525.Az

"Onların təhsilinə Gürcüstan hökuməti cavabdehdir"


 

"Onların təhsilinə Gürcüstan hökuməti cavabdehdir"<b style="color:red"></b>

Gürcüstandakı azərbaycanlıların təhsil problemlərinin həlli üçün Azərbaycan Təhsil Nazirliyi həmin ölkənin müvafiq qurumları ilə bu məsələni müzakirə edəcək.

“Son vaxtlar Azərbaycan mətbuatında Gürcüstandakı Azərbaycan məktəbləri ilə bağlı ürək açmayan fikirlərlə tanış oldum. Mətbuatda yazılır ki, Gürcüstandakı azərbaycanlıların təhsillə bağlı problemləri artmaqdadır. Gürcüstanda yeni hökumət qurulub. Düşünürəm ki, biz yeni qurulmuş hökumətin müvafiq qurumları ilə görüşlər keçirməliyik və işləri öz yoluna qoymayılıq".

525.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov son vaxtlar Azərbaycan mətbuatında Gürcüstandakı Azərbaycan məktəbləri ilə bağlı yer alan fikirlərə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, Gürcüstandakı azərbaycanlıların təhsil problemlərinin həlli üçün Azərbaycan Təhsil Nazirliyi həmin ölkənin müvafiq qurumları ilə bu məsələni müzakirə etməyi nəzərdə tutur.

M.Mərdanov əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların təhsillə bağlı problemləri yeni yaranmayıb, bu problemlər həmişə olub. Ona görə də həmin problemləri qısa vaxtda aradan qaldırmaq mümkün deyil:

“Ancaq biz, Azərbaycan hökuməti olaraq, orada yaşayan soydaşlarımızın problemləri ilə yaxından tanış olmalı və Gürcüstan hökuməti ilə razılaşdırılmış şəkildə bu məsələləri yoluna qoymayılıq. Heç kəs hesab etməsin ki, biz orada hər şeyi edə bilərik. Bizim heç bir xarici ölkənin daxili siyasətimizə qarışmasına icazə vermədiyimiz kimi, Gürcüstan hökumətinin üzvləri də bizimlə görüşlərində deyirlər ki, burada yaşayan soydaşlar Gürcüstan vətəndaşlarıdır. Ona görə də onların təhsilləri və təhlükəsizliyinə daha çox Gürcüstan cavabdehdir. Biz də əlbəttə, onların dedikləri ilə razılaşmalıyıq".

S.QARAYEVA

 





12.11.2012    çap et  çap et