525.Az

Adam-adam Vətənləşən Laçın - Aytac Sahəd yazır


 

Adam-adam Vətənləşən Laçın - <b style="color:red"> Aytac Sahəd yazır</b>

İki çeşmənin cığırında iki yaşlı adam görürəm, bir də cılız tut ağacı.

- Ay qız, hara gedirsən? Ordan o tərəfə Ermənistandır.

Uzaqdan gələn səsə diksinirəm. Yerimdə dayanıb səs sahibinin yaxınlaşmasını gözləyirəm. Yaxınlaşır. Kim olduğumu, hara getdiyimi soruşur. Yolu tanımadığımı, şəhərə getmək istədiyimi deyirəm. Məlum olur ki, səhv istiqamətdəyəm, şəhər əks tərəfdədir.

Yola düzəlirik.

Tanımadığım bu kişi məni xeyli danlayır. Deyir, nabələd olduğum yerlərdə qəhrəmanlıq eləməyim, aza bilərəm. Bir xeyli susuruq. Ta ki cılız tut ağacına çatana kimi. Ağacın yanından azca aralıda bir ev görünür.

Bax, o, mənim evimdir - deyir. Evini ermənilərin necə dağıtdığından danışır.

"O vaxt buralar hamısı tut ağacları idi, o tərəfdə də yaxşı bostanım vardı. Laçından çıxanda evə təzə yığışmışdıq. Altı ay yaşamadıq heç. Gələndə gördüm ki, xaraba qoyublar. Qorxurdum, yerli-dibli yox eləsinlər. Tez-tez girib internetdə Laçınla bağlı videolar axtarırdım. Təxminən, on il qabaq rus kanallarının birində buraların şəklini tapdım. Ev yol kənarında olduğu üçün necə dağıtdıqları aydın görünürdü. Evin arxa tərəfini əməlli-başlı uçurtmuşdular. İlk dəfə görəndə neçə gün özümə gələ bilmədim. Mən o evi nə zülmlə tikmişdim. Əsas odur indi əvvəlkindən də qəşəng şərait yaratmışıq. Gəl gedək, həm sənə evimi göstərim, həm də bir stəkan çayımızı iç.

Razılaşıram.

Bizi bir qadın qarşılayır. Məni evə dəvət edib tez əl-ayağa düşür. Beş dəqiqə keçmir ki, səliqə-səhmanlı çay süfrəsi hazır olur. Bu ailə laçınlıların qonaqpərvərliyi haqqında eşitdiklərimi bir daha təsdiq edir. Evin xanımı məni nahara saxlamaqda israrlı olsa da, tələsdiyimi eşidəndə nəhayət ki, bizimlə çay süfrəsinə oturur. Deyir, vaxtım olsaydı, məni belə rahatlıqla buraxmazdı: "Oğlumla mən Bakıda oluruq, hələ ki yoldaşım burda tək qalır, ancaq tez-tez gəlirəm. Tezliklə biryolluq bura köçəcəyəm. İk qızım var, ikisi də ailəlidir, Bakıda yaşayırlar. Nəvələrim yayın gəlməyini səbirsizliklə gözləyirlər, bura gələcəklər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sağ olsun. Şükür, bu gün doğma torpağımızdayıq. Biz Laçından çıxanda oğlum doğulmamışdı, qızlarım körpə idi. Cəmi iyirmi altı yaşım vardı. Nə özümüz gənclik gördük, nə də uşaqlarımız bir uşaqlıq. Qaçqınlıq, yataqxanalar, şəraitsizlik... Bütün həyatımız dağıldı. Bu günə şükür, indi vəziyyətimiz pis deyil, uşaqları yer-yataq eləmişik. Bakıda böyük, ikimərtəbəli evimiz var. Ancaq gözüm həmişə bu iki çeşmədə qalmışdı. Yoldaşım da, mən də çox əziyyət çəkdik, hər şeyi sıfırdan başlamaq elə çətindir ki.

O vaxt bu evin yerində ferma olub. Biz bura köçəndə qohum-qonşu deyirdi ki, bəxtəvər başınıza, qızıl kimi torpağınız var, nə əksəniz, bitəcək, üç-beş ilə pula pul deməyəcəksiniz. Mən burda əkdiyimi biçə bilmədim. İndi əkib-biçən yaşımı da keçmişəm. Ancaq bu söz həmişə içimdə bir nisgil kimi qalıb. Bizdən keçdi, Allah balalarımıza xoş gün qismət eləsin".

Bir xeyli söhbətləşib ev sahibləri ilə sağollaşıram. Azacıq uzaqlaşandan sonra dönüb evə baxıram. İki çeşmənin cığırında iki yaşlı adam görürəm, bir də cılız tut ağacı.

Ömür divar deyil ki, yarımçıq qaldığı yerdən hörəsən. Bu həyətin bu adamlara bəhər borcu qalıb. Nə üç il, nə beş il, düz otuz il. Bundan sonra əkilən də, biçilən də ötən illərin haqq-hesabını ödəməz. Ömür də nədir e, aşağı-yuxarı yetmiş il.

Müharibə kiminin bütöv həyatını aldı, kiminin də ömrünün yarısını...

 

Həkəriyə baxsana,

Sularında axsana.

Yaxşı yarı görməyə

Qəlbi dağa qalxsana.

 

Növbəti ünvan Həkəridir. Bu çayın ruhunu Sarı Aşığın bayatılarından bilirəm. Çay təsəvvür etdiyimdən də ehtişamlı imiş. Dağların qucağından sürüşüb düzənlikdə qıvrılan Həkəri Laçına necə də yaraşır...

Yenidən dağlara sarı yol alıram. Laçının relyefini amfiteatra bənzədirlər. Dağların fonunda görünən evlər şəhərə fərqli ab-hava verir. Yeni tikintilər də şəhərin quruluşunu pozmur. Ümumiyyətlə, Laçında quruculuq işləri çox səliqəli aparılır. Hündürə qalxdıqca şəhər daha da gözəl görünür, estetik bir kadra çevrilir.

Günboyu Laçını gəzirəm. Hər yanda abadlıq işləri gedir. Həyat öz axarında davam edir. Məni ən çox təəccübləndirən məqamlardan biri də şəhərdə gənclərin sayının çoxluğu olur. Yaşlı sakinlərin əksəriyyəti Laçın üçün necə darıxdıqlarını danışır, illərlə bu günü səbirsizliklə gözlədiklərini deyirlər. Onları bu torpaqlara bağlayan həm də xatirələrdir. Gənclik isə gələcək gördüyü yerdə məskən salır. Deməli, onlar Laçının gələcəyinə inanırlar.

Axşamtərəfi yollarda görünən adamların sayı artır. Bu mənzərə mənə əslən Laçından olan yazıçı Fəxri Uğurlu ilə söhbətimizdəki bir məqamı xatırladır: "Mən sonuncu dəfə kəndimizə doxsan ikinci ilin yayında elə bu vaxtlar getmişdim. Onda ermənilər kəndə bir dəfə girib çıxmışdılar, təxminən 25 evi yandırmışdılar. O səfərin təsiri ilə bir yazı yazmışdım: "Vətənim adamlar". Deməli, biz cavanlar yığılmışıq. Kənd yerindədir, evlər pis-yaxşı var. Torpaq var, amma sən öz yurdunda darıxırsan. Çünki adamların hamısı yoxdur. Vətən ilk növbədə adamlardır. Di gəl, adamlar olur başqa rayonun ərazisində. Gedirsən, yenə də orda vətən duyğusunu ala bilmirsən. Çünki ilk növbədə adamlardır, amma həm də torpaqdır, daşdır, evdir, quşdur, ağacdır... Bunlardan bir detal kəm olanda insan özünü rahat hiss edə bilmir. Adamsız torpaq, torpaqsız adam - hər ikisi yarımçıqdır. İkisi bir yerdə olanda olur Vətən".

Bu gün Laçın adam-adam Vətən olur...

 





09.04.2024    çap et  çap et