525.Az

“Yaşıl enerji”yə keçidin əhəmiyyəti


 

İQTİSADÇI PƏRVİZ HEYDƏROV: “AZƏRBAYCANIN “YAŞIL ENERJİ”DƏN İSTİFADƏ ÜÇÜN ƏKSƏR AVROPA ÖLKƏLƏRİNDƏN DAHA ÇOX İMKANLARI VƏ POTENSİALI VAR”

“Yaşıl enerji”yə keçidin əhəmiyyəti<b style="color:red"></b>

Hazırda bütün dünyada “yaşıl enerji”yə keçid qlobal enerji siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. İqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılmasında “yaşıl enerji” mühüm rol oynayır. Ənənəvi enerji resurslarına malik olan Azərbaycanın bərpa olunan enerji sahəsində də potensialı böyükdür və son illər ölkəmizdə bu istiqamətdə vacib addımlar atılır.

İqtisadçı ekspert Pərviz Heydərov “525”ə açıqlamasında dünyada "yaşıl enerji”yə tələbatın artmasının səbəblərinə toxunaraq deyib ki, ənənəvi enerji resurslarından istifadəni getdikcə məhdudlaşdırmaq, azaltmaq baxımından bir sıra vacib tələbələr ortaya çıxır. “Əvvəla, son dövrlər geosiyasi vəziyyətin kəskinləşməsi səbəbindən bu sahədə hansı problemlərin ortaya çıxdığı göz qarşısındadır. Yəni Rusiyanın Ukraynaya hücumu nəticəsində 2022-ci ildə Avropada çox kəskin enerji böhranı yarandı. Avropanı az qala qış mövsümündə donma təhlükəsi gözlədi. Qazın qiyməti kəskin şəkildə qalxdı, neft bahalaşdı. Avropanın uzun illər ərzində Rusiyadan enerji resursları sarıdan asılı qalmasının hansı neqativ nəticələrə gətirib çıxara biləcəyi əyani şəkildə özünü göstərdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, Rusiyadan asılılığın qısa müddətdə Avropanın ümumən iqtisadi vəziyyətinin kəskin şəkildə aşağı düşməsi, Aİ iqtisadiyyatının dağılması təhlükəsi də real görünürdü”, - deyə ekspert bildirib. 

O vurğulayıb ki, 2022-ci ildən sonra vəziyyət nisbətən sabitləşsə də, hələ də ənənəvi enerji resursları üzrə dünya bazarlarında vəziyyət riskli xarakter daşıyır və hər an bu və digər səbəblər üzündən, hətta qeyri-iqtisadi amillərə görə də dəyişə bilmə təhlükəsini özündə saxlayır: “Bundan əlavə, ənənəvi enerji resurslarının ümumiyyətlə qlobal iqtisadiyyat üçün digər risklər də yaratdığı həmişə müşahidə olunur. Yəni dünyada yaranan iqtisadi böhranların bir çox səbəbləri məhz ənənəvi enerji resurslarının - neftin, qazın qiymətlərinin kəskin şəkildə enməsi və yaxud bahalaşması nəticəsində ortaya çıxdığı həmişə müşahidə olunub. Digər səbəb enerji resursları ilə zəngin olan ölkələrin başqa ölkələri təhdid altında saxlaması, siyasi cəhətdən öz diqtlərini yeritməyə cəhd etmələri, və sairdir. Bütün bu cür amillər “yaşıl enerji”yə təlabatı artırır və ölkələri ənənvi enerji resurslarından istifadəni azaltmağı, bərpaolunan enerjidən istifadəyə daha çox diqqət yetirməyi vacib sayır. Ona görə də artıq neçə illərdir ki, Avropa ölkələri bərpaolunan enerji mənbələrinə daha çox diqqət ayırırlar. Hətta bu sahədə bir çox ölkələr xeyli irəli gediblər. Onların enerji ilə təminatında bərpaolunan enerji mənbələrinə yol həlledici səviyyəyə gəlib çatıb. Bütün bunlar da onu göstərir ki, getdikcə ölkələr buna diqqət yetirmək məcburiyyətində qalacaqlar. Hər bir ölkə özlüyündə “yaşıl enerji”dən istifadəyə üstünlük verməkdən başqa alternativ bir variant görməməlidir. Bu, yeganə çıxış yolu hesab edilməlidir. Bu sahədə Azərbaycan qlobal çağırışlara qoşularaq artıq neçə illərdir ki, müvafiq addımlar atır, müəyyən nəticələrə nail olunub. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə böyük investisiya layihələri imzalanıb və həyata keçirilir. Bütün bunların nəticəsi olaraq da COP29 bu il Azərbaycanda keçiriləcək”. 

Qlobal problemlərin həllində yaşıl enerjinin rolu

İqisadçı deyib ki, bu rol ölkələrin bir-birindən ənənəvi enerji asılılığına son qoymaqla onları bir-birinə qarşı diktə etməyi, bir ölkənin digərini təhdid altında saxlamasını aradan qaldırmaqdan ibarətdir: “Məsələn, Avropa ölkələri vaxtında Rusiyadan mavi yanacaq asılılığına son qoymaq barədə düşünsəydilər, Ukraynaya hücum nəticəsində üzləşdikləri və davam edən çətinliklərdən vaxtında xilas olardılar. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi barədə təşəbbüs irəli sürəndə, Avropanın enerji ilə təchizatında şaxələndirmənin vacib olduğunu gündəliyə daxil edəndə, Avropa ölkələri buna perspektivli yanaşmadılar. Amma indi bir-bir qapımızı döyürlər və bizdən qaz istəyirlər. Halbuki həmin ölkələrin bir çoxu Azərbaycanda Cənub Qaz Dəhlizinin çəkilişində iştirak etmədilər və 1 qəpik də pul yatırmadılar. Əksinə, Azərbaycanın lazımi səviyyədə qaz yataqlarına malik olmadığını irəli sürdülər. İndi isə bir-birinin ardınca Azərbaycandan qaz istəməklə heç düşünmürlər ki, bizim buna gücümüz çatar, ya yox, resurslarımız var, ya yox. Məsələn, 2027-ci ilə qədər biz Avropaya indi ixrac etdiyimiz qazı iki dəfə artırmalıyıq. Bu özü də bizdə “yaşlı enerji”nin inkişafına diqqət yetirməyi vacib edir. Axı, bizim ölkənin də iqtisadi potensialı böyüyür, əhalinin sayı artır və özümüzün də qaza olan ehtiyacımız var. Avropa qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün “yaşıl enerji”nin inkişafına diqqət yetirməliyik ki, heç olmasa enerjiyə, qaza olan öz tələbatımızın bir hissəsini “yaşıl enerji” mənbələri hesabına təmin edək. Bu mənada əgər hər bir ölkə “yaşıl enerji” sahəsində uğurlu nəticələrə nail olsa, o zaman qlobal problemlərin həllində bunun böyük rolu olacaq. Bu, dünya üzrə geosiyasi vəziyyətin də sadələşdirilməsində, siyasi intriqaların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb etmiş olar. “Yaşıl enerjidən istifadənin üstünlükləri bundan ibarətdir”. 

P.Heydərov əlavə edib ki, ənənəvi enerji resurslarından asılılığın ekoloji baxımdan da neqativləri var. Hansı ki, “yaşıl enerji”dən istifadə bu sahədə də çox böyük əhəmiyyət kəsb edir: “Yəni Avropa ölkələrinin, dünyanın “yaşıl enerji”dən istifadəyə böyük diqqət yetirmələrinin bir müsbət cəhəti də həm  də ekologiya ilə bağlıdır. 

Azərbaycanın  “yaşıl enerji” potensialı 

İqtisadçının sözlərinə görə, Azərbaycanın təbii, coğrafi iqlim şəraiti elədir ki, bir sıra Avropa ölkələrindən daha çox “yaşıl enerji”dən istifadəyə yaxınıq: “Azərbaycan çox əlverişli bir iqlim şəraitində yerləşir. Həm günəş işığı, həm külək baxımından Azərbaycanın əlverişli şəraiti var. Bakı küləkli şəhərdir, suyu ilin dörd fəslində də bol olan çaylarımız var. Bu baxımdan Azərbaycanın əksər Avropa ölkələrindən “yaşıl enerji”dən istifadə üçün daha çox imkanları və potensialı mövcuddur. Sadəcə olaraq çox miqdarda investisiyalar cəlb etməklə bu enerji növünə keçmək lazımdır”. 

COP29-un iqlim dəyişikliklərinin aradan qaldırılmasında rolu 

Onun sözlərinə görə, COP29-un keçirilməsi bütün dünya ölkələri üçün vacibdir. Çünki bu planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir: “Ümumən ekologiyanın vəziyyətinin yaxşılaşdırılması planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açan əsas vasitə sayılır. Bununla bağlı COP29-un əlbəttə ki, bütün dünya üçün əhəmiyyəti olduqca böyükdür. Bu, dünya üçün bir sıra regional siyasi münaqişələrlə, ayrı-ayrı siyasi problemlərlə bağlı keçirilən tədbirlərdən daha çox əhəmiyyətlidir. Planetimiz üçün daha böyük məna kəsb etməkdədir. Biz fəxr etməliyik ki, belə bir tədbir cari ildə Azərbaycanda keçiriləcək. Bu həm ölkəmizin həm “yaşıl enerji”yə keçidi sahəsində əldə etdiyi nəticələrlə, həm Azərbaycanın neft-qaz ölkəsi olması, ənənvi enerji resursları ilə zəngin olan bir ölkə olması ilə iqtisadi inkişafı, siyasi nüfuzu ilə bilavasitə əlaqədar olan məsələdir”.
 

 





22.04.2024    çap et  çap et