, xüsusilə də Paşinyanın bu addımını mütləq cavablandıracaq.  Ehtimal var ki, Rusiya "B" planını işə salsın və bu da nəticə etibarilə Ermənistanda xaosun, çox çətin bir proseslərin, hətta vətəndaş müharibəsinin belə başlanmasına gətirib çıxara bilər. Paşinyanı müdafiə edən, dəstəkləyən bu qüvvələr imkan vermirlər ki, Ermənistanda hansısa daxili qarşıdurmalar, toqquşmalar baş versin. Bu günə kimi bu prosesləri məharətlə idarə ediblər, ancaq bu gündən sonra Rusiya öz əlində olan rıçaqlarını işə salaraq prosesi reallaşdırar ki, bu da nəticə etibarilə sülhün əldə olunmasını daha da uzada bilər. Bu baxımdan Qərb dairələrinin səsləndirdiyi fikir var ki, Ermənistana olan yardımlar, yaxınlaşma Azərbaycanın əleyhinə deyil, sülhə qətiyyən kölgə salmayacaq. Ümid edək ki, bu fikir həqiqətdir. İstənilən halda, bu, qaçılmazdır ki, Ermənistan görüşdən sonra daha da cəsarətlənəcək. Danışıqlar prosesində yekun nəticənin əldə olunması müəyyən dərəcədə çətinləşə bilər. Biz bütün prosesləri yaxından izləyirik. Azərbaycan baş verə biləcək hər hansı təxribatın qarşısını almaq gücündədir, əminliklə deyə bilərəm ki, Ermənistan Azərbaycanla aktiv toqquşmaya girməkdən çəkinir.  Hələ yaxın 5 il ərzində də bu proses belə davam edəcək. Sülh əldə ediləcəyi təqdirə düşünürəm ki, biz mümkün böyük toqquşmanın qarşısını ala bilərik".

N.Həmzəyev İranın da mövqeyinə toxunub. Onun sözlərinə görə, İranın susması onu deməyə imkan verir ki, Tehran bu proseslərdən narazıdır, ancaq istənilən halda nə qədər də Qərb dairələri ilə düşmən mövqeyi sərgiləsə də, İran hakimiyyətində Qərb dairələri ilə yaxın əlaqələrin olması da hər kəsə bəllidir: "Xüsusilə də Fransa ilə İran arasında olan münasibətlərin tarixi hər kəs tərəfindən bilinir. Bu baxımdan da Ermənistan məsələsində, hətta düşmən olan dövlətlər də bəzən ortaq məxrəcdən çıxış edə bilirlər. Ancaq İranın bu proseslərə susması düşünürəm ki, heç də uzun çəkməyəcək. Çünki faktiki olaraq NATO dövləti olan Türkiyə ərazisindən İrana qarşı istifadə edilməsi mümkün olmayacaq. Bu baxımdan NATO və Qərb dairələri, ABŞ və Fransa Ermənistan ərazisindən yaxın gələcəkdə İrana qarşı hər hansı bir hərbi əməliyyatların keçirilməsi  zamanı istifadə edə bilərlər. Uzun müddətdir Ermənistan ərazisində Qərb dairələrinə məxsus əks kəşfiyyat orqanlarının əməkdaşları var. İrəvanda həmin dairələrin səfirlikləri çox böyük işçi heyəti ilə təmsil olunurlar. İran buna heç cür narazılığını bildirmir, əksinə, Ermənistana dəstək verməkdə davam edir. Ancaq bu hadisələrin baş verməsi yaxın gələcəkdə artıq İranın Ermənistan ərazisindən dəhliz olaraq istifadə etməsini də qəlizləşdirə bilər. Hətta Ermənistan İranla aktiv əlaqələrini davam etdirəcəyi təqdirdə, Qərb dairələri bunu qəbul etməyə bilərlər. İstənilən halda, faktiki olaraq Ermənistanla İran münasibətlərinin yaxşı vəziyyətdə olması Qərb dairələrinin də işinə yarayır. Çünki ABŞ, Fransa və digər NATO dövlətləri məhz Ermənistan ərazisinsən, ermənilərdən İrana qarşı informasiyaların, əks kəşfiyyat məlumatlarının toplanmasında istifadə edirlər. Bu baxımdan İranın hazırda baş vermiş proseslərə susması heç də uzun çəkməyəcək. Ermənistan-İran münasibətləri mərhələli şəkildə soyuyacaq, çünki Rusiyanın da İrana təzyiq etmək imkanları var. Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin artacağı təqdirdə İran vasitəsilə də Ermənistana müəyyən təzyiqlər olması ehtimalı var".

 





09.04.2024    çap et  çap et